Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:51

Qorxmaz Əsgərov: «İlham Əliyev John Kerry-dən daha çox ermənipərəst davranır»


Qorxmaz Əsgərov
Qorxmaz Əsgərov

-

Gözlə

No media source currently available

0:00 0:03:56 0:00
Direct-ə keçid

Milli Məclisin mətbuat orqanı olan «Azərbaycan» qəzeti aprelin 17-də «Obama-Kerry cütlüyü: «müstəsnalığın» islamofob və ermənipərəst fəsadları» məqaləsində ABŞ liderlərinə qarşı sərt ittihamlar səsləndirib.

Amerikalı Azərbaycanlılar Demokratiya Uğrunda (AZAD) təşkilatının vitse-prezidenti, Azərbaycan hökumətinin tənqidçisi Qorxmaz Əsgərov AzadlıqRadiosuna həmin məqalə və Azərbaycan-ABŞ münasibətləri barədə müsahibə verib.

- Qorxmaz bəy, «Azərbaycan» qəzetindəki ABŞ-la bağlı məqaləni necə qiymətləndirirsiniz? Bu tipli tənqidi yazılarla Azərbaycan hökuməti nəyə nail ola bilər?

- Azərbaycan hökuməti belə şantaj tipli məqalələri vaxtaşırı dərc edir, daha əvvəl Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyev də bənzər məqalə ilə çıxış etmişdi. Bu məqalə hansısa jurnalistin adından yazılıb, amma məna və xətt eynidir.

Bu məqalələrlə hökumətin nəyə nail olmağa çalışmasını demək çətindir, çünki rasional olaraq inanmıram ki, nəyəsə nail ola bilər. Onlara elə gəlir ki, Amerika hökuməti üzərində böyük haqqa malikdirlər və Amerika hökumətinin boyuna minnət qoymağa çalışsalar, Vaşinqton Azərbaycanda insan haqlarının pozulmasına göz yuma bilər. Məncə, hesablama budur. Amma bu, məqsədə nail olmaq üçün məntiqli addım deyil.

Amma digər tərəfdən də Azərbaycanda liberallar ABŞ-ı ölkədə insan haqlarının pozulmasına göz yummaqda günahlandırırlar.

Bu istiqamətdə də böyük problemlər var. Azərbaycan özünü çox müstəqil qüvvə kimi təqdim edib belə bir hücumlarda bulunur.

Mən hesab edirəm ki, ABŞ Azərbaycanda insan haqlarının pozulmamasının müdafiəsi uğrunda prinsipial mövqe tutmayıb və ciddi təsir göstərməyib. Belə mövqe olmamasına rəğmən Azərbaycan hökuməti öz gözləntilərini o qədər artırıb ki, daha da artığını tələb etməyə başlayıb.Amerika indiki məqamda Azərbaycanda insan haqları məsələsini kifayət qədər dilə gətirə bilmir. Bu, gözlənti məsələsidir. Görünür, Azərbaycan istəyir ki, Amerika onun repressiv siyasətini müdafiə etsin.

Bu məqalə deyilir ki, Azərbaycan gərək Özbəkistan hökuməti kimi hərəkət edib, ABŞ-la bütün əlaqələri birdəfəlik kəssin. Azərbaycanı Özbəkistana çevirmək istədiklərini özləri deyirlər. Bir müddət əvvəl mən öz yazımda Azərbaycan hökumətini Türkmənistan hökumətinə bənzətmişdim və Azərbaycan rəsmiləri bundan qıcıqlanmışdılar. İndi isə Milli Məclisin rəsmi orqanı Azərbaycanı Özbəkistan kimi davranmağa çağırır.

- Siz necə hesab edirsinizanti –ABŞ siyasəti Azərbaycan hökumətinin müstəqil siyasətidir? Belə deyənlər də var ki, Əliyev Putin-in təzyiqləri ilə anti-Obama siyasəti yürütməyə məcbur olur.

- Azərbaycan hökuməti Amerikanın özündə belə bir rəy yaratmaq istəyir ki, bizdə ruspərəst və qərbpərəst qanadlar var və bizimlə pis davransanız, ruspərəst qanad qalib gələr. Yaxşısı budur, vəziyyətə elə nəzarət edin ki, o mərhələyə gəlib çatmayın. Elin Süleymanov, Elmar Məmmədyarov özlərini Qərbpərəst qanadın nümayəndələri kimi, Ramiz Mehdiyev isə Rusiya tərəfinin adamı kimi qələmə verilir. Əslində isə, Azərbaycan hökuməti eyni hökumətdir və bu adamların hamısı eyni adama- İlham Əliyevə xidmət edirlər. Bu, bir taktikadır, amma inanmıram ki, ABŞ-da ciddi siyasətçiləri buna inandırmaq mümkün olsun.

- «Azərbaycan» qəzetindəki həmin məqalə ABŞ dövlət katibiJohn Kerry-ni «ermənipərəst» adlandırır. John Kerry-ni ermənipərəst saymaq olarmı?

- Azərbaycanda Ermənistanın maraqlarını ən gözəl şəkildə qoruyan hökumət Əliyev hökumətidir- onlar erməni idmançıların səfərini maliyyələşdirirlər. Bu illər ərzində külli miqdarda neft pulları axıb. Bu pullara güclü dövlət qurmaq olardı, indiyə qədər bir Qarabağ yox, əlli Qarabağ geri almaq olardı. Ölkə əhalisinin dörddə bir hissəsi ölkədən qovalanıb. İndi də İlham Əliyev xüsusi bir təşəbbüslə çıxış edir ki, həmin adamlar ölkəyə qayıda bilməsinlər. İndi belə bir hökumət kənarda ermənipərəst axtarır.

Tutaq ki, John Kerry Ramil Səfərov olayında ermənipərəst lobbinin təsirində olub. Tutaq ki, John Kerry bundan artığını edib. Amma John Kerry-nin etdikləri İlham Əliyevin etdiklərinin yanından heç nədir. İlham Əliyev John Kerry-dən daha çox ermənipərəst davranır.

- Yazıdakı başqa bir ittiham budur ki, Obama hökuməti islamofobdur. Bu haqda nə deyə bilərsiniz?

- Eyni yanaşmadır. Guya ki, Azərbaycan hökuməti güclü bir islam dövlətidir? Bunu Erdoğan hökuməti kimi güclü bir islam hökuməti desəydi, anlamaq olardı. Hərçənd demirəm ki, Erdoğan-ın deməsi ədalətli olardı. Guya İlham Əliyev islami maraqları müdafiə edir? Azərbaycanda dindarlar təzyiqlərə məruz qalır, həbsə atılırlar, İlham Əliyevin nə özü, nə də ailəsi dindar sayılmır- Həccə getməklə deyil... İslamofob axtarmaq istəsələr, özlərinə baxsınlar.

- «Azərbaycan» qəzeti yazır: «Bu gün o, xarici ölkələrdən birinin Bakıdakı səfirliyində gizlənərək məsuliyyətdən yayınmağa çalışan RATİ-nin sədri Emin Hüseynovun taleyini daha çox «düşünür». Əks təqdirdə ABŞ Dövlət Departamenti, «Human Rights Watch», «Freedom House» və digər bu kimi təşkilatlar E.Hüseynovun deyil, J.Assange-nin taleyi ilə maraqlanardılar. Belə olmasaydı, bir qrup avantürist ABŞ Dövlət katibi J.Kerry-yə müraciətlərində X.İsmayıl, L.Yunusun deyil, «Wikileaks» saytına məlumatları ötürən Bradley Manning-in taleyini gündəmə gətirərdilər». Bu haqda nə deyə bilərsiniz?

- Bu da köhnə propaqanda xəttidir. Amerika demokratik cəmiyyətdir. Demokratik cəmiyyət problemsiz cəmiyyət demək deyil. Demokratik cəmiyyətdəki problemləri demokratik institutların köməyi ilə həll edilir- azad məhkəmələr, azad demokratik seçkilər, azad media ilə. Azərbaycanda bunlar yoxdur. Bunlar tapırlar ki, hansısa qaradərili həbs olunub və s. Tutaq ki, Amerikada insan haqları pozulur. Bu, Azərbaycan hökumətinə haqq verirmi ki, öz xalqına zülm etsin?! Tutaq ki, Amerika Allahın gözündən düşüb Azərbaycan hökumətinin dediyi mənfilikləri edir. Onda Azərbaycan hökuməti öz xalqına zülm etməlidir?! Burda məntiq haradadır? Mən burda məntiq görmürəm.

- Qəzet təklif edir ki, Azərbaycan antiterror koalisiyasından və NATO hərbçiləri üçün nəqliyyat dəhlizindən çıxmaq məsələsini bir daha nəzərdən keçirməlidir. Sizcə, bu nə qədər real fikirdir? Azərbaycan uzaqlaşa bilərmi tezliklə bu əməkdaşlıqdan?

- Azərbaycan hesab edirsə ki, çıxmaqla antiterror koalisiyasına zərbə vuracaq, səhv edir. Koalisiyada olmaq Azərbaycanın özünə daha çox lazımdır. Mən Azərbaycan demokratiya istəyən bir insan kimi Azərbaycanın həmin koalisiyada olmasının tərəfdarı deyiləm. Bu, ucuz bir şantaj cəhdidir. Bir vaxtlar biz araşdırırdıq ki, lobbistlər Azərbaycan hökumətini dəstəkləmək üçün hansı arqumentlərdən istifadə edirlər? Məlum oldu ki, əsasən dəhliz, antiterror koalisiyası amilindən. Azərbaycanın obyektiv olaraq ABŞ üçün elə bir əhəmiyyəti yoxdur ki, ölkədəki bu qədər qanun pozuntularına göz yumsun. Odur ki, Qərbdə neft lobbisi Azərbaycanın əhəmiyyətini qabartmaq üçün elə rəy yaratmaq istəyir ki, Azərbaycan olmasa, Qərb batar. Məlumat üçün deyim ki, Rusiyadan Əfqanıstana gedən yükün həcmi Azərbaycandan gedən yükün həcmindən iki dəfə çoxdur. Azərbaycandan keçən dəhlizin əhəmiyyəti o qədər də böyük deyil.

Əliyev hökuməti Qərblə bu bağları kəsərsə, nə qədər gülməli də görünsə, Azərbaycanda demokratiyanın inkişafına böyük töhfə vermiş olacaq.

Əliyev ABŞ-ın və Qərbin dediyi hər şeyi edir. İlham Əliyev rejiminin dirəndiyi bir məsələ var- o da mülkü azadlıqlar, insan haqları məsələsidir.

- Belə deyənlər var ki, Azərbaycan hökuməti Obama administrasiyasını zəif sayır. Siz necə hesab edirsiniz?

- Sırf insan haqları məsələsində Obama zəif davranır. Əks halda, Azərbaycana çoxdan sanksiyalar tətbiq olunmalı idi. Xədicə İsmayılın indiyə qədər həbsdə qalması Obama hökumətinin zəif davranmasının göstəricisidir.

- Ramiz Mehdiyevin məqaləsindən sonra jurnalist Xədicə İsmayıl həbs olundu, AzadlıqRadiosunun Bakı ofisi bağlandı, «Azərbaycan» qəzetindəki bu məqalədən sonra təzyiqlərin artacağını gözləmək olarmı?

- Bundan əvvəlki yazını rəsmi şəxs yazmışdı, indiki yazını isə jurnalist yazıb. İlham Əliyev başqa jurnalistləri ona görə həbs etmir ki, ona beynəlxalq təzyiq var. Təzyiqlər olmayacaqsa, vətəndaş cəmiyyətinə qarşı basqılar artmaqda davam edəcək.

- Bəs ABŞ niyə Azərbaycana kifayət qədər təzyiq etmir?

- Amerikada neft lobbisinin və Azərbaycanın hökumətini müdafiə edən qüvvələr var. AzadlıqRadiosunun Bakı ofisi bağlanandan sonra dövlət katibinin yardımçısı Victoria Nuland-ın Bakıya səfər edib strateji əməkdaşlıqdan danışması da yaxşı heç nədən xəbər vermir.

Ümid edirəm ki, bu xətlə razılaşmayan qarşı xətt də var. ABŞ siyasətini bu cür çarpazlaşan xətlər müəyyən edir.

XS
SM
MD
LG