Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:31

Neft Fondu tarixində ilk dəfə xaricdəki pullarını xərcləyəcək


Arxiv fotosu
Arxiv fotosu

-

Neftin qiyməti dünya bazarında ucuzlaşsa da, Azərbaycanın dövlət büdcəsinin xərclər hissəsində ixtisar aparılmayacaq.

Hökumət çıxış yolu kimi Neft Fondunun xaricdə ehtiyat kimi saxlanılan vəsaitlərini xərcləyəcək. Bunu AzadlıqRadiosuna müsahibəsində bitərəf deputat Vahid Əhmədov deyir:

“Başqa cür mümkün deyil. Bəs Neft Fondu nədən ötrü yaradılıb? Gələcək nəsillərə müəyyən qədər vəsait saxlamaqdan ötrü. Və əlbəttə ki, bu cür kritik vəziyyətlər yarananda, iqtisadi böhran yarananda vəziyyətdən çıxmaq üçün”.

Vahid Əhmədov
Vahid Əhmədov

Bu o deməkdir ki, Neft Fondu 2015-ci ildə ehtiyat üçün vəsait ayıra bilməyəcək, əksinə yığdığını xərcləyəcək.

NORVEÇ TƏCRÜBƏSİ

Məsələn, başqa bir neft ölkəsi Norveçin Neft Fondu qanunla vəsaitlərin maksimum dörd faizini dövlət büdcəsinə köçürə bilər, 96 faiz vəsait gələcək nəsillər üçün saxlanılmalıdır.

Azərbaycan Dövlət Neft Fondu 1999-cu ilin dekabrında mərhum prezident Heydər Əliyevin sərəncamı ilə yaradılıb. Fondun qarşısında duran bir neçə vəzifədən biri də neft vəsaitlərini gələcək nəsil üçün saxlamaqdır.

2015-ci ildə dövlət büdcəsinin təqribən 55 faizi – təqribən 10 milyard manatı (10 388 000,0 AZN) birbaşa Neft Fondundan transfert hesabına ödənilməlidir.

Vahid Əhmədov Neft Fondunun xaricdəki vəsaitlərinin nə qədərini geri çağıracağını bilmir, amma müstəqil iqtisadçılar təqribən 3-4 milyard dollar civarında olacağını proqnozlaşdırırlar.

Dövlət Neft Fondu Azadlıq Radiosunun mövzu ilə bağlı aprelin 10-da göndərdiyi informasiya sorğusuna hələ cavab verməyib.

Aylıq “İqtisadi Forum” jurnalının baş redaktoru, iqtisadçı Samir Əliyev AzadlıqRadiosuna müsahibəsində deyir ki, Neft Fondu tarixində ilk dəfədir ki, xaricdəki vəsaitlərini geri çağırmaq məcburiyyətində qalıb:

“Hələ Dövlət Neft Fondunda neftin qiyməti bir barrel üçün 90 dollardan götürüləndə belə Neft Fondunun büdcəsində kəsir yaranmışdı. 2015-ci ildə Fondun gəlirlərinin 10 246 611,9 min manat, xərclərinin isə 11 813 909,2 min manat təşkil etməsi nəzərdə tutulurdu. Gəlirlər xərc hissədən az idi. Hökumət devalvasiya etdi və vəziyyəti nisbətən yaxşılaşdırdı. İndi dövlət büdcəsi Neft Fondundan istədiyi transferti azaltmaq istəməsə, xaricdəki vəsaitləri geri çağırmaq məcburiyyəti yaranır”.

Samir Əliyev bildirir ki, hazırda Neft Fondunun 2,7 milyard vəsaiti depozit və pul şəklindədir - bunlar sərbəst vəsaitlərdir və qısa müddətdə geri çağırıla bilər. Qalan vəsaitlər isə səhm portfeli, daşınmaz əmlak və qızıl şəklindədir.

Natiq Cəfərli
Natiq Cəfərli

Müxalif ReAL hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna müsahibəsində deyir ki, hökumət Neft Fondunun vəsaitlərini geri çağırmamaq üçün iqtisadi açılıma getməli iqtisadiyyatı liberallaşdırmalı idi:

“İndiki halda hökumət vəziyyəti o həddə gətirib ki, büdcədə investisiya xərclərini azaltmaq ölkədə işsizlik vəziyyəti yaradardı. Qısa müddət üçün Neft Fondunun vəsaitlərini geri çağırmaq xilas kimi görünə bilər, uzun müddət üçün bu, ciddi problemdir”.

Bu il yanvarın 1-ə olan məlumatına görə, Neft Fondunun vəsaitləri 37 milyard dollardır.

Natiq Cəfərli deyir ki, xərcləmələri tənzimləmək üçün “Neft haqqında” qanun qəbul edilməli idi: “Bir müddət Fondun vəsaitlərinin 25 faizi ehtiyat kimi saxlanılırdı. Daha sonra bu faiz azalmağa başladı. 2011-ci ildən bəri hər il Fondun vəsaitlərinin 90 faizdən artıq hissəsi dövlət büdcəsinə və Neft Fondunun maliyyələşdirdiyi layihələrə ayrılır”.

XS
SM
MD
LG