Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:35

Zamin Hacı: "Mən hardan biləydim..."


Zamin Hacı
Zamin Hacı

-

"Respublikanın hər yerindən qızlar məktub yazırdılar. Yəqin ki, “Narxoz”da oxuyan, potensial “zavmaq”-şair maraqlı tip olaraq görünmüşdü."

“Cəmiyyət cəsur olanda qəzet də cəsur olur...”

Zamin Hacı ilə Günel Mövlud söhbətləşib

"Hərbi xidmətdə əsgər döymüşəm"

Azərbaycanın ən oxunaqlı yazarı Zamin Hacı kifayət qədər maraqlı şəxsiyyətdir. O, bu müsahibədə doğulduğu ailə, bacı-qardaşları, kəndləri, hərbi xidməti, “Yeni Müsavat”, övladları barədə danışıb...

- Zamin, mənə əvvəlcə bu maraqlıdır ki, siz necə bir ailədə doğulub böyümüsünüz? Bacı-qardaşlarınız varmı? Onlar, valideynləriniz necə insanlardı, ünsiyyətiniz alınırmı?

- 6 uşağı olan kənd müəlliminin ailəsində 4-cü uşaq olmuşam. Evimiz sanki bir uşaq bağçası idi, indi uşaqlığımın o səs-küylü, gözəl günlərini çox sevgiylə xatırlayıram.

Atam Vəzir Hacıyev müəllimlikdən başqa, jurnalistika, yazı-pozu işləri ilə məşğul olurdu. 1984-cü ildə “Yazıçı” nəşriyyatında “Tamamlanmış portret” adlı bir hekayələr kitabı çıxmışdı.

Bu yaxında o kitabı Axundov kitabxanasının elektron saytında gördüm, birtəhər oldum.

21 yaşım olanda atam öldü, o üzdən elə çox söhbət edə bilmədik.

Anam Şüşə Heydərova sanki qədim türk-şamanlıq ənənələrindən çıxmış tərəkəmə qızıdır. Uşaqlığımda evdə toxunan xalılar, nehrə, köç-elat söhbətləri, damı döyəcləyən dolu, sel gələn Quruçay... çoxlu şirin xatirələr var.

Məsələn, ata nənəmin adı Qarabirçək idi. İnanmıram, bu adda başqa kimsə var. Bacı-qardaşlarıma isə adətən problem yaşatmışam, yazılarıma görə hökumət bəzən onları incidib.

Sağ olsunlar, heç vaxt üzümə vurmayıblar.

- Çətin ki, kimsə uşaqlıqdan köşə yazarı olmaq arzulaya. Yəqin ki, sizin başqa arzularınız olub...

- Uşaq vaxtı coğrafiya müəllimi olmaqdan tutmuş peşəkar futbolçuya, dəniz quldurundan BAM-ın tikintisində mühəndis olmağa qədər min cür arzu olub.

Bəlkə inanmazsınız, amma bunların içində jurnalistika da olub.

Çünki mənim 6-7 yaşım olanda “Pravda” qəzetinin (SSRİ-də yaşayanlar 1970-ci illərdə bu qəzetin nə demək olduğunu yaxşı bilər) müxbiri atamın qonağı olmuşdu.

Mən də ona bütün səviyyələrdə necə hörmət bəsləndiyini görüb heyrətə gəlmişdim.

Təsəvvür elə, darvazamızdan evin qapısına qədər bu adam üçün qırmızı xalı salınmışdı, raykom katibi darvazanın dalında maşında yatırdı ki, birdən müxbir nəsə istəyər.

Mən hardan biləydim, gələcəkdə jurnalisti döyüb türməyə salacaqlar?

- Əsgərlik dövründən hərdən şəkillər paylaşırsınız. Hərbi xidmət zamanı “dedovşina” halları demək olar ki, qaçılmazdır.

Sizə münasibət necə olub, təzyiq görmüsünzmü, sualı daha konkret qoyaq, sizi əsgərlikdə döyüblərmi?

