Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:33

Çeçen Məşədi İbad


Luise Goilabieva ilə Nazhud Guchigov-un toyu - 16 may 2015
Luise Goilabieva ilə Nazhud Guchigov-un toyu - 16 may 2015

-

Mayın 16-da Çeçenistanda 17 yaşlı Kheda (Louisa) Goilabiyeva özündən, az qala, üç dəfə böyük kişiylə - polis rəisi Nazhud Guchigov-la rəsmi nikaha girib. Bu nikah kəskin tənqidlə qarşılanıb.

Bu haqda ilk dəfə Rusiyada «Novaya qazeta» yazıb, qızın zorla ərə verildiyi, polis rəisinin arvadı olduğu bildirilib. Bundan sonra Guchigov deyib ki, evlidir və ikinci arvad ona lazım deyil. Ancaq az sonra bütün etirazlara baxmayaraq, o, gənc qızla nikaha girib.

Rusiyada uşaq hüquqları üzrə müvəkkil Pavel Astakhov deyib ki, Çeçenistanda erkən nikahlar Rusiyanın ailə kodeksinə zidd deyil. Onun nəzərincə, Qafqazda qızlarda cinsi yetişkənlik tez baş verir: «Orda elə yer var 27 yaşlı qadının üzü qırışıb, bizim ölçülərlə ona 50 yaş vermək olar».

Astakhov-un son fikri çeçen qadınlar arasında narazılıq yaratdığından o, sonradan üzr istəməli olub.

Çeçenistan rəsmilərisə Goilabiyeva-nın taleyinə ictimai diqqəti şəxsi həyata müdaxilə adlandırıblar, Guchigov-un pasportunda evli olması haqda möhür olmadığını, qızın könüllü şəkildə ərə getdiyini deyiblər. Toyda Çeçenistanın başçısı Ramzan Kadyrov şəxsən iştirak edib. «Lifenews» telekanalı «Əsrin toyu» adıyla nikah mərasimindən reportaj verib.

JURNALİSTİN KƏSDİYİ NİKAH QANUNİ SAYILA BİLƏRMİ?

Toy yeni şübhələrə yol açıb. Əvvəla gəlini mərasimdə qohumlarının əvəzinə Kadyrov-un yaxın adamı müşayiət edib. Bundan başqa, gəlinin toy günündə xoşbəxt görünmədiyi deyilir. Ancaq o da var ki, çeçen adətlərinə görə, gəlin sevincini açıq nümayiş etdirmir.

Elena Masyuk
Elena Masyuk

Rusiya prezidenti yanında İnsan Haqları Şurasının üzvü, Çeçenistanda işləmiş jurnalist Elena Masyuk mərasimdəki qəribəliyə diqqət çəkib: «Məlum olub ki, nikahı Qroznı VVAQ-nın əməkdaşı yox, radiojurnalist Asya Belova qeydə alıb. Mən də baxıram ki, gözəl, qamətli qadın rusca yaxşı danışır, kameralar qarşısında səliqəli davranır. Öz-özümə düşünürəm ki, bunlarda nə əcəb VVAQ-ın belə əməkdaşları var. Mənim ağlıma da gəlməzdi ki, bu, quramadır. Jurnalistin kəsdiyi nikahın nə qədər qanuni olub-olmamasını indi hüquq-mühafizə orqanları araşdırmalıdırlar».

«BU ÇOXARVADLILIQ DEYİLMİ?»

Elena Masyuk radionun rus xidmətinə müsahibəsində deyib ki, bu toy Ramzan Kadyrov-un iradəsi ilə baş tutub, o, ictimai qınaqlara cavab olaraq istədiyini gerçəkləşdirməyə qadir olduğunu bir daha sübut etdi. Onun qənaətincə, bu toydan çox şou idi:

«Yeni evlənənlər VVAQ-a getdilər, şou yaratdılar, nikahın kəsilməsini yamsıladılar. İndi sual belə qoyulur: bu nikah nə qədər qanunidir? Guchigov-un evli olub-olmamasına qalanda, KİV bununla bağlı sorğu göndərsə, rədd cavabı verə bilərlər, bu, fərdi məlumatlardır çünki. Amma bu adam aprelin 30-da deyib ki, arvadı var, onu sevir, uzun illərdir onunla yaşayır, ayrılmaq fikri də yoxdur. İndi isə deyir ki, onunla rəsmi nikaha girməyib. Deyək ki, o, arvadıyla müsəlman qaydaları ilə evlənib. Bəs indi onunla ayrılıb, ya yox? Yoxsa o, evə qanuni, bəlkə də qanuni olmayan ikinci arvadını – Kheda-nı gətirir? Bu, çoxarvadlılıq deyilmi?».

Foto illüstrasiya. Çeçen toyu.
Foto illüstrasiya. Çeçen toyu.

«GƏLİNƏ ADAMIN YAZIĞI GƏLİR»

Elena Masyuk gəlinin kədərli görünməsinə də toxunub: «Mən Çeçenistanda çox toylarda olmuşam, xoşbəxt gəlinlər də görmüşəm. Gəlin gözlərini yerə dikə bilər, ancaq bu o demək deyil ki, Kheda kimi haqqında ölüm hökmü çıxarılmış kimi görünsün. Ona adamın yazığı gəlir, üzünə baxmaq da olmurdu... Pasportu alanda, az qala, gül dəstəsi, sənəd əlindən düşəcəkdi... Hər şey fotodan aydın görünür, qıza zorakılıq var, bu toy da, bəy də onun ürəyincə deyil. Hamısı görünür, aydınlaşdırmaq da lazım deyil. Bir də qızın atası, babası hanı? Niyə gəlinin əlindən onlar yox, Kadyrov-un «sağ əli» olan, «Lord» kimi tanınan Magomed Daudov tutmuşdu. Bu toy Kadyrov-a lazım idi və onu təşkil etdi. O bir daha sübut etdi, göstərdi ki, Çeçenistanın sahibidir. Ancaq o, bunu bir qızın taleyini məhv edərək göstərdi».

Şura üzvü deyir ki, bu nikah mətbuata çıxdı, müzakirə edildi, ancaq bu, Çeçenistanda yeganə hal deyil, burda belə hallar lap çoxdur. İmkanlı, vəzifədə olan çeçenlər cavan qızları cariyə kimi alırlar. Elena Masyuk bildirir ki, bu işlə prokurorluq və uşaq hüquqları üzrə müvəkkil məşğul olmalıdır. Ancaq onlar da buna önəm vermirlər.

XS
SM
MD
LG