Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:40

Rəşad Babalı. Yollarda qalan azərbaycanlılar


Rəşad Babalı
Rəşad Babalı

-

Səhərdən axşama tibb mərkəzlərinin reklamı getsə də, baha və keyfiyyətsiz xidmət insanları daha ucuz və daha keyfiyyətli səhiyyə xidməti verən alternativ variantlara yönəltdi...

Rəşad Babalı

CÜMHURİYYƏTİN 97-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ

Bir ölkənin suverenliyi qonşu ölkələrdən asılılığının az olmasıyla birbaşa bağlıdır.

Çünki fors major anlarında ən qardaş ölkənin belə düşmən olma ehtimalı var. Gərək ehtiyatı bəri başdan görəsən.

Asılılıq obyektiv və subyektivdir. Məsələn, ölkə təbii sərvətlərdən kasad ola bilər. Torpağı da əkinə yararlı olmaya bilər.

Maksimum faydalılıq əmsalını yüksək tutmalısan hər bir işdə. İnsan resurslarından tutmuş xammala qədər qənaət və effektivlik əsas deviz olmalıdır.

Ola bilsin dövlətin təbii ehtiyatları var, ancaq sənayesi yoxdu, əcnəbilərin nəzarəti altındadı, mütəxəssisləri çatışmır, infrastruktur zəifdi, qonşulara ehtiyacı var və s.

Biri də var subyektiv asılılıq. Yəni ölkəni idarə edənlərin səriştəsizliyindən qaynaqlanan.

Hakimiyyət maraqlarına görə ölkə xoş münasibəti olmayan qonşularından asılı duruma düşür. AzTV demiş çox uzağa getmirəm, götürürəm öz ölkəmi.

Rusiyapərəstlərlə iranpərəstlərin, öz mövqelərinə bəraət qazandırmaq üçün istifadə etdikləri iki arqument var.

Biri 3 milyon azərbaycanlının Rusiyada işləməsi (el diliylə desək çörək qazanması), digəri də on minlərlə xəstəmizin İranda müayinə və müalicəyə getməsi.

Onların fikrincə, biz gecə-gündüz bu iki ölkəyə minnətdar olmalıyıq. Rusiya olmasaydı, işsizlik problemi faciəvi həddə çatacaqdı, İran da olmasaydı xəstələrimiz xəstə səhiyyə sisteminin əlində ancaq ucuz ölüm qazanacaqdılar.

Özlüklərində haqlıdırlar. Həqiqətən də SSRİ-nin süqutundan sonra bir-birinə bağlı olan ittifaq ölkələrinin iqtisadiyyatı da çökdü.

Hər şeyi dövlətin edəcəyinə arxayın olan sovetasapienslər kapitalist sistemə keçidə hazır deyildilər və bu da özünün fəsadlarını tez bir zamanda göstərdi. Adını bazar iqtisadiyyatı qoyduqlarından ancaq alverçilik geniş vüsət aldı.

İstehsalat arxa planda qaldı. Buna yerli hökumətlər də mane oldu. Harınlamış sovet bürokratiyasının töküntüləri ancaq satmağı bilirdilər.

Qarabağ savaşı və iqtisadi durğunluq xeyli həmvətənimizi ölkədən didərgin saldı. Onsuz da Rusiya çöllərinə azərbaycanlıların axını hələ sovet illərindən başlanmışdı.

Ali məktəblərə və işə qəbuldakı rüşvət, süründürməçilik bir çox gənci xoşbəxtliklərini yad məmləkətlərdə axtarmağa vadar etdi. 90-ların əvvəllərində bu axın sürətləndi və genişləndi.

Üstəlik də ölkə hakimiyyətinin olan-qalan iqtisadi obyektləri dağıtması, orta və kiçik sahibkarlığa imkan verməməsi korrupsiyanın "çiçəklənməsi" prosesini xeyli sürətləndirdi.

Rusiya ittifaq ölkələrindən gələn əmək miqrantlarına qucaq açdı. Həm ehtiyacı vardı, həm də ölkədə xaos hökm sürürdü.

Ruslar gəlmələr kimi işləmək istəmirdilər: Şənbə-bazar mütləq evdə olmalı, axşam 6-da işdən çıxmalı, ildə bir ay istirahət, səhər də 8-dən tez işə gəlməməli.

