Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:52

Monopoliya. Toyun qızışmağına hələ var...


Ziya Fazil
Ziya Fazil

-

"Oyun xəstəsi artıq burada, foyedə, mənim yanımdadır. Bir ovuc ləb-ləbini hissə-hissə ağzına ötürür."

"Qaydalar elə qurulub ki, insan faktoruna yer qalmayıb. Zər - bəxtin, xanalar - olduğun yerin, düşəcəyin xanalar isə - gələcəyindir."

Ziya F.M.

MONOPOLİYA

Hekayə

Toyun qızışmağına hələ var. Hələ lirik mahnılar oxunur. Bəylə gəlin yerlərində oturub ətrafa nəzər salırlar.

Kim gəlib, kim gəlməyib? Cütlüklər növbəyə durublar, bəy-gəlinlə şəkil çəkdirmək üçün. Toyun aparıcısı vaxtaşırı qohumları bir-biri ilə tanış edir, qonaqları salamlayır, kiməsə söz verir, kiminləsə tanış olur, proqramı dəqiqləşdirir.

Mən süst vəziyyətdəyəm. Yorulmuşam. Bir neçə aydır iki restoranı ayağa qaldırmaqla məşğulam. Birinci istirahət günümdür iki ayda.

Yol boyu didişdiyimiz həyat yoldaşım başını stolun üstünə düzülmüş, sayı bilinməz, lazımsız qəlyanaltıların yerini dəyişməklə qatır. Gəlmək istəmirdim toya. Restoranda işləyib restoranda dincəlmək olmur.

Yanımda oturan - bəylə ümumi tanışımızdır. Xəstədir. Oyun xəstəsi. İndi də Monopoliya oyunundan danışır:

- Monopoliya oynamamısansa qaydalar haqqında danışım. Maraqlı oyundur. Deməli belə...

Mən hərdən ona qulaq asıram. Musiqi dayananda, tamada danışan vaxtı. Onsuz da tamadanın nə dediyinə heç kim qulaq asmır. Musiqi başlayanda yanımda oturan da susur, sakitliyi gözləyir, sonra davam edir.

Mən gah keçən toydan qabaq başıma gələnləri, gah da ondan sonra yol boyu arvadla didişmələri yadıma salıram. Yanımdakı isə dil boğaza qoymur:

- Bu oyuna ancaq müəyyən miqdar pulla girişmək olar. Ona görə də hərəyə, hər oyunçuya eyni miqdarda pul ayrılır. İki nəfərdən az oyunçu olmaz. Bir nəfərlik oyun olmaz ki?! Başqa monopolistlər də olmalıdır. İki nəfərə hər şey sadədir. Aldın, verdin, tutdun, satdın...

15 saniyə bəs elədi ki, maşın qoşa xətti keçib durduğu yerdən əks istiqamətə 100-150 metr aralansın. Şəhərin ən gur yerində! Yol polislərinin hər xırda səhvə görə sürücüləri məşhər ayağına çəkdikləri yerdə! Təqribən elə bu vaxta kimi də mən özümə gəlib nə baş verdiyini anlamağa çalışdım...

- Nəsə narahatsan? Nə axtarırsan? Gözün elə orda-burdadı.

- Heç...

- Mən səni yaxşı tanıyıram. - Həyat yoldaşım məni tanıdığına ürəkdən inanır.- Məni aldada bilməzsən.

- Buralarda bir restoran olmalıdı. Ona baxıram.

- Nə restoran? Sən ki, buralara gələn deyilsən?

- Hə , gələn deyiləm.

- ....?

- Olub bir dəfə.Adını bilmirəm. Üzdən tanıyıram.

- Olmusan orda? - Yalançı qəzəb. - Mənsiz?

- Hə. Bir dəfə. Uşaqlarla.

...Zəng. Zəng etdiyim adamın qulağında tutduğu telefon. Ona çatana qədər iki dəfə də zəng eləmişdim. Hər dəfə də sakit, aramla harada görüşəcəyimizi danışmışdıq.

İkinci zəngi avtobusdan eləmişdim çatana yaxın. Sonuncunu isə yeraltı keçiddən çıxandan sonra.

Bir-birimizə baxıb başla təsdiq etdik ki, bu mənəm və... Bu o qədər sürətlə baş verdi ki,... üç nəfər məni yerdən qaldırıb maşına qoyanda telefon hələ də qulağımda idi.

15 saniyə.., üzü mərkəzdən kənara səmtlənən maşın.., hər yanımda bir idmançı görkəmində cavan oğlan.., sürücü.., qabaq oturacaqda telefonla danışdığım adam.., özüm arxa oturacaqda , ortada...

