Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:26

Laçınlı köçkün: «Biz Avropanın ədalətinə inanırdıq»


Avropa İnsan Haqları Məhkəməsinin Strasburqdakı binası
Avropa İnsan Haqları Məhkəməsinin Strasburqdakı binası

-

Fəxrəddin Paşayev dədə-baba yurduna qayıtmağa şəraitin yaradılması, ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə 2005-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə üz tutub.

Avropa Məhkəməsi 10 ildən sonra həmin iş üzrə qərarını elan edib:

“Proses çox uzun çəkdi. Biz bu yola çıxanda 6 nəfərdik. Amma yoldaşlarımızdan biri bu günü görə bilmədi. 10 ildən sonra qərar çıxsa da, biz haqq-ədalətin qələbəsinə sevinirik. Lap əvvəldən Avropanın ədalətlinə inanırdıq”.

Gözlə

No media source currently available

0:00 0:03:41 0:00
Direct-ə keçid

EYNİ GÜNDƏ AZƏRBAYCAN VƏ ERMƏNİSTANA QARŞI İKİ QƏRAR

İyunun 16-da Avropa İnsan Haqları Məhkəməsi “Çıraqovların və digərlərinin Ermənistana” və “Sarkisyanın Azərbaycana” qarşı işləri üzrə qərarlarını açıqlayıb.

Qərarların hər ikisinin mahiyyəti eynidir. Ermənistana qarşı işdə 6 nəfər iddiaçı tələb edirdi ki, Laçına gedə bilmədikləri üçün onların özəl həyat, mülkiyyət toxunulmazlığı və səmərəli müdafiə haqlarının pozulması faktı tanınsın.

Eyni iddialar üzrə hüquqların pozulduğunu indiki Goranboy, keçmiş Şaumyan rayonundan olan Sarkisian da iddia edirdi.

Avropa Məhkəməsi hər iki işdə iddiaçılarıın Konvensiyanın 1-ci (mülkiyyət), 3-cü (özəl həyat) və 8-ci (ədalətli mühakimə) hüquqlarının pozulması faktını tanıyıb.

BU QƏRAR DİLQƏM ƏSGƏROV VƏ ŞAHBAZ QULİYEV ÜÇÜN DƏ PRESEDENTDİR…

Erkin Qədirli
Erkin Qədirli

Hüquqşünas Erkin Qədirli bildirir ki, hər iki qərarın mahiyyəti eyni olsa da, Avropa Məhkəməsi əslində işlərə fərqli yanaşıb:

“Məhkəmə, özəlliklə, bir məqamı vurğulayıb. Daha sadə dildə desək, bildirib ki, mülki erməni vətəndaşlarının Azərbaycana gələməsini məhdudlaşdırmağa hökumətin ədalətli əsasları var.

Amma azərbaycanlıların Ermənistanın nəzarətində olan torpaqlara getməsini məhdudlaşdırmaq üçün heç bir əsasları yoxdur. Bu olduqca önəmlidir. Çıraqovların işində Ermənistanın məsuliyyət daşıdığını bildirən Avropa Məhkəməsinin bu qərarı, öz dədə-baba torpaqlarına – Kəlbəcərə getmək istəyən və həbs olunan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi üçün presedentdir”.

Gözlə

No media source currently available

0:00 0:07:55 0:00
Direct-ə keçid

BU QƏRARIN AZƏRBAYCAN ÜÇÜN SİYASİ ÖNƏMİ BÖYÜKDÜR…

Avropa Məhkəməsi azərbaycanlıların Ermənistanın nəzarətində olan torpaqlara gediş-gəliş hüququnu tanıyıb. Erkin Qədirli deyir ki, bu hüququ reallaşdırmaq olacaqmı bu başqa mövzudur. Buna görə də o, Avropa Məhkəməsinin bu qərarının siyasi əhəmiyyətlərini vurğulayır:

“Bu qərarda Azərbaycanın xeyrinə olan bir neçə mühüm məqam var. Birincisi odur ki, Ermənistanın işğal olunmuş ərazilər üzərində səmərəli nəzarəti təsdiqləndi. Ərazinin kimin olması məsələsinə toxunmadan (bu məsələ Avropa Məhkəməsinin səlahiyyətində deyil) Ermənistanın üzərinə məsuliyyət qoyuldu.

Bu, Azərbaycan üçün çox önəmlidir. İkinci məsələ odur ki, Avropa Məhkəməsi bildirib ki, Ermənistan ilk günlərdən münaqişənin fəal iştirakçısı olub.

“İşğalçı” sözünü işlətməsə də dolayısı ilə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini təsdiqləyir. Bundan əlavə qərarda Azərbaycan torpaqlarının işğal olunması və qeyd-şərtsiz boşaldılması ilə bağlı bir sıra beynəlxalq təşkilatların qətnamə və sənədlərinə istinad edilib. Qısacası, bu qərar siyasi baxımdan Azərbaycan üçün olduqca əhəmiyyətlidir”.

23 İLLİK HƏSRƏT...

23 ildir öz obasına gedə bilməyən Fəxrəddin Paşayev bu qərardan sonra gedə biləcəkmi? Deyir ki, hələ ki, heç özü də bu sualın cavabını bilmir. Amma doğma yurdu, uşaqlığının keçdiyi Laçının Kamallı kəndini görmədən ölməyi təsəvvür etmir:

“Mənim 3 övladımdan 2-si Laçında doğulub. Biz məcburi köçkün düşdüyümüz ilk illər Ağcabədiyə sığınmışdıq. Kiçik oğlum 1993-cü ildə yeraltı zirzəmidə doğuldu. Çox çətin günlər keçirdik”.

59 yaşlı Fəxrəddin Paşayev ümidlidir... Ümid edir ki, övladlarını, nəvələrini uşaqlığı, gəncliyi keçən Laçının Kamallı kəndinə aparıb, xatirələrini bölüşəcəyi gün uzaqda deyil...

XS
SM
MD
LG