Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:34

Malta müxalifəti Azərbaycanla “qeyri-şəffaf” əməkdaşlığı tənqid edir


Joseph Muscat
Joseph Muscat

Müxalif Millətçi Partiya ölkənin baş naziri Joseph Muscat-ın dörd ayda Azərbaycana ikinci dəfə səfər etməsinin səbəbini sorğu-suala çəkib.

Maltanın əsas müxalifət partiyası olan Millətçi Partiya (The Nationalist Party) ölkənin baş naziri Joseph Muscat-ın dörd ayda Azərbaycana ikinci dəfə səfər etməsinin səbəbini sorğu-suala çəkib.

Millətçi Partiya bildirib ki, ölkə, baş nazirin Azərbaycana səfəri barədə yenə də mətbuatdan xəbər tutub.

Partiya həmçinin bildirib ki, ona dəfələrlə bu barədə suallar verilməsinə baxmayaraq, Maltanın energetika naziriKonrad Mizzi Azərbaycana neçə dəfə səfər etdiyini açıqlamayıb.

SOCAR Maltanı ziyana salıb

Müxalifət xatırladıb ki, cənab Mizzi neft hecinqi (oil hedging) prosesinə müdaxilə edərək bu məqsədlə Azərbaycanın dövlət şirkəti SOCAR-ın seçilməsinə şərait yaradıb və bu, Maltanın bütövlükdə 14 milyon avronu itirməsi ilə nəticələnib. Bunun ucabatından hazırda avtomobil istifadəçiləri yanacaq üçün gözlənildiyindən çox pul ödəməyə məcbur olublar.

Millətçi Partiya baş naziri Azərbaycandakı “şəxsi maraqlarını” bəyan etməyə çağırıb.

Neft və ya yanacaq hecinqi şirkətləri bir qayda olaraq təlatümlü bazar şəraitində yanacağın sabit qiymətlə təchizatını təmin edir.

Maltada çıxan “The Sunday Times” qəzeti yazıb ki, Malta baş nazirinin Bakıya səfəri barədə xəbəri Azərbaycan mediasından öyrənib.

Bu xəbərlərə görə cənab Muscat aprelin 28-də Bakıda səfərdə olacaq və Nizami Gəncəvi BeynəlxalqMərkəzi tərəfindən təşkil edilən konfransda iştirak edəcək.

Cənab Muscat-ın Azərbaycana birinci səfəri ötən ilin dekabrında olub və o, prezident İlham Əliyevlə görüşüb.

Bu səfər zamanı iki ölkə arasında energetika sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

“Qeyri-şəffaf saziş”

Bu da xəbər verilir ki, Azərbaycanın SOCAR şirkəti Delimarada qazla işləyən elektrik stansiyasını tikən Electrogas konsorsiumuna daxildir. Mövcud razılaşmaya görə SOCAR bu stansiyanı qazla təchiz etməlidir.

Qəzet yazır ki, Maltanın Milli Audit İdarəsinin 2014-cü ildə neft hecinqi barədə məlumatına görə cənab Mizzi Enemaltaya neft hecinqinə dair SOCAR-la saziş imzalamaq göstərişi verib. Bu göstərişin əsasında Enemalta və SOCAR arasında 67 milyon avroluq hecinq sazişi imzalanıb. Bu sazişə görə bütün 2014-cü il ərzində Enemalta yanacağı məhz SOCAR-dan almalı idi.

Ölkənin baş auditoru bildirib ki, başqa hecinqlərdən fərqli olaraq Azərbaycan şirkəti ilə bağlanmış sazişə dair kifayət qədər sənəd təqdim edilməyib.

Cənab Mizzi SOCAR-ın namizədliyini şəxsən dəstəklədiyini etiraf etsə də, bunu sərfəli yanacaq qiymətləri üçün etdiyini bildirib.

Kissinger-lə çiyin-çiyinə

Maltanın İndependent.com.mt internet saytında dərc olunmuş məqalədə isə bildirilir ki, Azərbaycana səfərləri barədə müfəssəl məlumatlar verməməklə Joseph Muscat, hökumətin şəffaflığı prinsipini pozub.

Bundan əvvəl də Malta mətbuatında baş nazir Joseph Muscat-ın Azərbaycan şirkəti ilə sazişin lobbiçiliyini etmiş müşavirlərin adlarını açıqlamaq istəməməsi tənqid edilirdi.

Baş nazir bu işdə heç bir qanunsuzluğa yol verilmədiyini bildirsə də, lobbiçilərin adlarını inadla açıqlamaq istəmir.

Bu iddialara cavab olaraq Malta hökuməti bildirib ki, baş nazirin Azərbaycana səfər edəcəyi barədə məlumat artıq bir ay bundan əvvəl verilmişdi.

Hökumət bunu da bildirib ki, cənab Muscat Bolqarıstan və Makedoniya prezidentləri, habelə ABŞ-ın keçmiş dövlət katibi Henry Kissinger-lə bərabər Bakıda keçiriləcək konfransın çıxışçılarından biridir.

“Aldım neft, satdım neft” şirkəti

Bu da qeyd olunmalıdır ki, Maltada Azərbaycanla bağlı qalmaqallı məlumatlar artıq bir neçə aydır ki, dövr edir və zaman-zaman mətbuat səhifələrinə yol tapır.

Hələ mart ayının ortalarında “Malta Today” qəzetinin dərc etdiyi məqalə “Azərbaycan Maltanı vergi məqsədləri ilə seçib” adlanırdı.

Məqalədə deyilirdi ki, 2013-cü ildə “Socar Trading Holding Ltd (STHL) və onun filialları xam neftin satışından 38, 6 milyard dollar gəlir götürüblər, lakin bundan əvvəl SOCAR qrupuna daxil başqa şirkətlərdən 38, 5 milirad dollarlıq xam neft alınıb.

Qəzet yazır ki, əldə olunan gəlirdən maaşlar, inzibati və başqa xərclər çıxıldıqdan sonra xalis gəlir olaraq yalnız 29 milyon dollar qalıb.

Sərfəli vergi

Məqalənin müəllifi Matthew Vella yazır ki, SOCAR 2007-ci ildən Maltada fəaliyyət göstərir və bu şirkəti Maltaya cəlb edən ölkənin sərfəli vergi sistemidir.

Müəllif bildirir ki, SOCAR-ın Maltada qurduğu sxemlə STHL bu ölkənin 35 faizlik vergisinə məruz qalmayıb.

Məqalədə bildirilir ki, dövlət mülkiyyəti olmasına baxmayaraq, SOCAR-ın iki mühüm şəxsi marağı var.

“LUKoil şirkətindən Valery Goluvushkin və azərbaycanlı biznesmen Anar Əliyev (sonradan soyadını dəyişərək Əlizadə edib) Socar Trading SA şirkətinə şəriklik etməklə Maltadakı səhmdarlıq strukturunun yaradılmasında alət rolunu oynayıblar” – yazır qəzet.

Məqalədə deyilir ki, SOCAR 2012-ci ildə bütövlükdə SOCAR Trading SA-nın sahibliyini geri alıb və Əlizadə dünya boyunca SOCAR-ın 10-dək müştərək şirkətində nəzarət marağını saxlayıb.

XS
SM
MD
LG