Birbaşa əlimdən-qolumdan tutmasalar da, hərəkət etsəm, müqavimət göstərsəm, dərhal bütün cəhdlərimin qarşısı alınacaq bir münasibət.

Ruslar demiş , главное не дрыгайся, тогда все будет хорошо. Не дрыгайся, так, не дрыгайся. Danışmağı hələ ki, qadağan eləməyiblər. Fikirləşməyi də:

- Məni hara aparırsız?

- Hara lazımdı ora. - Qabaq oturacaqdakı, bir az o birilərindən yaşlı, xırıltılı səsli,bayaq telefonla danışdığım adam dilləndi. Heç üzünü də çevirmədi. Böyrümdəkilər mənə bir az da bərk sıxıldılar. Əl-qol ata biləcəyimdən qorxan kimi. Əslində qorxacaq bir adam varsa da elə mən özüməm.

Qorxmaq olmaz. Bu, bir. Qorxsam, it adrenalini hiss eləyib səni dişləməyə hazır olan kimi bunlar da mənə nəsə eləyə bilərlər. Hətta qurcuxmaq da olmaz. Əl-qol atmaq olmaz. Dərhal idman instinkləri işə düşə bilər.

Bu, iki. Üzdəki bütün mimik hərəkətləri yığışdırmaq lazımdı. Neytral bir üz. Nə fikirləşdiyimi başa düşməsinlər.

Bu, üç. Səsi tənzimləmək lazımdı. Nə qorxu, nə hürkü. Adi danışıq. Əvvəldən məni tanısaydılar səsimin tonunun dəyişdiyini hiss edərdilər. Birinci sualı verəndə hansı səslə vermişəmsə, o səslə də danışmaq lazımdı. Bu da dörd.

- Mən bilmək istəyirəm, məni hara aparırsız? Kimsiz? Məndən nə istəyirsiz?

- Ə, az danış.Yoxsa başqa yerə apararıq səni.

- Hara?

- Emvedenin podvalına.

- Olsun. Aparın. Amma onda gərək rəsmi...

- İzahat istəyirsən? Sənin əlindəkilər . Birincisi, sən qeyri-qanuni ticarətlə məşğulsan. İkincisi, bu qaçaqmalçılıqdı. Artıq iki statyan var.

Ora aparsaq xoşuna gəlməz. Hələlik hara lazımdı aparırıq, alınmasa birbaşa ora göndərəcəyik. Səsin çıxmasın daha. Yoxsa peşman olarsan.- Xırıltılı üzünü çevirdi.

Əlbəttə ki, mənim günün-günorta çağında, şəhərin düz mərkəzində, adamların ən çox yığışdığı dayanağın yanında, heç kimə məhəl qoyulmayaraq, peşəkarcasına, bir neçə saniyənin içində maşının içinə qoyulub aparılmağıma səbəb torbamdakı əşyalardır.

Əslində birini götürməliydim, amma dostumun məsləhətilə birini də ehtiyat üçün götürmüşdüm. Bəlkə birini də istədilər. İndi həmin iki əşya qarışıq özümü də aparırlar.

Ətrafa baxmaqdan başqa əlacım qalmamışdı. Heç olmasa bilərəm ki, hara aparırlar. Yaxşı ki, başıma torbadan-zaddan keçirməyiblər.

Bunun bir üstünlüyü də ondadır ki, başıma bir iş gəlsə, bu adamları heç olmasa üzdən tanıya bilərəm. Bunu məni aparanlar da bildiyindən, bir balaca rahat nəfəs almaq olar. Hər halda özüm nəsə kəskin bir hərəkət eləməsəm fiziki cəhətdən mənə toxunan olmayacaq. Amma bilmək olmaz.

Elə adamlar var ki, onları ancaq xüsusi yerlərdə görə bilərsən. Bunlar sifarişlə çağırılmış adamlar da ola bilər, hər hansı bir yüksək rütbəlinin özü üçün saxladığı xüsusi öyrədilmiş, təlim keçmiş adamlar da.

Onun əmrilə nəyə desən hazır olan sədaqətli itlər kimi. Hələ ki, əmr yoxdur, tutub harasa gətirməkdən başqa. Hələ ki, aparırlar. Hara?

Bəlkə də gedər-gəlməzə. Üzlərini gizlətmirlərsə, bəlkə arxayındırlar ki, onsuz da geri qayıtmayacağam. Hələ ki, gedirik.

Üzü şadlıq evlərinin sıx cəmləşdiyi ərazi tərəfə. Qismət olsa o istiqamətdə yolu bu gün bir də gedəcəyəm. Bu gün dostumun qardaşının toyudu. Həmin dostumun. Zəngi ilə evdən çıxdığım dostumun qardaşının toyu.

