Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:35

Əli Əkbər tənqidlərə cavab verir, yeni kitabından danışır


Əli Əkbər
Əli Əkbər

-

"Gələcək məni heç açmırdı, anladım ki, bu ölkə mənə mövzu verməyəcək. Özünü öldür, Azərbaycan sənə “Sarı gəlin”dən başqa mövzu verməyəcəkdi".

"Rauf Arifoğıuna paxıllıq edirlər. O qəzetdə yazmaq mənə sərf edir. Yəni mən onlara, onlar mənə – birbirimizə sərf edirik. Just business.

Qalan söhbətlər lirika və “ictimai sektor” avaralarının bağırsaq qazı dəyərində ritorikasıdır".

İsveçrədə yaşayan yazıçı Əli Əkbərlə müsahibə. Onunla Günel Mövlud söhbətləşib.

- Əli, ondan başlayaq ki, İsveçrə həyatına inteqrasiya hansı mərhələdədir? Bunu tam bacarmaq sizə mümkün görünürmü?

Avropanın bəzi ölkələrində inteqrasiya probleminə o qədər ciddi yanaşırlar ki, İnteqrasiya Nazirliyi yaratmaq haqda ictimai müzakirələr keçirirlər. İnteqrasiyaya milyardlar sərf olunur.

Qərbi Avropa və Skandinaviya ölkələrində hökumətlərin, medianın, toplumun diqqət mərkəzində olan məsələdir inteqrasiya. Tək mənim təhsilimə təmənnasız sərf olunan, inanılmaz böyük məbləği sadəcə yüz minlərlə adama vururam, alınan rəqəm fantastikdir. Əslində milyonlara vurmaq lazımdır.

Təhsil, intellekt, peşəkarlıq kimi, insanın qazana biləcəyi keyfiyyətlərin limiti yoxdur. Özümə çox kritik yanaşdığımdan (ictimai obrazım təkəbbür abidəsi kimi görünsə də), bu iki il yarımda çox az şey əldə etdiyimi düşünürəm.

Çoxlarından eşidirəm ki, “bu müddətdə dili yaxşı öyrənmisən”. Halbuki mənə qətiyyən elə gəlmir.

On ildən erkən, tam inteqrasiyadan söhbət gedə bilməz. Mənim idealımdakı inteqrasiyaya isə ömür yetməz. Sualınızdakı “tam bacarmağın” müddəti isə iyirmi ildir.

- İsveçrədə alman dilində çapdan çıxmış kitabınızdan sonra hansı durumla qarşılaşdınız? Azərbaycanda kitabı çıxmaqla Avropada kitab çıxarmağın hansı fərqləri var? Avropa oxucusu ilə Azərbaycan oxucusunu da fərqləndirən cəhətlərdən danışsanız, gözəl olardı...

Əli Əkbər İsveçrədə kitabının təqdimatında
Əli Əkbər İsveçrədə kitabının təqdimatında

- Kitabın Avropada çap edilməsi mənə görə böyük uğur-filan deyil. Kitabdır, yazmışam, tərcümə olunub, nəşriyyatlara göndərilib, onlardan biri bəyənib və çap edib. Bu fakt, məni heç kəsdən fərqli, ya da üstün etmir.

Əminəm ki, Azərbaycandakı bütün yazıçıların da mənim qədər Avropada çap olunmaq şansı var.

Əli Əkbər İsveçrədə kitabının təqdimatında
Əli Əkbər İsveçrədə kitabının təqdimatında

İndiyə qədər romanımı almanca oxuyan uzağı 10 oxucu ilə söhbətim olub. Çox geniş müzakirə açmamışıq bu barədə. Bilmirəm nəzakətdən, yoxsa doğrudan bəyəniblər – gördüyüm oxucular ancaq xoş sözlər deyirdilər.

Bizim oxuculardan fərqləri ondadır ki, çox dərinə getmirlər. Oxudular, təəssürat yükləndilər, qoydular bir kənara. Müəllifi görəndə “bağ belə, bostan belə” danışmırlar. Bu mənə çox sərf edir, çünki həyatda iki şeydən zəhləm gedir – çayın içinə düşən çörəyi götürüb yeməkdən və öz romanlarım haqda danışmaqdan.

Yeri gəlmişkən, bir neçə boş adam da çıxıb rastıma. Məsələn “Siz filan hissədə, yeməkxana epizodunu niyə (!) elə yazmısınız, axı qaçqın düşərgəsində emiqrantlara steyk verəsi deyillər, əlbəttə makaron verəcəklər” deyəcək qədər mənasız, 60 yaşlı qadın görmüşəm. Təsəvvür edirsiniz?

