Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:35

Azərbaycandan gələnlər kazanlılar adını aldılar


İllüstrasiya. Ciddə şəhərində 170 metrlik bayraq dirəyi
İllüstrasiya. Ciddə şəhərində 170 metrlik bayraq dirəyi

- "Hər birimiz gömrüyə əlli dollar verməli idik. Bura karantin haqqı, torpaqbasdı və peyğəmbərin torpağına ödəməli olduğumuz həcc vergisi daxil idi.

Qoca bizi iki qrupa ayıraraq, siyahı tutdu. Cənub ölkələrinin müsəlmanlarını Daşkəndlilər qrupuna aid elədi, şimaldan və Azərbaycandan gələnlər isə kazanlılar adını aldılar."

Sovet İttifaqından bir qrup zəvvar Həcc ziyarətinə gedir. Qrupda 17 müsəlman və bir ateist həkim-terapevt var. Povest həkimin dilindən nəql olunur.

Azərbaycan dilində ilk dəfə OXU

Müəllif: Fəzliddin Mühəmmədiyev

Rus dilindən tərcümə: Günel Mövlud

O dünyaya səyahət və ya Böyük Həcc hekayəti

17+1

(Doqquzuncu hissə)

MAŞALLAH! MAŞALLAH! BİR DAHA MAŞALLAH!

Biz müqəddəs Ciddədəyik!

İndi yəqin bildiniz ki, biz Allaha niyə belə ürəkdən dua edirik. Biz bütün zamanların son peyğəmbəri, tanrının sevimlisi, tanrı elçisi, tanrı qullarının yeganə və mərhəmətli hamisi Məhəmmədin torpağındayıq.

Bu səhər bizə təyyarə verdilər. Biz düz Xartum aeroportuna çatana qədər srağagünkündən də betər qışqırırdıq. Üç saatdan sonra Port-Sudandaydıq, ordan da bir saata Qırmızı dənizi keçib, bura çatdıq.

Təyyarə möcüzəsini bizim zəvvarlar Kori-əkənin Ərəbistan kralına yazdığı sehrli teleqramda görürdülər. Amma mən bildiyim qədərilə, bizim səfirlik də əl-qolunu sallayıb oturmamışdı.

Səfirliyimiz Xartumdakı Ərəbistan səfirliyi vasitəsilə kralla danışmışdı. Təyyarəyə görə on yeddi nəfər zəvvarın müqəddəs səfərlərinin alınmaması yumşaq desək, naqolay olmazdımı!

Hər necə olmuşdusa, axır ki, biz Ərəbistanda idik.

Müqəddəs torpağa ayağım dəyən ki, bu gözəl hadisəni bir siqaretlə qeyd etmək istəyirdim ki, bir neçə səs məni xəbərdar elədi:

- Əyni ehramlı adam siqaret çəkməməlidir!

Yaxşı, olmaz, deməli olmaz. Mən axmaq deyiləm, başa düşürəm ki, İslam düyasında on iki əsrdik ki "Olmaz", "qadağandır" kimi sözlərə heç kim "niyə?" sualını vermir.

Od tutub yanan uçuş zolağı boyu bizi gömrüyə apardılar. Biz dar dəhlizlərlə, iki yanımız boyu gömrük işçilərinin müşaiyəti ilə addımlayırdıq, polislər bizə sınayıcı nəzərlərlə baxırdılar.

Gömrük zalı bizim qapalı bazarları xatırladırdı, bircə fərq vardı ki, burda tərəzi və meyvə-tərəvəz əvəzinə çamadanlar, kisələr, səbətlər düzülmüşdü və gömrükçülər hamısını eşələyirdilər.

Bizimlə eyni vaxtda, amma digər qapıdan bir qoca kişi girdi. Başı ağ yaylıqla sarınmışdı. Ağ uzun köynəyin üstündən ağ yüngül xələt geyinmişdi.

Bizim yaşlı zəvvarlar qoca ilə istiqanlılıqla görüşdülər, sən demə, bu adam müqəddəs Ciddənin dirəklərindən biri Abdulla Buxaralı imiş.

O, özünü evindəki kimi rahat aparırdı, burada rahat gəzişir və əmredici tonda danışırdı. Hündür, cingiltili səslə öz adamlarını çağırır, onları taksi və ona lazım olacaq adamların arxasınca yollayırdı.

Sonra Kori-əkə ilə bir küncə çəkilib, bir dəqiqə onunla nəsə pıçıldaşdı. Xəzinədarımızdan pul alandan sonra gömrükçülərdən yekəqarın, qarabəniz bir ərəblə birlikdə zaldan çıxdı.

Onlar qayıdandan sonra baqajımızın yoxlanması başlandı. Yekəqarın ərəb, çamadanlara əlini də vurmadan əmr edirdi ki, onları rəfdən yerə qoysunlar. Sadiq nökərinizin əşyalarını yoxlayanda, nəsə mənə ilişdi.

Çamadandan başıbəlalı fotoplyonkaları çıxaranda onları hətta iylədi də. Dərmanları yoxlayanda soruşdu ki, arasında tiryək varmı.

Dedim ki, bir qədər tiryək var, amma onların nəzərdə tutduğu təyinat üçün deyil, bəzi iynələri vuranda istifadə etmək üçündür. Ona bir neçə şüşə ampula göstərdim və yekəqarın bir az sakitləşdi.

Axır ki, yoxlama qurtardı. Biz həyətə çıxdıq. Aeroport binası dördmərtəbəli idi. Aşağı mərtəbələr İran, Əfqanıstan, İraq, Türkiyə və başqa ölkələrin hava ilmanlarına müvəqqəti agentlik kimi ayrılmışdı.

Amma bu agentliklər ancaq zəvvarlıq mövsümündə işləyirdi. Hər bir agentliyin üstündən milli bayraq asılmışdı. Həyətin o biri tərəfi ilə müxtəlif köşklər, paltar, parça dükanları sıralanmışdı. Bir az aralıda restoran və aeroportun inzibati xidmətlərinin yerləşdiyi ofislər idi.

Buxaralı Abdulla boş yeşiklərdən birinin üstündə oturdu, cibindən qələm və dəftər çıxarıb, nəsə saymağa başladı.

Hər birimiz gömrüyə əlli dollar verməli idik. Bura karantin haqqı, torpaqbasdı və peyğəmbərin torpağına ödəməli olduğumuz həcc vergisi daxil idi.

Qoca bizi iki qrupa ayıraraq, siyahı tutdu. Cənub ölkələrinin müsəlmanlarını Daşkəndlilər qrupuna aid elədi, şimaldan və Azərbaycandan gələnlər isə Kazanlılar adını aldılar.

Mən daşkəndli oldum, İsrafil isə kazanlı. Buxaralı Abdulla eyni zamanda həm yazır, həm də danışırdı, mən gözlərimi onun əlindən çəkə bilmirdim. Ələnin sarıdığı tənzifin altından belə irinli qanı görmək olurdu. Bu adam min faiz qotur xəstəsi idi.

Kori-əkə hara baxdığımı gördü və başının işarəsi ilə mənə bildirdi ki, bəlkə qocaya tibbi yardım göstərim. Ona nə yazmaq olardı? Qoturun müalicəsi aylarla, hərdən lap illərlə çəkir.

Yazığa Vilkinson mazı yazdım. Xoşbəxtlikdən, həkim və əczaçıların peşəkar dili bütün ölkələrdə eynidir.

Amerikan markalı üç qırmızı taksi həyətdə gözləyirdi. Onların kimi gözlədiyini sual verməyə belə macal tapmamış səfər yoldaşlarım əşyalarını həvəslə maşınlara doldurmağa başladılar.

Hər taksi yeddi sərnişin götürürdü. Bir nəfər sürücünün yanında oturur, üç nəfər arxasını sürücüyə çevirir, üç nəfər də onlarla üzbəüz əyləşir.

İsrafil mənimlə eyni maşına oturmadı. Hələ də məndən uzaq gəzirdi. İnsan qəlbi elə dolanbac bir labirintdir ki...Yaxşı, dünyanın yaxırı deyil ki. Gözəl günlərin birində nə baş verdiyini öyrənərik.

Bizim taksinin sürücüsü, başında qızılı saplarla işlənmiş ağ ipək yaylıq sarınmış cavan oğlan maşının yanında dayanıb, yerindən tərpənmək əmrini gözləyir və üstdən aşağı bizə baxırdı.

O, mənə bazardan bir sürü qoyun alıb, qıraqda öz sərvətlərinə baxaraq, həzz alan qəssabları xatırladırdı. Qonaqlara qarşı qəribə münasibət var.Kinayəli təbəssümlə onun barəsində nə düşündüyümü ifadə elədim.

Deyəsən, o başa düşdü və qaz yerişi ilə maşına oturub, arxadakı yarışüşə qapını açıb, dedi:

- Diqqət.

O, nəsə bir düyməni basdı. Şüşə aşağı düşdü. Sonra yenə düyməni basdı – şüşə qalxdı. Sonra oğlan mənə göz vurdu.

"Yəni, görürsən də, bizdə necədi!" Onun gözləri fəxrlə dolu idi. Öz-özümə düşündüm ki, gör nə ilə fəxr edir. Başqa ölkədən gətirdiyi maşınla. Bizdə elə düymələr var ki, sənin heç babanın da yuxusuna girməz.

- Sayyara (avtomobil. ərəb.) Amerika? - soruşdum.

O, təsdiq əlaməti olaraq, başını tərpətdi.

- Sovetlər ölkəsində milyonlarla maşın var – əlimlə günəş çıxan tərəfi göstərdim, - Sovetlər ölkəsində milyon səyara, tayyara, hamısı da özümüzündü.

O, özünü elə apardı ki, elə bil heç nə başa düşmədi, çiyinlərini çəkib, uzaqlaşdı.

Əbdüssəməd-əkə və məmur ərəb bizim maşına yaxınlaşdılar. Məmur ərəbcə nəsə dedi. Tərcüməçi özbək dilinə tərcümə elədi: "O deyir ki, aranızda kommunist varsa, çıxsın. Yaxşısı budur, onlar indidən geri qayıtsınlar".

Ortaya gərgin bir sükut çökdü.

Suala bax! Kommunizmin bu imamlarla nə əlaqəsi ola bilərdi. Yəqin məni nəzərdə tuturdular.

Bilirdim ki, sosializmə münasibət məsələsində Səudiyyə Ərəbistanı Birləşmiş Ştatlardan geri qalmır. Burda ant-iamerikaçı fəaliyəti izləyən federal təhqiqat bürosu olmasa da, elə qoçaq oğlanlar var ki, o büronun işçilərini susuz aparıb, susuz gətirərlər.

Deyəsən, həqiqətə oxşayır. Tərcüməçiyə dedim:

- Əbdüssəməd əkə, Allah köməyiniz olsun, bu cənaba layiqli bir cavab verin!

- Başını buraxın, doktor, boş şeylərə fikir verməyin. Bunlarda belə formallıq var.

Sonra tərcüməçi məmura nəsə dedi və onlar başqa maşına yaxınlaşdılar. Lənət şeytana, necə də siqaret çəkmək istəyirdim!

Aradabir mən siqaret çəkmək imkanından məhrum olurdum, amma dözə bilirdim. İndi vəziyyət başqa idi. Oğul deyərəm, hər dəqiqə səni axmaq suallarla əsəbiləşdirsinlər, sən də siqaret istəmə.

Nəhayət, Buxaralı Abdulla əllərini göyə qaldırıb, dua oxudu, bütün zəvvarlar Amin! Deyəndən sonra biz tərpəndik.

Əsrin ortasından orta əsrlərə

Mən heç təsəvvür də eləməzdim ki, iyirminci əsrin ortasında orta əsrlərə düşmək üçün bir neçə saat bəs edər. Amerikan istehsalı olan maşın bizi müqəddəs Ciddənin dar və dolanbac yolları ilə aparır.

Mən belə dar küçələri olduğunu ancaq nağıllardan eşitmişdim. Hərdən qarşımıza balaca, güclə sürünən eşşək arabası çıxırdı və biz məcbur olub, bir müddət onun arxasınca sürünməli olurduq.

Hərdən, maşın və arabaları uzaqdan görəndə geri dönüb, onlara yol verir, sonra boş yolla irəliləyirdik.

Küçələrdən birində, biz varlı bir evin yanında dayandıq. Sürücü darvazanın o tayında yox oldu və bir neçə dəqiqədən sonra qara çadralı bir qadınla yenidən peyda oldu. Qadın sürücünün yanında oturdu.

Şeytan kələfinə oxşayan küçələrlə hələ uzun müddət dolaşdıq. Axır ki, asfalt yola çıxdıq. Belə baxırdıq ki, şəhər rəhbərliyinin vecinə də deyil ki, şəhərdə hansı antisanitariya baş alıb, gedir.

Küçələr, darvazaların qabağı, alverçi piştaxtalarının yanı zibillə, meyvə-tərəvəz qalığı ilə dolu idi, çürümüş ərzaqlardan qalxan qoxu adamın boğazını yandırırdı. Hər zibil topasının üstündə, adamların ətrafında, başlarının üstündə dəstə-dəstə milçəklər dolaşır.

Aeroportdan gedən yol Ciddənin dəniz limanına gedən yola birləşdi və şossedə hərəkət nəzərəçarpacaq dərəcədə çoxaldı. Həyatımda belə qəribə maşınlar görməmişdim.

Ağzına qədər dolu yük maşınları belə, radiatorundan başlamış, stopsiqnala qədər şərq ornamentləri ilə bəzənmiş, min bir rəngli seylon tutuquşularına oxşayırdılar.

Görünür, maşın azlığından və sərnişinlərin çoxluğundan bütün maşınlar normadan üç-dörd dəfə artıq dolmuşdu. Hətta kabinələrin damında belə, bir neçə adam oturub, ayaqlarını aşağı sallamışdılar.

Müqəddəs Məkkəyə gedən yol daşlı dağ yollarından keçirdi, yol boyu çox da hündür olmayan təpələr gözə dəyirdi.

Yol kənarları boyu düzülmüş nəhəng reklam lövhələrində ərəbcə Koka-kolanın, pepsi-kolanın və başqa amerikan içkilərinin dadını mədh edən mətnlər gözə dəyirdi.

Hər bir neçə kilometrdən bir yolumuzu bir şlaqbaum kəsir, sürücü bizim pasportlarımızı götürüb, polis köşkünə gedirdi.

Əgər polis onun tanışı idisə, sənədlərimiz növədən kənar qeydiyyata düşür və biz yolumuza davam edirdik. Sonra növbəti şlaqbaum peyda olur və avtomobilimiz uzun maşın sırvsında özünə növbə tuturdu.

Məcburi dayanacaqlardan birində mən yol qırağında gəzişərək siqaret çəkən ehramlı adamlar gördüm. Yaxşı, onda məni niyə bu son zövqdən məhrum edirlər? Deməli, bizim zəvvarlar şəriət qanunlarına hamıdan yaxşı əməl edən zəvvarlar olmaq istəyirlər?

Əllənəzər-əkə siqaret çəkdiyimi görüb, mənə tərəf dərin və qınayıcı bir nəzər saldı. Səfər boyu bütün zəvvarların içində mövcud olmalı qardaşlıq və mehribanlıq hisslərindən onun baxışlarında heç bir əlamət yox idi.

Mən də öz növbəmdə ona ehramda siqaret çəkən adamları göstərdim və o, daha heç nə deyə bilmədi.

İlahi, gözləmirdim ki, sən bu zəvvarlıq boyu mənim, sadiq qulunun tərbiyəsini öz üzərinə götürəcək bu qədər müdrik və sərt ağsaqqllarla əhatə edəcəksən.

Doğrudan da, sənin mərhəmətinin sonu yoxdur. Axı mən niyə bu səfərə razılıq verdim! Vətənimdə indi bayramdır. Nümayiş artıq qurtarıb. Adamlar bayraq və şüarları maşınlara doldurub, şən, deyə-gülə, danışa-danışa evlərinə qayıdır ya da qonaq gedirlər.

Mənim dostlarım adətən nümayişdən sonra ailələri ilə birlikdə şəhər kənarına gedir, Varzobs vadisində, ya da Kafirnigan sahili boyunda mənzərəli bir yer tapır, ora palaz salıb, axşama qədər şənlənirlər.

İskəndər deyirdi ki, aprelin sonunda Düşənbəyə gedəcək və bayramı ailəsi ilə birlikdə keçirəcək. Əgər belədirsə, onda indi o, masa arxasında oturub, əlində qədəh, deyir: "Uşaqlar, gəlin içək..."

Bir halda ki, mən orda yoxam, plovu yəqin ki, hansısa naşı bir adam bişirib, ət də ki, dəqiq yanıb...

Qarnım əməlli-başlı nağara çalırdı. Çamadanda quru meyvə-zad vardı, amma çamadan kabinənin üstündəydi. Necə deyərlər, çörək sandıqdadı, sandığın açarı da göydədi.

Uzaqdan minarələr görünürdü. Biz müqəddəs Məkkənin qapılarına çatmışdıq. Bura milyardlarla müsəlman gəlib, gözlərini müqəddəs torpağa sürtmüşdü.

Amma belə nadir tale hər kəsi deyil, ancaq ən varlı adamları və bu məqsədə çatmaq üçün əlindən gələni əsirgəməyən ən inadkar adamlara nəsib olurdu. Çünki, tanrı evinə toxunman elə də asan məsələ deyildi.

Müqəddəs Məkkə avtomobil, piyada və eşşəkli zəvvarlarla elə dolu idi ki, adama elə gəlirdi, hansısa nəhəng dünyanın bütün müsəlmanlarını ətəyinə yığıb, sonra bura töküb ki, burda tıxac əmələ gətirsin.

Heç kim bilmir, burda piyada yolu, maşın yolu hansıdır. Qocalar və cavanlar, kişilər və qadınlar, piyada və atlılar sinələri, çiyinləri, qolları və hündürdən qışqırtılarla özlərinə yol açır, müqəddəs yerlərin və mehmanxanaların yerləşdiyi şəhər mərkəzinə tərəf üz tuturdular.

Bizim avtomobilimiz bu səsli insan okeanında sanki qum dənəsi idi. Torpaq rəngli uniforma geyinmiş yerli polislər Amerika polislərini yamsılayaraq, qarınları bərabərində tapança, gücsüz halda izdihamın arasında dolaşırdılar.

Onların fitlərini özlərindən başqa heç kim eşitmirdi. Meydançalarda, yolayrıclarında dayanan maşınların radiatorları bir-birinə elə yapışmışdı ki, elə bil, ölüm-dirim savaşına çıxmış, buynuzlaşan öküzlər idi.

Onların da arxasında kilometrlərlə maşınlar uzanır, bir-birinə siqnal verərək, yol tələb edirdilər.

Yüzlərlə, minlərlə müxtəlif markalı maşının səslərini təsəvvür edin. Hələ üstəlik, çoxunun ulayan sirenləri vardı. Sadə siqnal onlara azlıq edirdi!

Klaksonların adamın qulağını batıran qışqırtıları dəhşətə salırdı. İri, qırmızı yük maşınından əllərində səbətlər və kisələr tutmuş adamlar sallaşmışdı.

Arxamızda bir maşın tacik mahnısına var səsi ilə güc vermişdi: "Ay mənim bülbülüm! Oxu mənim bülbülüm!"

Səs və gurultudan İslam şəhərlərinin anası olan Məkkənin üzərinə çökmüş hava belə, titrəyirdi. Bağışla, ilahi, bu başçatladan səs-küyün ortasında mən hələ bir gülmək də istəyirəm.

Ötüb-keçənlərin qışqırtıları, sürücülüərin səsləri, avtomobil siqnalları, eşşək anqırtısı, küçə tozu, küçələrin düz ortasında quraşdırılmış qaynar tavalardan qalxan tüstü, tər iyi, çürüyən yemək artıqlarının qoxusu baş çatladır.

Görünür, Məkkə sakinləri belə vəziyyətə alışmışdılar. Özü də, deyəsən, bundan həzz də ala bilirlər. Avtomobil səsləri bunlara azlıq edir, bunlar hələ bir velosipedlərə də siqnallar quraşdırıblar.

Bir dənə piramein tableti çıxarıb, susuz-zadsız atıb, qulaqlarımı pambıqla tıxadım. Uzun mübahisələrdən və qalmaqallardan, cəhənnəm əzabına oxşayan mübarizədən sonra bir qədər yol gedə bilirdik.

Sonra hələ yarım saat yerimizdə dayanıb, daha sonra yerimizdən tərpənə bilirdik.

Dünyada zamandan güclü heç nə yoxdur. Şəhərin kənarını mərkəzdən ayıran iki kilometri qət etmək üçün biz axşam namazına qədər yubandıq. Nəhayət, zəvvar yoldaşlarla "Ərafat" mehmanxanasına çatdıq.

Bütün zəvvarlar eyni ovqatda idi. Mehmanxanada boş yer yox idi. Ötən illərdə, Sovet İttifaqından gəlmiş zəvvarlar varlı bir seyidin evində qalıbmışlar. Adı Seyfi İşan imiş.

O zatın evin tanrı məbədindən çox da uzaq olmasa da, zəvvarlar gecələməklərindən və yeməkdən narazı qalıbmışlar. Bu dəfə dəstə rəhbərləri bizə daha yaxşı qalacaq təşkil etmək qərarına gəliblər.

Kori-əkənin burdakı tanışlarından kimsə bir neçə ay əvvəl Daşkəndə, Orta Asiya müsəlmanları ruhani idarəsinə məktub göndərib ki, burdakı "Ərəfat" otelində yer bron edə bilər.

Amma "Ərəfat"ın sahibi "soğan oğlsun, nağd olsun" atalar məsəlinə əməl edib. İndi, bu adamlarla dolu qazanda qaynaığımız bir vaxtda bizim bircə əlacımız qalırdı: Seyfi İşandan qalacaq istəyək. Onun yanına getməzdə əvvəl İsrafil mənə yaxınlaşıb, dedi:

- Gəlin, bir-birimizdən aralanmayaq, yaxşı?

Deyəsən, o bütün gücünü toplamışdı bunu demək üçün.

- Əlbəttə. Səni başa düşə bilmirəm, İsrafil, bunu soruşmaq nəyə lazımdı?

- Nə bilim, əslində başqa şey demək istəyirdim, nəysə, başını burax...

