Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:39

Avropanın ən qədim 16 şəhəri sırasında Azərbaycandan ad yoxdur


«The Telegraph» qəzeti Avropanın ən qədim şəhərləri siyahısını dərc edib.
«The Telegraph» qəzeti Avropanın ən qədim şəhərləri siyahısını dərc edib.

-

Böyük Britaniyada çıxan «The Telegraph» qəzeti Avropanın ən qədim şəhərləri siyahısını dərc edib.

16 şəhərin arasında Gürcüstanın iki (Mtsxeta və Kutaisi) şəhəri, Ermənistanın paytaxtı Yerevanın adı var. Digər şəhərlər Xorvatiya, Yunanıstan, İspaniya, Kipr, Bolqarıstan və digər ölkələrə aiddir.

Azərbaycanın adı bu siyahıda yoxdur.

AzadlıqRadiosu kiçik bir araşdırma aparmağa çalışdı ki, yerli tarixçilərin qədim şəhərlər sarıdan bol saydığı bir ölkənin adının bu siyahıya düşməməsinin səbəbi nə ola bilər?

AD ÜSTÜNDƏ QƏDİMLİK

Orta əsrlər üzrə tarixçi-tədqiqatçı Əkbər Nəcəf deyir ki, Azərbaycanın qədim şəhərlərinin adı var, özü yox: «Bizdə şəhər adları qədimdir, yerlərin özü isə qədim deyil. Məsələn, Şamaxı qədim şəhərdir, amma 19-cu əsr zəlzələsindən sonra tamam dağılıb, Gəncə qədim şəhərdir, amma rusların ora girməsindən sonra dağıdıldı. Bir qədim məzarlıq qalmışdı, Atabəylər qəbiristanlığı, o da SSRİ dövründə məhv edildi. Bakı qədimdir, 11-12-ci əsrdən etibarən tarixi mənbələrdə adı çəkilir. Bir də itmiş şəhərlər var ki, onların da yerini təyin etmək çətindir».

Tarixçi bildirir ki, Qəbələ Azərbaycanın ən qədim şəhəri sayılsa da, yenə də bu qədimlik ad üstündədir: «İndiki Qəbələ şəhərində qədim şəhərə aid çox az şey var. Məsələn, qala divarları yoxdur, qədim abidələrin izi qala, ya qalmaya. Ancaq Qəbələ qədimdir, hətta 5-ci əsrin mənbələrində paytaxt kimi təqdim olunur».

«SON 200 İLDƏ ŞƏHƏRLƏRİMİZİ ÇOX DƏYİŞMİŞİK»

Əkbər Nəcəf deyir ki, qədim şəhər xüsusiyyətlərini özündə saxlayan Azərbaycan şəhəri isə yoxdur:

Əkbər Nəcəf
Əkbər Nəcəf

«Soruşsanız ki, qədim xüsusiyyətləri qoruyan şəhər varmı, «hə» deməkdə çətinlik çəkirəm. Ad olaraq qədim şəhər var, amma bir əsər kimi gəlib bu günümüzə çıxmayıb. Naxçıvanda var nisbətən. Bilirsiniz, son 200 ildə şəhərlərimizin üzərində çox dəyişikliklər etmişik. Həm özümüz, həm də başqaları. Ancaq elə prosesi digər Qafqaz ölkələri də keçib, təkcə biz yox».

Müsahibimizin fikrincə, əslində öz qədimliyini saxlayan Azərbaycan şəhərləri var. Bu, İran Azərbaycanına aid Təbriz, Ərdəbildir: «Hətta küçələri belə qorunub saxlanıb».

Əkbər Nəcəf «The Telegraph»ın bu siyahını hansı meyarlara əsasən hazırladığını bilmədiyindən Azərbaycanın bu siyahıda yer almamasını da şərh etməkdə çətinlik çəkir: «Bəlkə də qədimliyi yaşadan şəhərləri nəzərdə tuturlar. Yəqin ki, elə kriteriya var. Bizdə ad olaraq qədim şəhər var, amma bu qədimlikdən nə qalıb, ona baxmaq lazımdır».

«MÜASİR HƏYAT QƏDİM HƏYATA HƏDDİNDƏN ARTIQ MÜDAXİLƏ EDİR»

«The Telegraph»ın siyahısına toxunan Əkbər Nəcəf deyir ki, o özü Yunanıstanda olub və qədim şəhərlərin qorunduğunun şahidi olub: «Qədim hamamlar, abidələr qorunub saxlanıb. Amma bizdə qədim əsərlər yoxdur. Ən qədim Bakıda İçərişəhərdir ki, orda da bəzi şeylər qorunub saxlanıb».

Müsahibimiz deyir ki, bu gün Azərbaycanda qədim ərazilərdə bərpa işləri aparılır, amma tarixi abidələrin bərpası zamanı beynəlxalq standartlara riayət olunmalıdır:

Dilavər Əzimli
Dilavər Əzimli

«Bizdə əsas məsələ odur ki, müasir həyat qədim həyata həddindən artıq müdaxilə edir. Yəni, qədim formada bərpadan çox müasir elementlərlə bərpaya üstünlük veririk».

«AXI, YEREVAN QƏDİM ŞƏHƏR DEYİL»

Tarixçi Dilavər Əzimli də hesab edir ki, siyahının hansı meyarlar əsasında tərtib edildiyini müəyyənləşdirmək çətindir, çünki söhbət qədim şəhərlərdən gedirsə, Yerevan qədim şəhər deyil:

«Əgər söhbət ölkələrin Avropa, ya Asiya qitəsində yerləşməsindən gedirsə, onda niyə Yerevan salınır, Azərbaycandan bir şəhər adı yoxdur? Bərdə ən qədim şəhərlərimizdən biri olub. Bütün ərəb mənbələrində Bərdənin adı xüsusi keçir. 7-ci əsrdən başlayaraq Bərdə ən böyük şəhər mərkəzlərindən birinə çevrilib, ən böyük yarmarkalardan biri burda keçirilirdi. Həmin dövrdə Avropanın Bərdə ilə müqayisə olunacaq ikinci şəhəri yox idi».

Dilavər Əzimli deyir ki, Azərbaycanda daha çox qədim şəhərlərin dağıntıları, izləri qalıb.

NAZİRLİK MÜƏLLİFDƏN CAVAB İSTƏYİR

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna dedilər ki, onlar da Azərbaycanın adının niyə həmin siyahıda olmamasını araşdıracaqlar. Nazirliyin mətbuat xidmətindən deyirlər ki, siyahının hansı meyarlar əsasında hazırlanması ilə bağlı müəllifə müraciət ediblər.

XS
SM
MD
LG