Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:42

İntiqam Əliyev: «Qızım, səni böyük məhrumiyyətlər gözləyir»- [video]


İntiqam Əliyevin işinə görə Ədliyyə Nazirliiyinə sorğu göndəriləcək
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

İntiqam Əliyevin işinə görə Ədliyyə Nazirliiyinə sorğu göndəriləcək

-

«Bilirəm ki, növbəti istəyin xaricdə təhsil almaqdır. Ancaq mənim qızım olduğundan hər hansı dövlət proqramından istifadə edib xaricdə təhsil ala bilməyəcəksən»

Martın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyilə Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, hüquqşünas İntiqam Əliyevin məhkəmə prosesi davam edib.

Proses zərərçəkmiş Gülnar Mehdiyevanın ifadəsi ilə başlayıb. Gülnar Mehdiyeva 2010-cu il martın 10-dək Hüquq Maarifçiliyi Cəmiyyətində hüquqşünas kimi çalışdığını və bu müddət ərzində hər hansı bir qanunsuzluqla rastlaşmadığını bildirib. O, İntiqam Əliyev və Hüquq Maarifçiliyi Cəmiyyətinə qarşı hər hansı tələbinin olmadığını bildirib.

Daha sonra proses şahid ifadələri ilə davam edib.

Şahid kimi dindirilən Ənnağı Hacıbəyli 6 dəfə Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağrıldığını deyib:

«6 dəfə çağrılmışam, 4 dəfə ifadə vermişəm. Verdiyim ifadələrdən 3-ü Hüquq Maarifçiliyi Cəmiyyətinin fəaliyyəti ilə bağlı olub. İstintaq zamanı mənə kassa mədaxil qəbzlərini göstərib oradakı imzaların mənə aid olub-olmamasını və həqiqətən də həmin vəsaitləri alıb-almadığımı soruşdular. İstintaqa da dedim, indi də deyirəm həmin sənədlərdə yazılan, altında mənə məxsus imza olan məbləğləri almışam və bununla bağlı hər hansı şikayətim yoxdur».

Daha sonra Yavər Şahbazov şahid kimi dindirilib. Bildirib ki, 2010-cu ildən Hüquq Maarifçiliyi Cəmiyyətində hüquqşünas və layihə rəhbəri kimi fəaliyyət göstərib. Orada çalışdığı vaxt ərzində kimdənsə hər hansı şikayət və hər hansı qanunsuzluq görməyib:

«İstintaqda mənə göstərilən sənədlərdəki və qəbzlərdəki bütün vəsaitləri alıb, vergisini ödəmişəm. Bu barədə hər hansı şikayətim yoxdur».

«MƏNİM QIZIM OLDUĞUNDAN...»​

Prosesdə şahid kimi İntiqam Əliyevin qızı Nərmin Kamilsoy da dindirilib. İfadə verməzdən əvvəl hakim ona qanunvericiliyi xatırladıb, deyib ki, yaxın qohumu barəsində ifadə verməyə məcbur edilə bilməz. Nərmin Kamilsoy ibtidai istintaqın qanunvericiliyin bu tələbinə məhəl qoymadığını deyib:

«Necə olur ki, eyni qanunu ibtidai istintaq saymır? Mən istintaqa çağırıldığım zaman həmin qanunu əsas gətirərək ifadə verməkdən imtina etsəm də, müstəntiq mənə bildirdi ki, bəzi suallara mütləq cavab verməliyəm».

İntiqam Əliyev əlavə edib ki, qızı Nərmin Kamilsoya istintaqda işə aidiyyatı olmayan suallar verilib və bu düzgün deyil. Daha sonra İntiqam Əliyev qızına sualı olduğunu bildirib:

Öz gücünə məktəbi bitirib Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmusan. Bilirəm ki, növbəti istəyin xaricdə təhsil almaqdır. Ancaq mənim qızım olduğundan hər hansı dövlət proqramından istifadə edib xaricdə təhsil ala bilməyəcəksən. Mənim qızım olduğuna görə normal iş də tapa bilməyəcəksən.