Vitse-rəhbər başını yana əyib, özünün yüksək məqamına uyğun gəlməyən məzlum və günahkar şəkildə ayaqlarının altına baxırdı. Yazıq İsrafil, o mənə yolunandan sonra suya düşmüş toyuğu xatırladırdı.

Ona nə olmuşdu? Doğrudanmı, şəhərin uğultusu, maşınların səs-küyü, yol yorğunluğu onu bu hala salmışdı?

Biz Seyfi İşanın evinə çatanda artıq alaqaranlıq idi. Qaranlıq dəhlizdə ehram geyinmiş adamların oturduğu, uzandığı taxta çarpayıların arasından keçərək biz divarları və tavanı çirkdən və hisdən qaralmış otağa gəldik.

Divarların yanı ilə çox da hündür olmayan, dar bir taxt uzanırdı. Ev sahibləri bizi köhnə dostları kimi qarşıladılar. Girişdə yerdə samovar pıqqıldayırdı.

Küncdəki primusun üstündə çuğun qabda pıqhapıq su qaynayırdı. Dəhlizin sonunda çit arakəsmənin o tərəfi həm də dəstəmaz üçün nəzərdə tutulmuş tualet idi.

Otağın ortasına dəstərxan açdıq. Hamı taxtdan qalxıb, süfrəyə yaxınlaşdı. İsrafilə rütbəsinə və saqqalına uyğun baş yerlərə keçmək təklif olunsa da, o yanımda oturdu. Onun qulağına pıçıldadım.

- Əgər burada qalmalı olacağıqsa, sizin hamınıza yazığım gəlir.

- Niyə təkcə bizə? Bəs, özün?

- Çünki mən bu iyrənc iy-qoxuya cəmi bircə saat dözüb, sonra öləcəyəm, hamınız da həkimsiz qalacaqsınız.

İsrafil qəhqəhə çəkib, gülməmək üçün əli ilə ağzını tutdu.

Adama bir piyalə qatıq, yarım kasa da əriştəli şorba gətirdilər. Yeməkdən sonra dua oxuyub, həyətə çıxdıq. Həyətdə qara, yağlı üzü olan, qara seyid paltarlı arıq bir kişi ilə rastlaşdıq, onun əlində qeyd kitabçası vardı.

O dedi: "İnşallah, Kəbənin başına dolanmağa gedəcəyik".

Hamı onun ardınca təkrarlamalı idi:

- Auzi billahi min-əş-şeytani-r-rəcim! (lətənə gəlmiş şeytanın şərindən sənə sığınıram, allahım), o, qışqırırdı, qatıq və əriştədən sonra bir az özünə gələn zavvarlar isə ondan da bərk qışqırmağa çalışırdılar.

Gəzə-gəzə o, Kəbəyə yaxınlaşanda, Kəbənin başına fırlananda oxunan duaları oxuyur, biz də onun oxuduqlarını təkrarlayırdıq.

Biz dar, dolanbac küçə ilə irəlilədik. Yolun hər iki tərəfi ilə baqqal dükanları, kökələrin satıldığı çadırlar, baş geyimləri və xırdavat dükanları uzanırdı.

Ehram geyinmiş insanlar irəli-geri addımlayırdılar. Biz durna qatarı kimi, bir-birimizin əlindən tutaraq, ard-arda irəliləyirdik ki, heç kim dəstədən ayrı düşməsin.

Dua oxuyan seyidin səsi zəncirin sonunda addımlayan zəvvarlara çatmırdı, buna görə də, onlar ancaq qulaqlarına gəlib çatan ərəbcə sözləri təkrarlayırdılar.

Qarşımızdan, yanımızdan bizimkinə oxşar zəvvar zəncirləri keçirdi.

(Səkkizinci hissə)

Umid edirdik ki, səhər oyananda, axır ki, təyyarənin olduğunu eşidəcəyik, amma ümidlərimiz əbəs imiş.

Restoranda səhər yeməyi yeyəndən sonra biz yenə də otelin yanındakı hörmə kürsülərə əyləşib, on-on beş dəqiqədən bir nəsə danışırdıq. Otelin qalan sakinləri dağılışmışdılar.

Ola bilər ki, ruhani çevrə üçün bu zahidlik rahat olsun, amma sizin sadiq nökəriniz ilk dəfə idi ki, belə əzablı bir vəziyyətə düşürdü. Lənətə gələsən!

Əgər sizin düşməniniz varsa, onun dərsini vermək istəyirsinizsə, ona yatmağa şərait yaradın, köpənə qədər yedizdirin, amma işi ilə məşğul olmaq imkanından məhrum edin. Məncə, bundan betər əzab düşünmək mümkün deyil.

Burda nə baş verir? Yol yoldaşlarım vestibüldən qəzetlər gətirirlər. Aha, məsələ bu imiş!

Bugükü nömrədə bizim şəklimiz dərc olunub. Amma təəssüf ki, şəkil elə yayğın alınıb ki, kimin kim olduğunu müəyyən etmək mümkün deyil.

Amma naşükürlük eləmək günahdır. Buna da görə sağ olsunlar. Sudanda poliqrafiya sənəti ancaq-ancaq işə başlayıb. Sinkoqrafiya və nəşr ilkin addımlarını atır. Buna görə də təəccüblənməli bir şey yoxdur.

Mən də xatirə üçün bir qəzet aldım.

İsrafil otağına getdi. O, bir az kökəlmişdi. Molla Nərimandan başqa hamı öküz kimi gümrah və sağlam idi.

Görəsən, nə iş görmək olar?

Təyyarə nə vaxt gələcək?..

Ötən gün adamın qəlbində kədərli bir çöküntü buraxır. Dəqiqə dəqiqənin, saat saatın, gün günün ardınca ötüb gedir. İstəyirsən qışqır, istəyirsən ula, keçir. Ağıl zamanın bu amansız, geri dönüşü olmayan qaydası ilə barışa bilmir.

Bəlkə mən şişirdirəm? Bəlkə bu təkcə bizə, daima xəstələrlə, ölümlə işi olan həkimlərə belə gəlir? Doğru deyirlər ki, ovqatın yaxşı olanda vaxt tez keçir.

İndi mənim üçün zaman sanki dayanmışdı. Elə bil saatlar dəqiqələrdən ibarət deyildi, hər dəqiqə yorğun saatlardan ibarətdi.

Aşağı göyərtədə otelin bir neçə işçisi həsirin üstündə oturub, kart oynayırdılar. Salamlaşaraq, onların yanında dayandım. Bu oyun mənə tanış deyildi, bu barədə heç nə bilmirdim.

Oyunçulardan biri uzun xortumlu qəlyan gətirib yanlarına qoydu, bir neçə tüstü alıb, müştüyü köynəyinin yaxası ilə silərək, ehtiramla mənə uzatdı.

Onun xətrinə dəyməmək üçün bir qüllab aldım. Ucuz tütünün tüstüsü o dəqiqə boğazımı cızdı. Gözlərim yaşardı, xortumu adama uzatdım.

Aşağı göyərtədən ortaya aparan dar, sürahili bir pilləkən vardı. Mən elə birinci pilləyə ayaq basmaq istəyirdim ki, kimsə məni səslədi.

- Bir dəqiqə, doxtur.

Yuxarıda dayanan ağzı nə iləsə dolu molla Əbduürəzikcan idi. O, nəsə çeynəyirdi. Ovurdları dolmuşdu, elə bil ora yekə bir xiyar soxmuşdu. Onun ağzı daima nə iləsə dolu olur. Heç nə çeynəməyəndə də, şirni sümürür. Onun ovurdundakı şeyi çeynəyib, bitirməsini gözlədim. Əlində yekə bir banan külçəsi vardı, birini əlində soyurdu.

- Buyurun?

- Allah köməyiniz olsun. Mənim kayutumun açarını gətirin də. Əllənəzər-koridədir.

- Bəs, Əllanəzər-kori hardadır?

- Yolun o tayında artırmanın altında oturub.

Heç cür başa düşə bilmədim ki, Əbdürazikcan ağa açarını gətirməyi niyə mənə buyurur.

Pilləkənlə qalxıb, düz onun qarşısında dayandım. Onun qara bığları və saqqalı banan tozuna batmışdı. Qarınqulunun gözləri həzzdən parlayırdı.

- Özünüz indi ordan gəlmirsiniz?!

- Yadımdan çıxıb.

Sinəmdə elə bil nəsə tərpəndi. Bəzi adamlara hörmət edəndə onlar elə bilirlər ki, səni eşşək kimi minə bilərlər. Bu adam məndən yaşca böyük olsaydı, ya da səhhətində problemi olsaydı, bəd ayaqda nəsə ciddi işi olsaydı, onun bu həyasızlığı məni belə hiddətləndirməzdi.

Ona banan şirəsindən necə kinayə ilə baxdığımı hiss edərək, utandı. Bananları səliqəsiz halda cibinə soxaraq, tələsik ağız-burnunu sildi və donquldandı:

- Əgər sizə zəhmət deyilsə, doxtur-can...

Onun çaşqınlğı məni güldürdü. O. çox gülməli görünürdü, mən də bir dəqiqə əvvəl ona dişimin dibindəki zəhəri tökmək istədiyimə görə gülməli görünürdüm özümə. Axı bu adam qəzəbimə belə, dəyməzdi.

- Siz təzə arlt paltarınızı geyindiniz? – gülərək, soruşdum.

- Hə. Niyə də yox.

- Lap yaxşı, can sağlığı ilə geyinin.

Onun yanındın keçib, kayutuma girdim. O, o tərəf-bu tərəfə baxıb, ağzını açaraq, təəccüblə arxamca baxırdı.

Kori əkənin yanında onlar özlərini mələk kimi aparırlar. Təvazökar şəkildə başlarını aşağı salıb, oturur, nəzakətlə bir-birinə qulaq asır, yaşca və rütbəcə böyük olanlara yol verirlər. Dəstə rəhbəri üzünü yana çevirən kimi, masa arxasında aləm bir-birinə dəyir.

Belə qaranlıq düşüncələrə dalmışdım ki, qəfildən xəbər gəldi:

- Ehramlarınızı geyinin, təyyarə bizi gözləyir!

Hamı cəld əşyalarını toplamağa, müqəddəs yerin paltarını geyinməzdən əvvəl dəstəmaz almağa tələsdi.

Ehramı mən ancaq İsrafilin köməyi ilə geyinə bildim. Ətəyim həddən artıq uzun alınır, yeriməyimə mane olur, ya da həddən artıq enli alınıb, budlarımı çöldə qoyurdu ki, bu da şəriətlə qadağan idi.

Nəhayət, çamodanlarımı götürüb, küçəyə çıxa bildim. Yoldan keçənlər ehram geyinmiş zəvvarları salamlayırdı. Biz avtobusa minən kimi, hacı Əbdülxəlil əkə qışqırdı:

- Ləbbəykə, Allahummə, ləbbəyk! La şarika laka, ləbbəyk!

Düz yarım saat bu sözləri zikr edəndən sonra başqa sözlər qışqırmağa başladılar:

- İnna-lğ-həmdə va-n-ni'mətə və-l-mülk! – Əbdülxəlil əkə elə səmimi şəkildə boğazını yartırdı ki, elə bil səfərin bundan sonrasını, bütün Həcci və bizim taleyimizi bu sözlər həll edirdi

. - Lə şərikə ləkə! - avtobusun bütün sərnişinləri elə qışqırırdılar ki, adama elə gəlirdi, avtobusun pəncərələri səsdən bu dəqiqə çatlayacaq.

Hava limanının qarşısı ehramlar geyinmiş, başları açıq zəvvarla dolu idi. Polislər və aeroport işçiləri zəvvarların arası ilə zorla keçib, gedə bilirdilər.

Biz avtobusdan çıxıb adamın başını deşən günəşin şüalarına davam gətirə-gətirə yeridik, gün beynimizin içini qaynadırdı.

Nəhayət, biz böyük zala girəndə təxminən üç yüz nəfər sudanlı qadın bizi salamladı. Onlar əllərini açıq ağızlarını şappıldada-şappıldada qəribə səslər çıxarırdılar. Zalda ibtidai qəbilələrin həyacan siqnalını xatırladan, adamın canına qorxu salan bir səs dolaşırdı.

Bu, mənim üçün o qədər gözlənilməz idi ki, heyrətdən donub qalmışdım. Çamodanları arabaya yükləyib, uçuş zolağına apardılar. Yarım, daha sonra bir saat keçdi. Uçuşu hələ elan eləmirdilər.

İki saatdan sonra bizə xəbər verdilər ki, bu gün uça bilməyəcəyik. Bizi aparmalı olan Sudiyyə Ərəbistanı təyyarəsi başqa sərnişinləri Ciddəyə aparmışdı. Ətrafımızdakıların söhbətlərindən belə başa düşdüm ki, burada hansısa fırıldaq var.

Məyus, pərt halda avtobusa oturub, otelə qayıtdıq. Bizim könülsüz zahidliyimiz yenə davam elədi. Mən bildiyim qədərilə, ehramı geyinəndən sonra səfər başa çatadana qədər soyunmaq qəti qadağandır.

Hansısa fövqəladə hala grə bu qadağanı pozan adam Qurban bayramında qoyun qurbanı kəsməli idi.

Ehramı birinci soyunan xəzinədarımız oldu. O, mehmanxananın inziğatçısı ilə danışmalı, aeroportla əlaqə saxlamalı və başqa da bir aləm iş görməli idi.

Ehram qadağasını pozmalı olan hacı Əbdulxəlil əkə hamının yanında dedi ki, inşallah, günahını yumaq üçün o, yağlı bir qoyun kəsəcək.

Naharımızı paroxoda gətirdilər. Taxta göyərtəyə süfrə salıb, yanlarına döşəkcələr düzdülər. Biz oturub, ayaqlarımızı altımıza yığdıq.Əynimizdəki ətəkli paltarla başqa cür oturmaq mümkün deyildi.

Nahardan sonra səmərəli dərslər başladı. İslam alimləri cavanları fərzləri (Hərfi mənada, İslamın qəbul elədiyi davranış qaydaları. ərəb.) və sünnələri (Ənənə; Məhəmmədin danışıqlarından davranışlarından çıxış edərək, ötürülən davranış qaydaları. Sünnə -- ortodoksal islamın əsaslarından biridir. ərəb.), izah edirdilər ki, bunları bilmək Həcc zamanı vacib idi.

Ehram geyinmiş adam heç kimin xətrinə dəyməməli, təkəbbürlü olmamalıdır. Hətta bir milçəyi, ya qarışqanı öldürmək, ağacdan bir yarpaq dərmək belə, qəti şəkildə qadağandır.

Ehtiyatlı oturmaq, ehtiyatlı durmaq, uzanmaq və elə yatmaq lazımdır ki, göbəkdən dizə qədər yerin örtülü olsun. Bütün hacılar bu qaydalara ciddi şəkildə əməl etməlidirlər.

Etiraf edim ki, ehram geyinəndən sonra pürdiqqət ehtiyata və cəhdlərə baxmayaraq, uzun müddət ətək geyinməyin sirlərinə vaqif ola bilmədim. İsrafildən soruşdum:

- Bilirsən, ehramı kim fikirləşib?

- Peyğəmbərimiz, biz günhkar tanrı qullarının ağası, - o dedi.

Yazıq din xadimi belə sadə bir məsələni də bilmirdi. Ehram geyinmə hələ İslam peyğəmbərindən min il əvvəl ənənəyə çevrilmişdi. Hələ o vaxtlardan Ərəbistan yarımadasının torpağı və otlaqları ictimai mülkiyyət olanda, yəni qəbilə və nəsillərə məxsus olanda başqa qəbilədən gələn hər kəs, başqa qiyafə, yəni ehram geyinməli və bununla da göstərməli idi ki, o, yadelli olsa da, qonaq gəldiyi qəbilənin tanrısını qəbul edir.

Bəli, ehram sırf qonaqlar, gəlmələr üçn nəzərdə tutulmuş paltar idi və ancaq ona görə geyilirdi ki, gəlmələr, bu torpaqlara haqqı olmayanlar, burada ov edə bilməyən, bircə ağac və yarpaq qırmaq haqqı olmayanlar bəlli olsun.

Amma belə baxanda, bunu bilmədiyinə görə İsrafili qınamaq olardımı? Çoxdan məlumdur ki, dindən, ilahiyyatdan, din tarixindən, ənənələr və onların tarixindən ən az məlumatlı olan insanlar məhz elmi kitablardan oddan qorxan kimi qorxan din xadimlərinin özləridir.

Molla İsrafilə onun bilgisinin ziddinə gedən nəzər nöqtəsini demək mənə çətindir. Xətrinə dəyər. Heç kimin xətrinə dəymək olmaz. Pulum da o qədər çox deyil ki, hər adam incidən kəlməyə görə qoyun qurbanı kəsim.

Narahatlığını, narazılığını bölüşə bilməyəcəyin bir yol yoldaşının, həmsöhbətin olamaması çox çətindir. Amma dünyada həlli mümkün olmayan problemlər çox azdır.

Srağagün, Əllənəzər kori mənə oxumağı qadağan edəndən sonra dostum İskəndəri köməyə çağırdım. Düzdü, xəyalən də olsa, onunla danışdım.

- Bura gəl, mənim əziz dostum, -- İskəndərə dedim.

- Nə istəyirsən? – gözlərimi yumanda əvvəl onun səsini eşitdim, sonra da özü qarşımda peyda oldu.

- Oxumağımı qadağan eləyiblər. Nə edim?

- Döz. Adamlar açıq okeanda qırx doqquz gün aclığa və susuzluğa dözüblər.

- Sən nə çərənləyirsən?

- Çərənləmirəm, danışıram. Doğrudanmı, yadından çıxıb? Oxumaq qadağası bunların yanında boş şeydi. Əgər elə dözülməz gəlirsə, ürəyində oxu.

- Axmaq-axmaq danışma, adam da ürəyində oxuya bilər! Yaxşı deyiblər, toxun acdan xəbəri olmaz. Özün məni bu hoqqanın içinə saldın, indi də heç nə olmamış kimi sevinirsən.

- Hansı hoqqa?

- Bu səfəri deyirəm. O vaxt məni Səhiyyə Nazirliyinə aparmasaydın, heç nə olmayacaqdı...

- Bəsdi gileyləndin! Elə bil başının üstündə əlibaltalı adam dayanıb.

- Hə, sənə nə var axı. Özün indi yəqin şalvarının balaqlarını çırmalayıb, çay boyu gəzişirsən...

Axşam öyrəndik ki, Kori əkə hamımızın adından Ərəbistan kralı zati-aliləri İbn Səuda teleqram göndərib.

Kori əkə xəbər verib ki, Sovetlər İttifaqından gəlmiş bir dəstə zəvvar əyinlərində ehram, müqəddəs torpağa qədəm qoymağı gözləyirlər, amma təyyarə tapa bilmirlər. "Zati-aliləri, bizə kömək edin"...

Qüruba az qalmış göyərtəyə çıxıb, uzaqda yumrulanmış günəşin şəklini çəkdim, özüm də bilmədim, bu mənim nəyimə lazım idi.

Hərdən nəyisə əvvəl edir, sonra düşünürsən. Bu torpaqlarda qaranlıq tez çökür. Mənim ölkəmdə günəş çıxmazdan əvvəl və batandan sonra düz bir saat hava işıqlı olur.

Düşənbədən ötrü çox darıxırdım. Gözlərimin qarşısına elə hey tibb institutunun təmiz bağçası, yaşıllıqlar içində qərq olan tibbi şəhərcik gəlirdi.

Şıltaq, qətiyyətli Düşənbəni ən xırda dolanbaclarına qədər xəyalıma gətirirəm...

Ətrafımı səs-küy bürüyüb. Aşağı göyərtədə bir neçə motor işləyir, Nilin suyunu "Qrand-otel"ə vurur. Pöhrəliklərdən minlərlə cırcırama səsi gəlir. Hər kayutda iki dənə sərinkeş səs-küylə fırlanır.

Amma nə etməli ki, onlar da havanı az da olsa, sərinlədə bilmirlər. Nəfəs alırsan, amma adama elə gəlir ki, elə bil ağır, isti civəni udmağa çalışırsan.

Ərəbistanda nə edəcəyik bəs? Əgər Əbdülxəlil əkənin danışdıqları düzdürsə, Ərəbistanın qaynar qumları arasında əsl cəhənnəm imtahanı verəcəyik.

...Məcburi zahidliyin ikinci günü gəlib çatdı. Hamının səhhəti qaydasınadır. Bircə zəvvarlardın ən yaşlısı olan Müşərrəf əkənin alnına çiban çıxıb.

Nədənsə özümlə sintomidsin götürməmişdim. Amma nə edim? Hər dərmandan bir az götürsəm, bir vaqon dava-dərman alınacaqdı. Özüm məlhəm düzəltdim, çibana sürtüb, plastırla sarıdım.

Özüm də bu gün iki problemlə üzləşmişəm. Hansılar ki, səhərdən mənə dinclik vermir. Bunlardan biri diş məcunu problemidir. Ehram geyinən adama dırnaq tutmaq, üz qırxmaq və sabundan istifadə etmək qadağandır.

Amma diş tozu və ya məcunu barədə İslam alimləri və şəriət qaydalarının təməlçiləri heç bir göstəriş verməyiblər. Müqəddəs kitabda da bu barədə heç nə yoxdur. İsrafildən soruşdum.

İsrafil mənə baxıb, qınayıcı halda başını yellədi. Axırda dedi:

- Yaxşı deyil, dostum. Belə eləmək olmaz.

- Nə yaxşı deyil? Nəyi eləmək olmaz? -- təəccübləndim.

- Sən müqəddəs zavvarlığa lazım olan ehtiramı göstərmirsən.

İsrafilin bu gün nədənsə kefi yox idi. Xəstələndiyi axşamdan bəri nəsə əməlli-başlı ovqatı dəyişmişdi.

Ona sualımın ciddi olduğunu başa saldım. Axır ki, vitse-rəhbər yumşaldı və mənə dedi ki, diş tozunu gizlədim. Ona müraciət elədiyim üçün özümü danlamağa başladım.

Axı həcc qaydalarından çıxış edərək, cavabı özüm də tapa bilərdim. Bir halda ki, saqqalı qırxmaq olmaz, dırnaq tutmaq olmaz, sabunlanmaq olmaz, onda ağızın və dişlərin təmizliyi kimə lazımdır?

