Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:40

Çöl göyərçiləri onların komasını yuva elədilər...


Rəhim Əliyev
Rəhim Əliyev

-

Failə həyətə çıxanda iri tut ağacından asılmış qaraltı gördü. Atası özünü gecə paltarında asmışdı.

O, evə qayıdıb anasının yerində uzandı və qonşuların qara xəbəri gətirməsini gözlədi...

Rəhim Əliyev

MƏHƏBBƏTSİZ ƏR-ARVAD

(hekayə)

Failə Muzan dağlarının başında doqquz evlik Yemişan kəndindən idi.

Atası Xalid əsgərlikdən gəlib görmüşdü anası ölüb. Bir gecə ata komasında qalıb səhər əsgər torbasını götürüb Bakıya getmişdi. Atasız yetim Yemişana bir də on üç ildən sonra qayıtmışdı. Komanı qaydaya salıb qara, arıq Nurxanımla evlənmişdi.

Kəndə ilin on ayı işıq olmurdu. Onların altı uşağı olub ölmüşdü. Bircə sonbeşiyi Faılə qalmışdı. Nurxanımı Şamaxı tərəfdən kəndə gələndə yolun qırağından götürmüşdü.

Nurxanım durduğu yerdə ağlayıb gözünün yaşını tökürdü. Xalid əvvəl ürək eləməmişdi söz deməyə, əli addım keçəndən sonra dayanmışdı, ağlayan qızın yanına dönmüşdü. On beş-on altı yaşı olardı. Xalid qıza çatıb demişdi:

-- Ağlama, gedək məniynən.

Sonra da sözünə mat qalmışdı, qız onun ardınca düşüb gəlmişdi.

Beləcə bu kifir, bircə rəngi solmuş paltarda olan qız onun arvadı oldu. İki üç həftə Xalidin gözü yolda oldu, amma qızın ardınca heç kim gəlmədi. Sonra bildi ki, o da yetimdi, əmisi böyüdüb. O öləndən sonra isə oğlu Urusyetdən gəlib evi satıb, Nurxanım çörəksiz-susuz qalıb çöldə.

Amma bundan qabaq o, öz xalası qızı Sevgili ilə sevişirdi. Onun iki yetimi vardı, yaşı da Xaliddən çox idi. Sevgilinin əri uzaq Urusyetdə ölmüşdü. Amma Nurxanımın gəlişi onların işin yarıda qoydu.

Sevgili isə ərinin kiçik qardaşına getdi, qonşuda yaşadı. Xalidi heç vaxt yaxına qoymadı, düşmən oldu.

2.

Failənin doğulandan gördüyü o olmuşdu ki, onların balaca iki gözlük qazmasında atası hər gün anasını döyür, söyür, qışqırır. Axırda isə onlar yırğa eləyir və bir-birinə şirin sözlər deyirlər. Və bu, daim təkrar olunur.

Failə atası Xaliddən qorxurdu, anası da ondan tük salırdı. Amma səhərlər onlar - ər-arvad mehriban olur və səslərini qaldırmırdılar.

Qız özünü tanıyandan sonra da evdə bunlar davam edirdi: ər-arvad uşağın böyüdüyün hiss eləmirdi, elə bil o yox idi. Amma var idi, hər şeyi də anlayırdı. Atası gəlib çörəyini yeyir, oturub televizora baxırdı. Yatmağa az qalmış o anasının üstünə bağırmağa başlayır, onu o biri gözə salıb hər gün gətirdiyi təzə çubuqla döyürdü. Qız çubuğun səsini eşidirdi. Ata döyür, anasının yalvarışları uşağın qulağını doldururdu. Birdən sakitlik çökür və anasının it ulamasına oxşar yavaş sızıltısı gəlirdi. Bir gün Failə o biri gözə balaca şüşədən baxanda gördü ki, anası çılpaqdi. Atası isə evə girdiyi geyimdə əlindəki çubuqla anasının çılpaq belinə vurur.

O qorxdu və heç bir hərəkət eləmədi. Bir azdan gördü ki, atası arxadan erkək qoçlar qoyun sürən kimi anasını sürür. Sonra da anasının yanına çökün yatdı. Failə də gedib yerinə girdi. Amma gözünün yuxusu qaçmışdı.

3.

Kənd balaca idi. Oğlanlar məktəbi qurtarıb şəhərə gedirdilər. Failəni ərə verəndə onun artıq iyirmi dörd yaşı vardı. Onun qonşu kənddə Paşa adlı oğlana ərə verdilər. Toy gecəsi o, Paşanı beşinci dəfə görürdü. O, Gəncədə texnikum qurtarmışdı.

Təzəbəy Paşa ona yanaşıb nəsə dedi, səsi astadan çıxırdı. Failə onun üzünə baxır və gözləyirdi ki, indicə bəy bağırıb onun üstünə qışqıracaq və çubuqla onu döyməyə başlayacaq. Onun beli bu çubuq zərbələrini gözləyir və gicişirdi. Amma Paşa çubuqsuz idi, dediyi bu oldu:

--Gəl soyun...