Mənim qəhrəmanım, qaçqın düşərgəsindəki yeməkxanada makaron, salat, iki dilim çörək və bir alma verildiyini görür, yemək xoşuna gəlmir deyə, bir almanı götürüb çıxır. Bu qadın isə, bu epizodu İsveçrəni pisləmə cəhdi kimi başa düşüb və mənə bu sualı verir. Kitabın təqdimat mərasimində, bütün qonaqların arasında deyir bunu. Avropalı dediyimiz, orta təbəqəyə mənsub oxucunun ədəbiyyat anlayışına fikir verin.

Amma o biri yandan, auditoriyadan etiraz səsləri yüksəldi, isveçrəli və alman qonaqlar qadını, bizim cavanların jarqonu ilə desək, sındırdılar. Dedilər “Siz nə danışırsınız? Yazıçıya veriləcək sualdırmı, sən bunu niyə belə yazmaq yerinə, filan cür yazmısan?” Qalan qonaqlar isə başlarını bulayıb, narazılıqla “nırç-nırç” edirdilər.

Azərbaycanda, təcrübəm bunu deyir, hər on oxucudan yeddisi, mənə yuxarıdakı mənasız qadın kimi münasibət göstərir. Romandakı süjetlə, personajlarla, talelərlə dava eləyən oxucular, hətta heç oxumayanlar. “O filan romanda, filan şeyi nə üçün elə yazıb?” Belə suallara Avropada “nırç-nırç” edirlər. Aramızdakı fərq budur.

Əli Əkbərin "Gilə" kitabı (Foto: Yeni Müsavat)
Əli Əkbərin "Gilə" kitabı (Foto: Yeni Müsavat)

- Bu günlərdə Azərbaycanda “Gilə” adlı kitabınız çıxdı. “Gilə”ni oxumuş biri kimi deyə bilərəm ki, bu kitab sizin yaradıcılığınızda yeni, tamam başqa mərhələdir.

Etiraf edim ki, sizin bu mövzuda yaza biləcəyinizi, daha doğrusu, yazmaq istəyəcəyinizi heç vaxt düşünməzdim...

İndi məni bir qələm adamı kimi, bir sual maraqlandırır: belə bir mövzuya müraciət etmək hansı ehtiyacdan yarandı? Əlinizin altında hazır həyat materialı vardı, onu əsərə çevirmək istədiniz ya necə?

- Banal təsadüf. İsveçrədə yaşayan bir həmyerlimiz mənə bu hekayəti danışdı, hekayət məni tutdu, povest özlüyündən yazıldı. İnsanlar danışırlar, mən dinləyirəm, filtrdən keçirirəm. Reseptorlarım mətnə yatan, dramaturgiyası olan hekayəni tutanda, beynə siqnal ötürürlər və başlayır proses. Bilmirəm bu necə baş verir.

Gilənin, Əşrəfin faciəsini dinləyəndə, nə danışan bilirdi ki, bu işin axırı gedib povestə çıxacaq, nə də mən. Bir də onda ayıldım ki, əhvalatı bir daha, amma bu səfər detallı danışmağı ondan xahiş edirəm. Diktofon, qələm-kağız, noutbuk işə düşdü və qapıldığım emosiyalardan, bir aya “Gilə” yarandı.

Yaradıcılıqda yeni mərhələ olmasına gəlincə. Bunun məncə yeganə səbəbi, hazırda İsveçrədə yaşamağımdır. Azərbaycanda qapalı dairənin içində idim, mövzular dönüb dolaşıb “Sarı gəlin”, “Amneziya”ya gətirirdi. Hiss etdim, anladım ki, bu ölkədə mənim yazacağım bütün kitablar bir az “Sarı gəlin”, bir az “Amneziya” olacaq.

Gələcək məni heç açmırdı, bu ölkə mövzu verməyəcəkdi. Özünü öldür, Azərbaycan sənə “Sarı gəlin”dən başqa mövzu verməyəcək. “Sarı gəlin”dən sonra yazılacaq bütün kitablar, “Sarı gəlin”in daha yaxşı başa düşülməsinə xidmət edəcəkdi.

Antiutopiya alın yazım, taleyim olmamalı idi. Bununla razılaşmaq istəmədim. Yəni həm də bununla.

- Kitaba hansı reaksiyalar var? Söhbət yenə də “Gilə”dən gedir.

Reaksiyalar çox müsbətdir. Nə yalan deyim, zatən mənfi gözləmirdim. “Gilə” elə bil povestdir ki, onun haqqında “pisdir” deyilməyəcək.

