Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:49

Yaşar Bünyad. Sükutun rahatlığı


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin hekayə 20-liyindən

Yaşar Bünyad

SÜKUTUN RAHATLIĞI

(hekayə)

...Üstündəki qan qurumuşdu.

Dayandı. Son dəfə gücünü toplayıb ufuldaya-ufuldaya, daş-kəsək parçalamış ayağının altına sığal çəkdi, getdikcə murdarlaşan dünyanı, onu bu hala gətirən insanları lənətlədi...

Hələ o gün bu sıx meşədən keçərkən gözündən yayınmayan, indi son sığınacaq sandığı zirzəmiyə bənzər sahibsiz daxmaya girən kimi qapını arxasınca bağladı.

Bu, təkcə çoxdan ayaq basılmayan, dirəkləri çürüyüb çökmüş damın altında vəhşi göyərçinlərin asudə-arxayın, illərlə harınlayaraq çoxalıb tor quran hörümçəklərin daimi yaşayış məskəninə çevrilmiş uçuq tikilinin indicə qapadığı qapısının o üzündəki dünyanın ağrı-acısına, qismətinə düşən həyatın üzüdönüklüyünə, özünə doğma saydığı insanların mərhəmətsizliyinə yox, həm də Tanrısına qarşı üsyanı idi.

Qorxurdu, əlbəttə qorxurdu.

“Həə, burada məni heç kəs tapmaz. Tapa bilməz...”

Açılıb örtülərkən qapınin ət ürpədən cırıltısı səssiz-küysüz ətrafına bir anlıq həyəcan və qorxu yaydı, əvvəlcə qulaqlarında, sonra da bütün vücudunda soyuq gizilti hiss etdi, amma düşünüb-daşınaraq fikrindən dönməyəcəyinə qəti qərar verdiyindən, gəlişinin məqsədini son dəfə götür-qoy etdikdən sonra məhz , xarabaya qalmış bu zirzəmini seçdiyinə görə toxdadı, buranın kifli, rütubətli havasını ciyərinə çəkdi.

Zülmətin qatılığında ilk addımını atmışdı ki, sifətinə, yalın qollarına vicvicə düşdü ; hansı istiqamətdən üstünə hücum olacağını dərk etməyən kor kimi dörd bir yana əl-qol ataraq keyləşmiş bədəninə sarmaşıq kimi sarılan hörümçək torundan qurtulmaq istədi.

Xeyli əlləşdi, dodaqaltı deyindi, deyindi... Nəhayət toxdadı. “Tapsalar, o idbarların əlindən qurtulmağın yolunu bilirəm.

Bilirəm... Tanrı məni qınamaz... Daha haqqı yoxdu!..”

Köhnə məzarlıq kimi unudulmuş uçuq daxmanın xoşbəxt sakinləri yadırğadıqları insan nəfəsini duyar-duymaz diksindilər; sanki çoxdan tərk edilmiş yararsız tikilini qəfil yad etmiş insanın gəlişində məqsədin əlbət ki, heç də xoş bir niyyət olmadığını hiss etdilər.

Vəhşi göyərçinlər əvvəlcə sinələrini şişirdərək bir-birinə baxıb əcaib səslə quruldadılar. Quşların xoru bir neçə dəqiqə davam etdi.

Çağrılmamış qonağın getmək istəmədiyini duyduqdan sonra da çaş-baş qaldıqlarından qanad çalaraq çırpındılar.

Yarıqaranlıq tavanın altında təhlükədən yayınmaq üçün o yan-bu yana uçuşaraq , bayaqdan künc-bucaqda bir-birinə qısılıb mürgü vurmaqdan vaz keçib , qəfildən, damın sınıq dəliyinə sarı uçuşdular.

Sonsuz səmaya açılan dəlik o qədər balaca, göyərçinlər o qədər çox idilər ki, sınıq-salxaq damın altında giriftar oldular; basabas düşsə də hamısı birdən azadlığa can atırdı.

“Ssss... Sakit... Sakit olun, yalvarıram... ssss...”

Bir neçə dəqiqə keçmişdi ki, zirzəminin tavanından aşağıya sarı-qara, ağ-boz lələklər uçmağa başladı,sanki bir neçə yastığı eyni vaxtda yırtıb havaya vıyıldatmışdılar.

Lakin bu lələk yağışı onun üstünə səpələnmədi, uçuq tavanın taxta tirlərini bir-birinə toxumuş hörümçək torundaca ilişib qaldı - lələkdən toxunan pərdə kirəmit damı , o kiçicik dəlikdən görünən, tək-tük sayrışan ulduzları da ağuşuna aldı .

Bu, şaşqın , həm də incik göyərçinlərin qəfildən sakitliyi pozan insana qarşı etirazımı idi?

“Necə də quş olmaq istərdim... Nə bəxtəvərsiz! Dünyadan xəbəriniz yox. Çox iyrəncdi bu dünya, çox... Uffff...”

Bir az da irəlilədi. Zirzəmi soyuq və qaranlıqdı. Onu vahimə basdı. Bu bir anlıq oldu, tez də ötüb keçdi, çünki qorxu, dəhşət arxada qalmışdı, arxada...