- Nə vaxt?

- Keçən dəfəki toy günü . Yadındadı, mən gec gəldim? Toya da gecikdik.

- Hə...Amma kefli olduğun yadıma gəlmir. İçkili deyildin. Nə əcəb?

- Toya gedirdik axı... Toya kefli gedən görmüsən? Camaat toydan iki gün qabaq yemək yemir, sən içkidən danışırsan.

- Yaxşı yerdi?

- Hara?

- Uşaqlarla getdiyin restoran.

- Standart. Ümumi zalı var. Kabinetləri. Bir də şüşəli böyük zalı, həyətdə.

- Siz harda oturmuşduz? Kabinetdə?-Əl çəkən deyil.- Yoxsa ümumi zalda?

- Yayda kim zalda oturur? Kondisionerin altında?

- Açıq yerləri yoxuydu? Ağacın altında, kölgədə, su kranının yanında? Altdan arx keçir, sən də taxtadan düzəldilmiş köşkdə. Siqareti tullamağa da yaxşıdı, çox içəndə qusmağa da.

- Sənin deyəsən bu gün kefin yaxşıdı?

- Söhbəti firlatma.

- Şüşəli yerdə.

- Dörd-beş nəfər oynayanda isə artıq bankir lazım olur, sənin mülkün hətta hərraca da qoyulur. Kim çox versə mülk ona qismət olur.

Gediş zərlə müəyyənləşir. Nə qədər atdın, o qədər də xanalarla qabağa gedirsən. Əsas , hamıdan tez hər şeyi qamarlamaqdır.

Hər hansı küçəyə düşsən, pul ilə onu ala bilərsən. Növbəti oyunçu zər atıb sənin aldığın küçəyə düşsə, sənə qaydalara uyğun miqdarda kirayə haqqı ödəyəcək.

Kirayə pulu almaq, kirayənişin olmaqdan daha rahatdır. Bir yeri aldın, daha heç bir xərc qoymadan pul yığmaqla məşğul olursan. Şellənirsən özün üçün, pul özü öz ayağı ilə gəlir. - Oyun xəstəsi qaydaları xırdalayır. Mənim fikrimsə uzaqlardadır. Bu məkandan kənarda.

Kərpicdən hörülmüş divar. Həyət. Həyətin sağında birmərtəbəli bina. İki mərtəbə hündürlüyündə. Amma tez-tez girilib-çıxılan yerə oxşamır. Ağır, taxta qapılarını toz basıb.

Həyətdə iki maşın var. Biri ağ “Jiquli”, dərinlikdə, ağacın altında. O biri, məni bura gətirən qara “Cip”, tozlu qapının qabağında, üzü çıxışa tərəf. Həyətin darvazaları açıq.

Sol tərəfdə divara bitişik şüşəli otaq. Hardasa 20 nəfəri rahat yerləşdirmək olar. Divarın o biri tərəfi isə yeni genişləndirilmiş prospektdir. Otağın bir qapısı var.

Üç-dörd geniş stol bir-birinə pərçimlənib. Mənə üçüncü stolun arxasında yer göstərdilər. Ya da özüm keçdim oturdum, indi xatırlamıram.

Sol tərəfdə, girişin qabağında idmançı görkəmli cavan oğlanlar oturdular. Yarımdairə. Üzü mənə tərəf. Dəstənin başçısı, xırıltılı səsin sahibi ayaq üstə söhbətə başladı.

Dostumun adını çəkdi. Dostumun dostunun adını çəkdi. Və sonda bu işin başında duranın adını soruşdu.

- Kimdi o?

- Bilmirəm. - İndi isə deyəcəyim sözləri, danışacağım nağılı düzüb qoşmaq olar. Nəyi bilib, kimi tanıdıqları aydındır. İşin hansı səviyyədə getməsindən də xəbərləri yoxdur.

Sadəcə bir-iki əşyanın kimə satılmasını və kimin satmasını bilirlər. Demək olar ki, bir aylıq hazırlıqdan, ofisdə yerləşən materiallardan, üst-üstə yığılmış, satılacağını gözləyən əşyalardan, artıq çap olunmuş bukletlərdən, internetdə onlayn ödəmə imkanlarından isə heç xəbərləri yoxdur.

Xəbərləri yoxdur ki, artıq bir aydan çoxdur bukletləri tərtib eləməklə, reklam materiallarını hazırlamaqla şəxsən özüm məşğul oluram. Dostum zəng eləmişdi ki, bir proyekt var, istəyirəm sən də qoşulasan.

Yeni texnologiyalarla bağlıdı. Bizdə bundan hələ ki, yoxdur. Amma bütün dünyada işləyir. Ucuzdu. Baltikyanı ölkələrin birindəndir. Rusiyada da var. Bütün materiallar da rus dilindədir.