Mən təbii ki, acıqlı orqanizmləri nəzərdə tutmuram, adam balasından danışıram. İlk dəfədir ki, öz əsərim haqda “onu bəyənən də olacaq, bəyənməyən də” demirəm. “Gilə” bəyənilməyəcək bir əsər deyil.

Dostum, kolleqam Nicat Kazımov, povestin fransızcaya tərcüməsinə qərar verdi və il sonuna qədər kitabın Fransada nəşri gözlənilir. Çox xoş sürpriz oldu mənim üçün. Ona görə ki, “Gilə”ni sırf Azərbaycan oxucusu üçün yazmışdım, Avropa heç planda yox idi.

- Avropada müasir ədəbiyyat, yeni yazarlarla ya qiyabi, ya əyani tanış olursunuzmu? Orda trend mövzular hansılardır? Avropa oxucusunu daha çox nə maraqlandırır?

- Sualın birinci hissəsi, müsahibənin başında toxunduğumuz “inteqrasiya” ilə əlaqəlidir. Mən hələ özümü İsveçrə, ya da Avropa ədəbiyyat bomondu ilə məhsuldar kontakt, ürəyim istəyən kimi dialoq quracaq, fikir mübadiləsi aparacaq kondisiyada hiss etmirəm.

Bunun üçün hələ çox oxumaq, dili öyrənmək, bax elə o inteqrasiyanı keçmək lazımdır. Ömür vəfa edərsə, on il sonra buna hazır olacam. Proza, gənc yaşda parıldamağa fürsət verən bir janr deyil. Yolun başında olduğumu düşünürəm.

- Əli, əslində, bu müsahibənin sırf ədəbiyyat üzərində qurulmağını istəyərdim. Amma sizinlə, son yazılarınızla bağlı ictimaiyyəti maraqlandıran bəzi suallar var ki, mən bu sualları verməyə bilmərəm.

Özüm sualların cavabını bilirəm, amma istəyərdim ki, hamı bilsin.

Buna görə də, güman edirəm, bildiyim şeyləri sizdən indi soruşmağıma təəccüblənməz, ya da qıcıqlanmazsınız... Başlayaq birinci sualdan. Oxucularınız, oxucunuz olmayanlar, amma hansısa cəhətdən maraqlı olduğunuz insanlar tez-tez bu sualı verirlər:

Rauf Arifoğlu barədə olmazın sərt şeyləri yazmış, söyləmiş bir insanı onun rəhbərlik etdiyi qəzetdə yazmağa nə məcbur etdi?

- Bayaq dedim axı, Azərbaycanda qapalı dairənin içində adam istər-istəməz deqradasiyaya uğrayır. Xordan kənarda qalmaq şansın yoxdur. Kütləvi psixozdan təsirlənməmək şansın yoxdur. Hər kəsin söydüyünü söyməyə məhkumsan, “gündəm” sənin narkotikindir, asılılıq yaradır.

Rauf Arifoğlu
Rauf Arifoğlu

Zaman o zaman idi ki, hamı ciddi-ciddi hökumətin dəyişməsinin qarşısında ən böyük əngəl kimi Rauf Arifoğlunu və onun qəzetini görürdü. Mən onu şəxsən tanımırdım, yəni Azərbaycanda tanış olmağa, danışmağa fürsət olmamışdı. Onun bu qədər hədəfə alınmasının siyasi-ictimai, mənəvi səbəblərinin olduğuna inanacaq qədər saf idim.

Ağlıma da gəlməzdi ki, Rauf Arifoğluna sadəcə paxıllıq edirlər. Bildiyimiz paxıllıq. Uğurlu biznesmen olmasını həzm edə bilməyənlərin paxıllığı. Mənim motivlərim arasında paxıllıq olmadığına görə, doğrudan inanmışdım ki, adam o qəzeti buraxmasa, İlham Əliyev gedəcək. Yeri gəlmişkən, marginal görünmək istəmədiyimə görə, onu da mütləq deməliyəm ki, motivi paxıllıq olmadan Rauf Arifoğlundan bu gün də zəhləsi gedənlər var. Amma onlar da gündəm psixozunun əsiridirlər.

Privat söhbətlərdə, mənim bütün dostlarım, kolleqalarım etiraf edirlər ki, Rauf Arifoğlu güvənilə biləcək, əsla insana atmayacaq, sözünü tutan bir adamdır və onu hədəfə alan qaragüruhun ümumiyyətlə danışmağa haqqı yoxdur, çünki pul hərisidirlər, çox tərbiyəsiz adamlardır. Bütün dostlarım bunu demirmi? Lakin ictimai fiqur kimi, ictimai çıxışlarında bunu deməzlər, çünki hədəfə gəlməkdən və “ictimai sektordan” atılmaqdan qorxarlar. Meynstrimə qarşı getməyə həvəsləri yoxdur.