Ancaq əmək miqrantları şənbə-bazar da işləməli, səhər 6-da işə başlayıb axşam 10-da dükanı bağlamalı, ildə bir dəfə isə istirahətə yox, ölkəsində qoyub gəldiyi ailəsinin yanına getməliydi. O da hər il mümkün olmurdu.

Belə qastarbayterlər Rusiyaya sərf edirdi. Etməsəydi və təhlükə görsəydi çoxdan başdan etmişdi.

Miqrantların əmək bazarını daraltdığını hiss etdikcə də qaydaları sərtləşdirir. Ancaq sona qədər vintləri burmur. Başa düşür ki, ucuz və geniş haqq istəməyən işçi qüvvəsinə daim ehtiyacı var.

3 milyon azərbaycanlı Rusiyada işləyib pul qazanır - arqumentindən istifadə edən həmişə Rusiya olub.

Rəsmi Moskva Azərbaycan hakimiyyətinə təsir etmək istədikdə bu amildən şantaj vasitəsi kimi istifadə edib. Bundan sonra da edəcəyi dəqiqdir. Kim belə imkanı əldən verər.

“3 milyon” şantaj-arqumentini aradan qaldırmaq, ən pis halda isə yumşaltmaq üçün atılacaq addımlar isə sadədir.

Oradakı iş adamlarının öz ölkəsinə - Azərbaycana sərmayə qoyub işləməsinə icazə vermək.

İran arqumenti də elə bu qəbildəndi. Ölkədə sistemin bərbad günə qoyduğu səhiyyə sistemi metastaz verib.

Səhərdən axşama tibb mərkəzlərinin reklamı getsə də, baha və keyfiyyətsiz xidmət insanları daha ucuz və daha keyfiyyətli səhiyyə xidməti verən alternativ variantlara yönəltdi.

İmkanlılar Avropa və Türkiyənin yolunu tutsalar da, imkansızlar İrana pənah apardılar. İran həkimləri dəfələrlə Azərbaycan həkimlərinin qoyduqları diaqnozları “neprav” çıxardıb insanları xilas ediblər.

Uzun dərman reseptləri İranda xeyli qısalıb. İran sayəsində azərbaycanlılar ölkələrindəki səhiyyə sisteminin əzrayıl xislətli olduğunu anlayıb. Başa düşüb ki, bəzi ağ xalatlı cəlladlar maaş azdı deyərək onların həyatlarını pula çeviriblər.

Hippokrata andlarını elə ilk təcrübələrindəcə unudan həkimlərin bol olduğu Azərbaycan İranın tibb turizmini inkişaf etdirdi.

Yəni biz xəstələndik, onlar qazandı. İran xəstəxanaları və həkimləri bizim xəstələrə ucuz qiymətə müayinə və müalicəni din, məzhəb qardaşlığına görə etmirdilər. Birincisi, özlərində ucuzdur. İkincisi də bahalaşdırsalar bu dəfə xəstələr üz tutacaqlar digər qonşu ölkələrə.

Bəzi məlumatlara görə, Azərbaycandan İran xəstəxanalarına üz tutanların sayı milyondan artıqdır.

9 milyonluq əhalinin (onun da azı 2 milyonunun ölkədə olmadığını nəzərə alsaq) bir milyonunun ancaq bir ölkəyə müalicəyə getməsi ciddi məsələdir.

Bu rəsmən bir ölkədən asılı vəziyyətə düşməkdir. Əgər İran viza rejimini çətinləşdirsə və məhdudiyyətləri artırsa imkansız xəstələrin ayaqlarını uzadıb ölməkdən başqa çarələri qalmayacaq. Hələ mən İranın bundan başqa vasitələrlə istifadə etmək ehtimalını demirəm.

Çarəsi sadə, amma çətindi. Bunun üçün səhiyyə sistemində ciddi islahatlar aparmaq üçün siyasi iradə lazımdı.

Səhiyyə ayrıca götürülmüş sahə olmadığından və digər sahələrlə bağlı olduğundan ölkənin, içində olduğu sistem dəyişməlidir.

Dəyişməsə daha ciddi fəsadlarının olması qaçılmazdır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG