Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:54

Moskva Gürcüstanla yeni müharibəyə hazırlaşır?


Rus tankları Qoridə - 2008
Rus tankları Qoridə - 2008

-

«Prezident Vladimir Putin Rusiya Federasiyasının müxtəlif yerlərində hərbi təlimlər keçirib. Buna görə də, onun hərbi gücdən növbəti dəfə harada istifadə edəcəyini demək mümkün deyil. Ancaq bir mümkün ssenari var: «Kavkazskaya Politika» saytında bu yaxınlarda dərc olunmuş məqalədə belə bir versiya irəli sürülüb ki, Moskva Qafqazda NATO üzvlüyünə doğru irəliləyən ölkəylə yeni müharibəyə hazırlaşır. Ancaq həmin məqalə dərhal saytdan çıxarılıb ki, bu da gəlinən qənaətin Kreml üçün necə həssas olduğunu göstərir».

Amerikalı təhlilçi Paul Goble jamestown.org-da yazır ki, nüfuzlu siyasi təhlilçilərdən olan Anton Chablin-in həmin məqaləsi bu ayın əvvəlində saytda çıxıb, ancaq dərhal da yığışdırılıb. İndi yazını ancaq arxivdə tapmaq olar.

Chablin belə bir fikir irəli sürür ki, Moskva nəinki Şimali Qafqazda qüvvələrini gücləndirir, Kreml özünə elə bir mövqe hazırlayır ki, Qafqazdakı qonşularından birinə qarşı hərbi əməliyyata başlaya bilsin.

Stavropolda yerli jurnalistlər və əhali son həftələr buraya ağır silahların gətirilməsindən şoka düşüb. Silahların həcmi o qədərdir ki, yollarda piyadaların hərəkəti də pozulur. Chablin qeyd edir ki, bu dəfə hərbi idarənin mətbuat xidməti də susur.

Bu, yanvardan bəri davam edən hərbi təlimlərin bir hissəsi də ola bilər. Ancaq hərbi ekspertlər regionda fövqəladə hərbləşməyə əbəs yerə diqqət çəkmirlər və sual edirlər ki, «yeni müharibəyə hazırlaşırıq?». Gətirilən yeni avadanlıq sınaqdan keçirilir və yerli qüvvələrə birləşdirilir. Fevralın əvvəlində isə Çeçenistan və Şimali Osetiyada böyük təlimlər keçirilib.

Müəllif təlimlərin NATO-ya üzv olmaq istəyən iki ölkənin – Ukrayna və Gürcüstanın sərhədində keçirilməsinə diqqət çəkir. Abxaziya və Cənubi Osetiya ilə yeni inteqrasiya sazişlərini də nəzərə alanda, Putin-in növbəti hədəfinin Gürcüstan olduğunu təxmin etmək olar. Xatırladaq ki, 2008-ci ilin avqustunda Rusiya Gürcüstanla 5 günlük müharibə də edib.

«Belədirsə, Putin yəqin indi Gürcüstanın daha dərinliklərinə girməyi, Tbilisidə elə bir hökumət qurmağı planlaşdırır ki, onun iradəsinə tabe olsun və Avropa Birliyi və NATO yolundan dönsün», - Paul Goble yazır.

TÜRKİYƏDƏ SİYASİ GƏRGİNLİYİN DÜNYAYA NƏ DƏXİLİ?

«Stratfor» Araşdırmalar Mərkəzi Türkiyədə prezident Recep Tayyip Erdoğan-la hakim Ədalət və İnkişaf Partiyası (AKP) arasında gərginliyin artmasından yazır. Partiya rəsmilərindən biri Erdoğan-ı hökumətin qərarını pislədiyi üçün tənqid edib. Bundan sonra partiya iclaslarından bəziləri təxirə salınıb.

R.T.Erdoğan «Hurkus» təlim təyyarəsində - 2012
R.T.Erdoğan «Hurkus» təlim təyyarəsində - 2012

«Bütün bunlar narahatlıq doğurmayacaq normal siyasətdir. Ancaq indi Türkiyədə baş verənlər kiçik məsələ sayıla bilməz. Türkiyədə hökumətlə xarizmatik lider arasında fikir ayrılığı media başlıqlarından düşmür. Türkiyə münaqişəylə əhatələnib. Cənubunda Suriya və İraq müharibələri, şimalında, Qara Dənizdən o tayda Ukrayna münaqişəsi, şimal-şərqində Dağlıq Qarabağ münaqişəsi və nəhayət, Gürcüstanda hökumət əleyhinə nümayişlər. Şimal-qərbində isə Yunanıstan iqtisadi böhranının həlli üçün bütün Avropa Birliyini qarşısına alıb»,-yazıda oxuyuruq.

Müəlliflər Erdoğan-ın müasir Türkiyə tarixində qeyri-adi fiqur olduğunu, dünyəvilik və din arasında balans yaratdığını vurğulayırlar. Erdoğan-ın hakimiyyəti altında Türkiyə kiçik dövlətdən böyük potensial əhəmiyyət daşıyan regional oyunçuya çevrilib.