Sən nə qədər çirklisənsə, Allahın xoşuna bir o qədər çox gəlirsən, çünki belə olanda fikrin-zikrin ancaq onun və sevimli peyğəmbərinin yanında olur.

Amma düzünə qalsa, mənim nə günahım var axı. Mən sadəcə sualımın cavabını öyrənməyə çalışmışdım, bu qədər.

Həzrət Əhməd İbn-Hanbal (İslamın huquqi təməlini qoyanlardan biri, eramızın 780—855-ci illəri), məsələn, qarpızı dilimləməzdən əvvəl peyğəmbərin irsi barədə məlumat olan kitabları vərəqləriyir, şəriət bilicilərindən soruşurdu ki, tanrı elçisi, tanrı qullarının ağası və hamisi Məhəmməd peyğəmbər qarpız yeryirmiş, ya yox.

O, maraqlandığı sualın cavabını heç yerdə tapa bilmədiyinə görə, (o vaxt hələ hədislər və "Qabusnamə" (Dini rəvayətlər kitabı) işıq üzü görmədiyinə görə), bu möhtərəm zat həyatı boyu qarpız yeməyib.

Bax, mərzum həzrət Əhməd İbn-Hanbal belə bir adam olub. Sizin sadiq nökəriniz də diş tozu barədə məlumat almaq istəyirdi. Burada nə günah ola bilər ki?

(ardı var)

(7-ci hissə)

İri qarnını yırğaladaraq, molla Urək ağa fısıldaya-fısıldaya trapı enib yoxa çıxdı. Yenə necə oldusa, oxumağa başladım. Birdən kiminsə əli çiynimə toxundu.

- Oxumaq olmaz, doktor. Biz düz Həccin qapıları önündəyik.

Bu, Əllənəzər-kori idi, Moskvada mehmanxanada mənim otaq yoldaşım olan gənc molla. Onun məsləhət verməyi, səsinin tonu, söz demək tərzi məni heyrətə saldı, o qədər gözlənilməz oldu ki, heyrətdən dilim tutuldu.

Əllənəzər, döyüşdə qalib gəlmiş xoruz ədası ilə qəddini dikəldib, fəxrlə aşağı endi.

Gecəyarısı molla Zülfüqar məni oyadıb, öz kayutuna apardı. İsrafil qızdırmadan alışıb yanırdı. Gecə o məni qoymadı ki, onu müayinə edim, buna görə də, hirslənib, ona dişimin dibindən çıxanı dedim indi.

Günorta, nahardan sonra, havanın alışıb yandığı vaxtda o, bir stəkan buzlu su içib, soyuqlamışdı. Qızdırmasını salmaq üçün aspirin verdim, sonra tetrasiklini suda həll edib, zorla boğazına tökdüm.

O, sayıqlayırdı. Tez-tez yuxuda "Cənnət" və "şərif" sözünü işlədirdi.

- Qorxma, - ürəyimdə dedim. - sənin yerin cənnətdə hazırdır. Sənin kimiləri də ora buraxmasalar, cənnət boş qalar.

Molla Zülfüqar başını əyib, qulağıma dedi:

- Doxtur-can, Cənnət onun arvadının, Şərif isə oğlunun adıdır.

Biz kayutdan çıxandan sonra molla Zülfüqar mənə yerlisinin ailəsi, hekayəti barədə danışdı. Yazıq İsrafil. Demə, o iki yol arasında qalıbmış. Yazıq buna görə tez-tez tutqun, kədərli olurmuş.

İsrafilin yeganə, fizikaçı alim oğlu, sən demə, onun xoşbəxtliyini təmin edə bilməyib. Bir də ki, İsrafilin arvadı heç nə demədən bir kağız yazıb: "Mən Şərifə qonaq gedirəm" və çıxıb gedibmiş.

Şərif əvvəlki kimi, hər ay atasına pul göndərirmiş, hərçənd, atasının maddi köməyə ehtiyacı yoxmuş. Məktublar da yazırmış, amma bu məktublar əvvəlki kimi isti məktublar deyildi, eləcə salam-kalamdan ibarətmiş. Atasının səhhəti, qohum-qardaşın əhvalını soruşmaq, vəsalam.

Oğlu daha atasının peşəsini dəyişməsini tələb eləmir, texnika və elm sahəsindəki yenilikləri daha onunla bölüşmür və şeirlərdən, fəlsəfədən danışmırmış. Salam, təbrik və ya hal-əhval, anamla biz sağ-salamatıq, sənə də can sağlığı arzu edirik.

- Cənnət evdar qadındır?

- Məsələ də budur ki, yox. Vağzalda kassir işləyirdi. Qadın ki, işə girdi, küçələrdə avaralandı, yaxşı heç nə gözləmə ondan, - molla Zülfüqar fikrini bitirdi.

Səhərə qədər İsrafilin başının üstündə dayanıb, onun yaxşılaşmağını gözlədim.

Səni alt paltarı almağın münasibətilə təbrik edirəm!

Səhəri gün bizə Kori ağanın əmrini çatdırdılar. Göstəriş verilmişdi ki, heç kim oteldən bir addım da aralanmasın. Aeroportdan təyyarə ilə bağlı hər saat xəbər gələ bilərdi. İsrafil bir gecənin içində arıqlamışdı elə bil, sifəti uzanmış, rəngi ağarmışdı.

Dünən vaxtında müayinə eləməyimə icazə vermədiyinə görə ona hirslənmişdim, buna görə də, yataqdan qalxmasına icazə vermədim. Mənim əmrimə görə yeməyi onun kayutuna gətirirdilər.

Hər dəqiqə hava da da dözülməz dərəcədə qızırdı. Amma günortaya qədər təyyarədən xəbər çıxmadı.

Düz deyiblər ki, evin yanından axan çayın qiyməti olmaz. Hava xəbərləri bizim üçün elə sıradan bir şey olmuşdu ki, elə bil araba-zad idi. Amma Sudanın öz təyyarələri yox idi, onları başqa ölkələrdən alırlar.

Qonşudan gələn pay isə qarın doyurmaz. Əgər mən İsrafil kimi Allahın gücünə inansaydım, indi ona dua edərək yalvarardım ki, Sudan dövlətinə kömək eləsin. Xalqı zəhmətkeş, açıq ürəkli bu ölkənin köməyi olsun, onların vətəninə inkişaf, güclü sənaye bəxş eləsin, axı bunlar müstəqilliyin ilkin şərtləridir.

Kori-aca oteldən çıxdı. Sadiq nökrəniz də daxil olmaqla, beş nəfər seçdi. Dedi ki, Sudan Respublikasının dini işlər üzrə dövlət komitəsinin rəhbərinin yanına gedirik.

Rəsmi qarşılanma mərasimi, şükür ki, təntənəsiz və pafossuz keçdi. Bizi departamentin həyətində qarşılayıb, kabinetə apardılar. Üzünü tərtəmziz qırxmış qırx yaşlarında adamın, departament rəhbərinin ətrafında yarım-dairə şəklində oturduq.

Bir neçə məmur səssizcə başımıza fırlanır, qonaqlara meyvə şirələri, siqaret və kibritlər təklif edirdi.

Söhbət əsasən kabinet sahibi və qrupumuzun rəhbəri arasında gedirdi. Həyatın müdrikləşdirdiyi, həyatı boyu çox şey görən Kori-aca ərəbcə yaxşı danışır.

Onun sakit, təmkinli nitqinə, gözəl, ütülü hərəkətlərinə baxaraq, təəssüflə düşünürdüm ki, Kori-aca din xadimi olmasaydı, ölkəmizin adını dillər əzbəri edə bilən alim, ya da dövlət xadimi ola bilərdi.

Din xadimləri də insanlara lazımdır, amma təəssüf ki, bugünkü, sabahkı işlər üçün deyil, keçmişdəki mövhumatı bilmək üçün.

İnsan cəmiyyətinin, təbiət kimi qəribəlikləri var. Məsələn, görürsən ki, təbiət insan orqanizminə elə orqanlar bəxş edib ki, onların təyinatı heç kimə məlum deyil, amma bu orqanlar hərdən özünü buruzə verir.

Ərəbcə bir şey qanmadığım üçün, fikrə getdim. Moskvada olanda ümid edirdim ki, belə hallar baş verəndə tərcüməçi söhbətin heç olmasa, qısa xülasəsini bizə çatdıracaq. Nə etməli, zəvvarlar qrupundakı qaydalar, adi turist qruplarındakı qaydalardan fərqlənir.

Məlum oldu ki, departament rəhbəri artıq Timurcan-kori barədə eşidib və ondan xahiş elədi ki, bizə Qurandan nəsə əzbər desin. Timurcan-korinin xoş və cingiltili səsi var.

Mənə elə gəlir ki, o, Qurandan əzbər demə məharətinin hər yerdə göstərməkdən həzz alır. Nə olsun, istedadını göstərib, tərif qazanmaq arzusu insanlarda elə də nadir keyfiyyətlərdən deyil.

"Qrand-otel"ə çatanda gördük ki, "Əs-Saura" (İnqilab.ərəb) qəzetinin müxbiri bizi gözləyir. O, bütün zəvvarları mehmanxananın bağçasına çıxardı, sıraya düzüb, Kori-acanı mərkəzdə dayandarıraq, fotoaparatını bir neçə dəfə şaqqıldatdı.

- İndi, Başqırdıstanlı mütəvəlli ərəb ölkələrində məşhur adam olacaq, - bu təmtəraq münasibətilə kayutundan çıxmasına icazə verdiyim İsrafilə dedim.

- Hər şey allahın əlindədir.

- Əlbəttə, - dedim və öz-özümə qeyd elədim ki, bizə müxbir göndərən qəzet redaktorunun əli allahın əlindən heç də zəif deyil.

Başa düşə bilmirəm, mənə nə olub? Əvvəllər, biləndə ki, kimsə taleyini tanrıya tapşırır, bir müddət ona yazığım gəlirdi, vəssalam.

Düşünürdüm ki, bu səfər boyu heç olmasa sırf formal da olsa, köhnə adətlərə bir az dözümlü yanaşa biləcəm. Heyhat! Hər dəfə qəzəbimi gizlətmək üçün daha da səbrli olmağa çalışırdım.

Elə bir dəqiqə əvvəl də, yoldaşımın fikri ilə dildə razılaşsam da, qəlbimdə tamam başqa şey düşündüm. Hm, doğrudanmı müqəddəs səfər məndə ikiüzlülüyü tərbiyə edir?

Amma nə etməli, molla İsrafilə düşündüklərimi açıq-aşkar deyib, bu səfər boyu başım tutan yeganə adamın da yoldaşlığından özümü məhrum edə bilmərəm axı!

Günorta namazından sonra məlum oldu ki, bu gün də təyyarə olmayacaq. Bu xəbərdən qayğılanmış Kori-aca səfirliyə getdi. İndi, oteldən çox aralanmaq olmasa da, buralarda bir-iki saat gəzişmək olar. İsrafil namazını qurtarıb mənə qoşuldu və biz Zooparka getdik.

Öz zooparklarımızda müxtəlif heyvanlar görmüşdüm, amma burada bir an da olsun, unuda bilmirdim ki, bu nəhəng timsahlar, zürafələr, kərkədanlar öz vətənlərində qəfəsə salınıblar.

Xartumdan çıxın, cənuba, ya da qərbə tərəf bir neçə kilometr gedin, burdakı çay və göllərdə, səhra və cəngəlliklərdəki vəhşi heyvanları görə bilərsiniz. Əlbəttə, belə bir arzunuz varsa, axı heç də hər kəs kərkədan və ya timsahla üz-üzə gəlməyi elə də arzulamaz.

Onu da deyim ki, zooparkın təmizliyi bizi heyran elədi. Hələ birinci görüşdə səfir bizə demişdi ki, Sudanlılar hamısı ağappaq paltar geyinir, əgər siz birinin ağ paltarında ləkə görürsünüzsə, deməli, o, Sudanlı deyil, gəlmədir.

Nə oteldə, nə küçələrdə, nə də zooloji bağda bir dənə də olsun, milçək görmədim. Hətta bazarda belə, milçək yox idi! Bir bilsəniz, bu, tibbin sadiq nökərinin kefini necə açırdı.

Fotomüxbir gedəndən sonra, biz həyətdəki salarda oturmuşduq ki, otel inzibatçısı çıxıb, bizdən yaxşı yerləşib-yerləşmədiyimzi soruşdu. Kori-aca dedi ki, yerləşməyimizdən çox razıyıq və əlavə elədi ki, xüsusilə həkim burada milçəklərin olmamasından çox məmnundur.

- Nə danışırsınız! - inzibatçı çılğınlıqla dedi. - Bizdə milçək hələ çoxdur! Bu gün böyük yemək zalında bir dənə milçək peyda olub. Dörd ofisiant düz bir saat onu qovublar...

İsrafillə kitab dükanı axtarmağa başladıq, mənə qeyd dəftəri lazım idi. Dəftərxəna ləvazimatları satıcısının mənə hədiyyə elədiyi böyük qeyd kitabçasını xəzinədarımız Hacı Əbdülxəlil ağaya verməli oldum.

Dəftəri görəndə o qədər təriflədi ki, ona bağışlmaaqdan başqa çarəm qalmadı. Kitab dükanı muzeyin ən uzaq küncü qədər kimsəsiz idi. Məktəb ləvazimatları və bahalı qələmlər olan şüşəli vitrindən başqa, bütün vitrinlər komikslərlə və bizim tərəflərdə bulvar ədəbiyyatı adlanan analoji ədəbiyyatla doluydu.

Kitabların üz qabığından başa düşdüyüm qədərilə, onların içində qətllərdən, qanlı düşmənçilikdən, miras davasından, məşuqələrdən, soyğunçulaqdan və müasirliyin başqa "aktual" problemlərindən əlavə, çətin nəsə tapa biləsən.

Dükandakı vitrinlərə yarım saatdan çox baxsaq da, bir dənə də olsun, alıcı görmədik. Qəlbimdə kitab çıxaran naşirlərin inadkarlığına afərin dedim.

Bu Uzaq Afrika ölkəsində onların məhsullarını nə gözlədiyini bildikləri halda, bu adamlar inadla yenə öz makulaturalarını çıxarmağa davam edirdilər.

İsrafil axşam namazına gecikməkdən qorxurdu, buna görə də biz az qala qaçaraq, otelə yollandıq. Yoldaşlarımız da iki saat şəhərdə gəzmişdilər.

Ənənəvi görüş yerinə çevrilmiş ikinci paraxodun göyərtəsində molla Əbdürəzikcan ağa yeni aldığı əşyanı nümayiş etdirirdi.

O, ağ rəngdə amerikan malı alt paltarı almışdı. Dözməyib, soruşdum:

- Bunun nəyi sizin xoşunuza gəlib ki?

- Eh, doxtur-can, qəribə adamsınız, bir bunun belinə baxın...

Alt paltarın belindəki rezin bizim alışdığımız kimi, nazik bir qat deyildi, bir neçə sıraydı və qatları qəşəng düzəldilmişdi.

Amma sadəcə buna görə vətənə xarici mal alt paltarı alıb aparmaq nəsə mənə qəribə gəlirdi, bunun üçün gərək adamın xarici mala özəl meyli olsun.

Nə etməli, yol yoldaşımız mal almışdı və bizə də "mübarək olsun" demək düşərdi.

- Alt paltarı almağaınız münasibətilə sizi təbrik edirik.

Molla Nərimana baş çəkəndən sonra öz otağıma getdim. Axşam sərini düşənə qədər kayutda oturmaq əsl əzab idi. Oxumağa bir kitab yox. Həccə gedən adama ümumiyyətlə, dini kitablardan başqa, nəsə oxumaq da qadağandır. Mahnı oxumaq da olmaz. Gülmək olmaz, gülümsəmək olmaz.

Bəlkə radioya qulaq asmaq qadağan deyil? Yuxarıda otelin bərbərxanası yerləşir. Bərbər özü də orada qalır. Onun yanına gedim. Onun balaca tranzistor qəbuledicisi var.

Bərbər özü də gülərüz, bütün həmkarları kimi qeybətcil adamdı. Kal səsi bir dəqiqə də olsun, aman vermir. Amma mən onun dilini bilmədiyim üçün çətin ki, yaxşı həmsöhbət ola biləydim.

Radioqəbuledicini hara fırlatsam da, Quran surələrindən və diktorların nədənsə hərbi intonasiya ilə oxuduqları xəbərlərdən başqa, heç nə eşitmədim.

Görünür, qəbuledici zəif idi və ancaq yaxınlıqdakı radiostansiyaları tuturdu. Heç olmasa, Moskvadakı gənclik festivalı sayəsində Batır Zakirov, Rəşid Behbudov, Laylo Şaripovanın ifasında eşitdiyimiz ərəb mahnılarından nəsə eşidəydim.

Bu anlarda mən yəqin ki, güclü radioqəbuledicisi olan Taufikə həsəd apardım - indi istəyir, Bakıya, istəyir Moskvaya qulaq asır.

Molla Urək ağa deyəndə ki, göyə çıxsam, yerə dartıb salar, yerə girsəm, ordan dartıb çıxarar, yalan demirdi. O, məni bərbərxanada da tapandan sonra, əmin oldum ki, bu adam sözü boşuna demir.

Otağıma getdik, ona bir qutu siqaret verdim.

- Yox, doxtur-can, bu qədəri nəyimə lazımdı! Mən elə-belə, məzələnirəm. Yaxşı, mənim şəkər qardaşım, qoy siz deyən olsun. Gecə sizi narahat etməyim deyə, qutunu götürüm.

- Mənim narahatlığımın bir zərəri yoxdu, təki siz narahat olmayın.

- Aha, yenə zarafat edirsiz! Doğrudan da, həkimlər nə zarafatcıl xalqdı. Ay allah, qoy bu adam nə bu, nə də o dünyasında pis gün görməsin! Qoy onun ömür ağacında bir dənə də olsun, budaq qırılmasın! Amin!

Hər iki dünyama da savab qazanandan sonra, yan tərəfə keçdim.

Birinci sual İsrafili belə əsəbiləşdirdiyinə görə, düşündüm ki, ikinci sualı heç verməyim. Ancaq bunu deyə bilərəm ki, bu sual ağcaqanad öldürməyin mümkünlüyü barədə idi.

Səhər dan yeri söküləndə Nil sahili ağcaqadandlarından biri alnımı sancmışdı. Yuxulu olduğum üçün onu vurub öldürmüşdüm. İndi də öyrənmək istəyirdim ki, ağcaqanad öldürmək günahdırmı və günahdırsa bunu yumaq üçün qoyun qurbanı kəsmək lazımdırmı? Yoxsa yuxulu olmağım əməlimə bəraət verir?

Yaxşı, qoy bu sual əbədi olaraq, sual kimi qalsın.

Səhər yeməyini öz aramızda sakitcə söhbət edərək, göyərtədə yedik. Yaşlılar burunlarını sallamışdılar. İsrafil uzaqda oturmuşdu. Görünür, o məndən uzaq qaçırdı. Doğrudanmı, lənətə gəlmiş diş tozu məsələsi onun xətrinə dəymişdi? Bəlkə, başqa səbəb vardı?

Hər beş-altı dəqiqədən bir Əllənəzər-kori hündürdən Əlhəmdüliallah! - deyib, yaşlıları səksəndirirdi. Amma heç kim ona irad tutmurdu, çünki Allahı vəsf etmək alicənab işdir, hərçənd bunun də öz yeri və ölçüsü olmalıdır. Bizə bircə bu qalırdı ki, Nilin mənzərəsinə, sahil boyu aradabir, təkəm-seyrək görünən yolçulara baxaq.

Dünən axşam sahilə gəlmiş, bizdən iki yüz metr uzaqda dayanmış buxar gəmisi, məlum oldu ki, "Sudan üzgüçülər cəmiyyəti"nə məxsusdur.

Günortadan sonra ondan bir motor qayığı aralanaraq, çayın ortasına irəlilədi və arxasınca çimərlik geyimində, gözəl bədən quruluşlu bir qızı arxasınca dartaraq, suyun üzəri ilə şütüməyə başladı. Məndən bu hoqqanın nə olduğunu soruşdular. Bu idman növü barədə məlumat verməli oldum.

Yerlərindən qalxan zəvvarlar ağızlarını ayırıb, qızın arxasınca baxırdılar. Heç kim bir kəlmə də danışmırdı. Çayda idman edən çılpaq müsəlman qadın idi. Axı bura müsəlman ölkəsi idi...

Görünür, səfər yoldaşlarımın hər biri həmin an düşünürdü ki, iyirminci əsrdə yaşayırıq. Bəli, zamanın axını qəribə məsələ idi. Zaman amansızca poladı əridə, ya da onu adi sap qarşısında zəif düşürüb, eşşək palanı edə bilər.

Otel xidmətçisi bir nəfəri yanıma gətirib, onu müayinə etməyimi istədi. Ötən gün otel qulluqçusunu müayinə etmişdim. Böyrəkləri qaydasında deyildi. Şişmiş ayaqlarına, gözlərinin altındakı tünd halqalara baxanda bunu aydın bilmək olurdu.

Burda mənim əlimdə nə laboratoriya, nə də zəruri alətlər var. Bir sözlə, ciddi analiz mümkün deyil. Elə üzdən baxıb, xəstənin şikayətlərini dinləyib, diaqnoz qoymağa məcbur idim.

Əlimdə olan dərmanlardan ona bir-iki şey verdim. Resept yazmağın mənası yoxdur. Onun aldığı maaş dərmanlara çatmaz. Onu duzsuz pəhrizə keçməyini məsləhət gördüm.

İndi yanında gətirdiyi dostu pis qidalanmaqla yanaşı, həm də dayanmadan qəlyan çəkirdi. Ona da bir az dərman verdim və dedim ki, sağ qalmaq istəyirsə, qəlyanı yaddan çıxartmalıdır.

Onlar düz bir saat mənə minnətdarlıq elədilər. Əbdussəməd-əkə hətta bu minnətdarlıq sözlərini tərcümə etməkdən bezib, bizi tərk elədi. Amma onlar kayutumdan çıxmadılar, hələ uzun müddət təzim edərək, əllərini sinələrinə qoyub, təşəkür elədilər.

