Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:53

Alim Qasımov xalçada uçmasından danışır


Alim Qasımov Avropa Oyunlarının açılışında - 12 iyun 2015
Alim Qasımov Avropa Oyunlarının açılışında - 12 iyun 2015

İyunun 28-də «Bakı-2015» Avropa Oyunları başa çatır. Təşkilatçılar bağlanış mərasimini sirr olaraq saxlayırlar, açılış mərasimində olduğu kimi. Həmin açılış mərasimi isə xeyli insanı həyəcanlandırmışdı, sosial şəbəkələrdə ayrı-ayrı detallar müzakirə edilmişdi. Xüsusən də məşəlin yandırılması, Qobustan qayalıqları, xalça üstündə Alim Qasımovun ifası... Bəs Alim Qasımov özü həmin gün nə hiss edirmiş? Bağlanış mərasimində də oxuyacaqmı? Bu suala cavabı öz dilindən eşidək:

- Yox, oxumayacağam, bağlanışda yoxam. Açılışda oxuyanlar burda olmayacaqlar. Bunları, açılışla bağlanışı quranlar ayrı-ayrı adamlardır.

- Siz Avropa Oyunları haqda nə düşünürsünüz?

- Bu Avropa Oyunları, bu boyda millətin bura gəlməsi, bizim idmançıların orda iştirakı, yer tutmağı Azərbaycanı 100 il qabağa aparmaqdır. Bizi tanıtmaqdır, yəni gördülər ki, belə bir normal xalq var. Onlar bizi adam öldürən, inkişafdan qalmış adamlar kimi tanıyırdılar. Avropa Oyunlarında bizi gördülər və... Bu möhtəşəmdir. 50 ildə görüləcək iş bir ayda görüldü.

- Siz Avropa Oyunlarını izləyirsinizmi?

- Televizoru nə vaxt açıram güləşirlər, tullanırlar, vuruşurlar, boksdur, idman oyunları, hamısı mənim üçün baxılmalıdır.

- Amma xüsusi azarkeşlık etdiyiniz idman növü yoxdur?

- Yox. İdmançılara çoxlu qələbə arzulayıram. Uğurları olanları da təbrik edirəm.

- «Bakı-2015»in açılışına qayıdaq. Oradakı ifalar sizin seçim idi, ya təşkilatçıların ideyasıydı?

- Onlar təxmini fikirlərini söyləmişdilər, mən də ona uyğun oxudum. Musiqimizin o yüksəkliyə qaldırılması, «Qarabağ» şikəstəsinin oxunması, xalçamızın o cür... qaldırılması musiqiçi üçün də çox böyük şərəfdir və muğama verilən qiymətdir.

- Xalçadan söz düşmüşkən, o «uçan xalça»nın üstündə özünüzü necə hiss edirdiniz? Bəlkə uşaqlıq arzunuz idi belə bir xalçada uçmaq?

- Onu mən yuxuda görmüşdüm. Xalça kimi yox. Amma mən yuxuda həmişə uçmuşam. Axır vaxtlarda görmürdüm düzü. Ancaq həmişə uçurdum, buludların arasından keçirdim. Xalçanı görəndə yadıma düşdü ki, hə, mən bunu görmüşəm.

- Çətin deyildi həm oxuyasınız, həm də xalça üzərində tarazlığı saxlayasınız?

- (Gülür) Hə, o da vardı. Qorxulu şeylər vardı. Yaxşı ki mənim belimdən bağlamışdılar. Birdən yıxılıb etsəm, xalçanın üstündən tappıltıyla gəlməmək üçün. Həyəcan vardı.

- Sizinlə eyni səhnədə Lady Gaga da oxudu və onun iki milyonluq qonorarından hələ də danışırlar.

- Ay xanım, o söhbəti saxlayaq. Kim nə aldı, kim nə satdı, halal xoşu. Halal xoşu verənin də, alanın da, satanın da.

- Sizə verilən qonorar da milyonlarla ölçülür?

- Bu söhbəti burda dayandıraq.

XS
SM
MD
LG