- Mənim əsgərliyim bir az anormal olmuşdu. 4 əsgər alimentar distrofiyadan donub ölmüşdü. Mən bundan yazmışdım.

Üstündən 2 ay sonra isə nazir Əbiyevin sifarişi ilə həmin əsgərlərin öldüyü hərbi hissədə əsgər idim. Yəni, “zakaz”ın miqyasına baxın.

Amma elə bu “zakaz” da məni xilas elədi, çünki ölən əsgərlərin yoldaşları orda qulluq edirdi.

Təsəvvür edin, hətta posta çıxanda tüfəngimi daşımağa qoymurdular, deyirdilər, sən bizim dərdimizdən yazmısan, sən gərək əziyyət çəkməyəsən.

Həm zabit, həm əsgər səviyyəsində böyük hörmət gördüm və Azərbaycan xalqının yeri gələndə yazı adamını necə gözü üstdə saxlaya biləcəyini anladım.

Döyülmək olmadı, amma özüm bir əsgəri döymüşdüm – mənim növbətçi olduğum vaxt blindajı yığışdırmaq istəməmişdi.

Halbuki, mən ona hər cür hörmət göstərmişdim, amma hesab eləmişdi ki, əgər bu ziyalıdırsa, bunun əmrindən çıxmaq olar.

Onu vurmağımı, soyuq çaya basmağımı həyatımın ən axmaq hərəkətlərindən biri sayıram. İndi fürsət ikən ondan üzr istəyirəm. Kim bilir, bəlkə təsadüfən oxudu.

- Zamin bey, aşağı-yuxarı iyirmi ildir, yazırsınız. Amma yenə də, oxunursunuz. Bunun səbəbi nədir?

Daim yenilənmək, öz üstündə işləmək? Yoxsa səbəb budur ki, ölkə istedadlar, maraqlı, yeni adamlar sarıdan o qədər kasaddır ki, iyirmi ildir, alternativiniz yoxdur?

- Şablon çıxmasın, özüm haqda danışmağı düzgün saymıram. Qısaca deyim ki, daim nəsə oxumağa, oxucunu mənim yazıma ayırdığı vaxta görə peşman etməməyə çalışıram.

İstedadlı adamlarımız, alternativlər də çoxdur. Sadəcə, söz azadlığı olmadığından görünmürlər.

- İllərdir ki, yazdığınız tribuna ilə bağlı itithamlar eşidir, "Yeni Müsavat"da yazdığınıza görə qınaq görürsünüz.

Bu tribunanın siyasəti ilə razı olmadığınız da aydındır. Maraqlıdır, səbəb nədir ki, başqa təklifləri qəbul etmir, məhz burda yazırsınız?

- Elə bildim Əli Həsənov sual verir... Guya Azərbaycanda 200 qəzet çıxır, söz azadlığı var və sairə. Hardadır o başqa təkliflər?

Belə bir şey yoxdur. Elementar misal çəkim: İlham Əliyev 2003-cü ildə hakimiyyəti alana qədər mənim işləyə biləcəyim azı 5 qəzet vardı.

İndi cəmi 1 qəzetdir, o da “Yeni Müsavat”dır. Mənim yazılarımı çox nadir hallarda, çox cüzi redaktə ilə dərc edən “Yeni Müsavat”dan başqa qəzet yoxdur.

Necə deyərlər, xoşun gəlsə də budur, gəlməsə də. Əlbəttə, qəzetdə bir çox yazıları bəyənmirəm.

Amma təsəlli üçün deyək ki, qəzet cəmiyyətin güzgüsüdür. Cəmiyyət cəsur olanda qəzet də cəsur olur.

- Barənizdə qələmi ilə “ən çox qazanan yazar” deyirlər. Doğrudur, insanlara qazancları barədə sual vermək o qədər də etik olmur, sadəcə nəzərə alsaq ki, Azərbaycanda yazı ilə dolanmaq mümkün deyil, bunun real olub-olmadığını bilmək maraqlı olardı...