Hər iki buxar gəmisinin göyərtələrini addımla ölçürəm. Sonra aşağı düşüb, Nilin sularına baxıram. Yuxarı qalxıb, küçədən keçənlərə nəzər salıram. Bu gün ehramda özümü daha rahat hiss edirəm. Hamısı da ona görə ki, bekarçılıqdan güzgü qabağında dayanıb, onu dəfələrlə soyunub, çıxarmışam.

Dünən gəzəndə, bütün günü ətəyimi ləimlə tutmalı olurdum. İndi bunsuz keçinirəm. Dünyada elə bir iş varmı ki, insan onu öyrənib öhdəsindən gəlməsin?

Vətənimdə indi bayram ərəfəsidir. Sabah mayın biridir. Adətən arvad-uşağımı götürüb, axşam şəhərə gəzməyə çıxırdım. Bayram axşamları bizim şəhərlər nağılvari yerlərə çevrilir. Adamlar, binalar, xiyabanlar, hətta avtobus və trolleybuslar belə təzəbəy, təzə gəlin kimi bəzəkli olurlar.

Qrupumuzda 1 May barədə heç kim bir kəlmə də demir. Zəvvarların bayramı, Qurban bayramı mayın üçündə başlayır. Bu, o gündür ki, həzrəti İbrahim öz oğlu İsmayılı Tanrı adına qurban kəsməli idi.

Amma tanrı mələk Cəbrayılı göndərib, dedi ki, o, qılıncını qaldırıb, oğlunun boynunu vurmaq istəyəndə, qılıncı tutub saxlasın. O, dedi: "İbrahimin sədaqətindən əmin olduq. Amma onun sevgisi kütləşməsin, qəlbi inciməsin deyə, bu qoyunu apar, oğlunun yerinə bunu kəssin.

Bu rəvayəti eşidəndən bəri mələk Cəbrayıla qarşı dərin bir sevgi bəsləyirəm. Səma səltənəti ilə günahla dolu yer üzünün arası nə qədər uzaq olsa da, həzrəti Cəbrayıl bu məsafəni göz qırpımında uçub gəlmiş və özünü vaxtında çatdırmış, qanadı ilə vurub, Həzrəti İbrahimin qılıncının ağırlaşdırmış və kütləşdirmişdi.

Təsəvvür eləmək belə qorxuludur ki, mələk Cəbrayıl vaxtında özünü çatdırmasaydı, nə baş verərdi! Hər dəfə Qurban bayramında camaat oğlunu qurban kəsərdi, axı biz müsəlmanlar peyğəmbərimizin etdiyi hər şeyi təkrarlamağa borcluyuq.

O zaman bütün gəlinlər ərsiz, oğullar qardaşsız, atalar oğulsuz qalardı. Yəqin ki, indi mənim də bu dəstəni müşaiyət etmək imkanım olmazdı, bu vaxta qədər sağ qalmazdım. Adam məni allah adına qurban kəsərdi.

Bax, buna görə, hər dəfə damarımda müsəlman qanı qaynayanda, Allaha ünvanlanan bütün duaları Həzrəti Cəbrayıla oxuyuram.

(ardı var)

(6-cı hissə)

Uşaqlarımın da Murka adlı pişiyi var. O, çox hiyləgər, şux, lazımi qədər ağıllı olsa da, hər halda savadsızdır və cahiliyindən bilmir ki, ona əta olunan imtiyazlara görə həzrətlərdən (Həzrət - müqəddəs, dini rütbəsi olan, həmçinin hörmət əlaməti olaraq "cənab" sözünün qarşılığı. ərəbcə) hansına minnətdar olmalı olduğunu bilmir.

Axı heç bir canlı damlarda pişiklər qədər gün-güzəran keçirmir, qaçmır. Deməli, heç bir canlının da bu qədər yıxılmaq ehtimalı yoxdur.

Söhbət yeməyin üstünə gəlib, çıxdı. Çörəyin yoxsa, ətin birinci gəldiyi barədə disput başladı. İslam alimləri bir neçə dəstəyə ayrıldılar. Onlardan bəziləri israr edirdiər ki, dəstərxanın üstünə plovun üstündə ət gələndə onu lavaşın üstünə qoyub doğramaq günahdır, çünki, heç nə çörəkdən üstün qoyulmamalıdır.

Onların opponentləri bu iddia ilə razılaşsalar da, deyirdilər ki, əti çörəyin üstündə doğramaq olar. Bəziləri isə ortaya konkret mövqe qoymasa da, müxtəlif kitab və hədislərdən çörək və ətlə bağlı sitatlar gətirərək, yüksək erudisiya nümayiş etdirirdilər.

Mənim kimi qıraqda susub oturmuş İsrafil, başı ilə mənə işarə edərək, durub, dəhlizə çıxdı.

- Gedək, bir az gəzişək,-- dedi.

- Vitse-başçının əmri qanundur. Gedək.

İsrafil cavab vermədi. Başa düşdüm ki, halı zarafatlıq deyil. Guya təsadüfən soruşurammış kimi, ondan bu İslam alimləri barədə fikirlərini soruşdum. İsrafil dayandı, qonur gözlərini yerə dikib, fikirli halda köynəyimin düymələri ilə oynadı və sonra kədərli-kədərli dedi:

- Heç sevmirəm bu söhbətləri.

Trapla sahilə düşdük. İsrafil sahilin barmaqlıqlı hasarına söykənib, çaya baxdı.

- Başqırdlarda yaxşı bir atalar söz var,-- gülümsəyərək, o, nəhayət sözə başladı: -- "Mən molla, sən molla, bəs atları kim suvara?" Mənim həmkarlarım da, üçbir, dördbir yığışanda belə şeylərdən başqa söhbət bilməzlər.

Başqırd mütəvəllinin başqa mollalardan dərinliyi və miqyası ilə fərqləndiyi barədə ümidlərim özünü doğruldurdu.

- Allahın var günü yüz dəfə əmin olursan ki, biz iyirminci əsrdə yaşayırıq, amma bu sözlərin ciddiliyi bizə çatmır,-- bir müddət sonra o, kədərli halda əlavə elədi.

Susdum.

İnsanları çaylarla müqayisə edirlər. Doğrudan da, kiminin xasiyyəti bizə səsli-küylü dağ çaylarını xatırladır. Kimiləri Nilin və geniş vadilərin çaylarına oxşayır. Amma elə çalyar da var ki, çox sakit görünürlər, amma içlərində gizli axınlar və burulğanlar gizlənir. Bax, İsrafilin də içində nəsə belə gizli bir şey vardı.

Axşamlar otelin qarşısındakı səkidə xeyli masa açırlar. Əcnəbilər burada oturub, çay və ya şərab içir, danışır, istirahət edirlər. Biz də İsrafillə oturub, meyvə suyu sifariş verdik. Ofisiant qreypfrut, şaftalı və təzə yemiş qarışığından ibarət şirə gətirdi.

Tərcüməçimiz Əbdüsəməd-ağa əlində qəzet yaxınlaşdı. Ondan xahiş elədik ki, qəzetlərdə yazılanlardan bixə məlumat versin.

Qəzetdə Çin sirki artistlərinin və Sovetlərdən olan zəvarların Sudana gəlişi yazılmışdı. Qəzetin yarısı isə elanlardan ibarət idi: hansısa kurslara qəbul, çay ticarəti, mənzil kirayəsi və s.

Görünür, göyərtədəki elmi disput artıq bitmişdi. Yol yoldaşlarımızdan ikisi sahildə peyda oldu, çiyinlərini parapetə söykəyib, burunlarını qurdalamağa başladılar.

Bir xeyli sakit halda bu mənzərəyə tamaşa edən İsrafil görünür, qrup rəhbərinin köməkçisi olduğunu yadına salıb, durdu, onlara tərəf getdi və qısa dialoqdan sonra burun qurdalama mərasimi qurtardı.

- Onlara nə dedin ki? - İsrafil qayıdanda, ondan soruşdum.

- Dedim ki, doktor burun qurdalamağı qadağan edir, çünki, əvvəla burun pərlərini deşmək təhlükəsi var, ikinci də, Allah eləməmiş, əcnəbilər bizim hamımız barədə pis fikrə düşərlər.

- Afərin, vitse-rəhbər, amma xahiş eləyirəm, gələn dəfə öz adından danış. Bu adamları mənə qarşı qoyma. Onsuz da, mənə çəp-çəp baxırlar.

- Narahat olma, heç biri sənin pisliyini istəmir.

- Demirəm ki, pisliyimi istəyirlər. Amma nəsə ehtiyatla yanaşırlar.

- Şişirtmə. Sadəcə, səndən çəkinirlər. Özün bilirsən də, həkimlə mollanın arasında xeyli fərq var axı.

- Hə, əslində düz deyirsən, nəsə bir fərq var.

İsrafil gülüb dedi ki, bu gün heç kefi yoxdur, kayutuna gedib yatacaq.

O, elə yerindən qalxmışdı ki, küçədə zolaqlı pijamalı molla Nəriman peyda oldu. Qaşlarını çatmış İsrafil ona tərəf yeridi və uzun-uzadı nəsə başa salmağa başladı.

Amma görünür, molla Nəriman təslim olmaq fikrində deyildi, o, əllərini yelləyir, nəsə deyirdi. Mübahisə uzandı, başqalarının da mübahisəyə baxdığını görəndə, durub, onlara tərəf getdim.

Molla Nəriman dəmir sübutlar olaraq, öz nəsil-nəcabətini misal gətirir və iddia edirdi ki, uşaq deyil və hər yoldan ötənə icazə verməz ki, ona nəsə öyrətsin. Ancaq İsrafilin, tərcüməçinin və mənim uzun-uzadı və həmrəy xahişimizdən sonra o əynini dəyişməyə razı oldu.

Uff! İndiyə qədər mən din xadimləri ilə nadir hallarda ünsiyyətdə olmuşdum, heç vaxt bu qədər uzun müddət onların arasında olmamışdım. İlahi, bu həngamə nə vaxt qurtaracaq!

Axı həcc səfəri hələ başlamayıb. Nə etməli, dözmək lazımdır. Dözərək, bu günü sabaha, sabahı birigünə çıxartmaq.

Taufik gəldi, tərcüməçi Əbdusəməd ilə söhbətə başladı. Onlar ikisi də ərəb dilini, məişətini, ənənələrini və vərdişlərini yaxşı bilirlər, buna görə də söhbətləri canlı və maraqlı alınırdı. Taufik Sudan Respublikasının ən ucqar yerlərinə çoxlu səfərlər eləmişdi, çox şey görmüşdü.

- Sudanın cənubunda bir qəbilə yaşayır, - o danışırdı. - Ötən il mən onların başçıları sultan Maern Bellin qonağı olmuşam. Onun ixtiyarında səksən nəfər müsəlman qulluqçu var. Sonsuz torpaq sahələri, saysız mal-qarası var. Sarayının bir küncündə zindan düzəldib. Hakim da, sultan da özüdür. Dörd arvadından on beş uşağı var. Onun mübarək hüzuruna gələnlər diz çöküb, sürünə-sürünə ona yaxınlaşır, hansısa əmri və sözü eşidəndən sonra isə yenə də geri çevrilmədən, sürünə-sürünə uzaqlaşırlar...

Gəminin üst göyərtəsindəki oturacaqda oturmuşam. İsrafil kayutunda uzanıb. Hərarətini yoxlamaq istədim, razı olmadı. "Narahat olma", dedi - "keçər".

Bekarçılıqdan bezmişəm. Bir dənə də kitab yoxdur oxumağa. Evdən bir neçə kitab götrmüşdüm, amma Moskva aeroportunda onları İskəndərə verməli oldum.

Kori-aca gedəcəyimiz ölkələrdə hədiyyə eləmək üçün Quranın Daşkənddə çıxmış nüsxələrini, məscid, mədrəsə və ölkələrimizin müsəlman tarixinə dair digər tikililərin şəkillərindən ibarət albomlar götürmüşdü.

Hər albom az qala on kilodan çox idi. Məlum olanda ki, bizim ümumi yükümüz icazə verilən normaları aşır, Kori-aca əmr elədi ki, vacibliyi birinci dərəcədə olmayan şəxsi əşyalarımızı götürməyək. Biz də belə eləməli olduq.

Allah bilir, niyə, amma səhərdən dilimin ucunda bu sətirlər fırlanır:

"Bizim ulu babamız cənnət təamlarını iki buğda dənəsinə dəyişdi..."

Nə qədər çalışsam da, şeirin ikinci sətrini yadıma sala bilmirəm. Görünür, şair bəşəriyyətin atası, Adəm atanın şeytana uyub, qadağan olunmuş buğdanı yeməsindən və nəticə olaraq da, cənnətdən qovulmasından söz açırdı.

Qeyri-ixtiyari halda bu sətri öz-özümə təkrar edə-edə özüm də fərqinə varmadan oxumağa başladım. Beləcə, oxuyaraq, Nilin gecə mənzərəsinə, sahil işıqlarının qırılmayan zəncirinə, o biri sahilə baxırdım.

Aradabir Nilin üzərindən parlaq işıqları olan sərnişin gəmiləri keçirdi, ya da hansısa kater barja dartırdı.

Bu vaxt bizim otel-gəmimiz uşaq beşiyi kimi yırğalanırdı. Dalğalar otelin bortuna çırpılaraq, sahil daşlarına səpilir, ətrafa süd kimi ilıq su damlaları sıçrayırdı.

Addım səsləri eşidib, qanrıldım. Molla Urək-aca idi gələn.

- Doxtur-can, sizi nə qədər axtarmışam! Lap əldən-ayaqdan düşdüm!

- Bağışlayın, yuxarı göyərtədə olacığımı sizə deməmişəm.

- Kxe! Elə bilirdiniz, yuxarı göyərtədə məndən qaçıb, canınızı qurtara biləcəksiniz? Yox, mənim gözəl qardaşım, istəyirsiniz, göyə çıxın, ayaqlarınızdan yapışıb, ordan sizi aşağı dartaram, yerə girsəniz, ordan dartıb çıxararam. Ha-ha-ha! Bağışla, ağa, gülmək qəfil tutudu məni.

- Molla-aca, narahat olmayın, göyə qalxmaq üçün mən kifayət qədər müqəddəs adam deyiləm, yerə girmək üçün də o qədər günah işləməmişəm.

- Siz elə hey zarafat edirsiniz, neynək, ixtiyar sizindi. Deməli, həkimlərin də arasında zarafatcıl adamlar varmış. Oh-ho-ho, mənim gözəl qardaşım, gəlin yaxşısı budur, qızılı işləməli bolqar siqaretlərindən tüstülədək. Rahmət, rahmat (sağ olun). İki-üç dənə də mən özümnən götürüm ki, gecə sizi narahat eləməyim.

(ardı var)

(5-ci hissə)

Sovet ittifaqından olduğumu biləndə, oğlanlar elə ifadəyəgəlməz bir qara-qışqırıq qopardılar ki, bankın girişindəki polis nəfərlərinə qorxa-qorxa baxmalı oldum.

Balaca şüşə çərçivəçi məni balaca taburetə otuzdurub, öz "var-dövlətini" göstərməyə başladı - klassik hind və ingilis dramlarından və operalarından ayrıca səhnələri canlandıran rəngli qravürləri.

- Kvays, kvays (Yaxşıdı - ərəbcə.) - deyirdim. - Bərəkəllah, afərin.

Ərəb sözlərini eşidəndə, oğlanlar bayaqkından da betər həyacanlandılar və sevinclə qışqırmağa başladılar. Bəli, uşaqların həyat təcrübəsi olmasa da, onlar həqiqətin ən həssas güzgüsüdürlər.

Dünyada elə dövlətlər var ki, onların nümayəndələri kasıb ölkələrin qarşısında ya öz gücü, ya da varidatı ilə fəxr edir, öyünürlər. Amma ən sadə oğlan uşağı da bunu hiss edər.

Elə adama heç bir oğlan uşağı ucuz sabun bağışlamaq istəməz, ya da hörmət əlaməti olaraq, ayaqqabılarını parlatmağı təklif eləməzlər.

Bu Xartum bazarının sıralarında gördüyüm diqqət və sevgi yaddaşımda həmişəlik qalacaq. Sizin sadiq nökərinizin sovet adamı olması əvvəl qəssab dükanlarına, sonra ildırım sürəti ilə bütün bazara yayıldı.

Tacirlər, alıcılar məni üzük qaşı kimi dövrəyə alıb, suallar yağdırırdılar. Elə o dəqiqə də hardansa dilmanc peyda olurdu.

İki dəqiqə də keçmirdi ki, hansısa tüccar qolumdan çəkib, "sufitiy, marhaban" sözləri ilə öz köşkünün qarşısında taburetdə oturdurdu. Məni kətilə otuzdurub, izdihama deyirdilər ki, bir az kənara çəkilsinlər, qonağın havasını kəsməsinlər.

Kimsə bir fincan ətirli, qaynar çay uzadır, kimsə əlimə buzlu su stəkanı tutuzdurur, kimi təmizlənmiş portağal, banan gətirirdi.

Biri isə nəhəng bir qarpızı kəsərək, dedi ki, bircə dilim də olsa, yeməsəm, məndən inciyəcək.

Özümə gəlməmişdim ki, bir kəndli əlimdən tutub, məni öz piştaxtasının yanına apardı, kətildə otuzdurdu və dükanda olan hər şeyə qonaq elədi.

Mən yağ tacirinin qonağı olanda, alıcılardan biri xahiş elədi ki, yağı sovet həkimi ölçüb onun qabına töksün.

Əl tərəzisində, boranıdan düzəldilmə parçda yarım hukka (bəzi ərəb ölkələrində min iki yüz qırx qram - bir hukkadır) yağ çəkib, alıcının şüşəsinə tökdüm. Alıcı ifadəyəgəlməz dərəcədə sevindi.

Suallara cavab verə-verə danışırdım ki, SSRİ-də təhsil, xəstəxana pulsuzdur, gənclərin çoxu institutlarda, universitetlərdə oxuyur.

Orta Asiya ölkələrindən danışırdım. Dinləyicilərin üzündə gah heyrət, gah da təqdir ifadəsi peyda olurdu. Bir çoxları susub, fikirli halda dayanmışdılar.

Günorta namazının vaxtı çatırdı. Kori-acanın tapşırığını yadıma salaraq, qonaqpərvər dükan sahibləri ilə sağollaşdım.

Onlar da dükanlarını, köşklərini, piştaxtalarını qoyub gəlmişdilər və öz mallarının yanına, bəziləri isə dəstamaz yerlərinə və məscidlərə tələsdilər.

AY ALLAH, BU DA BİZ!

Yol yoldaşlarım günorta namazlarını qılıb, məndən əvvəl otelə qayıdaraq, "Qrand-otel"in artırmasında oturmuşdular.

Molla Urək-aca görünür, təkcə naharı deyil, həm də siqaret çəkməyi gözləyirmiş. Görünür, mənim onlarla birlikdə getməməyimdən məyus olan təkcə o imiş.

İsrafil xəbər verdi ki, bu gün təyyarə çətin tapıla, amma sabah, inşallah, bizə uçmağa bir şey verəcəklər.

Restoran xidmətçiləri bizi yeməyə dəvət elədilər. Onlar bütün sudanlılar kimi geyinir, amma bellərinə qurşaq bağlayırlar.

Sadə ofisiantlar yaşıl qurşaq bağlayır, rütbələri yüksək olanlar isə qırmızı qurşaq.

Bizi dadlı şorbalara, qızarmış ətə, bifştekslərə, meyvə və meyvə sularına qonaq elədilər. Amma çörək yaman az idi, hərənin boşqabının yanına balaca, ağ və demək olar ki, duzsuz bir bulka qoyulmuşdu. Normal iştahı olan adamın bu bulka dişinin dibində qalar.

Restoranın bufetindən kibrit aldım. Taksidən düşəndən sonra üstümdə qalan mis pullar belə ehtiyaclara yarayırdı.

Avropalı qonaqların gələşə şərəfinə bufetdə spirtli içkilər satırdılar, amma qiymətləri od tutub yanırdı! Bir şüşə rom almaq istəsən, gərək bir qoyunun pulunu gözdən çıxardasan.

Dövlət qəsdən spirtli içkilərin vergilərini kəllə-çarxa çıxarır ki, alkoqol alverçilərinin qaynar bazırını bir az ipə-sapa gətirsin.

İsrafil foyenin bir küncündə məni gözləyirdi.

- Ayda, - ona dedim.

- Dayan, - o, qolumdan tutub saxladı. - O adama bax.

Yüngül ağ pencəkli kişi yumşaq kürsülərin birinə yayxanıb oturmuşdu. Tüklü ayaqlarını qarşısındakı masanın üstünə aşırmışdı. Yanından xeyli adam ötüb keçdiyinə baxmayaraq, kişi heç kimə nəzər salmırdı.

- Gəl, mərc gələk ki, bu adamın hardan gəldiyini bilirəm, - İsrafilə dedim.

- Avam deyiləm ki, onsuz da özüm bilirəm, - o alt dodağını uzadaraq, etiraz elədi. - Qəribə adamlardı...

Belə bir mənzərəni mən əvvəllər də müşahidə eləmişdim. Bir dəfə Moskvaya geləndə, İskəndərlə biz "Ukrayna" mehmanxanasında dayandıq.

Orda xeyli əcnəbi, o cümlədən də Mərkəzi İttifaqın qurultayına gələnlər vardı. Axşam, nömrəmizdən çıxıb, liftə tərəf gedəndə yumşaq kürsülərdən birinə yayxanmış, yaxşı geyimli bir adam gördük.

O, kürsünün dərinliyinə yayxanarıq, ayaqlarını qarşısındakı masanın üstünə aşırmış və Aeroflotun, xarici hava şirkətlərinin broşurlərinə baxırdı.

Bilmirəm, ayaqları masanın üstünə qoymaq Amerikada qəbul olunmuş haldırmı, yoxsa bunu ancaq bəzi adamlar özlərinə rəva bilirlər.

Hər necə olursa olsun, bu hərəkət mənə olduqca çirkin göründü, mənə elə gəldi ki, o ayağını üstü çörəkli dəstərxanın (yemək yeyilən süfrə) ustünə qoyub.

İskəndər qaşlarını çatdı.

- Dayan, mən bu adama bir-iki söz deycəəm.

Bunu deyib, o əcnəbiyə sarı yönəldi.

- Bağışlayın. - İskəndər özünü təqdim elədi: - Mən həkiməm.