Tərcümə eləmək lazımdır. Sonra da yerli nəşriyyatların birində dizayn və çapını təşkil eləmək. Sən də ki, işləmirsən. Heç olmasa başını qatarsan. Hələlik çox pul verə bilməyəcəm, amma sonra iş qaydasına düşəndən sonra yaxşı olacaq.

Beynimdə baş verənləri təqribi düzüb-qoşmağa çalışıram. Deməli, təklif elədiyimizin birini dostumun dostu alıb. Bu adamlar onu tanıyırlarmış . Nə cürsə həmin adam bunlara da təklif eləyib.

O da zəng edib dostuma. Dostum da zəng eləyib mənə ki, müştəri var, özünlə iki dənəsini götür, mənim vaxtım yoxdu, qardaşımın toyudu, zəng elə bu nömrəyə, apar istədiyi yerə, çatdır, pulunu al, toyda verərsən.

Evdə on dənəsi var. İkisini götürdüm. Zəng elədim, yerini, vaxtını danışdım, görüşdüm, əşya qarışıq götürüldüm və gətirildim bura...Bu, olanlar...

Amma məni oğurlayan dəstə üçün bu belə səslənməməlidi... İndi , bu məqamda bir balaca özümü məlumatsızlığa vurmalıyam. Təqribən belə:

- Dostum zəng elədi ki, belə bir şey var. Bunu çatdırmaq lazımdı. Bu telefon nömrəsinin sahibinə. Məndən xahiş eləyiblər, amma mənim vaxtım yoxdu, qardaşımın toyudu. Gəl, yolda görüşək. Mən şeyləri verim, sən çatdır. Vəssalam. Görüşdük, aldım, sizə zəng elədim. Siz də məni bura gətirdiniz. Mən bunları sizə verib, pulunu alıb, toyda ona çatdırmalıydım, o da ondan xahiş edənə. Kim bu işlə məşğul olur, bilmirəm. Məndən dostum xahiş eləyib, mən də onun xahişini yerinə yetirmişəm.

Nağılı danışıb qurtardım, hətta axırında yüngülvari bir gülümsündüm də. İdmançıların arasında ən ağıllı görsənəni uzun-uzadı, söyüş və təhqirlə dolu bir “nitq” söylədi.

Dostumu və onun havadarını qatdı bir-birinə. Onu da belə eləyəcəyik, onun böyüyünü də. Hələ mənə toxunmurlar. Amma özləri qəsdən burda olmayanların haqqında kobud danışırlar. Qorxudurlar. Yəni, bax onlardan danışdıq, indi sənə də keçərik.

- Hardadı sənin dostun? Niyə sənin haqqında narahat olmur? Heç vecinə də deyil.

- Onun heç nədən xəbəri yoxdu. İmkan verin zəng eləyim. Deyim.

- Zəng elə.

- Salam. Qardaş, məni tutub gətiriblər... Bilmirəm kimdilər... Amma səni tanıyırlar, dostunu da... Yox. Hər şeyi bilirlər. Yəni kimsən, nəçisən. Yox. Narahat deyiləm.

Birinci “yox”, işin başında duranın tanınıb tanınması haqqında idi. İkinci “ yox” , sənə dəyib eləməyiblər sualının cavabı idi.

- Bu işlə müəyyən adam məşğul olur. İndi onu axtararam. Hər şeyi yoluna qoyar. Narahat olma.- “Narahat deyiləm” isə sonuncu cümləyə aid idi.

- Ver bura.- Xırıltılı səsin sahibi çox danışmağa imkan vermədi. Telefonu götürüb otaqdan çıxdı. Bir neçə dəqiqədən sonra qayıtdı. Telefonu qaytarmadı.

- Hə, indi görərik dostundu, yoxsa yox. Onlar səndən istifadə eləyirlər. Veriblər qabağa, özləri tülkü kimi gizləniblər. Oturublar rahatca öz kondisionerli otaqlarında.

- Bəs deyirsən yayda bağlı yerdə heç kim oturmur?

- Şüşələrinin yarısından çoxu açıq idi. Elə hesab elə ki, bayırda oturursan.

- Yerli mətbəxdi, ya?...

- Deyəsən.

- Məni dolamısan? Sən özün restoranda işləyirsən. Oturub yeyib-içmisən. Deyirsən ki, bilmirəm?

- Hə, yerlidi. Daha doğrusu, indiki bütün restoranlar kimi, qarışıq.

- Yəni?

- Kabab-mabab. Bunlar yerlidi. Salatlar xarici.

- O nə cür olur?

