Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:53

«Prezidentə iki kəlmə dedim...» [Video]


İlham Zəkiyev
İlham Zəkiyev

-

Qələbənin şirin dadını yaşayan, amma eyni zamanda yorğunluqdan şikayətlənən İlham Zəkiyevdir. İkiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu. Eləcə də Avropa Oyunlarında Azərbaycanın məşəldarı. İyunun 26-da AO-da ölkəyə 18-ci qızıl medalı qazandıran...

AzadlıqRadiosu onunla ayaqüstü müsahibəni təqdim edir.

- İlham Zəkiyevin fəxri kürsüyə çıxması birinci dəfə deyil. Əvvəlkilərdən fərqi nə idi?

- Əvvəlkilərdən fərqi odur ki, təltif edən ali baş komandan idi, bütün idmançıların yaxın dostu olan cənab prezident.

- Prezidenti kürsüyə dəvət etməyi əvvəldən düşünmüşdünüz, yoxsa qəfil ağlınıza gəldi?

- Orda elə ağlıma gəldi. Allah ondan razı olsun. Aprel 26-da cənab prezident məşəli Atəşgahda alovlandıranda dedim ki, mən iyunun 26-da güləşəcəyəm, Silahlı Qüvvələr Günündə və çalışacağam ali baş komandanımıza bir medal hədiyyə edim. Bu təklifi xoş qarşıladı. Dünən o medalı mənə təqdim edəndə, iki kəlmə dedim: «Ali baş komandan, əsgər Zəkiyev döyüş tapşırığını yerinə yetirib». Yəni qızıl medalı qazandım.

- Başqa tapşırıq da varmı əsgər Zəkiyevə?

- Bir bu idi, bir də açılışda məşəli daşımaq. İkisinin də öhdəsindən gəldim məncə.

- Bağlanış mərasimində görəcəyik sizi?

- Yox. Mənə nəsə deməyiblər. İndi yorğunam. Çox yoruldum. O həyəcan, məsuliyyət... Bütün Azərbaycan məndən qələbə gözləyirdi. Mənim orda uduzmağa haqqım yox idi.

- Çətin oldu qələbəni qazanmaq yəqin?

- Asan olmadı. Qıraqdan asan görünə bilər. Amma rəqibləri tanıyırdım. Hazırlıqlıydım və şükür Allaha, medalı əldə etdim.

- Bu medalı həm də balaca oğlunuz Həmzə üçün qazandığınızı deyirsiniz. O necə qarşıladı?

- Həmzənin dünən iki yaşı tamam oldu. Hələ anlamır. İnşallah, böyüyəndə anlayar.

- Bəs anlayanlar nə deyir?

- Uşaqlar sevinirlər. Sözün açığı, hələ onları görməmişəm. Məni oradan apardılar media ilə görüşə, dopinq yoxlamadan keçdim. Anamgil evə gedib, amma mən hələ burdayam – Olimpiya kəndindəyəm.

- Bundan sonra gözləntiniz, istəyiniz nədir?

- Mən işimlə məşğulam. Bundan zövq alıram, hər dəfə Azərbaycan bayrağı qalxanda, himni səslənəndə fəxr edirəm... Noyabrda Avropa çempionatı keçiriləcək, indi də ora hazırlaşmalıyam.

- Demək olarmı, İlham Zəkiyev Avropa Oyunlarının simvoluna çevrildi? Həm məşəli yandırdı, həm prezident onunla fəxri kürsüyə qalxdı.

- (Susur. Az sonra gülərək deyir) O sual mənə deyil. O sualı camaata verin...

XS
SM
MD
LG