Belə qəfil tanışlıqdan təccüblənən əcnəbi qaşlarını qaldırdı, alnını qırışdırdı, bir müddət İskəndəri süzəndən sonra sanki nəsə xatırlamış kimi, gülümsəyib dedi:

- O'key, doktor! Oturun. Sizinlə tanış olmağıma çox şadam.

- Təşəkkür edirəm, siz çox lütfkarsınız, - İskəndər sözünə davam elədi, - təəssüf ki, mənim vaxtım yoxdur. Bunu inciklik kimi qəbul eləməyin, cənab, amma sizə bir məsləhət vermək istəyirəm...

Mən qıraqda dayanıb, onların söhbətinə qulaq asırdım. Əcnəbi, sözsuz ki, yoldaşımın nə deyəcəyini hiss eləmişdi, amma oturuşunu dəyişmədən, kinayə ilə İskəndərə baxırdı.

Ürəyimin dərinliyində dostuma görə, onun nəsə naqolay bir şey deyəcəyinə görə qorxurdum, amma onun əcnəbinin dərsini verməsi həm də xoşuma gəlirdi.

- Ola bilər ki, - İskəndər dedi, - sizin mənim məsləhətimə heç bir ehtiyacınız yoxdur, yəqin özünüz də bilirsiniz ki, insan orqanizmi elə qurulub ki, bədənin ən üst hissəsinə ən təmiz qan gedir. Sizsə, elə bir pozada oturmusunuz ki, təmiz qan sizin ancaq ayaqlarınıza vurur.... yəni demək istəyirəm ki, indi sizin ayaqlarınızın hüceyrələrəi başınınız hüceyrələrindən yaxşı işləyir.

Əcnəbinin üzündəki yekəxana və kinayəli təbəssüm yoxa çıxdı. O qıpqırmızı qızardı, amma özünü tez ələ alıb güldü, ayağa qalxıb, əlini İskəndərin çiyninə vuraraq dedi ki, afərin doktor, bir-sıfır sizin xeyrinizə.

Sonra cibindən vizit kağızı çıxartdı, arxasına qaldığı otel nömrəsini yazıb, İskəndərə uzatdı və otağına dəvət elədi. Bir-birilərinə dəfələrlə "O'key" və "ol rayt" deyəndən sonra aralandılar.

Liftə minəndə İskəndərdən soruşdum:

- Sən bu təmiz və natəmiz qan barədəki cəfəngiyyatı hansı orta əsrlər dərsliyindən oxumusan?

- Əlahəzrət Təbiət adama beyni ona görə verib ki, adam heç olmasa, aradabir ondan istifadə eləsin, - dostum dedi.

Onda mən ilk dəfə "ayağı masanın üstünə qoymaq" ənənəsi ilə qarşılaşmışdım. İndi, burda, Xartum otelindəki adam da ayaqlarını masanın üstünə qoymaqla haralı olduğunu büruzə vermişdi.

Yol yoldaşlarımız gəminin üst göyərtəsində yığışıb, söhbət edirdilər. Öhdəliklərimi yadıma salıb, hamısına tapşırdım ki, çiy su içməsinlər və yuyulmamış meyvə yeməsinlər. Onlar susqun bir razılıqla məni dinləyib, başlarını təsdiq əlaməti olaraq, tərpətdilər. Biri məndən soruşdu:

- Həkim, günorta niyə bizimlə gəlmədiniz?

Xətirlərinə dəyəcək bir şey deməmək üçün, susdum.

Başqası da söhbətə qarışdı:

- Cəmiyyətdən aralı düşmək elə də yaxşı iş deyil.

Hövsələm daşmasaydı, bu adam hələ mənə çox ədəb-ərkan dərsi keçə bilərdi. Onun sözünü kəsərək dedim ki, mən cəmiyyətdən aralanmamışam, əksinə, cəmiyyət məni burada tək qoyub, aradan çıxmışdı.

Bu vaxt Əlləzər-kori nəfəsi kəsilə-kəsilə qaçaraq, bizə çatıb, dedi:

- Bilirsiniz, burada neçə dərəcə isti var? Yüz iyirmi!

Hamı həyacanla qışqırdı.

- Doğrudan?!

- Ola bilməz!

- Kori, bunu özünüz gördünüz, yoxsa kimsə sizə deyib?

- İlahi, mərhəmətli Allah, bəyəm insan müqəddəs Həcc yolunda yalan danışa bilərmi?! Əlbəttə, öz gözlərimlə görmüşəm!

Əllənəzər-kori düz deyirdi. Sadəcə o bilmirdi ki, gəminin girəcəyindəki termometr Farenqeyt şkalası üzrə göstərir. Selsiyə görə isə, cəmi otuz doqquz dərəcə isti vardı.

Amma mən heç nə demədim. Qoy düşünsünlər ki, Allahın evinə gedən yolda izahagəlməz oddan-alovdan keçib, işkəncələr yaşayıblar.

Xəzinədar kayutdan bir kitab çıxartdı, bu, zəvvarın səfər kitabçası imiş - həcc qanun-qaydaları haqda məlumat kitabı.

Hələ Moskvada olanda Kori-Ağa bizə bu qaydalardan danışmışdı. İndi onun tapşırığı ilə, təcrübəli bir hacı bizimlə bu söhbəti aparmalı idi.

- İnşallah, təyyarənin hazır oluğunu eşidən kimi, biz o dəqiqə yuyunmalı və ehramlarımızı geyinməliyik.

Ehram - zəvvar paltarıdır. İki metrlik ağ bezi qurşağa sarıyırlar. O biri parçanı sol çiyindən sağ qoltuğun altına salır və bununla da bədənin üst tərəfini örtürlər.

Ayaqlara iynə dəyməmiş məstləri geyinirlər. Ehramlarımızı geyinəndə biz hündürdən bu sözləri deməli idik:

Ləbbeyka, Allahümmə, ləbbeyk!

La şərihə ləkə, ləbbeyk!

İnna-l-həmdə va-n-ni mətə və-l-mülk.

La şərihə ləkə!

(Biz sənin hüzuruna gəlmişik, ey Allah, sənin qarşındayıq. Sən təksən, sənin yoldaşın yoxdur. Biz sənin qarşındayıq. Ancaq sən tərifə, duaya layiqsən. Sən təksən, sənin şərikin yoxdur.)

Bu ayəni əzbər bilmək lazım idi, çünki təkcə ehramlarımzı geyinəndə deyil, bütün həcc səfəri boyunca biz bu ayəni dəfələrlə təkrar etməli idik.

Biz müqəddəs torpağa ayaq qoyan kimi, inşallah, o dəqiqə mübarək Məkkəyə üz tutacaqdıq və Allahın Kəbəsinə çatıb, təvəf edəcəkdik, yəni müqəddəs Kəbənin başına dolanıb, Zəmzəm quyusundan müqəddəs su içəcəkdik.

Sonra hündür, qədəmlərində heç olmasa, bir gün keçrməyin müstəcəb olduğu Ərəfat təpəsinə yürüş edəcəkdik.

Daha bir günümüzü də biz elə Ərəfət qədər mübarək bir dağın, Müzdalif dağının dibində keçirməli idik. Üç sutka da inşallah, ibadətlərə, qürbangətirməyə və şeytan daşlamağa gedəcəkdi.

Bundan sonra biz mübarək Məkkəyə qayıdacaq, bir müddət Kəbənin başına dolanacaq, yenə müqəddəs Zəmzəm suyundan içəcək, bundan sonra da, inşallah, Mədinəyə gedib, sonuncu peyğəmbərin nəşinin uyuduğu yeri ziyarət edəcəkdik.

Bir sözlə, Ərəbistanın şəhər və bölgələri barədə danışanda biz gərək lazımi sifətlərdən istifadə edək.

Məsələn, Hicazın dənizi və hava limanını, Ciddə şəhərini gərək "hörmətli Ciddə" adlandırasan, Məkkəyə "müqəddəs", Mədinəyə "nurlu" deməlisən.

Müsəlman etikası bunu tələb edir. Nə etməli, əgər bizim təriflər bu yerlərə avtoritet artırısa, biz hazırıq.

Həcc barədə intsrkusiyalar bitdi. Rahat söhbət başladı. Korilərdən biri peyğəmbərimizin nadir özəlliklərindən danışmağa başladı.

Tanrı elçisi olduqca xeyirxah imiş. Bir dəfə o, əsabələri ilə söhbət edəndə bir pişik gəlib, onu9n xələtinin ətəyində uzanır. Tanrı sevimlisi ayağa qalxmaq istəyəndə, pişiyin yuxusuna haram qatmamaq üçün xələtinin ətəyini kəsir və ayağa qalxır.

Bu söhbət məni heyrətləndirdi. Əlbəttə, tanrı elçisinin bu hərəkəti təqdirəlayiq hal idi, amma insafla danışsaq, peyğəmbər insan övlaldlarına bu qədər mərhəmət əta etsəydi, İslamın yayıldığı illərdə neçə minlərlə insanın başları çiyinləri üzərində qalardı.

Sonralar dörd xəlifənin, peyğəmbərin dörd davamçısının - (Əbu-Bəkra, Ömər, Osman və Əli. Dörd, "həqiqi" hesab edilən və ərəb fatehlərinin yeni dövləti olan xilafəti idarə edən xəlifələr) - dövründə də yüzlərlə şəhər və abad qışlaqlar xarabazarlıqlara, bayquş yuvalarına çevrilməzdi.

Bəlkə onda islamı o dəqiqə qəbul eləməyən sadə insanların balaları beşiklərində ya da analarının isti qucaqlarında "ədalət qılıncı" ilə doğranmazdı.

Amma xoşagəlməzliyi ya da sevgini müzakirə eləmək yaxşı hərəkət deyil. İnsanlar müxtəlif olur. Kimi pişik sevir, kiminin meyli itlərə və ya atlaradı, kimi də insan sevgisinə üstünlük verir. Atalar sözündə deyildiyi kimi, ürək Zeynəbindi, qoy kimi istəyir, seçsin.

Təssüf ki, bunları düşündüyüm müddətdə xeyli sayda lazımi məlumatı diqqətdən qaçırmışam.

Amma hər halda pişiyin imtiyazlı heyvan olduğunu eşitmiş oldum. Peyğəmbərlərdən kimsə onun kürəyini sığallayıb, o da buna görə müqəddəs heyvan olub: onu lap minarənin başından yerə tullasan da, o yerə dörd pəncəsi üstündə düşəcək.

Mənsə, avam adam, bu keyfiyyətə görə pişiyin məhz hansı peyğəmbərə minnətdar olduğunu ötürdüm.

(davamı var)

(4-cü hissə)

Xoş gəlmisiniz, sovet adamı!

Dünən biz çox gec qayıtdıq. "Qrand-otel"in restoranında bizdən başqa heç kim yox idi.

Bu səhər bizi otelin üç restoranından keçirib, binanın ən dərinində yerləşən dördüncü restorana ötürdülər. Restoran müştəriləri bizə tərəf tərs-tərs, sınayıcı nəzərlərlə baxırdılar.

Əcnəbilərin oturduğu masaların arası ilə ayaq barmaqlarımızın ucunda yeriyirdik.

Çoxumuz aramla, ləyaqət hissi ilə, sanki parkda gəzişirmiş kimi yeriyirdik, bircə Əllənəzər-kori yeriyərkən burnunu qurdalayırdı.

Düşündüm, allah eləməsin, bircə burdakılardan biri elə bilər ki, bütün Sovet adamları belə olur. Yox əşi, dəli olmayıblar ki, hamı barədə belə fikriləşsinlər! Onlar başa düşməlidirlər ki, bu adam heç də Sovet insanının siması deyil.

Qonşu sənətkarlar Sovet adamına baxmağa gəlmişdilər. Çay gətirən oğlan avropasayağı geyinmiş bir adam gətirdi. Bu adam bizim aramızda tərcüməçilik edəcəkdi.

Səhər yeməyindən sonra Kori-aca bizə şəhərdə gəzməyə icazə verdi.

Amma məsləhət gördü ki, günorta namazına hamı oteldə olsun, çünki, ola bilər, bizə təyyarə versinlər və Ərəbistana uçaq.

Bundan başqa, Kori-aca bizdən xahiş elədi ki, hamımız birlikdə gəzək, birdən Allah eləməmiş, başımıza nəsə gələr.

Eşitmişdim ki, xaricdə bizim soydaşlarımızın başına müxtəlif şeylər gəlir. Deyilənə görə, onları oğurlayıb, ələ keçirib, vətənlərindən imtina etməyə vadar edirlər.

Bilmirəm, hansı ildə olmuşdu, "çankayşi"lər bizim "Tuapse" tankerimizi ələ keçirib, iki ay dənizçilərimizə işgəncə vermişdilər ki, vətənlərindən imtina eləsinlər.

Hm, dünyada qəribə insanlar var. Bir-iki nəfərin hərəkətlərinə görə hamını qaralayırlar. Ağlı başında olan hansı adam vətənindən imtina edər?! Sənin vətənin yoxdursa, bəs, nəyin var?! Vətənin yoxdursa, ailə, ev, iş sahibi olmağın nə mənası var?

Kori-ağanın məsələhətlərinə baxmayaraq, kayutumda fotoaparat axtardığım müddətdə bizim zəvvarlar məni qoyub, aradan çıxdılar. İsrafil tərcüməçini də götürüb, hələ hamıdan əvvəl, aeroporta, işləri sahmana salmağa getmişdi.

O, burda olsaydı, məni tək qoyub, getməzdi. Bəlkə də onlar adamları sayanda səhv eləmiş və mənim yanlarında olmadığımı hiss etməmişdilər. Nə bilmək olar, bəlkə də İslam alimləri üçün mənim onların yanlarında olub-olmamağımın heç bir fərqi yox idi.

Eybi yoxdur. Sözün açığı, sürü şəklində gəzməyi sevmirəm. O ki qaldı xoşagəlməz ehtimallara, bunların hamısı adamın özündən asılıdır. Həm də ki, belə hallar o ölkələrdə baş verir ki, oralarda bizi sevmirlər.

Uzaqbaşı, nəsə baş versə, özüm öhdəsindən gələrəm, axı mən ağlı başında olan adamam və öz hayıma qalmağa gücüm çatar.

Nilin sahili çox gözəldir və sıx ağacların kölgəsi buraları sərinlədir. İki kilometr gedəndən sonra mən bəxtəbəxt sağa buruldum.

Xartum keçmişdə müstəqil olmuş üç şəhərdən ibarətdir: Omdurman, Xartum və Şimali Xartum. Mən şəhərin yeni hissəsi hesab olunan Şimali Xartumda gəzişirdim.

Yanımdan ötənlərin paltarları ağ uzun köynəkdən, çalma və yüngül məstlərdən ibarətdir. Ağ köynəklər topuqlara qədər çatsa da, adamlar bu paltarda rahat velosiped sürürlər. Çalma bizimkilərdəki kimi sarınmır, nazik parça zolağı ilə bərkidilir.

Dövlət adamları avropasayağı paltarlar geyinirlər. Sudan ərəblərini tanımaq asandır.

Qadın və kişilərin yanaqlarında və ya alınlarında hansısa qəbiləyə və ya nəslə aid olduqları barədə işarələr - bıçaqla kəsilmiş yarımdairələr, düz və ya əyri xətlər var.

Görünür, bu kəsikləri hələ uşaqkən edirlər və illər keçdikcə kəsiklər soyuq silahdan qalan yaraların qaysaqlamış qalıqlarına oxşayır.

Adam yad yerdə olanda özünü ömründə birinci dəfə şəhərə düşmüş kəndçi balası kimi hiss edir. Bir elandan gözünü ayırıb, o birisinə, bir binadan gözünü çəkib, o birinə baxırsan.

Düz asfaltın üstündə belə yazılar var. Oxuyuram və başa düşürəm. Axı bizim tacik dilində də çoxlu ərəb sözləri var. Elə tacik-fars dilindən də əsrlər boyu ərəb dilinə nə qədər söz keçib.

Gəlib çıxdım alver sıralarına. Bizim qədim şəhərlərdə olduğu kimi, küçənin hər iki tərəfi ilə köşklər, ərzaq piştaxtaları, sənətkar emalatxanaları uzanırdı.

Köşklərdən birində dərman satırdılar. Qiymətləri bizdəkinə nisbətən çox baha idi.

Dəftarxana ləvazimatları satılan köşkün sahibi mənə nəsə dedi, amma danışığını başa düşə bilmədiim.

Satıcının üzündə məyusluq ifadəsi peyda oldu. Bir neçə dəqiqə susub bir-birimizə baxdıq.

- Farsi? (farsca: "Farsca danışa bilirsiniz?")

- La. (ərəbcə: "Yox") - cavab belə oldu.

- Türki?

- La.

- İnqlizi? (ingiliscə)

- La, - o, burnunu qırışdırdı.

- Nə etməli? - rusca dedim və buna özüm də güldüm. - Rusi? - bu dəfə heç bir ümidim olmadan, soruşdum.

- Eyvah, rusi, rusi! Biladi Rusiyə, əl-itti-xadas-sufiitiy? (Hə, Rusiya, Sovet İttifaqı) - qəfildən o, üyüdüb tökməyə başladı.

- Hə, biladi Rusiyə. Mən Sovetdənəm - sufiitiy!

- Maşalla, maşalla! Əl-həmdulilla (Allaha şükür, sizi allah göndərib!) Sufiitiy, marhaban ("Xoş gəlmisən", ərəbcə) - satıcı bunu deyib, əlimdən tutaraq, məni köşkünün içərisinə saldı və içəriyə tərəf qışqırdı:

- Əbdülməcid!

Bir dəqiqə sonra saqqalı təzə çıxmış yeniyetmə bir oğlan bizə sinidə çay və şəkər gətirdi. Söhbətimiz üz ifadələri, hər bir savadlı tacikin bildiyi ərəb kəlmələrindən ibarət idi.

Nəhayət, mən sağollaşıb çıxmaq istəyəndə satıcı etirazlarıma baxmayaraq, mənə qalın bir dəftər və rəngli karandaş bağışladı. Mən də ona sülh simvolu - göyərçin şəkilli yaxa nişanı bağışladım.

Sənətkarların sıralarından keçdiyim zaman diqqətimi nazik çubuqlardan ciddi-cəhdlə və səliqəylə kürsünün kürəyini toxuyan usta köməkçisi çəkdi.

Ona baxaraq, özümdən asılı olmadan, emalatxananın qarşısında dayandım. Emalataxananın içində başqa iki nəfər gözəl səbətlər toxuyurdu.

İç qapıdan emalatxanaya bir adam girdi, paltarından buraların sahibi olduğu hiss olunurdu.

Adam mənə yaxınlaşdı. Salamlaşdıq. O salamlaşanda xoş üz göstərdi, üzümə gülümsədi. O, qarşısındakı adamın xarici olduğunu başa düşürdü və hardan olduğumu soruşdu.

Qarşılarındakı adamın sovetlərdən gəldiyini eşidəndə hamı əlini işdən çəkdi.

Bir müddət məni təpədən-dırnağa suzdulər, elə mehriban bir maraqla baxırdılar ki, elə bil, mən göydən düşmüşdüm. Kimsə dükanın ortasına bir kətil qoyub, oturmağımı təklif elədi.

- Çay? Kahva? Kukola? - dükan sahibi içkiləri sadalayaraq, qonağının hansını istədiyilə maraqlandı. "Kukola" da yəqin ki, "Koka-Kola"nın ərəbcə tələffüzü idi.

- La, la, - etiraz elədim. - Şükran, təşəkkür edirəm. Amma etirazlarıma baxmayaraq, hardansa bir sinidə çay və qəhvə fincanları peyda oldu.

Bir neçə dəqiqə keçmişdi ki, dükana qonşu emalatxanalardan adamlar doluşdu.

Qonşu sənətkarlar Sovet adamına baxmağa gəlmişdilər. Çay gətirən oğlan avropasayağı geyinmiş bir adam gətirdi. Bu adam bizim aramızda tərcüməçilik edəcəkdi.

Məndən əslən haralı olduğumu, Yuri Qaqarinin səhhətini, adımı, arvad-uşağımın olub-olmamasını, bizdə həkimlərin nə qədər pul qazandığını, dəstəmizdə nə qədər zəvvarın olduğunu soruşurdular.

Yaşlı adamlar bazarlar, məscidlər, cavanlar isə məktəb, təhsil, iqlim, bir də əlbəttə ki, bizim kosmonavtlar barədə suallar verirdilər.

Sovet İttifaqında din azadlığının və dini müəssisələrin olması bəzilərini sevindirir, bəzilərini isə təəccübləndirirdi.

Yarım saat söhbətdən sonra mən ən çətin əməliyyatdan çıxmış cərrah kimi yorulmuşdum. Yaddaş saxlancımın ən dərinliklərindəki sözləri gcülə tapmaq, onsuz da pis bildiyim dildə danışmaq elə də asan deyildi. Könüllü dilmanc da elə mənim günümdə idi.

Sağollaşaraq, dedim ki, yoluma davam etmək istəyirəm, amma qonşu dərzi məni zorla öz dərzixanasına dartdı. Bu səfərə qədər mən bildiyim xarici dillərdən arxayın idim.

Axı mən neçə il orta məktəbdə, daha sonra da ali məktəbdə ingilis dilini öyrənmişdim. Amma indi, linqvistik bacarığımın imtahanından sonra, qan-tərə batmış halda, mənim özümə inamım çat verdi.

Bir də yadıma salırdım ki, dünyada bir ayın ərzində yeni dil öyrənib, o dildə oxuyub, danışıb-yaza bilən insanlar var və bu da mənim izzəti-nəfsimi bir az da yaralayırdı.

Bununla belə, mən şəhərdə gəzməyə çıxdığım üçün çox şad idim: ağlıma da gəlməzdi ki, sadə sovet insanı ilə görüş buraların insanları üçün belə həyacanlı bir hadisə ola bilər.

Etiraf edim ki, bu qədər adamın yanında diqqət mərkəzində olmaq, olduqca xoşdur.

Bir də bunu anladım ki, niyə əxlaqlı, hətta olduqca müdrik insanlar özlərinin şəxsiyyət kultuna qarşı uzun müddət dayana bilmirlər. Nəfəsimi dərib, gəzməyə davam elədim.

Bəxtəbəxt addımladım və bir neçə küçəyə bağlanmış geniş meydana çıxdım. Meydanda üçbucaq bir bina ucalırdı ki, onun Sudanın milli bankı olduğu məlum oldu.