Ancaq heç nə əbədi deyil. İqtisadiyyat zəiflədikcə, AKP-nin populyarlığı azalıb. Ancaq problem ondadır ki, hazırda Erdoğan-ı əvəzləyəcək, Türkiyəni əhatəsinə alan və ölkə içindəki münaqişələri idarə edəcək şəxs yoxdur.

Problemlərdən biri də odur ki, Erdoğan baş nazirlikdən prezidentliyi seçdi. O, hökumətin deyil, dövlətin başçısıdır. Davutoğlu güclü fiqur sayılmır və Erdoğan özünü faktiki hökumətin başçısı sayır. Ancaq AKP-nin içində də buna qarşı çıxanlar var.

Yazıda qeyd olunur ki, Türkiyədə siyasi proseslərin inkişafının suriyalı, iraqlı, iranlı, səudiyyəli və amerikalılara təsiri var: «Zəiflədilmiş Erdoğan və ya onun potensial varislərindən biri tarazlığı saxlaya biləcəkmi? Həm də Türkiyənin regional rolunun artdığı bir məqamda. Erdoğan Türkiyənin güclü dövlətə çevrilməsində rol oynayıb. İndi sual olunur ki, balansı kim saxlaya biləcək – təzyiq altında olan Erdoğan və ya baş nazir postuna qoyduğu şəxs... Siyasi gərginliklərin çoxunun dünyaya dəxili olmur. Ancaq bu dəfə dəxili var».

ERMƏNİSTAN DA QHT-LƏRƏ QARŞI QANUNLAR QƏBUL EDİR

«Moskva Yerevana anti-QHT qanunvericiliyi qəbul etmək üçün təzyiq göstərməklə Ermənistanı elə bir sadiq vassala çevirmək istəyir ki, dediyini heç bir sualsız yerinə yetirsin», - bunu Ermənistanda yaşayan insan haqları fəalı Armine Sahakyan euractiv.com saytında yazır.

Müəllif qeyd edir ki, keçmiş Sovet İttifaqının bəzi üzvləri qeyri-hökumət təşkilatlarına cəmiyyət quruculuğunda müsbət qüvvə kimi baxıb, onların gücləndirilməsi üçün tədbirlər görüb. Məsələn, Qazaxıstanda əlillərə xidmət sahəsində QHT-lər hökumətdən də yaxşı işləyir.

Vladimir Putin və Serzh Sarkisian - 2014
Vladimir Putin və Serzh Sarkisian - 2014

Ermənistanda da dinamik və proqressiv QHT sektoru inkişaf edib. Ancaq son aylar bu sektora təhlükə yaranıb. Təhlükə Moskvadan gəlir, Rusiya kiçik qonşusunun da özü kimi QHT-lərə qarşı qanun qəbul etməsini istəyir.

«Bu, Rusiyanın repressiv siyasətini qonşularına da ixrac etməsinə daha bir nümunədir. Kreml QHT-lərə nifrət edir. Çünki inanır ki, QHT-lər 2000-2004-cü illərdə Yuqoslaviya, Gürcüstan və Ukraynada «rəngli inqilab»ların maliyyələşməsinə kömək edib».

Ermənistanlı deputatlar yeni qanun hazırlayıblar. QHT-lərdən tələb olunacaq ki, hər il hökumətə detallı maliyyə hesabatları versinlər. Qeyri-kommersiya qurumlarında illik hökumət auditləri aparılacaq. Qanunvericiliyin daha bir müddəası isə Ədliyyə Nazirliyi rəsmilərinə icazə verir ki, qeyri-kommersiya qurumlarının idarə heyətlərinin iclaslarına qatılsınlar.

Müəllif yazır ki, Rusiya Ermənistanın QHT-lərə qarşı qanunvericiliyinə qonşusunun da öz yoluna salınması kimi baxır. Moskvanın Ermənistandakı səfiri Ivan Volinkin ötən il deyib ki, Rusiya-Ermənistan münasibətlərinə «əngəl törədən» istənilən QHT neytrallaşdırılmalıdır».

Müəllif Ermənistanın sözəbaxan uşaq kimi Avrasiya İqtisadi Birliyinə qoşulmasını yada salır: «Moskva getdikcə Yerevanın boynuna saldığı həlqəni daraldır. Hər sıxılmada da Ermənistan daha çox Rusiyasayağı repressiyaya sürüklənir ki, ermənilərin çoxu bundan canını qurtarmaq istəyir. Ancaq Kremlin istədiyi də məhz budur».

Xatırladaq ki, Azərbaycanda da QHT-lərə dair qanunvericiliyə dəyişikliklər məhdudlaşdırıcı sayılıb. Beynəlxalq və yerli qurumlar bu xətti pisləyib. Ancaq hakimiyyət, sadəcə, QHT-lərin fəaliyyətinin şəffaflığını təmin etmək istədiyini bəyan edib.

XS
SM
MD
LG