Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Troll-bloqqer: «12 saata 135 şərh yazırdıq»


Peterburqdan olan trolların doldurduqları forumdan fraqment.
Peterburqdan olan trolların doldurduqları forumdan fraqment.

-

Rusiya və xaricdə internet məkanında peşəkar trolların yazdığı postlara və şərhlərə getdikcə daha tez-tez rast gəlinir. Onların çoxu həmin post və şərhlərdə Kremlin siyasətini müdafiə etdiklərinə görə orta aylıq əməkhaqqından yüksək maaş alırlar.

Hazırda Twitter, Facebook, LiveJournal və vKontakte kimi məşhur sosial şəbəkələrdə minlərlə saxta hesablar var. Bunların hamısı böyük canfəşanlıqla Ukrayna müharibəsini müzakirə edir. Çoxu da Rusiyanın ən məşhur «troll fabriki» sayılan İnternet Tədqiqatları Mərkəzinin məhsuludur. Sankt-Peterburq şəhərində Savuşkina küçəsində yerləşən Mərkəz 24 saat fasiləsiz fəaliyyət göstərir. Mərkəzin keçmiş işçilərindən biri peterburqlu bloqqer Marat Burkhard yüzlərlə gəncin 40 min rubl (700 dollar) qarşılığında 12 saatlıq növbələrlə çalışdığı həmin yalan fabrikinin iş rejimi barədə AzadlıqRadiosuna müsahibə verib. Burkhard Mərkəzin Rusiyanın şəhər və vilayətlərinin vebsaytlarını Kremli tərifləyən şərhlərlə doldurmaqla məşğul olan bir şöbəsində işləyib.

- Bu işə düzəlmək çətindir?

- Bəli, əvvəlcə neytral bir mövzuda sadə bir mətn yazmalısan. Məsələn, vegetarianlıq haqda. Onun müsbət və mənfi tərəflərini izah etməlisən. Sonra mətləbə daha yaxın sual verilir. Məsələn, Donetskdəki humanitar konvoy barədə nə düşünürsən? Bu cür suallara cavabdan asılı olaraq, işə götürülüb-götürülməmək barədə qərar verilir.

- Maaşınız elə ilk başlayandan 45 min rubl olur, yoxsa tədricən bu məbləğə çatdırılır?

- Ora əsl fabrikdir. Fabrikdəki kimi hər kəs üçün hasilat kvotası var. Həmin kvotanı yerinə yetirirsənsə, aya 45 min rublunu alırsan. Kvota isə hər iş növbəsinə, yəni 12 saata 135 şərh yazmaqdan ibarətdir.

-Mərkəzdə neçə şöbə var?

İnternet Tədqiqatları Mərkəzinin ofisi
İnternet Tədqiqatları Mərkəzinin ofisi

- Ora dördmərtəbəli müasir bir binadır. Burada LiveJournal şöbəsi, xəbərlər şöbəsi, satirik rəsmlərin və kollajların hazırlandığı şöbə və videomontaj şöbəsi fəaliyyət göstərir. Hər şöbədə 20-yə qədər adam çalışır. Bir şöbənin əməkdaşı digər şöbənin işi ilə maraqlana bilməz. Ümumiyyətlə, işçilər arasında dostluq və ya yoldaşlıq tövsiyə olunmur. Sistem çox repressivdir. İşə bir dəqiqə geciksən, 500 rubl cərimə olunursan.

- Gündə 12 saat işləyirdiniz?

-Bəli, gecə və gündüz növbələri vardı. İki gün işləyib, iki gün istirahət edirdik.

-Sizin şöbəniz nə işlə məşğul idi?

- Bizim şöbəmiz postlara şərhlər yazırdı. Rusiyada hər şəhər və vilayətin rəsmi saytı var. Bu saytların da öz forumları var ki, orada bu və ya digər siyasi xəbərlər müzakirə olunur. Bizim də işimiz həmin müzakirələrdə fəal iştirak etmək, müzakirələri yönləndirmək idi. Biz bunu üçlü qruplar halında edirdik. Aramızdakı dialoqa səmimilik donu geyindirmək üçün birimiz «pis adam» rolunda çıxış edərək, hakimiyyəti tənqid edir, digər ikimiz ona qarşı çıxırdıq. Öz arqumentlərini əsaslandırmaq üçün bu iki nəfərdən biri mövzuya aid qrafik və ya şəkillər, digəri isə başqa yazıların linkini yerləşdirirdi. Bu yolla hakimiyyəti tənqid edən həmin pis adamın haqsız olduğu guya faktlarla sübut edilmiş olurduq.

-Yəni, üçünüz bir yerdə oturub, kimin hansı rolu oynayacağını öz aranızda razılaşırdınız?

- Bəli, bu cür absurd bir şey baş verirdi. Bir-birimizlə danışmağa elə də vaxt olmurdu. Çünki hamı daim nə isə yazırdı. Yazılan hər bir şərh 200 işarədən az ola bilməzdi. Beləliklə, Kalininqraddan başlayıb ta Vladivostoka qədər hər şəhər və rayonun forumlarında fəal müzakirə illüziyası yaradır, özümüz postlar yazıb, özümüz də həmin postlara şərhlər yazırdıq.

Peterburqdan olan trolların doldurduqları forumdan fraqment.
Peterburqdan olan trolların doldurduqları forumdan fraqment.

- Fabrikin əsas vəzifəsi Rusiyanın ideoloji düşmənlərinin forumlarında yazmaqdır. Bunu kimlər edir?

- Orada Ukrayna şöbəsi və ingilis şöbəsi var. Onlar CNN-nin və BBC-nin saytlarını bombardman edirlər. Onların hədəfləri artıq məsələn, Samara şəhərinin saytı deyil, «New York Times» kimi qəzetlərin saytıdır. Bu baxımdan bizim işimiz daha asan idi.

- Bəzi adamlar da yəqin ki, sosial şəbəkələrlə, məsələn, Facebook-la işləyirdi?

- Bəli, Facebook-la işləyən xüsusi əməkdaşlar vardı. Ümumilikdə, təqribən 40 otaq vardı, hərəsində də təxminən 20 nəfər. Hamısı bütün günü yazır. Stressi atmaq üçün kiçicik bir zarafat da etmək olmaz; dərhal işdən qovula bilərsən.

- Tapşırıq Ukraynanı və ya Amerikanı tənqid etmək yox, Rusiyanı tərifləmək olanda sizin üçlük işini necə qururdu?

- Bir dəfə mənə tapşırıq verilmişdi ki, almanların əksəriyyətinin Putin-in siyasətini bəyəndiyini, Merkel-dən isə narazı olduqlarını yazım. Bilmirəm, onlar bu məlumatı haradan almışdılar, amma mən bu barədə saxta sübutlarla yazmalı idim – almanların əksəriyyətinin Putin-i bəyənməsi haqda. Təsəvvür edirsiniz!?​

XS
SM
MD
LG