«Bir də gördüm 23 yaşına çatmısan. 20 yaşına qədər Sumqayıtda 4 nəfərlik ailə üzvlərinlə birgə 3 otaqlı evdə yaşamısan. Bu zaman ərzində Sumqayıt şəhərindəki sıradan orta məktəblərin birində təhsil almısan. Bu yaşınıza qədər həm qardaşın, həm də sən xəstə olanda yanınızda çox ola bilməmişəm. Durmadan işlədiyim üçün təhsilinizlə də daim maraqlana bilməmişəm. Doğum günlərinizdə hamı dağılandan sonra gəlib çıxmışam. Öz gücünə məktəbi bitirib Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmusan. Bilirəm ki, növbəti istəyin xaricdə təhsil almaqdır. Ancaq mənim qızım olduğundan hər hansı dövlət proqramından istifadə edib xaricdə təhsil ala bilməyəcəksən. Mənim qızım olduğuna görə normal iş də tapa bilməyəcəksən. Gələcəkdə qarşılaşacağın xırda problemə görə ittiham oluna bilərsən. Cəmil Həsənlinin qızı Günel kimi. Bir sözlə, səni gələcəkdə böyük problemlər gözləyir. Bütün bunlara görə, mənim qızım olduğuna görə özünü zərərçəkmiş hesab edirsənmi?»

«İNTİQAM ƏLİYEVİN QIZI OLDUĞUMDAN QÜRUR DUYURAM»​

Nərmin Kamilsoy özünü zərərçəkmiş kimi görmədiyini, əksinə, İntiqam Əliyevin qızı olduğundan qürur duyduğunu söyləyib. Bu zaman hakim Rasim Sadıqov müdaxilə edərək Nərmin Kamilsoya bildirib ki, «sən Azərbaycan Respublikasının vətəndaşısan. Buna görə də sənə iş veriləcək».

Şahid ifadələri bitdikdən sonra vəkillər ötən proseslərdə verdikləri vəsatətlərin təmin edilməsini tələb ediblər. Dövlət ittihamçısı bildirib ki, Hüquq Maarifçiliyi Cəmiyyətinin 4 müqaviləsinin qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyinə sorğu göndərilməlidir. Yalnız Ədliyyə Nazirliyi sorğuya cavab verəndən sonra ekspertiza ilə bağlı vəsatətə cavab verilə bilər.

Vəkil Cavad Cavadov bildirib ki, Ədliyyə Nazirliyinə sorğu göndərmək əvəzinə, reyestr kitabı tələb edilməlidir. Çünki sorğuya cavabda layihələrin qeydiyyatdan keçmədiyi bildirilə bilər. Ancaq reyestr kitabını saxtalaşdırmaq mümkün deyil. Vəkil vəsatətin təmin edilməsini istəyib. Dövlət ittihamçısı isə bildirib ki, bir halda ki, sorğuya cavabı da Ədliyyə Nazirliyi verir, reyestr kitabı da nazirliyə məxsusdur. Deməli, reyestr kitabını tələb etmək əvəzinə sorğu da göndərmək olar.

«​BİZƏ REYESTR KİTABI LAZIMDIR»​

İntiqam Əliyev bildirib ki, sorğuya yanlış cavab vermək mümkündür. Ancaq reyestr kitabını saxtalaşdırmaq mümkün deyil:

«Hamı bilir ki, bu məhkəmə prosesi siyasi xarakter daşıyır. Odur ki, Ədliyyə Nazirliyi sorğuya cavabda heç bir layihənin qeydiyyatdan keçmədiyini bildirməyə maraqlıdır. Biz ona görə reyestr kitabını tələb edirik ki, burada hər şey əksini tapıb. Ədliyyə Nazirliyi kimi bir qurum bütün müstəqil vətəndaş cəmiyyəti təşkilatlarını qara siyahıya salıb. Onların fəal şəkildə fəaliyyət göstərməsini istəmir. Odur ki, biz bütün layihələri Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirirdik ki, sonradan əleyhimizə istifadə edilməsin. Ancaq bu proses başlayandan qeydiyyatla bağlı Ədliyyə Nazirliyinin saytındakı sistem ləğv edilib. Biz də sizə hər dəfə deyirik ki, həmin layihələr qeydiyyata alınıb. Ona görə sizə sorğu verdik ki, reyestr kitabını alın. Vəsatətimizin təmin edilməsini istəyirik»​.

Bundan əlavə, İntiqam Əliyev bildirib ki, təşkilatın bütün sənədləri prokurorluqdadır. Həmin sənədlər onlara qaytarılsa, heç sorğu verməyə də gərək qalmaz. Layihələrin qeydiyyatdan keçməsi ilə bağlı sənədləri özləri məhkəməyə təqdim edərlər:

"İnanın, əgər layihələr qeydiyyata alınmasaydı, bizi işləməyə qoymazdılar. Təsəvvür edin, əgər 5-6 il əvvəlki layihələr qeydiyyata alınmayıbsa, bu zaman Ədliyyə Nazirliyi hara baxırdı? Qeydiyyata alınmadığı təqdirdə belə inzibati məsuliyyət yaranır. Yəni, buna görə təşkilat rəhbəri həbs edilmir, cərimə edilir. Həmin cərimənin məbləği də əvvəllər 1500, indi isə 2500 manatdır. Daha buna görə kiminsə həbsi heç bir qanuna sığımır".

Hakim yerində müşavirə edərək vəsatətin Ədliyyə Nazirliyinə sorğu göndərməklə bağlı hissəsini təmin etdi. Reyestr kitabının tələbi məsələsi isə təmin edilmədi.

Növbəti proses aprelin 7-nə təyin edildi.

İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunur.

İttihama görə, 119 min manat vəsait Gülşən Orucovanın bacısı Əfsanə Orucovanın bank hesabına köçürülüb. Bacıların həmin vəsaiti bankdan çıxarıb İntiqam Əliyevə verdikləri iddia olunur. Qarşı tərəf bu iddianı rədd edir və bunu sübut edən hər hansı faktın olmadığını deyirlər. Vəkillər həmin pulların hesabdan çıxarılıb-çıxarılmaması ilə bağlı bank məlumatlarının tələb olunmasını vacib sayırlar.

Beynəlxalq qurumlar İntiqam Əliyevin həbsini siyasi motivli sayır.

«8 AYDIR ŞÜŞƏ ARXASINDAN GÖRÜŞDÜK»

İntiqam Əliyevin qızı Nərmin Kamilsoy AzadlıqRadiosuna ünvanladığı məktubda atasına verəcəyi cavabı ifadə edib:

«Bu gün məhkəmədə sual verdin ki, özəl günlərdə yanımızda ola bilmədiyinə, bizimlə daha çox maraqlanmağa vaxtın olmadığına görə, bizə gələcəkdə yaşadacağın çətinliklərə və məhrumiyyətlərə görə «mənim qızım olduğun üçün məyusluq hissi keçirirsənmi?». Təəssüf ki, verdiyin suali məhkəmədə cavablandırmağıma imkan vermədilər. Və yazmaq qərarına gəldim, yaziram ki, hami bilsin biz səninlə necə fəxr edirik.

Düzdür, sənin doğum günlərimizdə, məktəbə, universitetə başlayanda, xəstə olanda yanimizda olmağını istəyərdik. Amma biz bilirikki, böyük ideallar uğrunda mübarizə aparanların məhrumiyyətləri də böyük olur. Mənim ad günlərim olanda həbsdə mən yaşda gənclər yatırdılar və onların da doğmaları yanlarında olmurdular. Sən və həbsdəki dostların vaxtınızı onların azadlığa çıxmasına sərf edirdiniz. Eləhəbsindən 2 həftə sonra dünyaya gələn Arazın da 2 həftədən sonra 2 yaşı olacaq, Rəşadət bu doğum günündə də onun yanında olmayacaq.