Uzun artırmanın altında bir sıra oğlan uşaqları oturmuşdu. Biri yoldan ötənlərin ayaqqabısını təmizləyir, biri kağızın üstünə sabun düzüb yolçuları çağırır, başqa biri hansısa şəklin şüşə çərçivəsini çəkirdi ki, onu divardan asmaq mümkün olsun.

Gənc alverçi sirayətedici bir səslə çığırırdı: "Sabun! Sabun!" Məni görəndə, tez iki parça iri sabunu uzatdı.

İşarə elədim ki, sabuna ehtiyacım yoxdur. "Onda şəklimi çək" - oğlan da əl işarələri ilə məni başa saldı və sabunu qəlibinin içinə qoydu (İraq sabunu konusşəkillidir).

Sonra boyhaboy dartınıb, hazırlaşdı. Onun xətrinə dəyməmək üçün şəklini çəkdim...

(ardı var)

Müəllif: Fəzliddin Mühəmmədiyev

Tacik dilindən rus dilinə tərcümə: Yuriy Smirnov

Rus dilindən Azərbaycan dilinə tərcümə: Günel Mövlud

"İRFON" Nəşriyyatı

Düşənbə: 1970

O dünyaya səyahət və ya Böyük Həcc hekayəti

17+1

(3-cü hissə)

Başqa vaxt bəlkə də onlarla məscidə gedərdim, amma indi nə qədər eləsəm də, özüümü məcbur edə bilmədim.

Mən partiya üzvü deyiləm, namaz qılsam, buna görə heç kim mənə heç nə deməz. Qohumlardan, ya tanışlardan kimsə öləndə, dəfndən sonra birinci həftəni və qırx günü ölən adamın evində müştərək dua və ibadət məclisləri qurulur.

Hərçənd, mən əminəm ki, ruhun bədəndən çıxması, o dünya, cənnət və cəhənnəm boş söhbətlərdi, buna baxmayaraq, mən də onlarla birlikdə əllərimi yuxarı qaldırıram. Ağlım dərk eləsə də, əllərim ənənələrə tabe olur.

Balaca vaxtı mən iki, ya üç dəfə ilan öldürmüşəm. Kətmənlə, kərki ilə ilanı ikiyə böləndə, ilanın bədəninin hissələri hələ də hərəkət edir. Adamın içini ikrah və nifrət hissi doldurur və sən ilanı beş, on, iyirmi, qırx yerə bölürsən, amma o qırx hissə belə yenə hərəkət etməyə davam edir.

Adama elə gəlir ki, bu halında belə, ilan sənə meydan oxuyur, səni ölümlə təhdid edir.

Xalq arasında nahaq yerə demirlər ki, öküz ölsə də, onun gözlərinin dəhşətli ifadəsi heç vaxt ölmür.

Zəvvarlar məscidə aparan dar küçəyə buruldular. Hündür minarələr imkan verirdi ki, məscidi uzaqdan görə biləsən, buna görə də, məscidi tapmaq çətin olmadı.

Mən onlardan ayrılıb, irəli addımladım və bazara çatdım. Deyəsən, aprel ayı burada yayın cırhacırı idi.

Bazar qırpız-yemiş, banan və portağal, alma-armud, nə adını, nə də dadını bilmədiyim yerli meyvələrlə dolu idi.

Al-verçilər mallarını arakəsmələrlə bir-birindən ayrılan və mazut lampaları ilə işıqlanan köşklərdə, uzun piştaxtaların üstünə düzmüşdülər.

Bir kənarda yanında bir balaca oğlanla oturan qadın, dəmir əl sobasının üstündə qəhvə bişirirdi.

Bir az da aralıda cavan bir adam belə sobanın üstündə, iri bir tavada nəsə qatı, unlu bir məhlul bişirirdi. Müştərilər elə yerdəncə oturub, şam edirdilər.

Mənim ölkəmdə belə səhnələri otuzuncu illərin sonunda görmək olardı. Sovet hakimiyyəti hələ gənc idi, Orta Asiyada isə lap gənc idi.

Hakimiyyət istehsalı, xalqa göstərilən iaşə xidmətlərini tam öz əlinə alana qədər, hər axşam bizim meydançalarda yemək ayinləri başlayırdı.

"Sonra yerdə oturub yemək ayinləri yoxa çıxdı, insanlar təmiz, səliqəli yeməkxanalara öyrəşdilər."

Qadınlar, qocalar və qarılar vedrənin içində düzəltdikləri odun üstündə içliyi az qala təkcə soğandan ibarət mantı bişirir, noxud qaynadırdılar.

Qışlaqlardan gələnlər tək-tək, iki-iki bu meydandakı karvansaraya gəlir, özlərinə bir yemək alır, yerdəcə bardaş qurub, yeyirdilər.

​Sonra da çıxıb öz iş-güclərinin dalınca gedir, daha sonra karvansaraya qayıdırdılar.

Sonralar yerdə oturub yemək ayinləri yoxa çıxdı, insanlar təmiz, səliqəli yeməkxanalara öyrəşdilər.

Amma müharibə vaxtı meydançalarda təzədən o dəmir sobalar, od dolu vedrələr, küçələrdəki plov al-verçiləri, yeməyə yağı ancaq simvolik töküb, dad və doyumluluq hissini ancaq ədviyyatların köməyi ilə verən küçə al-verçiləri peyda oldu.

Yəqin ki, sudanlıların da küçədəki yemək ayinləri ötəri mənzərə idi. Onların açıq üzlərinə, zəhmətdən qabar bağlamış əllərinə baxanda görürsən ki, onlar özlərinə verilmiş azadlıqdan hələ təzə-təzə istifadə eləməyə başlayıblar.

Səfər yoldaşlarım məsciddən çıxmışdı, mən onlara çatmağa tələsdim. Köşklərin, dükanların çoxu bu gün bağlı idi.

Müsəlman tacirlər və sənətkarlar cümə günləri işləmirlər. Təkəm-seyrək açıq dükanlar yunanlara, ermənilərə və xristian dininin digər daşıyıcılarına məxsusdur.

Ərəbistan torpağına elə paltarda girməli idi ki, o paltar tikiş maşını, ya da iynə üzü görməsin.

Şəhərdə xeyli gəzəndən sonra axır ki, ayaqqabı dükanı tapdıq.

Xəzinədarımız hərəyə bir dəst rezin çust aldı, sonra dollarların bir qismini Sudan puluna çevirib, hərəyə üç funt cibxərcliyi verdi.

Xüsusi çustlar almaq elə-belə məsələ deyildi. Həcc ziyarətinin qaydalarına görə, hər bir zəvvar müqəddəs Ərəbistan torpağına elə paltarda girməli idi ki, o paltar tikiş maşını, ya da iynə üzü görməsin. Aldığımız çustlarda bir dənə də olsun, tikiş yox idi.

Uzun-uzadı yol yeriməkdən ayaqlarımız ağrıyırdı, həm də bərk ac idik, buna görə də, aramızdan kimsə deyəndə ki, taksi tutmaq lazımdır, hamı yekdilliklə razılaşdı.

Üç taksidə Qrand Otelə çatdıq. Cibimdən üç funtluq əskinası çıxarıb sürücüyə uzatdım. Sürücü mənə bir ovuc gümüş pul qaytardı.

İkinci taksinin yanında bir dəstə adam yığışmışdı. Bərk mübahisə gedirdi. Məndə çoxdan vərdişdi - harda görsəm bir dəstə yığışıb, ora tələsirəm. Allah eləməmiş, birdən nəsə baş verər, həkim köməyi lazım olar.

Məlum oldu ki, sürücü üçfuntluğu dəyişə bilmir. Araya girib soruşdum ki, burada nə baş verir. Sürücü əlimdəki gümüş pulları görüb sevindi. Bir dənə gümüş pul götürüb, bir ovuc mis pul qaytardı və biz aralaşdıq.

Küçənin o başında dayanan İsrafil soruşdu:

- Orda nə olmuşdu?

- Heç nə, hədis danışırdılar...

- Hədis? Küçənin ortasında?

- Hə, Molla Nəsrəddin barədə. Deyirlər, bir dəfə Molla yuxuda ikən eşidir ki, küçədə səs-küy var. Arvadı onu yuxudan oyadır.

Deyir ki, çıx, gör nə baş verib. Molla təzə xələtini çiyninə atıb küçəyə çıxır. Küçədən keçən bir dəstə oğru, qənimət aparırmış.

Oğrulardan biri bölgüdən narazı imiş. Mollanı görəndə oğrubaşı onun xələtini çiynindən qapıb narazı qalan oğruya verir.

Oğrular razılığa gəlirlər və hamısı məmnun halda çıxıb gedir. Molla isə evə qayıdır.

Avardı soruşur ki, küçədə nə baş vermişdi? Molla cavab verir ki, əşi, dava mənim xələtimin üstündəymiş.

(ardı var)

Müəllif: Fəzliddin Mühəmmədiyev

Tacik dilindən rus dilinə tərcümə: Yuriy Smirnov

Rus dilindən Azərbaycan dilinə tərcümə: Günel Mövlud

"İRFON" Nəşriyyatı

Düşənbə: 1970

O dünyaya səyahət və ya Böyük Həcc hekayəti

17+1

(2-ci hissə)

Düzünü desək, gözlənilməzliklər hələ öz torpağımızda olandan başlamışdı. İlk dəfə idi ki, aeroportda baqajımı yoxlayırdılar. Yanımda iki balaca çamadan vardı.

Birində paltar, siqaret, qənd və yaşıl çay, o birisində isə dərman və tibb ləvazimatları aparırdım. Gənc gömrükçü hər bağlamanı diqqətlə yoxlayırdı.

Bint və pambıq bükmələrini əlləşdirdi. Çamadandan hər iki siqaret blokunu çıxarıb, əlində samballadı. Qənd qutusunun ağzını cırdı və içində qənd görəndə, sanki, təccübləndi.

Mən səbirlə bu prosesə tamaşa edirdim. Hərçənd, bu yoxlamanın qaçılmaz olduğunu bilirdim, yenə də ürəyim çırpınırdı. Evdə nəsə itəndə adam necə naqolay hiss yaşayırsa, indi də belə bir hiss vardı içimdə.

Gömrükçü fotoaparatımı əlinə aldı, qabının düyməsini açıb, aparata hər tərəfdən baxdı və yerinə qoydu. Sonra qara kağıza bürünmüş lent bükümünə baxdı.

- Plyonkadı?

- Hə.

- Təzədi?

- Hə.

Fikirli halda bükülünü əlləşdirib, soruşdu:

- Çəkilmişi yoxdur ki?

Elə bil içimə cin girdi. Səbrim daşdı. Beynimə qan vurdu, rəngim qızardı və mən əsəbdən titrəyən bir səslə qışqırdım:

- Dedim axı, təzədi! Siz məni kim hesab edirsiniz? Mən həkiməm! Sovet həkimi! Aydındı?

Görünür, gömrükçü belə əsəb partlamalarının çox şahidi olmuşdu. Qınayıcı nəzərlərlə mənə baxıb, o biri sərnişinin əşyalarını yoxlamağa başladı.

Mühərrikləri guruldayan İL-18 hava okeanında süzürdü. Aradabir ekipajdan kimsə içəri girib, salonda yatanlara baxırdı və mənə elə gəlirdi ki, onlar çalmalı və xalatlı sərnişinlərə daha maraqla baxırdılar.

Molla Nariman yerindən qalxdı. Kürsülərin arasındakı boşluqda dayanıb dartınmaq istədi, amma salonun tavanı onun boyu üçün həddən artıq alçaq idi.

əbiət onu yaradanda xəsislik eləməmişdi. Bu hündürlükdə adamı mən axırıncı dəfə beş il əvvəl, Pribaltika komandasının basketbol oyunundu görmüşdüm. Ona yaxınlaşdım.

- Səhhətiniz necədir, molla Nariman?

- Yaxşıdı, ağa, təşəkkür edirəm, yaxşıdı.

Molla Urək-əkə mənə yaxınlaşdı.

- Qardaş, gəl bir az tüstülədək.

Yerimə gedib, siqaret gətirdim.

- Bağışlayın, kibriti kürsüdə unutmuşam.

Gedib, kibrit də gətirdim.

Səma aydınlaşmışdı, yeri də görmək olurdu. Düzdü, yerdəki torpaq deyildi, dəniz idi. Dənizin civə kimi hamar səthi burdan baxanda nəhəng balığın böyrünə oxşayırdı.

İsrafil oyandı:

- Qurban, sən yatmadın?

- Yox.

- Niyə?

- Yata bilmirəm.

İsrafil gülümsəyib, illüminatordan o tərəfə baxdı.

İki gündü ki, “sən”ə keçmişik. Buna çox sevinirəm. Uçuşa qədərki beş gün ərzində yeni tanışlarımın yanında mən özümü hamı tərəfindən tərk edilmiş, tənha hiss edirdim.

Moskvadakı mehmanxanada məni Kubanskdan bir kolxozun mühasibi, bir də Estoniyalı bir mexanizatorla yanaşı yerləşdirmişdilər.

Gecəyarısına qədər şahmat oynayaraq, söhbətləşirdik. Onlar açıqürəkli adamlar, həm də yaxşı həmsöhbət idilər.

Amma artıq elə səhəri günün axşamı şəhərdən qayıdanda gələcək xəstələrimin nömrədə pəncərənin qarşısında, qərbdəki divara sarı yerə canamaz salıb, axşam namazını qıldıqlarını gördüm.

Dəhlizə çıxıb, növbətçidən dünənki qonşularımın hara yox olduqlarını soruşdum, axı onlar burada düz bir həftə qalmağı planlaşdırmışdılar.

Məlum oldu ki, kiminsə göstərişinə görə, bütün gələcək hacıların bir neçəsini eyni nömrəyə salıblar ki, dua eləmək üçün onlara rahat olsun.

Geri qayıdanda, yeni otaq yoldaşlarımın hələ də canamazın üstündə oturub, təsbəh dənələdiklərini gördüm.

Sakitcə çarpayının kənarında oturdum. Pəncərədən Mir prospektindəki nəhəng binaların pəncərələrindəki işıqlar sayrışırdı. Yeni "Kosmos" kinoteatrı zümrüd kimi parıldayırdı.

Təmiz bahar havasında bərq vuran bu nəhəng hərflərdən gözünü çəkmək mümkün deyildi. Nəzərlərimi pəncərədən güclə çəkib, tavana baxdım. Heç nə alınmadı.

O söz hərfbəhərf beynimdə canlanırdı: “Kosmos”... “Kosmos”... Söz sanki beynimə işləmişdi, fikirlərimi uzaqlara, uzaqlara aparırdı...

İbadət edənlər canamazların üstündən qalxdılar. Yerimdən sıçrayıb, pəncərənin yanına atılaraq, pərdələri çəkdim...

Sübh çağı məni Qurandan surələr oxuyan Timurcanın səsi oyatdı.

Əllənzar adlı digər gələcək hacı onun yanında diz üstə çöküb, başını və dodaqlarını tərpədir, zikr edirdi.

Timurcan iyirmi üç yaşlı boy-buxunlu və yaraşıqlı oğlandır. O, Buxaardakı orta ruhani məktəbdə, Miri-Ərəb mədrəsəsində doqquzuncu kursda oxuyur.

Bu, o mədrəsədir ki, ötən əsrin sonlarında Sədriddin Ayni də burada təhsil alıb (Sədriddin Əyni tacik sovet ədəbiyyatının klassiklərindəndir).

Timurcan iki il idi ki, Hafiz idi, yəni Quranı əzbərləmişdi və əzbərdən oxuya bilirdi. Bu il, həcc ziyarətini və ruhani təhsilini başa vurandan sonra o, nəsə bir dini vəzifə alacaqdı.

Əllənəzər (o da Hafiz idi) həmin mədrəsəni beş il əvvəl bitirmişdi və Orta Asiyadakı ən iri məscidlərdən birinin imamı idi.

Hərdən oyanırdım və ətrafda nə baş verdiyini dərk edə bilmirdim. İndi də mənə elə gəlirdi ki, hələ də yatıram. Özümə deyirdim ki, mən Moskvada, mehmanxanadayam...

Mən Tacikistanlı həkim Qurban Məcidovam... Hə, nə olsun ki, həkiməm? Sabah-birigün mən zəvvarlığa başlayıram, otaq qonşularım isə ibadət edir...

Moskvada bir neçə ili bu şəhərin labaratoriya və klinikalarında, təcrübəli həkimlərin, tibb bilicilərinin yanında keçirmişəm. Moskvadakı istənilən teatrı, muzeyi, konsert zalını gözüyumulu taparam.

Neçə dəfə olmuşdu ki, doğma Tacikistanda qəfildən burnuma Moskva metrolarının məxsusi qoxusu, qulaqlarıma tuneldən çıxan qatarın səsi gəlmişdi...

Amma indi... Hərçənd, özümə hesabat verirdim ki, məni müqəddəs yerlərə səfər gözləyir, bununla belə, Moskvadakı mehmanxana nömrəsində Quran oxunması nəsə mənə qəribə və reallıqdan uzaq gəlirdi.

Qardaşım radioda işləyir. Bir dəfə onun studiyasına getmişdim. Kənd təsərrüfatı zəhmətkeşləri üçün nahardan sonrakı konsertin yayımı başlamalı idi.

Konsert iştirakçıları, müğənni və musiqiçilər həvəslə söhbət edirdilər. Qardaşımı axtara-axtara qapılardan birini açanda, otaqda orta yaşlı bir adam olan tanış müğənni ilə rastlaşdım.

O, ən yeni səsyazma alətlərinin arasında qəzetləri yerə sərib, namaz qılırdı. O vaxt da, indiki kimi, heyrətə gəlmişdim.

Timurcan Hafiz və Əllənəzər Hafiz yenidən yataqlarına uzandılar. Mən geyinib, küçəyə çıxdım.

Maşin küçəni süpürürdü. Seyrək-seyrək işə gedənlər görünürdü. Bir dəstə quş kilsə günbəzinin üstündə dövrə vururdu. On-iyirmi il əvvəl bura hələ kənd idi. İndisə burada müasir şəhərin məhəllələri ucalırdı. Keçmişi yada salan təkcə yaşıl kilsədir.

Prospekt boyu addımladım. Aprelin 22-si idi, Leninin ad günü. Bu gün Düşənbədəki yeddi nömrəli məktəbin pionerləri mənim oğlumu da öz sıralarına qəbul edəcəklər.

Mehmanxanaya qayıdanda, otaq yoldaşlarım artıq səhər yeməyi yeyirdilər. Əllənəzərin masaya sərdiyi süfrədə çaydan, qənd və ev bişirimi olan bir-neçə kökə vardı. Moskvadakı beş gün ərzində gələcək hacıların hamısı öz nömrələrində ev kökəsi və çayla səhər yeməyi yedilər.

Nahar eləməyə isə “Bakı”, ya da “Özbəkistan” restoranlarına gedirdilər. Onların qənaətinə görə, yalnız bu müsəlman oşxonalarında (yeməkxanalarında) şəriətə uyğun bişirilmiş yemək dadmaq mümkün idi.

Mən bufetdən kəsmik və qaynanmış yumurta gətirdim. Səhər yeməyi ərəfəsində söhbətimiz elə də tutmadı.

Bəli, İsrafillə tanış olana qədər mən özümü bu on yeddi nəfərin içində tək hiss edirdim. Buna görə də, Başqırdıstanlı mollanın mənə “sən” deməyi xoşuma gəlirdi.

Günəş çıxdı və dəniz mavili-yaşıl bir çalar aldı. Qarşıdan Asiyanın qərbdəki qurtaracağı görünürdü.

On-iyirmi dəqiqədən sonra biz Afrika səmasında olacağıq. Deməli, kosmonavt olmadan da, yarım saat ərzində üç nəhəng qitənin səmasını gəzmək olar.

Budur, aşağıda Suetsk kanalı görünür.

Elə bil, sarı kağızın üzərinə mavi xətkeş qoymuşdular. Xətkeşin ora-burasında ağ və qara nöqtələr görünürdü. Görünür, bunlar misirlilərin öz kanallarından keçirdikləri gəmilər idi.

Əgər bir neçə il əvvəl biz bu məsələyə qarışmasaydıq, bu kanala görə müharibə başlayar, minlərin, bəlkə də milyonların qanı tökülərdi. Alimlər oturub hesablayıblar ki, bəşər tarixi var olandan bəri on beş min müharibə olub.

O müharibələrdə iki milyard yarım insan həlak olub.

Güclü həmişə zəifi əzib, həqiqət isə güclünün yanında olub. Son onilliklər ərzində sovet hakimiyyətinin sülhpərvər müdaxiləsi qan tökmək üçün uzanan neçə-neçə əlləri tutub saxlayıb.

Yuxu, əbədiyyət və daha vacib şeylər barədə

Qahirə torpağına enməyimizə hələ xeyli qalmış, qrup rəhbərimiz xəbərdarlıq elədi ki, biz bir-birimizdən aralanmayaq və həmişə qrup şəklində gəzək.

Aeroport işçisi bizi geniş bir zala apardı.

Kori-əkə, yaraşıqlı, həvəsli üzü olan, hündür kişi qarşıda gedirdi. Başına ağ ipək çalma sarımış, təzə, qızılı saplarla tikilmiş xələt və krem rəngli şalvar, laklı qısa boğazlı çəkmələr geyinmişdi.

Onun bütün paltarları bir-birinə uyğun gəlir və bizim qrup rəhbərimizə əzəmətli bir görünüş verirdi.

Kori-əkənin arxasınca qrupun tərcüməçisi, ərəb dilinin, ədəbiyyatı və tarixinin bilicisi Əbdülsəməd əkə, onun ardında çalmalı və xələtli dörd yaşlı kişi, daha arxada müxtəlif cür geyinmiş nisbətən gənc zəvvarlar addımlayırdılar.

Burda mən ilk dəfə idi ki, eyni vaxtda bu qədər fərqli dillərdə danışan əcnəbi görürdüm. Onlar sovet təyyarəsinin enişindən xəbər tutduqları üçün biz tərəfə sirayətedici və təəccblü baxışlarla baxırdılar.

