Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:30

Adəmin yuxusu


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin şeir 20-liyindən

Malik Məmmədov

ADƏMİN YUXUSU

Qapının astanasında ayağının tozunu çırpıb

son dəfə qulaq as, quzum.

Zamandan möhlət almış çox əski bir əhvalat danışacam sənə..

O vaxtdan danışacam ki, onda

sıfırdan hələ təzə uzaqlaşmışdı rəqəmlər

və yer üzündə doğulmamışdı heç bir həsrət,

leysan yağışları hər gün eyni sevinclə yuyurdu torpağın qəhərini

və onda hələ Tanrınınki idi ən uca sənət

və yalnız

Mirseyid peyzajlarından borc aldığı rənglərlə bəzənirdi cənnət,

insanla qonşu idi mələklər.

Amma çox keçmir ki böyük sirr dağılır

və hər daş, hər ağac, hər canlı,

kişi ilə bərabər bütün cənnət anlayır ki darıxır.

Bütün cənnətlərin lənəti darıxmaq..

Başından iraq, nəhayət ki Adəmin də başına gəlir.

Darıxmağın əzabını yaxşı bilən,

öhdəsindən özü belə çətin gələn ahıl Tanrı,

bu minvalla

qərib bir cənnət günü,

axşamüstü şər ələmə qarışarkən

kişini yatırdıb qabırğasından qadın yaratdı..

Deyilənə görə bütün iş-gücünü atıb baş qoşduğu

həmin mübhəm yaradıcılıq işində

əslində,

Tanrı Adəmi o məqsədlə yatırır ki, ağrımasın.

Və beləliklə ilahi xeyir-dua ilə kişi ilk ağrısını duyumsamadı.

Çox qərib, vallah..

Bəlkə də səninçün inanmaq çətindir,

amma həmin gün behiştdən əsən küləyə qarışıb

günü bu gün də yer üzünü dolaşan yiyəsiz bir pıçıltıya görə,

elə ta o gündən bu vaxtadək dünyadakı hər qadın

bir kişinin yuxudakı nakam qabırğa ağrısıdır.

"Bax, bu dünyada nə qədər ağrı var,

hamısının tərkibi kişi qabırğası, bir də tanrı yuxusudur."

Mən də qulaq müsafiriyəm, vallah.

Əhvalatda

Tanrı qadının əli ilə yediyi meyvəyə görə Adəmi cənnətindən qovur.

Bir gümana görə, qovur ki, xeyirlə şər yaransın.

Qabilin nəslindən gələn digər bir müdrikə görə isə,

qovmağına səbəb o olur ki,

bilik ağacının meyvəsindən dadan

və bununla da çevrilib onun özünə belə rəqib olan

Adəmin tanrı olmaq istəyinin qarşısı alınsın.

Bəlkə də belədir, bəlkə də yox..

Ancaq bu dəfə qələm dəqiq şahidlik edər ki,

orda hər nə olubsa olsun,

bax ta o gündən bu vaxtadək bu dünyadan keçən hər qadın

bir adəmin tanrı olmaq fürsətinin yasıdır.

Kişilər bu yası alıb saxlayır,

adını da arvad qoyurlar heç nə olmamış kimi.

Bilmək istəyirsənsə,

əgər mənə seçim imkanı verilsəydi yatmazdım.

İlk ağrımı özüm çəkib doğularkən anamı ağrımağa qoymazdım.

Lap elə qovulacağımı bilsəm də

hakimi olmadığım cənnətdə qalmaz,

Həvvanın əlindən meyvəni yeyib,

yəqin ki yenə də yerə gəlib,

gələr bu dünyanın bir küncündə səni tapardım.

Torpaq becərib, cüt sürərdik,

Tammuzdan yağış dilənib, keçi südü içib sevişərdik.

Habili sən doğardın ki, Qabilin atası mən olum.

İlk qanı da biz tökərdik torpaq üstə..

İndi 2014-cü ildir..

Dünyanın altıncı günündən bu yana,

bu qədim əhvalatdan da üzü o yana

Həvva Adəmi milyard kərə aldadıb..

Və yəqin ki, elə bir o qədər də qovulublar cənnətdən.

Sənsə,

bu ilahi komediyanın ortasında,

təkrarçılığın çəkilməz iztirabında

tərk edib gedirsən məni kimsəsizliyimə.

Zamanın sərhədləri də, xatirələr də yaddaşımdan yavaş-yavaş silinir.

Elə bil dünya da

dərin sular üstündə qaranlıqlar olan birinci gününə geri dönür.

Deyirəm bəlkə elə bunların hamısı böyük bir yalandır?

Tanrı Həvvanı təzəcə yaratmağa başlayıb,

Adəm də hələ heç yuxudan ayılmayıb?

Həə, yuxu..

Eşidirsənmi, ağrım mənim?

XS
SM
MD
LG