Düzdür, sənə görə bizə heç yerdəiş verməyəcəklər, dövlət orqanlarında, banklarda, şirkətlərdə işləyə bilməyəcəyik, xaricdə təhsil üzrə Dövlət Proqramından təqaüd də ala bilməyəcəyik, heç sabah Vəkillər Kollegiyasına da qəbul etməyəcəklər. Amma atalarının, özlərinin ictimai fəaliyyətinə görə bu çətinlikləri yaşayan tək gənclər də biz deyilik, biz heç kimin övladından da artıq deyilik.

Düzdür, heç bizim təhsilimizlə də maraqlanmamısan, məktəbi nə vaxt qurtarib, universitetə qəbul olmağımızdan da xəbərin olmayıb. Amma gecə-gündüz yatmayıb kitablar yazmısan, ölkənin hər bölgəsində seminarlar, təlimlər keçib gəncləri cəlb etmisən. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin yetişdirdiyi qədər illərlə hüquqşünaslar, tələbələr yetişdirmisən. Elə tələbələr ki, səsləri dünyanın müxtəlif ölkələrindən gəlir, həmişə onlardanfəxrlə danışırsan.

Hə, sən və həbsdəki dostların təkcə bizim yox, ölkədəki bütün gənclərin təhsili üçün mübarizə aparırdınız. Çalışırdınız ki, Cabbarların, Şahinlərin, Ömərlərin, Məmmədlərin təhsili yarımçıq qalmasın.

Düzdür, biz 20 il ərzində 3 otaqli, balaca bir mənzildə yaşamışıq. Hər cür imkanların ola bilərdi ki, biz həqiqətən «arım milyonluq villada» yaşayaq. Amma insanların ev-eşiksiz, mənasız tikililərə görə evləri sökülüb kompensasiyasız qaldığı bir vaxtda sən daha yaxşı yaşamaq haqqında düşünə bilməzdin. Əksinə onların pozulmuş hüquqlarını müdafiə etməklə vicdanlarını rahatladırdın.

Sənin və həbsdəki dostlarının etdikləri bizim daha yaxşı cəmiyyətdə yaşamağımız üçün idi. Mübarizə aparırdınız ki, insanlar fərqli fikirlərinə, düşüncələrinə görə təqiblərə məruz qalmasınlar, həbs olunmasınlar. 7-8 yaşlı Aysellər, Zeynəblər atalarının məhkəmələri önündə gözləməsinlər, təcridxanalarda şüşə arxasından atalarını qucaqlamaq istədiklərinə görə göz yaşı tökməsinlər.

Həm səninlə, həm azadlıqda mübarizə aparan, həm də övladlarının daha ədalətli cəmiyyətdə yaşamaları uğrunda azadlıqlarından keçən dostların və dostlarımızla qürur duyuram. Arzu edirəm ki, haqqınızda siyasi sifarişi verənlərin, bu sifarişləri icra edənlərin də övladları onlarla belə fəxr etsinlər, bir gün atalarının qurduqları qanunsuz, sifarişli məhkəmələrin qurbanlarına çevrilməsinlər.

8 aydir ki, şüşə arxasından görüşməyimiz və bu müddət ərzində bir dəfə də qucaqlaşıb bir-birimizə toxuna bilməməyimiz də bizim mübarizə əzmimizi qıra bilməz. Ən böyük mühakimə vicdan məhkəməsindədir, sən isə həmin məhkəmədən mənəvi qələbə ilə çıxmısan. Belə vicdanlı atam olduğuna görə təəssüf yox, ancaq fəxr hissləri keçirə bilərəm».

XS
SM
MD
LG