Təkcə sizin sadiq nökərinizə heç kim diqqət yetirmirdi, çünki bircə mən çalmalı deyildim, çiynimdə fotoaparat vardı, paltarım da həmişə Düşənbədə geyindiklərimdən fərqlənmirdi.

Biz Kori-əkənin yanında oturduq. O, üçüncü dəfə idi ki, zəvvarlığa çıxmışdı, Misiri, Liviyanı, Suriya və Səudiyyə Ərəbistanınını yaxşı tanıyırdı.

O, bizə Əl-Əzhər uniersitetindən, Qahirədəki ən ali dini universitetdən danışmağa başladı, dedi ki, burada qırx mindən çox insan təhsil alır.

Əl-Əzhər dünyanın ən nəhəng mədrəsəsidir və dünyanın bütün İslam ölkələri üçün ruhani kadrlar hazırlayır.

Bizim tərcüməçimiz Əbdülsəməd əkə burda təhsil alıb, müdərris yəni dini müəllim olmuşdu.

Molla Urək-əkə böyrümü barmaqlayıb, başı ilə məni qırağa çağırdı.

- Gəlin, bir tüstülədək, - yol yoldaşlarımızdan ayrılanda, o mənə dedi.

Siqaret yandırdıq.

- Kori-əkənin yanında siqaret çəkmək mənim ayıbıma gəlir, amma sizə olar, siz həkimsiniz.

Yenə susduq.

- Aeroportları pis deyil ha, - Urək-əkə dedi.

- Hə, pis deyil.

Yenə sükut çökdü. Xoşbəxtlikdən, İsrafil bizə yaxınlaşdı. O, qolumdan tutub məni aeroporta baxmağa apardı. Düzdü, Kori-əkə tapşırıb ki, başqalarından aralanmayaq, amma İsrafillə birlikdə olar.

Axı o, qrup rəhbərimizin köməkçisidir. Hələ Moskvada olanda, Kori-əkə onu köməkçi kimi təklif edəndə hamı yekdilliklə onun köməkçi olmasına razılıq vermişdi. Bir halda ki, rəhbərlik sənin yanındadı, hansısa qaydanı pozmaqdan qorxmamaq da olar.

Köşklərdən birində suvenirlər, birinə qəzetlər, rəngli açıqçalar, broşürlər satılırdı. Şüşə arakəsmənin o tayından BƏƏ-nin vətəndaş flotunun uniformalı adamları görünürdü.

Bufet piştaxtasının yanındakı hündür taburetlərdə avropalı, asiyalı, afrikalılar oturub qəhvə və kokteyl içirdilər. İsrafillə mənim yerli puldan heç bir qəpiyim də yox idi ki, heç olmasa, bir stəkan meyvə suyu içək. Bufetin yanında puldəyişən köşk vardı.

Qarabəniz, uzundraz adam pulları sayır, pul dəstələrini iplə sarıyırdı. Piştaxtanın üstündə müxtəlif valyutaların yerli pula nisbəti yazılmış cədvəl vardı. Puldəyişən başını qaldırıb bizimlə salamlaşdı.

- Russia?

- Hə, - dedik, - Sovet İttifaqı.

- You are nice people (siz yaxşı adamlarsınız-ingiliscə), - puldəyişən bunu deyib gülümsədi, sonra sağ əlini əvvəl dodaqlarına, sonra gözlərinə, daha sonra alnına qoyub, sanki bu ayinlə: xoş gəlmisiniz, gözlərimizin, başımızın üstünə yeriniz var dedi.

Xoşbəxtlikdən, zamanında xeyli əziyyət çəkmişdim ki, ingilis dilini müəyyən qədər öyrənim, indi də söhbət adi məişət səviyyəsindən o yana çıxmadığına görə, çətinliklə də olsa, danışa bilirdim.

Puldəyişənə isti sözlərinə görə təşəkkür elədik, öz növbəmizdə onu başa saldıq ki, Ərəb Respublikasının vətəndaşlarını sevirik, onlarla dostlaşmaq istəyirik.

- Yaxşı adamdır,-- biz ondan aralanandan sonra İsrafil dedi.

- Niyə belə düşünürsən?

- Görmədin, nə salam-kalamlı adamdı. Alnında yazılıb ki, mehriban ulduzun himayəsi altında doğulub.

Düşündüm ki, bəlkə də yaxşı adamdır, amma qəribə biridir. Orta əsrlərdəki gəlinlər kimi, üst-başını qızıl zinət əşyaları ilə doldurub.

Qarnına qədər düşən qızıl boyunbağı, yoğun barmaqlarındakı qalın qızıl üzüklər, köynəyinin qol düymələri, qalstuksıxan belə qızıldandı.

Bütün bu qızıl üzüklər, sıxaclar, boyunbağılar hamısı briliant, zümrüd, mirvari qaşlarla bəzədilib. Bu daş-qaşları pula dəyişsən, əməlli-başlı, müasir bir xəstəxana tikmək olar.

- Nə fikirləşirsən? - İsrafil soruşdu.

Düşündüklərimi dedim.

- Sənin də dərdin bütün dünyanı xəstəxanalarla doldurmaqdı.

- Xəstəxana xeyirli işdi. Xəstəxana hədis kitablarından, dua kitablarından, gözmuncuqlarından qat-qat xeyirli işdir.

- Mən heç vaxt dua kitabları yazmamışam.

- Neynək. Həccdən sonra yazarsan.

- Bəlkə elə birinci dua kitabını sənin üçün yazım.

Təyyarə qalxmağa hazırlaşırdı. Biz binadan çıxdıq. Məlumdur ki, Günəşin Afrikaya qarşı ayrı bir sevgisi var. Aeroportun beton meydançalarından az qala od qalxırdı. Odlu hava sanki titrəyirdi.

Bizim Vaxş vadisində hərdən yay günlərində qırx beş, əlli dərəcə isti olurdu, amma mən oralarda heç bir problemsiz qala bilirdim.

Burada isə nəfəsim çatmırdı. Qarşıda isə hələ Hardum vardı, ekvatora düz min beş yüz kilometr daha yaxın şəhər.

Günəş şüaları o qədər parlaq və gözqamaşdırıcı idi ki, ən naşükür tanrı qulu belə, günəşdən qorunma eynəklərini icad edənin goruna rəhmət oxumaqdan özünü saxlaya bilməzdi.

Havada stüardessalar bizi səhər yeməyinə qonaq elədilər. Çin sirkinin artistlərinə və uçuşa davam edən bir neçə avropalıya qədəhlərdə konyak gətirdilər.

Bizə konyak gətirmədilər. Kori-əkə qızlara xəbərdarlıq eləmişdi ki, zəvvarlar içmirlər.

Neynək, olsun. On yeddi nəfər gələcək hacı içməyəcək, bu, onların öz işidir. Amma on səkkizinci yolçu içəcək. Bəlkə bundan sonra yataram. Bufetə getdim.

- Gözəl, mənə bir qədəh süzün görüm.

Mənə bir qədəh konyak süzüb, acılığını aparmaq üçün soyuq ət və noxuda oxşayan yaşıl nəsə təklif elədilər.

- Səfər yoldaşlarınızın yerinə də içə bilərsiniz, - qızlardan biri gülərək dedi.

- Sağ olun, amma mənim mədəm göl deyil ki, üç şüşə konyak içim.

- Siz zəvvar deyilsiniz?

- Zəvvaram. Daha doğrusu, zəvvarların həkimiyəm.

- Bəs, indi mən sizin dəstə rəhbərinə desəm ki, içmisiniz, necə olacaq? - qız zarafatla soruşdu.

- Heç məsləhət görmürəm. Mayın birinə az qalıb. Rəhbərlik bilsə ki, siz sərnişinlərin arasında davam salırsınız, bayram maaşını ala bilməzsiz, - qızın zarafatına zarafatla cavab verdim.

İllüminatordan Liviya səhrası görünürdü. Bir azdan Nubiya səhrası başlayacaqdı. Səhra ardınca səhra. Nə bir ağac, nə bir göl, nə bir çay. Qədim zamanlarda bu səhralarda yalnız dəvə karvanlarını görmək olurdu.

Bu səhralar minilliklər boyu qanlı döyüşərin meydanı olmuşdu. Misirlilər, efiopiyalılar, sudan tayfaları, peyğəmbərin ordusu, daha sonra ingilislər buralardan alov və qılıncla keçmiş, özlərindən sonra burada qanlı göllər qoyub getmişdilər.

Onlar torpaq, hakimiyyət uğrundu döyüşmüşdülər. Yeni dinlər gətirmiş, dini təlimlərini qəbul etdirmək üçün qılınca əl atmış, bir sultanı başqa sultanla əvəz etməyə çalışmışdılar. Burada dövlət yaranıb, süqut etmiş, şəhərlər və vadilər peyda olub, yoxa çıxmışdı.

Fikirlərim tarixin sonsuz dolanbaclarına gedəndə, adı Əbədiyyət olan daha uzun yollara düşər. Sonra qəfil oyanıb, görərsən ki, fikirlərin qara dalana dirənib, ordan çıxış yoxdur, ümidsizcəsinə orada quruya atılmış balıq kimi çırpınırsan.

Amma mənim bir dostum və həmkarım var, o bütün sualların cavabın bilir. Ötən ilin yayında, o, məni dartıb Hissar sıra dağlarına səyahətə aparmışdı. İlk dəfə idi ki, göyə millənən dağların, məndən milyonlarla dəfə böyük və yaşlı olan qayaların adamsız diblərini görürdüm.

Varlığımı dəhşət bürümüşdü. Vadidə doğulub böyümüş biri olaraq, bu nəhəng dağların əzəməti, bu təbiət muzeyinin əzəməti məni heyran etmişdi.

İsgəndərinsə deyəsən, əzəmət-zad vecinə deyildi, o, həvəslə kainatın sonsuzluğundan, əbədiyyətdən danışırdı.

- Boşuna danışırsan,-- dedim.

- Sən də həmişəki kimi, açıq danışırsan, - o, bərkdən güldü. - Buna görə səni sevirəm də.

- Çərənləmə. Mən bu barədə xeyli oxumuşam, eşitmişəm. Amma bir qulağımdan girib, o birisindən çıxır. Beynimdə heç biri qalmır.

- Niyə?

- Ümumi sözlərdi. Bir qram da konkret məlumat yoxdur.

- Yazıq! Sən əbədiyyəti təsəvvür edə bilmirsən? - o bütün günü işləyib, yorulan, sonra da əlavə şagird çalışdıran müəllim ədası ilə dedi. -Yaxşı, denən görüm, sən tarixin hansı hissələrini, hansı əsrləri təsəvvür edə bilirsən?

- Neçə əsri? Yəqin ki, altı-yeddi əsri təsəvvür edə bilərəm.

- Afərin. Buna bir sözüm yoxdu, - İskəndər dedi. - Bu beş-altı min ili bir qırağa qoy və bir hovuz təsəvvür elə. Yox, hovuz yox, yüz min nəfərlik stadion təsəvvür elə...

- Stadionun bura nə dəxli var?!

- Deyirəm, təsəvvür elə, deməli, təsəvvür elə də!

- Yaxşı, təsəvür elədim.

- İndisə təsəvvür elə ki, stadion ağzına qədər buğda ilə doludu. Təsəvvür elədin? İndisə, təsəvvür elə ki, yüz min ildə bir dəfə bir qarışqa yaxınlaşıb, bu xırmandan bircə dənə buğda aparır. Təsəvvür elədin?

- Aha.

- İndi hesabla. O qarışqanın bütün buğda dənələrini daşıyıb qurtaracağı müddəti ədəbiyyətlə müqayisə edəndə, aradakı fərq Qaraqum səhrasındakı qum dənələrinin sayı, ya da Sakit Okeanın suları qədərir. Çatdı?

- Bəli, - boğazım qurudu. Mənə elə gəlirdi ki, evdə saxladığım bütün bu diplomlar, attestat və şəhadətnamələri sanki halal yolla əldə eləməmişəm... Heyif ki, indi İsgəndər burada yox idi! Onsuz necə də darıxırdım.

- İsrafil!

- Hə?

- Yəni sən hələ yuxudan doymamısan?

O, cavabında nəsə donquldandı.

- Nə yatağan adamsan! Bəs, biz sənnən nə danışmışdıq?!

- Hə? Onu danışmışdıq ki, dost olacağıq.

- Onda danış mənimlə.

- Bu dəqiqə, - o bunu deyib, mənə tərəf dönərək, təzədən xoruldamağa başladı.

Bufetdən gətirdiyim konyakı içdim ki, bəlkə konyak məni bir az yatmağa məcbur edə.

Yoxsa ki, İslamın belə hörmətli nümayəndələrinin yanında özümə belə bir şeyi icazə verə bilməzdim. Onsuz da, hamısı mənim siqaret çəkməyimə, saçlarıma, fotoaparatıma qəribə-qəribə baxırdılar.

Lənətə gəlmiş yuxusuzluq! Çamadanı baqaja verməsəydim, heç olmasa, yuxu dərmanı qəbul edərdim. Hartum gündə gəldiyim şəhər deyildi ki, ora çatan kimi qıvrılıb yatım.

- İsrafil!

- A?

- Səhraya bax.

- Nə olsun?

- Onu deyirəm ki, indi həmsöhbət tapmaq Simurq quşunun lələyini tapmaq qədər çətindir. Sən allah, danış mənimlə! Sən nə vaxtsa Xəyyamdan nəsə oxumusan?

Qulaq as:

Yuxuda bir pir mənə dedi ki:

Yatağını tərk elə, sevincin çiçəyini

Dərmək olmaz yuxuda

Sən yaman yatağansan, yuxu isə ölümdür

Qalx ayağa onsuz da, əsrlərlə yatacaqsan!

Bacardığım kimi, rübaini rus dilinə tərcümə elədim. İsrafil dedi:

- Bəlkə yuxuda da müdrik kəlamlar eşitmək olar. Yat, əzizim.

Bir dəfə xəstə bir qadın demişdi:

Mən xəstəliyimi fikirləşirəm, məni müalicə edənsə gözlərimin gözəlləyini fikirləşir...

Nil çayınün üstündəki ev

Hartum aeroportunda bizi SSRİ-nin Sudandakı səfiri və səfirliyimizin əməkdaşları qarşıladı. Mahiyyətcə, bu qarşılama bizim hökumətimizin dini inanclara bəslədiyi rəsmi ehtiramın göstəricisi idi.

- Deməli, biz də elə-belə adamlar deyilik, - İsrafil həmişəki kimi, qoluma girib, dedi.

- Zəvvarlıqdan sonra sənin qiymətin qalxacaq, səni rəisin özü, ölkə rəhbəri qarşılayacaq - zarafatla dedim.

İsrafil ah çəkdi.

Hartum aeroportu Qahirə aeroportundan daha balacaydı, o qədər əzəmətli, yeni və qəşəng deyildi. Balkon və terraslarda xeyli sudanlı vardı.

Onlar maraqla bizə baxırdılar. Biz zala keçdik. Səfirliyin əməkdaşları bizim psportlarımızı, biletlərimizi və tibbi ləvazimatları alıb, bəzi formallıqları həll eləmək üçün harasa getdilər.

Səfir və Kori-əkə zalın dərinliklərində oturdular. Biz onların başına yığışdıq. Çaydan gətirdilər. Bufetçilərdən biri piyalələrə çay süzərək, qənd qoyur, başqa biri isə əlindəki sürahi ilə onun ardınca gəzərək, çaylara süd əlavə edirdi.

Səfir izah elədi:

- Bu, yerli ənənədir, qonağa ən birinci çay təklif edirlər.

Düşündüm ki, biz taciklərin ənənəsinə oxşayır. Amma nahaq mənim çayımı südlə ağartdı. Mən südü nə vaxt gəldi və necə gəldi içə bilmərəm.

Səfir dedi:

- Sizi şəhərin ən böyük mehmanxansında, “Qrand-otel”-də yerləşdirəcəklər.

Biz səfərimizin davamından, Səudiyyə Ərəbistanına yolçuluğumuzdan danışdıq. Sovet təyyarələri Hartumdan sonra Moskvaya qayıdırlar.

Səudiyyə Ərəbistanına bizi ya Sudan, ya da ərəb təyyarələri aparacaqdı. Necə olsa da, Qurban bayramı ərəfəsində biz artıq Məkkədə olmalıydıq, yoxsa həccin bütün qaydaları pozular, bizim zəhmətimiz boşa gedərdi.

Düzdü, bayramın başlanmasına hələ beş gün vardı, amma Məkkəyə bir-iki gün tez çatmaq daha yaxşı olardı ki, yerləşə bilək.

Hərçənd, Məkkə müsəlmanların müqəddəs şəhəridir və Ümm-əl-kürədir, yəni şəhərlərin anasıdır, amma yenə də, balaca şəhərdir, bayram ərəfəsi isə bura bir milyona yaxın zəvvar, alverçi, tacir yığışır. Orda qalacaq tapmaq elə də asan məsələ deyil.

Sudanın özündən Hicaza xeyli insan gedir. Elə təkcə Hartum aeroportunda növbədə beş min adam var. Çoxu təyyarələrdə yeri hələ bir il əvvəldən bron edib. Bizə söz verdilər ki, kömək edəcəklər və biz səfərimizin məqsədinə çata biləcəyik.

Maşının pəncərələri o qədər qızmışdı ki, elə bil soba yanırdı. Hərdən mənə elə gəlirdi ki, yanıq iyi gəlir.

Biz "Qrand-otel"ə yollandıq.

Bəli, doğrudan da, günəşin bu qitəyə xüsusi sevgisi var.

Hətta qara eynəklə səmaya, ya da günəşin qovurduğu torpağa baxanda, adamın gözləri alışıb-yanır.

Maşının pəncərələri o qədər qızmışdı ki, elə bil soba yanırdı. Hərdən mənə elə gəlirdi ki, yanıq iyi gəlir.

Mənə səfirliyin katibi Tofiqin "Pobeda"sında getmək qismət oldu. Bu xoşagəlimli, iyirmi yeddi-iyirmi səkkiz yaşlı bir oğlan idi.

Burada yol hərəkəti adətən soltərəflidir. Buna görə də, maşınların rulu sağda yerləşir. Bu, bizim üçün bir qədər narahat idi, öyrəşə bilmirdik.

Doğrudan da, “Pobeda”nın sürücüsünün solda oturması, yol nişanlarının isə sağda olması qəribə görünürdü. Atalar deyir ki, şəhərdə hamının bir gözü kordusa, sən də bir gözünü kor elə. Amma demək ayrı, eləmək ayrı...

“Qrand-otel” əslində ikimərtəbəli bir ev imiş. Az qala bütün fasad boyu çardaq uzanırdı, çardağın altı həsirdən hörülmə kürsü və masalarla dolu idi.

Otel Nil çayının sahilindəydi. Qədim çayın mavi-masmavi suyu əzəmətlə axıb gedirdi. Oteli çaydan asfalt yol ayırırdı.

Qərbi Almaniya istehsalı olan yüzlərlə, bəlkə də daha artıq sayda sarı taksi o tərəf-bu tərəfə şütüyürdü. Mehmanxananın qarşısında, sahildə bir-birinə az qala yapışmış iki sərnişin gəmisi dayanmışdı.

Qrafinlərdə su gətirib, uzun, konusşəkilli stəkanlara süzdülər. Su gözəl nemətdir, amma tox olanda.

Bizsə az qala sübh çağı elədiyimiz yüngül qəlyanaltıdan sonra heç nə yeməmişdik.

Mehmanxananın restoranında nahar vaxtı artıq keçmişdi, buna görə də biz axşama qədər gözləməli idik.

Bir saat keçdi. Bizə hələ yer ayırmamışdılar. Yenə buzlu su gətirdilər.

- İç! - İsrafil dedi. - Nil yaxınlıqdadı.

Nəhayət, məlum oldu ki, mehmanxanada cəmi dörd nəfərlik yer var - bu yerlər də Kori əkə, iki qoca və tərcüməçi üçün ayrıldı. Qalanlarını otelin filialında yerləşdirəcəkdilər - filiallar isə sahildəki həmin bir-birinə bitişmiş kimi dayanan gəmi imiş.

Zəvvarlardan kimsə bunu eşidəndə, kədərləndi. Mənsə uşaq kimi sevindim. Mən müxtəlif otellərdə, yerlərdə günlərimi və gecələrimi keçirmişdim, amma gəmi kayutunda hələ yatmamışdım.

- Bizim kayutlar hansılardır?

- Hansını istəyirsiniz, seçin, çoxu boşdur.

- Lap yaxşı. Amma əvvəlcə molla Nəriman üçün yer tapıb onu yerləşdirmək lazımdır. Mollanın ürək çatışmazlığına yol yorğunluğu da əlavə olunmuşdu, gözləri artıq yumulurdu.

Molla bax, bu dərmanları qəbul eləməlidi, birini indi, birini də axşam. Sabaha qədər heç yana getmək olmaz, dincəlmək vacibdir. Əgər o itaətsizlik göstərsə, səfərə davam edib-etməməyi barədə məsələ yenidən, özü də ciddi şəkildə qaldırılacaqdır. Bu, mənim son sözümdür.

- Yaxşı, ağa, yaxşı, - molla Nəriman dedi. - Ağa, mən əsl Hoca nəslindənəm, mənə, ağa, hər yetənin qarşısında əyilmək, üzr istəmək yaraşmaz, yox, yox, etiraz eləməyin, yaraşmaz.

Amma mən sizdən üzr istəyirəm. Moskvada baş verən təkrar olunmayacaq, etiraz eləməyin, təkrar olunmayacaq.

Məni gəmi-otelin dəhlizində görəndə, İsrafil təəccübləndi:

- Hara yoxa çıxmışdın?

- Əsl Hocanın otağında, əsl Hocanın moizələrinə qulaq asırdım.

- Heyif, mən səninlə bir otaqda yerləşmək istəyirdim, amma elə bildim ki, sən rəhbərliyin yanında qalmısan.

- Əgər mövqeyimizə görə yerləşsəydik, rəhbərliyin yanında gərək sən qalaydın. Axı sən bizim artelimizin vitse-rəhbərisən.

Çamodanlarımı köhnə qatarların kupelərini xatırladan kayutlardan birinə apardım. Kayutda dörd çarpayı, bir kitab dolabı vardı.

Künclərdə iki balaca, üstü güzgülü əlüzyuyan qoyulmuşdu, hərəsinin üstündən də kifayət qədər iri ventilyatorlar asılmışdı. Belə ventilyatorlardan bizim iri yeməkxanalarda istifadə edirdilər.

