Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:33

Dalhuisen: "Azərbaycanlı deputat heyrətamiz etiraf etdi..."


John Dalhuisen
John Dalhuisen

-

“AŞPA-da Azərbaycanla bağlı iyunun 23-də qəbul olunmuş qətnamə qurumun son illərdə tərtib etdiyi ən tənqidi sənədlərdən biri idi”.

Bunu AzadlıqRadiosuna müzakirələrdə iştirak etmiş "Amnesty International" təşkilatının Avropa və Mərkəzi Asiya direktoru John Dalhuisen deyib.

Dalhuisen əlavə edib ki, əvvəlki qətnamələr azərbaycanlı deputatların təkidi ilə yumşaldılırdı, amma sonuncu müzakirədə bu alınmayıb.

“Çox vacibdir ki, Avropa Şurası Parlament Assambleyası qətnaməni düzəlişlərlə qəbul etdi. İndiki qətnamə ölkədə insan haqları ilə bağlı mənzərəni əks etdirir, problemləri açıq göstərir. Sənədi qəbul etmək daha çox AŞPA-nın özünə lazım idi: AŞPA göstərdi ki, hələ də faydalı qurumdur, nüfuzunu qoruya bilir”.

İyunun 23-də, yay sessiyası çərçivəsində AŞPA Azərbaycanda demokratik institutların vəziyyəti ilə bağlı tənqidi hesabat və qətnamə qəbul edib.

Qətnamənin icrasına gəlincə, John Dalhuisen AzadlıqRadiosuna deyib ki, Avropa Şurası Azərbaycanı məcbur edə bilməz, onun üzərinə düşən vəzifə ancaq ölkənin qurum qarşısında öhdəliklərini xatırlatmaqdır:

“Azərbaycanın nümayəndə heyətinin üzvü açıqca dedi ki, bizi məhbusları azad etməyə çağırmayın,bu çağırışa əməl edə bilməyəcəyik. Məncə, bu, heyrətamiz etiraf idi. Bu o deməkdir ki, Azərbaycan hökuməti ictimai fəallara qarşı hücumları səngitmək fikrində deyil”.

AŞPA-nın işində iştirak edən azərbaycanlı deputatlar AzadlıqRadiosuna müsahibə verməkdən imtina ediblər.

Azərbaycan hökumətinin rəsmiləri yerli mətbuata açıqlamalarında AŞPA-nın sessiyasında qəbul olunmuş qətnamənin insan haqları ilə bağlı hissələrinə yox, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düzəlişlərə diqqəti çəkirlər.
Müzakirələr vaxtı hesabatdan "Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və 7 rayon" sözü çıxarılıb.

Novruz Məmmədov
Novruz Məmmədov

Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iyunun 25-də bu barədə öz Tvitter hesabında yazıb:

“Avropa Birliyinin bəzi strukturlarıyla birlikdə AŞPA da nümayiş etdirir ki, onlar üçün beynəlxalq hüquq heç bir əhəmiyyət kəsb etmir.“Biz necə istəyiriksə, elə də olmalıdır” prinsipi əsasdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu qurumların mövqeyi bunu açıq-aydın göstərir. İkili standartın digər nümunəsi də budur. Təəssüflər olsun ki, Avropada bu siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər. Avropa Şurasının belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur”.

XS
SM
MD
LG