Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:44

Siyasi məhbusların yeni siyahısı hazırlanıb - 80 nəfər


Foto illüstrasiya
Foto illüstrasiya

-

Mayın 8-də Siyasi Məhbusların Vahid Siyahısını hazırlayan İşçi Qrupu 80 nəfərdən ibarət yeni siyahı təqdim edib. Bundan öncə hazırda həbsdə olan hüquq müdafiəçiləri Leyla YunusRəsul Cəfərovun hazırladığı siyahıda 98 nəfərin adı var idi.

Qrupdan AzadlıqRadiosuna verilən məlumata görə, mart ayında verilən əfv fərmanı və cəza müddətini çəkib azadlığa çıxan məhbuslar olduğundan bu siyahıya yenidən baxılıb. Azadlığa buraxılan 26 nəfər siyahıdan çıxarılıb, 8 nəfər yeni həbs olunan isə ora əlavə olunub.

Siyahıya əlavə edilənlər şəxslər bunlardır:

1. Murad Ədilov - AXCP üzvü, bu partiyanın mətbuat xidmətinin rəhbəri, jurnalist Natiq Adilovun qardaşı.

2. Seymur Həzi – «Azadlıq» qəzetinin şərhçisi, «Azərbaycan saatı» proqramının aparıcısı, AXCP-nın Rəyasət Heyətinin üzvü.

3. Xədicə İsmayıl - Azadlıq Radiosunun Bakı bürosunun əməkdaşı, araşdırmaçı-jurnalist.

4. Elvin Abdullayev - AXCP üzvü.

5. Qadir Xudabaxşıyev – AXCP üzvü, II qrup Qarabağ müharibəsi əlili.

6. Asif Yusifov - AXCP sədrinin müşaviri, partiyanın Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili.

7. Taleh Xasməmmədov – hüquq müdafiəçisi.

8. Mübariz Abdullayev – Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qardaşı oğlu.

İşçi Qrupunun üzvü Oqtay Gülalıyev AzadlıqRadiosunun suallarını cavablandırırb. O bildirir ki, qrup hüquq müdafiəçiləri və ictimaiyyət nümayəndələri daxil olmaqla 30 nəfərdən ibarətdir:

- Bir neçə gündür bu siyahının üzərində işləyirdik. Müzakirələr apardıq, siyahını yenilədik. Qrupda ictimaiyyətdə tanınan, nüfuzu olan hüquq müdafiəçiləri, jurnalistlər də olmaqla 30 nəfər var. Siyahı bu gün açıqlanıb və onun 80 nəfərə endirilməsi müəyyən suallar yarada bilər. Ancaq, bu hələlik tam siyahı deyil.

Bəzi məhbusların bu siyahıya düşməsi ilə bağlı məsələlər araşdırılır. Yaxın vaxtlarda təqdim etdiyimiz siyahıya yenilərinin əlavə olunacağı gözlənir.

- Siyahıya əlavə olunacaq təxminən neçə nəfərlə bağlı müzakirə aparılır?

- Çox uzun müzakirələrdən sonra biz 8 nəfər üzərində dayandıq. Başqa şəxslər də var idi. Qrupda belə razılaşma var idi ki, burada müzakirə olunan məsələlər və mövqelər qapalı saxlansın. 8 nəfərdən əlavə bir neçə nəfər də var ki, müzakirə aparıb qərar qəbul edəcəyik. Biz bu şəxslərlə bağlı araşdırmalar apardıqdan sonra qərar verəcəyik.

- Bu siyahının bir nəticəsi olacaqmı?

- Birinci məqsədimiz bu cür insanları yerli və beynəlxalq ictimaiyyətə tanıtmaqdır. Biz bu insanların azadlığa çıxmasına töhfə vermək, yardım etmək istəyirik. Həm də onların tapdanmış hüquqlarını bərpa etməkdir məqsədimiz. Bizim bu istiqamətdə digər addımlarımız da atılacaq.

- İşçi qrupu siyahıda olan məhbuslara hansı şəkildə hüquq yardım göstərəcək?

- Qrupda olan üzvlərin xeyli hissəsi həmin şəxslərin vəkilləridir. Siyahını hazırlayanda həmin vəkillərin rəylərindən istifadə etmişik. Eyni zamanda qrupda hüquq müdafiəçiləri var ki, onlar da siyasi məhbusların hüquqlarının qorunmasında rol oynayırlar. Qrupdakı şəxslər bu işin içindədirlər və indiyə kimi bu istiqamətdə töhfələri olub. Hesab edirəm ki, bundan sonra da olacaq.

- Beynəlxalq təşkilatlarla əlaqə imkanlarınız nə səviyyədədir?

- Hal-hazırda yenilənmiş siyahı ingilis dilinə tərcümə olunr. Yaxın günlərdə beynəlxalq təşkilatlara təqdim edəcəyik. Onlarla bizim əməkdaşlığımız var və bizdən bu siyahını gözləyirlər. Yaxın vaxtlarda bu siyahını maraqlı olan beynəlxalq təşkilatlara təqdim edəcəyik.

- Sizcə, bu siyahıda olanların hamısı tanınacaqmı təşkilatlar tərəfindən?

- Bizim elə bir narahatçılığımız yoxdur. Ona görə ki, bu siyahı əvvəlkinin davamıdır. Bundan öncəki siyahı həm beynəlxalq , həm də yerli istimaiyyət tərəfindən qəbul olundu.

Yeni əlavə olanların siyasi məhbus hesab olunması ilə bağlı hər hansı bir problem görmürük. Çünki, həmin şəxslərin əksəriyyəti nəinki siyasi, hətta vicdan məhbusu kimi qəbul olunublar.

Azərbaycana beynəlxalq diqqət artıb, insan haqları və azadlıqları ilə bağlı hökumətə təzyiqlər artıb. Hesab edirəm ki, ölkə daxilində də siyasi məhbuslarla bağlı aparılan işlər də onların azadlığa çıxmasına yardımçı olacaq.

XS
SM
MD
LG