Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:50

Titrək dodaqlarda əsmər bir kədər


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin şeir 20-liyindən

Şəhriyar İbrahimov


Titrək dodaqlarda əsmər bir kədər


Yanlış həyatlara apardı qatarlar.
Yanlış limanlara yan aldı gəmilərimiz.
Kövrək baxışlar artırdı darıxmaqları.
Yollar ayaqlarda, gülüşlər dodaqlarda köhnəldi.
Titrək dodaqlarda əsmər bir kədər dolandı.
Təkliyimiz dağıldı bütün şəhərə.
Və sən getdin. Yarısı yeyilmiş alma kimi çürüməyə başladım.
Çatladı dodaqlarım baharın ortasında..
Daha sənsizliklə zaman keçmir. Ah o saatın əqrəbləri indi necə də təlaşsızdır..
Göyqurşağını itirmiş səmayam, küləyini itirmiş hava, nə zaman uğuldayacaqsan kim bilir.
Nə zaman cücərəcək göz yaşımla suvardığım ümid toxumları...
Və bütün ömrüm yolunu gözlədiyim zamanlarla doludur indi...
Alsalar, meşədə yağmurdan sonra islanan yarpaq ətirli saçlarının qoxusunu burnumdan, bəlkə unudaram səni...
Yaş damlaları, dara çəkilən məhkum tək asılır kipriklərimdən..
Baxışlarım indi qürub günəşini xatırladır daha çox..
Ayaq izlərinin asfalt küçəmizdəki dəfn oluşunu seyr edirəm durmadan...
Gəlsən, evdəki bütün dağınıqlıq pozulardi halbuki..
Bilirsənmi, hələ də ən müqəddəs yerindən, ən itaətsiz yerinə qədər sevirəm..
Təbəssüm əleyhdarı xatirələrləyəm indi..
Və indi daha çox ehtiyacı var, barmaqlarımın toxunulmağa, saçlarımın tumarlanmağa...
Bir də darıxmaqdan çox darıxılmaqçun darıxıram....

XS
SM
MD
LG