Zülməti gözləriylə dəlib deşmək, lap küncə addımlamaq, daha sakit, daha arxayın yerdə qərar tutmaq istədi. Rahatlıq hissi duymasa da, buranın etibarlı yer olduğunu fikirləşib bir balaca sakitləşdi.

“Görəsən öldü?.. Gərək ...canı çıxanacan gözləyəydim... Hə, gərək gözləyəydim... Axmağam mən, ax... Uffffff...”

Nəhayət ki, dayandı. Qan donduran nimdaş divarın düz küncünə söykənib çombələndə üç gün əvvəl ona təcavüz etmiş iyrənc saqqallının zorba qolları arasında sıxılıb əzilmiş kürəyinin, kobud əsgər çəkməsiylə təpiklənmiş yumşaq ətinin ağrısını duydu.( Qaçarkən bu ağrıları hiss edirdisə də qurtulmaq, ordan uzaqlara, lap uzaqlara getmək, ölsə də, onların yanında ölməmək barədə düşünürdü).

Onun fəryadına, iniltisinə baxmadan sərxoş dostlarının gözü qabağında, cüyür ovlamış bəbir kimi taxta döşəmədə altına salıb “kişiliyini” sübut edəndə məmnunluqdan bağırarkən bərəlib həlqəsindən çıxan qırmızı gözlərini xatırladıqca, burdaymış kimi diksinib bir az da divara qısıldı.

Bütün əndamına hopmuş iyrənc tər qoxusu ödünü qarışdırdı.

Baldırından süzülüb axan isti maye də artıq soyumuşdu, buza dönmüşdü.

Dərə boyu qaçarkən kol-kosa ilişib cırılmış güllü donunun ətəyini əlləriylə qatlayıb qıçının arasında bükdü. Üşüdürdü...

“Əclaf!.. Dalımca düşməsə, tapa bilməz. Nahaq, nahaq gözləmədim...”

Göyərçinlər uçub getmiş, ya da bu uçuq daxmanın yaxınlığında sakitcə toparlaşıb onları yuvasından didərgin salan çağrılmamlş qonağın nə vaxt gedəcəyini səbrlə gözləyirdilər.

Hörümçəklər də ağ, boz lələklərin altında büzüşüb qalmışdılar. Hardasa, uzaqlarda eşidilən cırcıramaların cırıltısını saymasaq, demək olar ki, ətraf sükuta bürünmüşdü.

Sükut... Xatırladı ki, indi onu ovunduran bu sükut bir vaxtlar qan donduran sükuta bənzəmirdi, heç bənzəmirdi.

Qəfil gülləbarandan səksəkəylə oyanardı, nənəsinin qoynuna atılaraq onu bərk-bərk qucardı. Nənəsinə qoşulub için-için ağlayardı, ta evin yeganə kişisi- babası ov tüfəngini divardan asana qədər.

Bax, onda başlardı ölü sükut... Yenə də bütün gecəni gözlərini qırpmadan nə vaxtacan susacağı bilinməyən pulemyotların yenidən atəş açacağını gözləyərdi .

Sükut pozulanacan gözləyərdi. Anbaan, günbəgün təkrarlanan bu vahiməni yaşamaq, əlin çatmayan, hansı məqamda səni qucacaq məchul ölüm barədə düşünmək dəhşətdi, dəhşət!

Özü də, heç qırışığı açılmayan hisli sifətini, ovulmuş gözlərini üstünə bərəldən gecənin iyrənc sükutundan sonra...

“Belə yaxşıdı. Sakitlikdi ... Dostları qayıdanda ölüsünü tapsalar, nə olacaq?Bəs ölməyibsə?... Aaayy... Uuuuff...”

Əlini ağrıyan yerə qoydu; qaraqançıl olmuş baldırına vurulmuş təpiklərin izini görməsə də, sızıltısı ona əzab verirdi .

“Amma yaman vurdum haa!.. Öz bıçağıyla özünü... Yaxşı oldu!.. Ölübsə... Tut arağını içib kişiləşən köpəyoğlu!.. ”

Ölüm kabusunun dolandığı bu məmləkətdə ömrünün onaltıncı baharını yaşayan, qana, zülmə nifrət edən, hətta, Qurban bayramında , ilboyu pəhəpəhlə qulluq edib kökəltdikləri toğlunu kəsən atasından küsüb , ” yazıq heyvana niyə əzab verdin ?” deyə günlərlə danışdırmayan qızcığaz indi, bir insan öldürdüyünə (əgər ölübsə) nə qədər sevinirdi.

Bir yandan da şübhədən yaranan təlaş, həyəcan, onu tərk etməyən tapılmaq, ora qaytarılmaq qorxusu məyus edirdi. “Burda ölüb qalmağım yaxşıdı!”

Soyuq iliyinə işləyirdi. Qollarını sinəsində çarpazlayıb büzüşürdü ki, başqa ağrı hiss etdi: yonulmamış odun kimi kobud kişi ovcunda əllənməkdən keyləşmiş döşlərinin giləsinə sanki qaynar su tökdülər.

