Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:49

Cabbar Savalanlı: «İkinci dəfə saxlananda, əllərim cibimdə idi...»


Cabbar Savalanlı
Cabbar Savalanlı

-

2011-ci il Azərbaycanın ən yeni tarixinə həm də xeyli sayda fəal gənclərin müxtəlif ittihamlarla həbs edilməsi ilə yazıldı. Beynəlxalq təşkilatlar onların, demək olar ki, hamısını vicdan məhbusu kimi tanıdı. Həmin gənclərdən biri də AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanlıdır.

Keçmiş vicdan məhbusu ilə həm keçmiş həbs həyatı, həm də bugünkü durumla bağlı söhbəti təqdim edirik:

- Cabbar, əvvəlcə qısaca da olsa, siyasi məhbusun həbsxana həyatını təsvir edərdin.

Cabbar Savalanlı kimdir

Cabbar Savalanlı kimdir

Savalanlı Cabbar Novruz oğlu 1991-ci il sentyabrın 4-də Sumqayıt şəhərində anadan olub. Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində təhsil alır. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür. 2011-ci il fevralı 5-də narkotik maddə ittihamı ilə həbs olunub. Məhkəmə barəsində 2.5 il həbs cəzası çıxarıb. 11 ay həbsdən sonra prezidentin imzaladığı əfv fərmanı ilə azadlığa çıxıb. 2014-cü ildə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə inzibati qaydada 20 sutka həbs olunub. Polisə müqavimətdə günahlandırılıb.

- Mən həbsə düşəndə 19 yaşım var idi. Ona kimi heç polis bölməsi nədir belə bilmirdim. Fevralın 5-i, yəni saxlandığım gün gecə saat 3-ə kimi saxlanma, narkotik maddə tapma prosedurları oldu. Gecə 4-ün yarısı gətirdilər məni kameraya, ən çox yadımda qalan an odur ki, girdim kameraya, heç kəs yox idi və çox pis natəmizlik idi. Paltomu çıxarıb atdım çarpayıya və oturdum üstündə, heç nə fikirləşmədim, cibimdə bir qəzet var idi, çıxartdım onu oxudum və heç nə düşünmədim.

- Tutulandan kamerayadək olan müddətdə bir peşmançılıq, çaşqınlıq oldumu?

- Peşmançılıq yox, sadəcə, şok olmuşdum. İndi baş versə, müəyyən qədər hazırlıqlı olaram. Məsələn, 2014-cü ildə məni ikinci dəfə saxlayanda, əllərim cibimdə idi, ancaq onu düşünürdüm ki, birdən nəsə atarlar. O vaxtsa görmədiyim bir şey baş verirdi və ona görə çox çaşqın idim. Cibimdən narkotik maddə çıxanda düşündüm ki, «bu maddə ilə görən mənə neçə il verəcəklər? Gəncliyim getdi».

- 11 ay həbs həyatı yaşamış bir siyasi məhbus üçün ikinci dəfə də azadlıqdan məhrum olmaq, 20 sutka olsa belə, ağır idimi?

- 11 ay həbs mənə elə çətin gəlməmişdi ki, nəinki bu 20 sutka. Axırıncı həbsdə mənə elə psixoloji zərbələr vurdular ki, birinci dəfə yox, məhz bu dəfə daha çox qorxuya düşmüşdüm. Hər gün məni kameradan çıxarır, rəis müavinin otağına aparırdılar, hətta bir dəfə başıma torba keçirdilər, əllərimi arxadan qandalladılar. Məndə qorxu yaratmaq istəyirdilər, deyirdilər ki, Sumqayıtda bircə sənsən bizə problem yaradan. Onların fikrincə, digərlərini neytrallaşdıra biliblər. Mənə görə hətta kamerada dustaqlara siqaret çəkməyi də qadağan etmişdilər ki, onları mənim üstümə qaldıra bilsinlər. Əlbəttə, həbs həyatı yaşayan biri üçün təkrar bu yolu keçmək çətindir. Təkcə öz həyatın olsa, çətin olmaz, amma yaxınlarının olması, sənə görə çətinlik çəkmələri, ən çox bütün bunlar adama pis təsir edir. İlk həbsimdən sonra anam ilk dəfə yanıma gəlib Novruz bayramı sovqatı gətirmişdi, o an nə yaşadığımı deyə bilmərəm, çox pis olmuşdum. Həyatda tək olanda, bu cür şeylər daha asan olur.

- Səncə, həbsin cəmiyyətdə nəyisə dəyişə bildimi?

- O vaxt mənim bir gənc kimi tutulmağım, mənə həddən artıq dəstəyin olması – mənə azı 5 min məktub gəlmişdi, ABŞ-dan tutmuş Avstraliyaya kimi – belə güclü kampaniyanın getməsi, əlbəttə, gənclərin içində ruh yüksəkliyi yaratdı. Həbsimdən sonra təşkilata üzv olanların sayı artdı, hətta aralarında eləsi var idi ki, deyirdi «Cabbara görə üzv oluram». Dəyişmək deyəndə, heç nə dəyişməyib. Sadəcə, müəyyən narazı kütlələr siyasi proseslərə qoşuldu.

- Bəs sənin həyatınızda, baxışlarında nə dəyişdi?

- Dünyabaxışımda çox dəyişiklik oldu. Siyasi proseslərin çox içində oldum. Həyatımda o ana kimi yaşamadığım şeyləri yaşadım. Yəqin ki, həbs olunmasaydım, indiki Cabbarla o Cabbar arasında, az da olsa, fərq olardı. Həbs olunmasaydım, yəqin ki, o qədər kitab oxuya bilməzdim, vaxtım olmazdı buna. Həbs və əsgərlik ən çox insanları yaxşı tanımağıma təsir edib.

Cabbar Savalanlı mitinqdə - 2012
Cabbar Savalanlı mitinqdə - 2012

- Bəs indi Cabbar Savalanlı nə işlə məşğuldur, nə edir?

- Hərbi xidmətdən gələndən sonra - 2013-cü ilin oktyabrında gəldim – prezident seçkisindən sonra...

- Bəlkə burda bir kənara çıxıb, qısaca əsgər Savalanlının necə səs verməsindən danışaq.

- (Gülür) Seçkilər ərəfəsində hərbi hissə komandiri tez-tez məni yanına çağırırdı. Siyasi baxışlarımdan xəbərdar idilər təbii, ona görə də məndən tez-tez xahiş edirdi ki, əsgərlər arasında təbliğat aparmayım. Seçkilərə bir gün qalmış şəxsi heyəti cərgəyə düzmüşdülər. Məni cərgədən uzaqlaşdırdılar, dedilər ki, hərbi hissə komandiri səni çağırır. Qayıdanda bildim ki, məni uzaqlaşdırmışdılar ki, əsgərlər arasında kimə səs verməklə bağlı təbliğat aparsınlar. Yəni, məndən müəyyən qədər çəkinirdilər ki, mən olan yerdə belə işlər etməsinlər. Həm də axı həmin gün təbliğat aparmağın özü də qanunsuz idi. Seçki günü də bizi cərgəyə yığıb soruşdular ki, kimə səs verəcəksiz?. Heç kəs danışmadı, bircə gizirlərdən biri «cənab İlham Əliyevə» deyə cavab verdi. Komandirin gözü birdən mənə sataşdı və məni önə çıxarıb həmin sualı verdi. Mən də ucadan «Layiqli namizədə» deyə cavab verdim. Ondan sonra üzünü şəxsi heyətə tutub o da dedi ki, əminəm ki, hamı layiqli namizədə səs verəcək. Sonra da getdim səsimi Cəmil Həsənliyə verdim. Sonradan əsgərlərlə söhbətdən bəlli oldu ki, məndən başqa da sıralarımızda Cəmil Həsənliyə səs verən olmuşdu. Amma düzünü desəm, təbliğat aparmamışdım.

- Qayıdaq əvvəlki suala, nə işlə məşğulsan?

- Hərbi hissədən qayıdandan sonra təhsilimi bərpa edə bilmədim, oktyabr ayı idi. İngilis dili öyrəndim, müəyyən qədər siyasi fəaliyyətlə məşğul oldum. Ötən il təhsilimi bərpa edə bildim, çətinliklə olsa da. İndi tələbəyəm.

- Bəs siyasi səhnədə haradasan?

- Düzünü desəm, universitetə bərpa olunandan sonra siyasi səhnədə çox aktivlik göstərə bilmirəm. Prosesləri izləyirəm, AXCP-nin üzvüyəm. Amma hələ ki, daha çox təhsilimi başa vurmaq istəyirəm.

- Amma bildiyimə görə, Milli Şuranın son mitinqində iştirak etmisən.

- İcazəli mitinqlərin hamısına qoşuluram.

- Bəs təhsilini bitirəndən sonra siyasi fəaliyyət barədə nə düşünürsünüz, planlarınız varmı?

- Siyasi səhnədə həmişə olmuşam, indi də varam və bundan sonra da olacağam. Bilmək olmaz, təhsilimi bitirəndən sonra bəlkə də bir siyasətçi kimi fəaliyyət göstərdim.

- Bəs bu yolda bir daha həbs olunma ehtimalını da gözə almısanmı?