Amma kayuta dolan isti hava bədəni elə tərlədirdi, başa düşürdün ki, bu iki nəhəng ventilyatorun heç bir xeyri yoxdur.

Qrupumuzun xəzinədarı Hacı Əbdülxəlil-əkə xəbərdarlıq elədi ki, yarım saatdan sonra şəhəri gəzməyə çıxacağıq, amma əvvəlcə məscidə girib axşam namazını qılmalıyıq.

Həftənin cümə günü idi, zəvaaraları dərd götürmüşdü ki, günorta namazını Hartum məscidlərindən birində qılmağı çatdırmamışdılar.

Günorta cümə namazı müsəlmanlarda ən vacib və ehtirama layiq namaz hesab olunur. Buna görə də, onlar istəyirdilər ki, heç olmasa, axşam namızını məsciddə qılıb Allahın xeyir-duasını alsınlar.

Əbdülxəlil-əkəyə boş yerə Hacı demirik. O, hələ üç il əvvəl Həcc ziyarətində olub. Məhz buna görə də onu, dünyagörmüş adamı xəzinədar təyin eləmiş və xarici valyutanı, Amerika dollarlarını ona tapşırmışdılar.

İsrafilin kayutuna getdim ki, hacınnı sözlərini ona çatdırım. İsrafil və onun həmyerlisi molla Zülfüqar günorta namazı qılırdılar. Onları gözləmək üçün gəminin göyərtəsinə söykəndim.

Nilin şəffaf sularında dəstə-dəstə balıqlar üzürdü. Bizim üzən qalacağımızın yarım kilometrliyində Mavi və Bəyaz Nilin suları birləşirdi. Bəli, zəhmətkeş və əzəmətli Nil məhz burada birləşib, sularını Aralıq dənizinə qədər aparırdı.

Qarşı sahilin qumlu torpağında xurma və akasiyalar ucalırdı. Səmada bircə dənə də olsun, bulud yox idi. Buradan yaxşı görünən dəmir körpünün üstündən aradabir təyyarələr uçurdu.

Yaxşı məsəldir ki, yol gedən adam dərya, oturan adam isə xəmir kimidir. Ədalətli oxşatmadır, hərəkət edən adam daima görür, bir yerdə oturan adam isə daş kimi, əbədi orada qalır.

Hələ dünən mən İsgəndərlə Moskvanın kababxanalarından birində oturmuşduq. “Ehtiyatlı ol, birdən Nildə çimib eləyərsən, - o mənə bərk-bərk tapşırırdı. Allah eləməsin, timsah-zad udar səni, sonra sənin qəbrinə bir ovuc torpaq atmaqdan da məhrum olarıq.”

Mənsə öz növbəmdə dostuma dedim ki, sağlamlığına diqqət eləsin, təmiz havada çox gəzsin, çünki on bir ay Moskvada qaranlıq rentgen kabinetində oturmaq adamın əqli keyfiyyətlərinə elə də yaxşı təsir eləmir. Dedim ki, onun zarafatı da bunu təsdiq edir.

İsrafil kayutadan çıxdı.

- Sən ibadət eləmirdin? - o soruşdu.

- Mən? Mən... eləmişəm.

- Nə zirək adamsan! Yoxsa, sənin nəsə təcili dua üsulların var?

- Gözlə, bilərsən.

- O qədər də çox gözləməli olmayacağam.

- Neynək, lap yaxşı.

Biz şəhərə çıxdıq. Ekskursiyanın proqramı əvvəlcədən elan edildi:

a) Şəhər məscidində axşam namazı qılmaq;

b) Həcc üçün lazımi ləvazimatları almaq;

v) Dollarlarn bir qismini Sudan puluna dəyişdirmək, birdən, allah eləməsin, Ərəbistana səfərimiz ləngisə, cibxərcliyimiz olsun.

Burada piyada yerimək xüsusi istedad tələb edirdi. Bir çox küçələrdə səki yox idi. Yoldan keçənlər evlərə və hasarlara qısılırdı.

Hərəkət, təkrar edirəm, birtərəfli idi. Küçənin hansı tərəfi ilə yeriyirsən, yeri, həmişə düşünürsən ki, hər an balalarını yetim qoya, ya da sənə görə türməyə salınmış birinin arvadını dul qoya bilərsən.

Hətta səki olan yerlərdə belə, səkilərin hamısı qırmızı, iridənəli qumla örtülü idi. Mən hər iyirmi-otuz addımdan bir dayanıb, səndəllərimdəki qumu çırpmalı olurdum.

- Ay çıxıb! - Hafiz Timurcan dilləndi.

Hamı başını göyə qaldırdı. Qocalardan biri əllərini yuxarı qaldırıb, dua elədi: “Ay Allah, sən biz günahkar bəndələrinə rəhm elə, müsəlmanların imanını möhkəm elə, dünyaya əmin-amanlıq göndər, bizim səfərimizi xeyirli, təhlükəsiz elə...”

Nazik buynuza oxşayan Ay sanki uşaq beşiyi kimi, sakitcə göydən asılmışdı. Bizim təbii peykimizin bu geniş səmadan da belə aydın görünməsi çox təbii hal olsa da, zəvvarlar bərk həyacanlanmışdılar.

Uşaqlıqdan mənə deyirdilər ki, əgər təzə Ay göy üzündə masanın üstündəki fincan kimi, hərəkətsiz dayansa, allahın qullarının işi fırıqdır, çünki, bu ay ərzində nəsə bir xoşagəlməzliyin baş verməsi qaçılmazdır.

Təzə çıxmış ayı bu vəziyyətdə görəndə, böyüklər bizi məcbur edirdilər ki, onlarla birlikdə dua edib, Tanrı dərgahından mərhəmət diləyək.

Biz qorxa-qorxa gözlərimizi səmaya zilləyib səssizcə onların oxuduqları duaları təkrar edir, tanrıdan evimizə, ata-anamıza mərhəmət diləyirdik. Əgər ay səmada tərpənsə, bu qışqırıq, səs-küy, sevinc sədalarına səbəb olurdu.

Mənə elə gəlir ki, səfər yoldaşlarımda bu qorxu uşaqlıqdan qalmışdı. Bəlkə də, yox? Bəlkə bu qorxu insanların qəbinə insanlığın ilkin çağlarından çökmüşdü, on min illiklərdən bəri gələn qorxu idi?

Mən bütün qəlbimlə istəyirdim ki, indi möcüzə baş versin. Bəli, istəyirdim ki, möcüzə olsun, Hartumun yarıqaranlıq küçəsində qəfildən bir nəhəng teleskop peyda olsun.

Bu adamlar Ayın səthinə sancılmış nəhəng, üstündə SSRİ-nin gerbi həkk olunmuş beşgüşəli ulduzlu bayrağı görüb, əmin olsunlar ki, insanın hər şeyə qadirliyinin isbatı hətta Allahın bu nur topunun üstündə də həkk olunub.

(ardı var)

-

Günel Mövludun tərcüməsində

Müəllif: Fəzliddin Mühəmmədiyev

Tacik dilindən rus dilinə tərcümə: Yuriy Smirnov

"İRFON" Nəşriyyatı

Düşənbə: 1970

O dünyaya səyahət və ya Böyük Həcc hekayəti

17+1

(1-ci hissə)

Hava nəhənginə doluşaraq, zəvvarlığa başlayırıq. On səkkiz nəfərik. Onlardan on yeddi nəfəri din xadimləridir - mollalar, imamlar, müdərris, xətiblər.

Və on səkkizinci, - mən, nökəriniz həkim-terapevt, atalar sözündə deyildiyi kimi, ölülərin arasındakı ölü.

Hər il Qurban bayramında Sovet İttifaqından Məkkə və Mədinəyə bir qrup müsəlman gedir. Ki, günahlarından təmizlənib, savab (ərəblərin xeyir-duasını) qazansın.

Həmçinin, geri “Hacı” titulu (Məkkəyə səfər “həcc” adlanır, bu zəvvarlığı edən müsəlman “Hacı” titulunu qazanmış olur - Tərcüməçinin qeydi) qazansın.

Adətən, zəvvarları bir həkim müşaiyət edir, həkim onların səhhətinə nəzarət edir. Amma söz var, deyərlər, dam ustasının öz evinin damı həmişə axıdar, həkim də eləcə, bu dəfə xəstələndi.

Beləliklə, peyğəmbərin torpağını ziyarət edən gözəgəlimli müsəlmanları müşaiyət eləmək şərəfi mənə nəsib oldu.

Bizim yol yoldaşlarımız Çin sirkinin Sudana qastrola gedən aktyorları və bir çox başqa xaricilər idi.

Onların arasında sudanlılar da vardı, Qahirəyə gedən sovet mütəxəssisləri də.

“İL-18” Şeremetyevo aerodromundan qalxanda gecəyarısı idi. Tezliklə təyyarə on min metrlik hündürlüyə qalxdı. İllüminatorlardan sadəcə ulduzlu səma görünürdü.

Mənimlə yanaşı oturan Başqırdıstanlı mütəvəlli İsrafil idi.

Gələcək hacıların Moskvada uçuş vaxtını gözlədiyi beş gün ərzində İsrafillə biz dostlaşmışdıq.

- Adınız nədir, doktor? - o, elə ilk gün məndən soruşmuşdu.

- Qurban,-- demişdim.

- Qurban... Qurban... Yaxşı ad qoyublar sizə. Qurban bayramının şərəfinə. Yaxşı yadda qalar. Mənim də adım İsrafildir.

- Bu da məşhur addır, - deyə mən dilxoşluğa dilxoşluqla cavab verdim, - Əziz mələk İsrafilin şərəfinə, o mələk ki, gün gələcək, gözəl səhərlərin birində tanrının bütün qullarını oyadıb, qiyamətin başladığını xəbər verəcək.

Mütavalli başını tərpədib gülümsədi.

“Deməli, səmavi dəftərxanada da əlavə ştatlar var. Hörmətli mələk milyon illərlə boş-bekar oturub ki, günlərin birində öz tütəyini çalsın"

Nəhəng motorlar monoton səslə guruldayır. Üzügülər stüardessalar işlərini bitirib, dincəlməyə getdilər.

Plafonlar söndürüldü. Salona yarıqaranlıq çökdü.

Sərnişinlərin hərəsi öz yerində mürgüləyirdi. Qrupumuzun rəhbəri tərcüməçi ilə başqa, daha rahat hesab olunan salondadır.

Şişirtmədən deyim ki, “İL-18” və “TU-104” ilə az qala, yüz dəfə uçmuşam, amma daxili avia-xətlərdə yerlər yaxşı və pisə bölünmürdü.

Yalnız uşaqlı qadınlara daha rahat yerlər təqdim olunurdu. İndisə, biz öz sovet təyyarəmizdə uçduğumuz halda, salonlar birinci və ikinci siniflərə bölünür.

Birinci sinif, əlbəttə ki, daha bahalıdır. Orda mühərriklərin səsini daha az eşidirsən. Bu sinfin sərnişinləri borta ikinci sinifdə gedənlərdən daha çox əşya götürə bilər.

Nə etmək olar?! Xarici reyslərdə, görünür, əcnəbi ənənələrə güzəşt var.

Mühərriklər bir ucdan uğuldayır. Kürsülərinin kürəyini endirmiş sərnişinlər yuxulayıb. İsrafil bir müddət illüminatordan görünən qaranlığa baxıb, sonra yatdı.

Mənim çox pis bir vərdişim var. Öldürsəniz də, havada, təyyarədə yata bilmərəm.

Yaxşı ki, təyyarələr sürətlə uçur. Yeddi-səkkiz il əvvəl Düşənbə-Moskva reysi iki sutka çəkirdi.

Hələ üstəgəl, təyyarələr tez-tez eniş edib yanacaq da doldurur, ekipajı dəyişirdilər.

Sizin sadiq nökəriniz belə reyslərdən sonra Moskvaya çatan kimi, darıxdığı dostlarla görüşmək, tələsik işlərini görmək, küçələri, xiyabanları gəzib görmək əvəzinə mehmanxana nömrəsində nəyi var, yatıb yuxusunu alırdı ki, yuxusuzluqdan başı partlamasın.

Neynək, indi vəziyyət daha yaxşıdır. Mən bu adamların səhhətini nəzarətdə saxlamalıyam.

Düzdü, hamısı ciddi həkim yoxlamasından keçib, mümkün olan bütün epidemiyalara - qarayara, vəba, tropik malyariya və xaricdə əmələ gələn müxtəlif xəstəliklərə qarşı peyvənd vurulub, bununla belə, diqqətli olmaq lazımdır.

Çoxdan məlumdur ki, Məhəmmədin hər davamçısının ən böyük arzusu ömründə bircə dəfə də olsa, öz gözləri ilə o müqəddəs yerləri görməkdir və səhhətindən, ya da yorğunluqdan canını tanrı məbədənin (Tanrı məbədi - Kəbə, Məkkədəki müqəddəs məsciddir və həcc səfərinin əsas dini ayinləri burada baş tutur) yanında tapşırsa, axirət günü bu adam Allahın sevimli bəndəsi, az qala müqəddəs biri hesab olunur.

Həmin günlərdə mən elə hey düşünürdüm ki, bəlkə yol yoldaşlarımdan hansısa sağlam olmadığı halda, tibbi komissiyadan həkimləri aldadaraq keçib?!

Bəyəm az olur ki, biz bir yumruğu ilə daşı qum kimi ova biləcək adamların tibbi kağızına xəstə olması barədə müqəddəs möhürümüzü qoymaqla onu sanatoriyaya yollayırıq?!

Məndən iki sıra qabaqda xorultusu təyyarənin mühərrikindən heç də geri qalmayan molla Nəriman yatır.

Mən bu hörmətli din xadiminin yaşadığı şəhərdə həkim olsaydım, nəinki Səudiyyə Ərəbistanı, heç adi turist səfəri üçün də bu adama icazə verməzdim.

Molla Nərimanın ürəyi lalıqlamış pomidoru xatırladır. Dırnağının ucu ilə toxunsan... Gerisini təsvir etməyə ehtiyac yoxdur.

Moskvada biz hamımız Mir prospektinin sağ tərəfində, XTNS-nin binasının yaxınlığında yerləşən mehmanxanada qalırdıq.

İkinci gün hamımız bir-birimizi saqqallardan, çalma və xələtlərdən tanıdıq. Tanış olandan sonra yeddi-səkkiz nəfər gələcək hacı birimizin otağına yığışdıq ki, hər birimizin keçirdiyi xəstəliklərdən danışaq...

Bundan istifadə edərək, sizin sadiq nökəriniz öz öhdəliklərinin icrasına başladı; onların hər birinin xarici görkəminə baxıb, qeyd dəftərimə adlarını, yaşlarını, hər birinin ehtimal olunan xəstəliyini və ilkin müşahidələrimi qeyd edirdim.

Qəfildən, mərtəbə növbətçisi qadın, qaçaraq içəri girib həyacandan nəfəsi kəsilə-kəsilə soruşdu:

- Həkim hanı? Yoldaşınız özünü pis hiss edir... O yazıq öz növmrəsindədi...

Çarpayının üstündə huşsuz uzanan adam həmin bu molla Nəriman idi. Onun zəif ürəyi quş ürəyi kimi çırpınırdı. Ardımca qaçaraq gələn zəvvarlara tapşırdım ki, pəncərələri taybatay açsınlar.

Zəvvarlardan ən cavanı mən xəstəyə baxdığım müddətdə qaçıb, içində tibb ləvazimatları olan çantamı gətirdi. İynədən yarım saat sonra molla Nərimanın ruhu bədəninə qayıtdı və o yatağında dikələrək, öz nitqinə başladı:

- Hörmətli cənablar, - hörmətli molla dedi. Sözə başlamazdan əvvəl bir neçə saniyə baxışlarını bizim üzümüzdə gəzdirərək, sanki bizlərə belə bir şeyi deməyin nə qədər ağıllı iş olub-olmadığını yoxladı, nəhayət, özlüyündə suala müsbət cavab verib, dedi:

- Cənablar, sevindiyimdən nə deyəcəyimi bilmirəm. Yox, etiraz eləməyin. Bu müqəddəs səfər boyu mənə yoldaş olanları gördükdə ruhum səmanın yeddinci qatına çıxdı.

Tanrının qulları saysızdır, hamının taleyinə belə şey düşmür. Yox, etiraz eləməyin, hər kəsə nəsib olmur.

Dilim tutulmuşdu, doğrudanmı, belə zəif ürəyi olan adam ciddi-ciddi, belə ağır və yorucu səfərə çıxmaq istəyir?!

- Cənab həkim, - o, üzümdəki heyrət dolu ifadəni sezib dedi, - siz bilməlisiniz ki, mən ruhin nəsildən gəlirəm, əsl Hocca nəslindəndəm.

(Hocca müsəlmanlarda hörmətli bir tituldur. Hocca titulu dörd ərəb xəlifəsindən birinin soyundan gəldiklərini iddia edən müsəlmanlara verilir. Hacı titulu ilə səhv salmaq olmaz)

Yəni mənim babalarım düz yetmiş nəsil Hocca olublar. Sözümə inanın, Nəriman at kimi möhkəm, öküz kimi sağlamdır!

Mən mollanın “cənab” müraciətinə etiraz eləmək istəyirdim, amma onun izah eləmək tərzindən o qədər heyrətlənmişdim ki, məqsədim yadımdan çıxdı.

Həmin gün gələcək zəvvarlara qısaca Birləşmiş Ərəb Respublikası (o illərdə Misirlə Suriya gah ayrılır, gah da birləşirdi və birləşəndə özlərini belə adlandırırdılar), Sudan Respublikası və Səudiyyə Ərəbistanı barədə qısaca məlumatlar verdilər.

Söhbət zamanı başa saldılar ki, xaricə gedən hər kəs, o cümlədən də ziyarətə gedən ruhanilər oralarda Sovet İttifaqı vətəndaşı olduqlarını unutmamalı və özlərini bu ada layiq şəkildə aparmalıdırlar.

Mən molla Nərimanın səhhəti barədə məlumat verməyi özümə borc bildim, həmçinin belə xəstə bir adama bu cür ağır səfər icazəsinin necə verilməsinə də öz təəccübümü ifadə elədim.

Kor-naəlac, qrupumuzun rəhbəri məni dəstəklədi, təklif elədi ki, vaxt varkən Moskva həkimləri hörmətli mollanı yenidən müayinə etsinlər, öz fikirlərini desinlər.

Amma bu yerdə molla yerindən sıçrayaraq, uzun əllərini havada oynada-oynada, iri gözlərini o tərəf-bu tərəfə fırlada-fırlada, çılğınlıqla dedi ki, o, qədim və məşhur bir nəsildən gəlir, babaları yetmiş nəsil Hocca olublar və molla Nəriman nəinki bir neçə ölkəyə səfər edə, hətta dünyanın yüz dəfə dolaşa bilər.

Dedi, o kəs ki, onun bu müqəddəs arzularına, bu alicənab məqsədlərinə mane olmaq istəyir, qoy o, ömründə bircə dənə də olsun, xoş gün görməsin, o dünyası da zəhər olsun, qoy o adam əbədi işgəncələrə, əzablara düçar olsun.

Bəli, bəli, siz səhv eşitmədiniz, o, məhz bunu nəzərdə tuturdu; qoy o adamı görünməmiş əzablara düçar olsun...

...Kimsə arxadan çiynimə vurub, məni fikirlərimdən ayırdı.

- Doxturcan, gəlsənə bir siqaret çəkək.

Bu yaşlı kişi, Urək-ağa M şəhərinin məscidinin xətibi idi (məscidddə xütbə - (cümə günləri iman əhli qarşısında oxunan moizə) oxuyan molla xatib adlanır).

Budur, düz beş gün idi ki, o, mənim siqaretimə şərik çıxmışdı.

Kürsünün söykənəcəyindəki cibdən siqaret qutusunu və kibrit çıxarıb, ona uzatdım.

- Təşəkür edirəm, kibritim var - deyib, siqaretini yandırdı və tüstü burumlarını salonun tavanına püfləyərək, mənə bir təbəssüm bəxş edib yerinə qayıtdı.

Allah sizin səfərinizi xeyirli eləsin!

İsrafil oyanıb barmağı ilə mənə toxundu. İllüminatoru göstərdi. Şərq səması artıq mavi rəng almışdı. Sübh yaxınlaşırdı.

Maraqlıdır, görəsən haranın üstündən uçurduq?

Hələ aeroportda ikən zəvvarlardan kimlərsə neçə saat uçacağımızla maraqlanmışdı.

- Qahirəyə qədər beş saat yarım, ordan Hartuma da üç saat,- aeroport işçisi cavab vermişdi.

Rus dilinin mahir bilicisi olanlardan biri, onun bu sözlərini ağsaqqal zəvvar üçün belə tərcümə eləmişdi:

- Əgər Ulu Yaradanın rizası olsa, biz beş saat yarımdan sonra, inşallah (allah qoysa - müsəlmanların istifadə elədiyi formula), biz islam ölkəsinin böyük və müqəddəs şəhəri Qahirəyə çatacağıq.

Hər şeyə qadir Allah izn versə, səfərimiz düz getsə, onda, üç saat da uçandan sonra biz, inşallah, səfəri başa vuracağıq.

Qoy, Allah səfərimizi xeyirli eləsin, hamımızın canını sağ eləsin. Hamı Amin dedi, əllərini itaətlə üzlərinə və saqqallarına çəkdilər.

Uçuş gündüz baş tutsaydı, stüardessalar hansı ölkələrin üstüylə uçduğumuzu, bortun o tayındakı temperaturu və başqa şeyləri elan edərdilər.

İndisə, hamısı yatıb. Hesablamalarıma görə, indi biz Qahirənin üstü ilə uçurduq.

İlk dəfə idi ki, xaricə uçurdum. Məni qarşıda xeyli maraqlı və qeyri-adi şeylər gözləyirdi.

Görəcəyim aləm uzun illər mənə tanış olan, mənim olan dünyadan çox fərqli idi. Mən bunu yaxşı başa düşürəm, bununla belə, qarşıda məni gözləyənlər çaşqınlığıma, narahatlığıma səbəb olur.

Orada nə baş verəcək? Qismətimdə hansı sınaqlardan keçmək var?

(Davamı var)

XS
SM
MD
LG