Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:29

"Ermənistanın müharibədə iştirakı sübut edildi"


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

-

Elmar Məmmədyarov Avropa Məhkəməsinin qərarının Azərbaycan üçün əhəmiyyətindən danışır.

“Avropa İnsan Hüquqları Məhkəməsində Laçından qovulmuş 6 vətəndaşın iddiası əsasında açılmış “Çıraqov və digərləri Ermənistana qarşı” işi bir neçə aspektdən əhəmiyyətlidir.

İlk növbədə, Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni işğalı və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətini davamlı şəkildə inkar etməsinə təsirli formada son qoydu”.

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov AzərTac-a müsahibəsində deyib.

Onun sözlərinə görə, məhkəmə boyu Ermənistan iddia edirdi ki, onun Dağlıq Qarabağın ərazisi və ətraf ərazilərə yurisdiksiyası şamil edilmir, bu ərazilər üzərində onun təsirli nəzarət imkanı olmayıb və hər hansı ictimai hakimiyyəti ifadə edə bilməz:

Ermənistan indiyəcən iddia edirdi ki, Laçın rayonunun işğalında və digər hərbi əməliyyatlarda iştirak etməyib və onun Dağlıq Qarabağ və ətraf ərazilərdə hər hansı hərbi mövcudluğu yoxdur.

“Eləcə də Ermənistan iddia edirdi ki, o, sözügedən hərbi münaqişədə, Laçın rayonunun işğalında və digər hərbi əməliyyatlarda iştirak etməyib və onun Dağlıq Qarabağ və ətraf ərazilərdə hər hansı hərbi mövcudluğu yoxdur.

İddiaçılar tərəfindən təqdim olunan bütün sübutlar Məhkəmə tərəfindən araşdırılıb və Azərbaycan Hökuməti tərəfindən Ermənistanın bütün bu iddiaları rədd edilib”.

Elmar Məmmədyarovun sözlərinə görə, qərarın 14-18-ci paraqraflarında Avropa İnsan Hüquqları Məhkəməsi xüsusi ilə qeyd edib ki, müharibə Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi barəsində çağırışlarla başlayıb.

Nazir deyir ki, Avropa Məhkəməsinin qərarı ilə Ermənistanın Dağlıq Qarabağ müharibəsində birbaşa iştirakı sübutlarla göstərilib:

“Məhkəmə öz presedentlərinə istinad edərək bu nəticəyə gəlib ki, beynəlxalq hüquq çərçivəsində anlayışa uyğun olaraq işğal bir dövlətin digər dövlətin ərazisi və ya ərazisinin bir hissəsi üzərində faktiki hakimiyyəti həyata keçirməsi halıdır.

Məhkəmənin qənaətinə görə, faktiki hakimiyyətin tələbləri geniş mənada effektiv nəzarətə sinonim kimi nəzərdən keçirilir. Yekun olaraq, təqdim olunan sübutları nəzərdən keçirən məhkəmə nəticəyə gəlib ki, bu ərazilərin hərbi işğalı sayəsində Ermənistan Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilər üzərində effektiv nəzarəti həyata keçirib və həyata keçirməkdə davam edir”.

“Danışıqlar prosesinə təsiri ilə bağlı bu qərar Ermənistan üçün hansı beynəlxalq məsuliyyəti təsbit edir?” sualının cavabında nazir deyib ki, məhkəmə qərarının ən əsas nəticəsi Qarabağ münaqişəsi ucbatından baş verənlərə Ermənistanın tam beynəlxalq məsuliyyət daşımasının ortaya qoyulmasıdır.

XS
SM
MD
LG