- Həmişə həbsi gözə almışam. Həbsxanadan çıxandan sonra hakimiyyətlə bağlı ortaya qoyduğum mövqedə heç bir dəyişiklik olmayıb. Elə ona görə də, məndən öz aləmlərində qisas almaq üçün dərhal hərbi xidmətə göndərdilər. Əslində 3 il hərbi xidmətdən azad idim. Məni çox neytrallaşdırmaq istəyiblər, amma alınmayıb.

Cabbar Savalanlı
Cabbar Savalanlı

- Sonuncu əfv fərmanını necə qarşıladın? Nə kimi gözləntin var idi?

- Düzü, heç nə gözləmirdim. Heç əfv barədə düşünməmişdim, sadəcə gördüm ki, siyasi məhbuslardan 3 nəfərin adını qeyd ediblər, sevindim. Öz təcrübəmdən bilirəm ki, hər dəfə əfv olanda gözləyirsən ki, sənin də adın orda olacaq.

- Hər dəfə də əfv ərəfəsində siyasi məhbusun əfv ərizəsi yazıb yazmaması cəmiyyətdə səs-küylə müzakirə olunan məsələ olur. Səncə, nəyə görə?

- Mən əfv yazanların heç birinə pis baxmıram. Azadlıq onun haqqı olsa da, azadlıqda deyil və əfv yazır ki, azadlığa çıxsın. Bu, onun şəxsi həyatıdır, çətinliyi çəkən onun özü, yaxınlarıdır. Düzdür, bəzən siyasi məhbuslardan həbsə düşənədək və həbsdə olduğu mövqe elə olur ki, onların sonradan əfv yazması çaşqınlıq yaradır. İttihamlar başlayır ki, niyə yazdı, amma bu onun öz işidir.

- Amma bildiyimə görə, sən yazmamışdın.

- Mən yazmamışdım. Düzdür, söz söhbət var idi ki, guya yazmışam, amma ortaya heç nə çıxara bilmədilər. Yazmamışam, amma yazanlara da pis baxmıram. Əsas məsələ azadlığa çıxmaqdır, çünki həbsxanada qalıb heç nə etmək olmur, azadlıqda çox şey eləmək olar.

- Son bir ildə ictimai fəalların həbs xəbərini necə qarşılayırsan?

- Həbslər 2011-də kütləvi hal almağa başladı və bu günədək davam edir. Azalma yoxdur ki, artım var. Amma fərq ondadır ki, o vaxt təşkilat üzvləri tutulurdu, yəni belə deyək, indi həbs olunanlar bizdən də daha əhəmiyyətli, cəmiyyət üçün mühüm kəsim olan hüquq müdafiəçiləridir, jurnalistlərdir. Onların tutulmağı demokratiya uğrunda mübarizə aparanlar arasında ruh düşkünlüyü yaradır. Çünki Avropa Məhkəməsinə hüququ pozulanlarla bağlı müraciət edən İntiqam Əliyev idi, Avropa tribunalarında pozulan hüquqlardan danışan Rəsul Cəfərov, Leyla Yunus idi, seçki saxtakarlıqlarını ifşa edən Anar Məmmədli, Bəşir Süleymanlı idi, hakim ailənin qanunsuz əməllərini ifşa edən Xədicə İsmayıl idi. Yəni, indi mübarizənin əsas simaları həbs olunur və bu da müəyyən qədər təsir edir. Mübarizkar kəsim bir vaxtlar düşünürdü ki, bu adamlar həbs edilə bilməz. Amma indi görünür ki, hər kəs həbs edilə bilər. Bu gün daha önəmli fiqurları həbs etməklə o stereotipi dağıtdılar ki, kimlərsə həbs oluna bilməz.

- Bu fərd olaraq bu, səni geri addım atmağa sövq etmir ki?

- Məni yox. Amma adamlar var ki, düşünürlər ki, bu adamlar həbs olunubsa, onda məni də həbs etmək heç nədir onların əlində.Bəzi insanlarda müəyyən qədər qorxu yaranıb. Amma mən həmişə onun tərəfdarı olmuşam ki, mübarizədə prinsipial olmaq lazımdır. Mübarizədə geri addım atanda, bu, digərlərində düşkünlük yaradır. Ona görə mən həmişə çalışmışam ki, geri addım atmayım. Həbslərə baxmayaraq, mübarizə davam etməlidir. Çünki heç nə etmədən nəyəsə nail olmaq mümkün deyil. Narazı kəsim nə qədər çox olsa da, etiraz etməkdən qorxmayanlar və bu barədə yazan müstəqil media olmadıqca, nəyəsə nail olmaq olmaz. ​

XS
SM
MD
LG