- Əksinə, gördüyüm işin həcminə, üstəlik, qeyri-təvazökarlıq olmasın, keyfiyyətinə baxanda ən az qiymətləndirilən adamlardan biriyəm. Sizə yanlış məlumat veriblər.

Bu dəqiqə, misal üçün, qaçangəlinləritutaq.org saytının, nə bilim, lazimgelsezırtpırt.az portalının hansısa yalançı, yoluq Yalıncıq adlı əməkdaşı məndən on dəfə çox qonorar alır, iyirmi dəfə yaxşı yaşayır.

Amma narazılıq eləməyə, ummağa bir yer də yoxdur – yuxarıda qeyd elədiyim kimi, vəziyyət pisdir. Jurnalistika məhv edilib.

Bəşir Səfəroğlunun iştirak elədiyi o köhnə səhnəcikdə deyilən kimi, “ölünün qıdığı gəlməz”.

- Bir vaxtlar AYO-nun layihələrinin birində şeirləriniz dərc olunmuşdu. O vaxtdan bəri şeir yazdığınızı görməmişəm. Ümumiyyətlə, daşın atmısınız, yoxsa...?

- Əslində, mənim, yekə çıxmasın, ilk çap olunan yazım elə şeirlərim olub. 1991-ci ildə “Gənclik” jurnalında çıxmışdı.

27 manat qonorar yazmışdılar, təqaüdü 40 manat olan tələbə üçün böyük pul idi. Respublikanın hər yerindən qızlar məktub yazırdılar.

Yəqin ki, “Narxoz”da oxuyan, potensial “zavmaq”-şair maraqlı tip olaraq görünmüşdü. Siz deyən “o vaxtdan bəri” isə hərdən yenə şeir yazıram, amma çapa vermirəm.

Açığı, şeirləri çapa verməyə bir mühit, yer də yoxdur. Azərbaycanlılar poeziyaya tarixən lağ ediblər, şairi sevməyiblər, onu başında quş yuvası gəzdirən sarsaq bir adam kimi qəbul ediblər.

Son çağların “Elza Seyidcahan fenomeni” bunun növbəti təzahürüdür. Elə sizin “daşını atmaq” ifadəniz də bir əlamətdir.

Sanki şeir yazmaq ağır yük imiş. Halbuki, daha şeir yazmayan adam haqda “qanadlarınızı yolublarmı” demək daha məntiqə uyğun olardı. Qanadlar yerindədir, hərdən çırpınırıq, amma uçmağa göy yoxdur.

- Uşaqlarınız barədə həyat yoldaşınız tez-tez paylaşımlar edir. Bildiyim qədərilə evdə çətin xarakterli daha iki insan böyüyür. Tanıdğım qədərilə, siz də çətin adamsınız. Evdə sakitçilikdir?

- Məni yaxşı tanımırsınız. Dünyada ən asan, yola gedən adamlardan biriyəm. Bir Budda kahini qədər dözümlü, sakit adamam.

Ailə haqda danışmağı sevmirəm, bu məsələnin başqalarına heç bir dəxli yoxdur. Mən məmur olsaydım, başqa məsələ.

Amma birinci sualda bu qaydanı pozduğumu nəzərə alsam, xırda qeyd edim ki, qeyri-səmimilik olmasın.

Dünya turizm mərkəzləri arasında keçirilən sorğuya görə, ən arzuedilməz qonaqlar italyan ailəvi turistləri sayılmışdı.

Demişdilər ki, italyanların uşaqları, özləri bütün günü bir-biri ilə dalaşır, səs-küy salır, ucadan qışqırırlar və sairə. Bizim turist olmaq imkanımız məhduddur, o üzdən italyan mühitini evdə yaratmışıq.

Ümid edirik, qızımız opera müğənnisi, oğlumuz da dahi rəssam olar.

XS
SM
MD
LG