- Adi. Bizdə guya ki, salat var? Bir dənə çoban salatından başqa heç nə yoxdu.

- Bəs столичный, мимоза, винегрет? - Yoldaşım səsinə süni inciklik və yalançı pafos verdi.

- Hə, düz deyirsən.- Zarafatı dəyərləndirdim.

- Sən ictimai sektora aid sahələri də satın ala bilərsən. Elektrik, kanalizasiya sistemlərini və ya Dəmir Yol stansiyalarını da ələ keçirə bilərsən. Əgər bütün kommunal strukturlar sənə aiddirsə ora düşən oyunçudan zərin verdiyindən onqat artığını qopartmaq sənin hüququndur.

- Nə? - Fikrim dağılıb, yanımdakını yaddan çıxartmışam.

- Bir-birinə yaxın olan küçələri alandan, orada evlər tikəndən sonra bu evləri mehmanxanaya da dəyişə bilərsən. Hətta türməyə düşəndə pul verib çıxmaq da, əvvəlcədən bəxtinə düşən kartdan istifadə eləyib aradan sivişmək də mümkündür. Hər dövrəni başa vuranda sənə əlavə pul da verirlər.

Yadıma düşdü. Monopoliya oyunundan danışırdı. Doymadı bu?

Bayaq Xırıltılı telefonla çıxanda idmançıların biri də onunla birlikdə getmişdi. Geri özüylə bir nəfəri də gətirdi. Gətirdiyi oğlan isə özüylə bir “podnos” “xolodnı zakuska” gətirmişdi. Yəni bir sini qəlyanaltı: göy-göyərti, turşu, pomidor-xiyar, təndir çörəyi, stəkanlarda qatıq. Gedib-qayıdan nəyə görəsə üzr istəyən təhər mənə baxıb:

- Acımışam. - Dedi və başladı əlıinə keçəndən tıxmağa.

Mənim beynində bu dəqiqə yemək üçün yer yox idi. Fikirlərim təqribən bu istiqamətə səmtlənmişdi: Acımışam yox, acmışam. Adam idmançı olanda nə olar, dilini düzgün bilməməlidi? Xəmir acıyar, adam acar.

Telefonu qaytarmadılar. Amma o biri telefon cibimdədi. Mən burda görəsən çoxmu qalacam? Indi hər şey dostumun dediyi adamı tapmasından asılıdır. Tapmasa bəs?

O birini, işi başlayanı axtarırlar. Niyə onu? Ona amma heç nə eləyə bilməzlər. Onun yuxarılara çıxışı var. Atası da balaca adam deyil. Bunlar kimdir? Bunların da yuxarılara çıxışı varsa, özləri həll eləyə bilməzlər?

Əgər məni çox asan , günün - günorta çağında tutub hara istəyirlər aparırlarsa, deməli kiçik adam deyillər. Ola bilməz ki, bu qədər həngamə torbanın içindəki iki xırda şeyin üstündə olsun.

Mənim ətrafımda bu dəqiqə yeddi-səkkiz adam var. Düzdü ,sakit oturublar, amma mən də sakit oturmuşam. Ona görə də bunlar sakit oturublar.

Deməli, indiyə qədər neçə belə adamı otuzdurublar. Amma otuzdurana qədər yəqin ki, onlar əl-qol atıblar. İndi mənim sakit oturmağım bunlara qəribə gəlir. Özlərini narahat hiss edirlər. Nəsə çox sakitəm.

Öyrəşməyiblər. Əgər əvvəlcədən belə bir şey olacağını bilsəydim, özümü itirərdim, reaksiya verərdim, hay-küy salardım, dartınardım və payımı alardım.

Bir var səni dişləsinlər, bir də var gözləyirsən ki, indi dişləyəcəklər. Dişləmə gözləntisi dişləmənin özündən daha qorxuludu. Məni artıq dişləyiblər. Tutub bura gətiriblər . Hələlik ən qorxulusu baş verib. Ən adi şeylərə reaksiyalarını da yoxlamaq lazımdı. Torbamda bir şüşə su var.

- Amma toyda heç restorandan gələn adama da oxşamırdın.

- Demək olar ki, yeməmişdim.

- Səndən nə əcəb? Sən ki, kabab-mabab xoşlayırsan? Özünü toya saxlamışdın?- Elə bil müstəntiqin yanındayam.

- Hə.

- Yalan danışma. Sənin toy yeməklərindən zəhlən gedir.

- Toylarda yemirəm ki?

- Keçən dəfə, toyda göy-göyərtini korş bıçaqla doğrayıb, üstünə limon sıxıb, axıracan çörək-pendirlə yeyib, üstündən də ancaq pivə içən sən deyildin?