Səhərə yaxın Paşa yıxılıb yatdı. Failənin isə yuxusu qaçmışdı. Səhər yengə-dərnə otağa girib nəsə dedi.

Sonra onlar getdilər. Paşa gəldi və dünənkindən daha fağır səslə ona dedi ki, soyunsun yatsın, onda işi olmayacaq. Failə isə fikirləşdi ki, kaş kişi olaydı. Paşa yekəpər idi, amma arvad kimi qorxaq. Arvadının başına çığıra bilməyən kişi ilə necə yaşayacaq o?

4.

Günlər belə keçdi. Paşa get-gedə lap fağırlaşdı, onunla danışmağı tərk etdi. Paşanın bir qoca anası vardı, qulaqları da kar idi. Failə həyət-bacaya çıxandan sonra göyəm kollarından budaqlar kəsib evə gətirir, öz yatağının yanına qoyurdu. O istəyirdi və gözləyirdi ki, Paşa onu döyüb atası kimi üstünə çıxacaq. Amma Paşa bir şey anlamır və deyəsən gəlindən qorxurdu.

Toydan üç il sonra Paşa bir gün qonşu malağan kəndinə traktor ustası olan Borisin yasına getdı. Oradan lül-atəş qayıtdı. Failə yatmışdı. Paşa öküz kimi onun üstünə düşüb onun ana-atasını söyməyə və əynindəki paltarları cırmağa başladı. Failə ağlayıb gözünün yaşını tökür , amma səsini də çıxarmırdı. Gəlin arıqlayıb yumağa dönmüşdü. Paşa pencəyini çıxarmadan paltarı cırılmış qızı üzü üstə yıxıb üstünə çökdü. Qızın içində bağırsaqları partlayırdı. Paşanın tövşüməsi zəifləyəndən sonra o, arxası üstə çöndü. Amma yuxulaya bilmədi. On dəqiqə keçməmiş Paça göt üstə oturub fikrə getdi və sonra yanında lüt üzanmış arvadına baxmadan soyunmağa başladı. Sonra Failəni arxası üstə çöndərmək istəyəndə qız müqavimət göstərdi və döşəyin yanındakı göyəm çubuğunu Paşaya verdi. Paşa çubuğu alıb arxası üstə uzanmış gəlini çubuqladı. Amma beş-altı zərbədən sonra qızın üstünə uzanıb ağlamağa başladı. Failənin yoğun bağırsağı ağrıyırdı.

Bir qədər sonra qız qasığında dəhşətli ağrı hiss etdi və çevrilib Paşanın altından çıxdı. Səhər döşək üzünün üstündə açıq qan ləkəsi gördü. O gün Paşa yenə fağır oldu və arvadı ilə danışanda səsi titrəməyə başladı. Göyəm çubuğu balaca pəncərənin qırağında idi, amma hər axşam Failə ona ümidlə baxsa da, Paşa gözünün ucu ilə belə çubuğa baxmır və ərlə arvad balaca otaqda yad adamlar kimi yatıb durur, gündüz isə çox mehriban olurdular. Amma axşamlar onların arasına divar çökürdü.

5.

İki il sonra Failənin anası öldü və o, atası evinə məclisə getdi. Qonaqlar dağılışandan sonra Paşa bir söz demədən çıxıb getdi. Failə atası ilə bir evdə qaldı. Qonşular çəkilib gedəndən sonra ata və qız evdə yatdılar. Failə təzəcə yuxulamışdı ki, atasının onu oyatmadan soyundurduğunu hiss etdi. Kişi yavaşdan hər gecə anasına dediyi söyüşləri təkrar edirdi və tələsmədən qızı soyundururdu. Failə atasını dayandırmaq lazım olduğunu bilirdi, amma gücü-iradəsi yox olmuşdu, heç nə danışmır və atasına heç bir müqavimət göstərmirdi. Atası onu soyundurandan sonra əlinin altına qoyduğu çubuğu götürüb qızı kürəkdən aşağı çubuqlamağa başladı. Sonra onun üstünə çıxıb ayaqlarını araladı, Failə içindəki ağrıdan inildəyib zingildəməyə başladı və öz səsində anasının neçə il çıxardığı ağrı və şəhvət qarışıq səsini hiss elədi. Atası yorulmaq bilmir və onun üstündən düşmürdü. Düşəndə qız huşunu itirmişdi.

Səhərə yaxın ayılanda atası evdə yox idi, stolun üstündə isə göy araq şüşəsi boş idi. Duza qoyulmuş istiot və halva nimçələri yanaşı idi. Failə özünə gələndə nə baş verdiyini anladı və atası ilə görüşmədən qonşu kəndə, ər evinə getmək qərarına gəldi. Amma həyətə çıxanda iri tut ağacından asılmış qaraltı gördü. Atası özünü gecə paltarında asmışdı.