Hər şey ortada – bütün mediaların arxasında ya oliqarx, ya ABŞ, ya da hər hansı sponsor dayanıb. Sən bütün hallarda müstəqil deyilsən, bir çox faktorlardan asılısan. Heç kəs mənə nağıl danışmasın.

- Əməkdaşlıq elədiyiniz qəzetin baş redaktorunu müdafiə etmək nəyinizə lazımdı? Ümumiyyətlə, maaşını verən adam barədə hətta haqlı olsa belə, xoş sözlər, müsbət fikirlər səsləndirmək nə qədər doğrudur?

O məlum kampaniya dövründə, Xalq Cəbhəsi “Yeni Müsavat”la qarşıdurmada olanda, siz də çox ağır yazılar yazdınız.

- Bu, çox rasional addım idi. Birincisi, mən korporativ mədəniyyət üzrə sertifikatı olan, hətta bir neçə maliyyə qurumu üçün korporativ mədəniyyət kodeksi yazmış adamam. İnancıma, əqidəmə görə, insan çalışdığı iş yerinə loyal olmaqla mükəlləfdir.

Bu, çox müasir və doğru yanaşmadır. Loyallıq deyəndə, rəhbərliyin etiqad və tərcihlərini eynilə kopyalamağı nəzərdə tutmuram.

Zatən mən nə Rauf Arifoğlunun dini fikirlərini, nə siyasi dünyagörüşünü, nə də muhafizəkar baxışlarını paylaşmıram. Əslində çox yumşaq dedim, biz fərqli dünyaların adamlarıyıq. Mənim üçün o şəxs, “outsourcer” kimi çalışdığım iş yerini idarə edən və şifahi müqaviləmizə qarşılıqlı əməl etdiyimiz, sözünü tutan menecerdir.

Nəinki Yeni Müsavat və Rauf Arifoğlu, bu günə qədər əməkdaşlıq etdiyim, maliyyə ilişkilərində olduğum heç bir təşkilat və şəxs haqqında pis danışmamışam. Bu, mənim həyat kredomdur. Həmçinin, çalışdığım iş yerinə, maaş aldığım müddətcə “yola verdiyim”, yalnız pulu ilə maraqlandığım və hər an satmağa, atmağa, təhqir etməyə hazır olduğum bir yer kimi baxmamışam.

Əksini düşünməyin və etməyin adı pisdir. İş yerin sənə əzab verirsə, amma pulu şirindir deyə orada qalırsansa, sən çox pis adamsan. Yeganə istisna, iki ay əməkdaşlıq etdiyim Meydan TV və Emin Millidir. Onları Facebookdakı səhifədə tənqid etməyim dərin təəssüf hissindən doğan qəzəbin ifadəsidir. Sadəcə o layihəyə çox inanmışdım.

Qaldı ki, mən Yeni Müsavatda yazmağa başlamazdan öncə də, həmin qaragüruha qarşı eyni münasibətdə, mövqedə idim. Qaragüruha qıcığım olub, var və olacaq. Görəndə ki, qəzetə və qəzetlə əməkdaşlıq edənlərə, üstəlik adlar çəkilərək hücumlar edirlər, səssiz qala bilməzdim.

Qəzeti boş verin, mənə söz deyən adam elə kristal təmizlikdə olmalıdır ki, mən onun paxırını açıb ortaya qoya bilməyim. Ayıbına kor olmursa, susmağı məsləhətdir, yoxsa daşını daş üstə qoymaram, çünki hipertrofik ədalət hissinə malik adamam, fürsəti əldən vermərəm.

Sonda bunu da deyim, ürəyinə qubar edənlər bir az rahatlaşsınlar - Yeni Müsavatda yazmaq, böyük auditoriyaya çıxmaq deməkdir. Yoxsa qaz vurub qazan doldurmuruq burda. Heç bir media resursunda yazılarım bu qədər oxunmayıb, müzakirə olunmayıb.

Bu qəzetdə yazmaq mənə sərf edir. Yəni mən onlara, onlar mənə – birbirimizə sərf edirik. Just business. Qalan söhbətlər lirika və “ictimai sektor” avaralarının bağırsaq qazı dəyərində ritorikasıdır.

Rauf Arifoğlu, mənim nəzərimdə, hansısa qırmızı xətti keçməyib.

XS
SM
MD
LG