- Bir dəfə olub. Bir dəfəylə ümumiləşdirmək siz qadınların köhnə xasiyyətidi.

- Ondan qabaqkında da heç nə yeməmişdin.

- Onda çox içmişdim. İçəndə yeyə bilmirəm, özün yaxşı bilirsən.

- Ondan bir toy qabaqkında həm vəhşi kimi yeyirdin, həm də dəvə kimi içirdin. Aclıqdan çıxmışdın elə bil.

- Özün deyirsən ki...Hər dəfə bir cürəm. Birində yeyirəm, birində içirəm, o birində həm yeyib-içirəm.

- Əvvəllər rəqs də eləyirdin. İndi yalandan qollarını qaldırırsan.

- Yoruluram. Toya halım qalmır. Toyun hay-küyündən başım ağrımağa başlayır. Keflənib toy toğlusu kimi ortalığa düşənlərə baxanda ürəyim qalxır.

- Əvvəllər ortalıqdan çıxmırdın? Nədən yorulursan?

- Avaraçılıqdan . Ya da qocalıram. Axır vaxtlar yolda, dükanda əmi, dayı deməyə başlayıblar. Hələ “ağsaqqal” deyənlər də var.

- Təki hamı sənin kimi qoca olsun.-Yoldaşımın səsi bir az yumşaldı.-O restoranda içməmişdin, yeməmişdin. Neynirdin orda? Mən səni gözləyirdim. Geyinib-kecinib dəli kimi oturmuşdum evin ortasında. Telefona da cavab vermirdin. Sonra da heç nə demədin. – İndi isə küsməyə başladı .

- İşgüzar söhbət idi.

- Sən nə vaxtdan biznesmen oldun? Səndə iş adamı damarı yoxdu. Ömründə inanmaram ki, sən gedib hansısa restoranda işgüzar görüş keçirmisən. Bəs deyirsən uşaqlarla idim?

- Tanış uşaqlarla iş barəsində danışmaq olmur?

- Olur, niyə olmur? Nəticəsi də olur. Nəsə görmədim. Neçə aydı işsizsən?

Hər dəfə sakitlik düşəndə yanımdakının hələ də eyni mövzunu davam etdirməyi məni əslində narahat eləmir, əksinə hətta marağımı çəkməyə başlayır:

- Qaydalarla qurtardıq , yoxsa ...?

- Yox hələ ! Şansların da var. Ad günlərinə hərədən bir az pul da yığa bilərsən . Hərdən vergidən geri pul qoparmaq da mümkündür. Hərdən auditin cəriməsi səni demək olar ki, pulsuz qoya bilər. Xeyriyyə fondu da var.

Sənin xeyrinə də işləyə bilər, ziyanına da . Əvvəldən bilmək olmur. Hər şey pulla ölçülür. Pulun varsa cərimələri rahatlıqla verirsən. Artıq pulun varsa nə qədər mümkündür, o qədər də ev ala bilərsən.

Daha çox yeri ələ aldıqca, daha çox gəlir götürürsən. Məsələn, bura sənin küçəndir, sənin evindir, sənin mehmanxanandır. Vağzallar səninki, kommunal xidmətlər səninki.

Nə qədər çox yer tutsan, bir o qədər də qazanmaq, varlanmaq şansın artır. Nə qədər az pulun varsa, bir o qədər də oyunda qalmaq şansın azalır.

- Su içə bilərəm? Suyum var, içməyə almışdım, imkan vermədiniz.

İdmançıların ən kötük sifətlisi başını yellədi. Ağıllı görkəmlisi çoxbilmiş kimi gülümsündü. O birinin əli boğazına keçmişdi, hələ də tıxırdı. İçdim. Xırıltılı indi ayılıbmış kimi:

- Ver onu bura.- dedi. Torbanı aldı. İçindəkiləri çıxartdı.- Bunlara bax ha, hər şeyi eləyiblər, hazırdı.-Əşyaları çıxardıb hamıya göstərdi.- Sən harda işləyirsən? Nə ilə məşğulsan?

- Heç harda. İşsizəm.

- İşləsəydin belə axmaq işlərə baş qoşmazdın. Sənin xəbərin var ki, səninlə neyləyəcəyik? - Bir az qaranlıq, qorxulu gələcəyi xəbər verən səs tonu. Pauza. Uzun pauza. Başa düşdü ki, qorxmaq fikrim yoxdur. Tonunu dəyişdi. - Bizə elə, belə şeyləri bacaran adam lazımdı. Gəl bizdə işlə də. Maaş da verərik. - Özü öz zarafatına güldü. Ağzı boş olan idmançılar da gülüşdülər. Birdən də xırp kəsdilər. İçəri özündən razı, pencəyi çiyninə atılmış , hündürboy, bığlı birisi girdi. Bir nəfər də artdı. Neçə oldular?