” Aaaaay... ufffffff... aaa...” Ağrıdan qovrula-qovrula , barmaqlarının ucuyla sinəsinə toxunduqca ufultu daha da şiddətləndi, amma kimsə eşidər deyə, səsini içində boğdu.

“Oğraşın dediyinə bir bax: - Sənin görəcəyin birinci kişi mən olacam, mən!.. Lənətə gələsən!.. Lənətə gələsən!... Babamın çörəyini yeyib ... adam olan alçaq!.. Nə yaxşı ki, babamı... babamı öldürmüşdülər. Nə yaxşı ki!.. Uuuuu...”

Daxmada kabus dolanırdı.

Özündən ixtiyarsız zəifləmiş bədəninə üşütmə salan, fikirlərinin nizamını pozan vahimə onu qoynuna almağa cəhd göstərdikcə dişləri bir-birinə dəyib taqqıldayır, sifətinin əzələləri gərilib qabarırdı.

Getdikcə sözünə baxmadan şaqqıldayan çənəsini taqətdən düşmüş əlləriylə sıxıb saxladı, ovcunun içiylə ovuşdurdu, dərisi isinən kimi olduqdan sonra gərilmiş əzələlər yumşalıb boşaldısa da, vahimə - içinin dərinliyinə yer elədiyindən hələ də ram olmaq istəmirdi...

...Qulağını nəm divara soykəyib ətrafı dinləməyə başladı ; nə bir güllə səsi eşidilir, nə də mərmilər partlayır , ara-sıra vəhşı göyərçinlər, bəxtəvər cırcıramalar sükutu pozurdu .

Özü güclə eşidəcəyi pıçıltıyla: “Axı niyə biz?...” - dedi. Bəlkə də heç nə demədi? Bu, heç pıçıltıya da bənzəmirdi – başı nəm divara söykənmiş qızın hörümçək torunda ilişib qalmış göyərçin lələklərinin şəklini çəkən gözlərində yazılmışdı bu...

...İşgəncə verilərək yük maşınlarına dürtüşdürülən kişilər, ayaqyalın- başıaçıq evlərdən çıxarılan qadınlar, ağlaşan körpələr, hürüşən, zingildəyən itlər, yanan, dağıdılan evlər, tankların uğultusu ...

Nisəxanımın tank altına atılmış ilkinin içalatı, süngüyə keçirilmiş körpə Nərminin donmuş baxışları, nənəsinin havada donmuş əlləri, küçə boyu dığırlanan papaqlar, kol-kosa ilişib bayraq təki dalğalanan kəlağayılar,qara tüstü, qulaq batıran ah-nalə, alov... bir də, bir də ki, təzəcə yağan qarın üstünə səpələnmiş qıpqırmızı qan görürdü. İçini qızdıracaq nəsə yada salmaq istədi.

Yox idi. Yaddaşındakı bapbalaca dünyasına qan səpələnmişdi qızcığazın...

İldən uzun gələn bu gecənin bitəcəyinə ümidini itirə-itirə daxmanın rütubətini canına çəkmişdi.

Əzələlərində keyidici iynə vurublarmış kimi qəribə bir süstlük yarandı.

Bayaqdan canından çıxmayan qorxunun xofu itdi, yoxa çıxdı, başında dolaşan fikirlərinin ardıcıllığı pozuldu, beləcə, yaddaşından çıxara bilməyəcək sandığı dəhşətli xatirələri də yavaş-yavaş əriyib sabun köpüyünə döndü.

Artıq nə döşlərinin giləsindəki ağrını, nə baldırında quruyan iyrənc mayenin soyuğunu hiss edirdi... Hiss etmədiyi, həm də qapının cırıltısıydı.

Sükutun böylə rahatlıq gətirəcəyinə inanmazdı qızcığaz.

Zəncirini qırmış quduz köpək kimi daxmaya hücum çəkən yaralı, sərxoş döyüşçünün bağırtısını da eşitmədi.

-Ax-çi?.. Axçi, harda-san?!..Ax-çii?..

Bu iyrənc səsdən səksənən hörümçəklər bir az da büzüşdülər, lap yumağa döndülər...

Göydə iri bir ulduz axdı...

Bayaqdan daxmanın həndəvərində baş-başa verib asudə mürgüləyən vəhşı göyərçinlər biixtiyar uyqularından qopub bir göz qırpımında əriyən ulduza sarı daxmanın dəliyindən qalxan süd kimi ağappaq işıq selinə qoşulub səmanın sonsuzluğunda gözdən itdilər...

Sanki bütün gecəni şirin nəğmə oxuyan böcəklər də ilğıma bənzər bu sehrli işıq burulğanından heyrətlənib susdu.

Dünyanın o üzündə, uca dağlara qısılıb qalmış Günəş ,sanki “bic” doğulacağını bilən uşaq kimi xəcalət çəkərək gizlənirdi...

Səhər isə açılmalıydı - qızcığaza əbədi rahatlıq gətirən sükuta son qoyacaq mərmi gurultulu, cəngi haraylı, savaşlı bir səhər ...

16-28 fevral 2015

XS
SM
MD
LG