Failə evə qayıdıb anasının yerində uzandı və qonşuların qara xəbəri gətirməsini gözlədi.

6.

Failə atasının evini satıb özünə təzə paltarlar aldı və bir gün əri ilə qonşu kəndə qohumunun toyuna getdı. Qayıdanda Paşa ayaq üstə güclə dururdu. Failə onu birtəhər piyada kəndə gətirdi. Evə saldı. Paşa birtəhər soyundu. O, təzədən, ömründə ikinci dəfə qəzəbli idi və Failənin paltarlarını cırıb onun üstünə çökdü. Failə bakirə qız kimi təzədən qasığında ağrı hiss etdi.

Amma səhəri gün Paşa yenə fağır oldu və arvadına yaxın düşmədi. Bir neçə həftə sonra Failənin ürəyi bulandı və qonşu arvadlara bu barədə deyəndə ona hamilə olduğunu dedilər.

O, gecələr yata bilmir və əri ilə yaxınlıq istəyirdi. Hamiləlikdən qabaq bu dərəcədə yırğa istəmirdi. Amma əri özünü elə aparırdı ki, guya onlar bacı-qardaşdı. Bir istirahət günü Paşanın uzaq əmioğlusu onlara gəlib qonaq oldu. Axşama yaxın o, Paşa ilə aldığı arağı içdi və çıxıb getdi. Qonaq gedəndən sonra Paşa beş aylıq hamilə arvadının üstünə çöküb onunla yırğa elədi. Failə anasının atası ilə gecələr çıxardığı səsləri çıxardı və bu səslər onu ağlasığmaz ehtirasa və cuşa gətirdi.

Sabahı axşam Paşa yenə əvvəlki fağır və arvadına yaxın gəlməyə qorxan adam oldu. İki gün sonra Failə evi yığışdıranda qonağın gətirdiyi araq şüşəsini gördü. Amma onu atmadı. Atasının evinin pulundan götürüb kənd mağazasına getdi və şüşəni göstərib araq aldı. Satıcı dedi:

– Paşa bunsuz çörək yemir?

– Başı batmış yemir, – dedi qadın.

Axşam Failə arağı ortaya qoyub yarım stəkan içdi, az qaldı qaytarsın. Qalanın isə Paşaya içirtdi. Paşa dəmlənib onun üstünə çökdü, səhərə qədər Failənin üstünə düşüb-çıxmaqdan yorulmadı.

7.

Failə axır ki, əriynən yırğa üçün üçün dərman tapmışdı. Amma səhərə qədər yırğadan sonra qadın gündüzlər əsəbi olur və ərindən zəhləsi gedirdi. Hər gün atası ilə anasının o biri otaqda zingilti dolu, şappıltı və zarıltı dolu ehtiraslı və şəhvətli səslərini eşidirdi. Paşa araqdan içib onunla sakitcə, nəvazişli öpüşlərlə əlaqədə olur və xoruldayıb yatırdı. Failə isə kürəyində çubuq zərbələrini ağrısını hiss edirdi, bu ağrıdan onda dözülməz şəhvət hissləri yaranırdı. Səhərəcən yata bilmirdi. Axır yorulub əldən düşürdü. Bu əzaba dözməyən Failə ərinə araq almağı tərgitdi. Paşa fağırlaşdı yenə.

8.

Failə araq almağı tərg eləməyinə peşman oldu. Amma təzədən buna getmədi. Qonşuların söz-söhbəti də qulağına dəyirdi. Lakin dərdi böyük idi. Gecələr yata bilmir, səhəri açıq gözlə açırdı. Bu, dünyanın böyük dərdi idi. O, yataqda qovrulur, paşa isə xoruldayırdı. Bir gecə Failəni cin tutdu: yun çubuğunu götürüb yatmış ərini çubuqladı. Paşa oyanıb coşdu, qalxıb çubuğu arvaddan aldı, onu o qədər çubuqladı ki, arvad bağırmaq yerinə gecə köynəyini soyunub yataqda üzü üstə uzandı. Deyəsən ağrı hiss eləmirdi. Bir neçə çubuqdan sonra Paşanı dəyişdilər: çubuğu atıb suyundu və arvadın üstünə çökdü. İçində yaranan şəhvətin hardan gəldiyinə özü də mat qaldı.

Bir necə həftədən sonra Paşa arvadı ölüncə çubuqlasa da, şəhvət gəlmədi. Bir neçə dəfə belə oldu. Bir səhər Failənın qasığından qan gəldi. Paşa qorxdu, qonşuları haya çağırınca arvad keçindi. Meyidi yuyan qonşu arvad sutökənə pıçıldadı: “Qaragün ikicannı imiş”

Arvadın üçündən sonra Paşa dağa keçi ovuna getdi. Qonşular onu çiyni tüfəngli görmüşdü. Ondan sora onu kənddə görən olmadı.

Çöl göyərçiləri onların komasını yuva elədilər.

XS
SM
MD
LG