- Nə bilim , saymamışam.

- Altı aya yaxındı. Heç bilmirəm toya yazılacaq pulu hardan almışdın?

- Mənə gözlə deyəndən. İşin sahibindən.

- O sənə tam maaşı verməlidi. Sən ona görə oturub gözləyirsən ki, nə vaxt iş açılacaq, sən də orda işləyəcəksən. Bəlkə heç açılmadı. Bəlkə heç səni işə götürmədi? Onda neynəyəcəksən?

Məndə problem yoxdu. Pulum var. Sənə nə qədər lazımdı götürə bilərsən. Amma sən işsiz özünü pis hiss eləyirsən. Mən də sevinmişdim ki, şükür evdə olacaqsan, uşaq üzünü axşamlar görmürdü, heç olmasa bir-birinizi görərsiz. Sən də ki, günortaya kimi yatırsan.

Biz gələnə yaxın ya çəkilirsən o biri otağa, ya harasa çıxıb gedirsən. Biz yatana yaxın gəlirsən. Sonra da səhərə kimi televizoru qurursan, nə özün yatırsan, nə də bizi qoymursan yatmağa.

- O gün televizoru söndürdüm ki, yatasan. Səhərə qədər yata bilmədin ki?!

- Öyrəşdiribsən da!

- Mən neynəyim? İşimin xarakteri belədi. Gör neçə ildi gecə saat 2-də, 3-də gəlirəm. Yemək, çimmək, bir az da televizora baxmaq lazımdır ki, işdən aralanım. Olur səhər saat 5. Sonra da günortaya qədər yatıram.

Elə bilirsən mənə xoşdu? Heç hara gedə bilmirəm. Dostların üzünü görmürəm. Bir dəfə getmişəm, onu da başıma qaxırsan. Başqa iş də bacarmıram.

- Çox yaxşı bacarırsan. Amma özün istəmirsən. Bilmirəm nə yapışmısan bu restoranlardan? Ofisdə-zadda bir iş tapa bilməzsən? Bu qədər adam tanıyırsan, müştərilərdən biri ilə danışsaydın, çoxdan normal işə düzəlmişdin.

- Mən restoranda işlədiyim müddətdə hələ bir nəfər də mənə iş təklif eləməyib. Həmişə gülümsündüyümdən elə bilirlər ki, məndə hər şey yaxşıdı və mən dünyanın ən xoşbəxt adamıyam. Ofisdə gedib katibə işləyəsi deyiləm ki ?

- O restoranda necə, hamı sənin kimi xoşbəxt görünürdü? Nə oldu, gözünə dəymir hələ?

- Yox.

- Adı nədi?

- Yadımda döy.

- Bu küçə başdan-ayağa restoranla doludu ki. Nə cür tanıyacaqsan?

- Görmə yaddaşım yaxşıdı. Narahat olma, tanıyaram. Onsuz da tıxacdayıq, addım-addım gedirik. Mümkün deyil ki, görməyim, tanımayım.

- O tərəfdədi,ya bu tərəfdə?

- Soruşmaq istəyirsən ki, sağdadı, ya soldadı?- İndi zarafat eləmək növbəsi mənə çatdı.

- Məzələnirsən yenə? Bilmirsən ki, sağı-solu bilmək üçün fikirləşməliyəm?

-Sən nə cür maşın sürürsən bilmirəm.- Bunu gərək deməyəydim.

- Hamı necə sürür, mən də elə. Guya ki, sağı-solu tanıyanlar məndən yaxşı sürürlər? - Yoldaşım incidi. Üzünü “o tərəfə” çevirdi, yəni sola. Amma çox keçmədən (həmişəki kimi) söhbəti özünün dayandığı yerdən davam elədi.

- Bəlkə özün bir iş açasan?

- Maya lazımdı.

- Mən bir az verərəm. Bir az kredit götürərsən.

- Adam lazımdı.

- Nə adam?

- Krışa.

- Çətinə düşəndə əldə elədiklərini ya ikiqat aşağı qiymətinə sata, ya da banka ucuz qiymətə girov qoyub borclarını qaytara bilərsən. Bir dəfə banka getmək artıq gələcək məğlubiyyətinin əsasını qoya bilər.

Borcdan çıxmaqdan ötrü zər sənə fantastik imkanlar verməlidir. Bu isə demək olar ki, mümkün deyil. Ayağın bir dəfə sürüşdüsə, sənə badalaq vurmaq asanlaşacaq. Əgər yıxılmağa meyllisənsə hamı sənə balta çalacaq. Səni mütləq sıradan çıxaracaqlar və bu digərlərinə olmazın ləzzət verəcək.

- Kreditin var?- Mən soruşuram.

- Hə.- Oyunçu təəccüblə təsdiqləyir.

- Çalış qaytar, daha götürmə.- deyib foyeyə, siqaret çəkib meyvələrə baxanların yanına gedirəm. Toy qızışıb. Səs-küy aləmi götürüb. Bəylə-gəlin ortalıqdadırlar, qohumlar ərtaflarını bürüyüblər. Yanımdakı danışmaqdan yorulmadı. Mən qulaq asmaqdan yoruldum.

- Budu? - Ətrafdakılar özlərini yığışdırdılar, amma oturanlar yerindən durmadılar. Yəqin qaydalara görə onlar da kəskin hərəkətlər eləməməlidirlər ki, tutduqları hürkməsin.

Pencəkli məni əşya kimi süzdü. 15-20 saniyə baxışlara etinasızcasına tab gətirmək o qədər də çətin olmadı. Əsas, daxildə heç bir təlatümün olmamasıdı.

Yəni dediyimi demişəm, gördüyümü görmüşəm, sizdən qorxmuram, heç nədən narahat deyiləm, pis iş tutmamışam, yalan danışmamışam. Nədən qorxum? Bu fikirlər baxış zamanı mənim beynindən keçdikcə pencəklinin marağı da azalmağa başladı. Hiss elədi nədi?

- Hə, danış görək.

- Nə danışım?

- Çoxdan bu işlə məşğulsuz?

- Hansı işlə?

- Suala sualla cavab vermək yəhudilərin peşəsidi. Azərbaycanlısan?

- Hə.

- Onda , özünü tülkülüyə vurmaq lazım deyil. Onsuz da hər şeyi bilirik.

- Bilirsiz, daha məndən niyə soruşursuz?

- Yenə sual? Sənin xəbərin var ki, burdan birbaşa podvala gedəcəksən?

- Hə, bilirəm, emvedenin podvalına. Uşaqlar xəbər verdilər.

- Sən nəyə görə kiminsə pul qazanacağına görə gedib yatmalısan ki? Ailəlisən?

- Hə.

- Uşağın var?

- Var.

- Uşağın neçə il atasız qalacaq.

- Mən elə uşaqlıqdan atasız böyümüşəm. Mənim uşağımın məndən nə üstünlüyü?

- Sən zəng edəndən nə qədər vaxt keçib? Hardadılar? Niyə gəlmirlər? Kimdir onlar? Bu da sənin dostun! İki saata yaxındı burdasan, bir saatdı zəng eləmisən. Nə cavab gəlmir, nə özləri.

Sən qurbanlıq quzusan. Səni artıq bizə verib özləri qaçıb gizləniblər. Gəlməyəcəklər də, kişilikləri yoxdu. Olsaydı, çoxdan burdaydılar. Hanı, hardadılar? - Səs artıq ucalmışdı. Pencəyin bir qolu çiyindən sivişib düşmüşdü. – Sənin xəbərin var, biz bu işlə bir ildən çoxdur məşğuluq? Rəsmi müqaviləmiz var. Rəsmi adı var. Bütün turist şirkətləri ilə işləyirik. Özü də xaricə gedənlərə pulsuz veririk. Var xəbərin?

- Yox.

- Yoğunuq! Səni bu işə qoşanları deməsən, birbaşa məhkəməyə gedəcəksən, ordan da türməyə, bir neçə illiyə. Xarab olub çıxandan sonra da qalacaqsan ortalıqda. Ora kurort-zad deyil səninçün. Adamlarımız da var orda. Gününü qara eləmək bizim əlimizdə heç nədi. Bəlkə heç çıxmadın...

- Çıxmadım-çıxmadım. Neynim? Mənimki də bura qədərmiş.

- Onları pokrıvat eləmək lazım deyil. Öz canını fikirləş. Mənim uje qırx yaşım var. Cavansan hələ. Gələcəyini indidən fikirləşmək lazımdı. Mən səndən bir-iki bahar çox görmüşəm. Neçə yaşın var?

- Qırx üç.

Uzun-uzadı bir pauza...

- Yaxşı qalmısan...- Çaşqınlıq.- Sənədin var üstündə?

- Mən sənədsiz evdən çıxmıram. Buyur.

-Hə, düz deyirmişsən. Yaxşı. - Üzünü ərtafdakılara çevirib:

- Gəlib çıxmayınca, burdan buraxmayın.- Dedi.- Sonrasına baxarıq. Sənəd də geri qayıtmadı.

Qayıdım, qayıtmayım? Qərar verməyə ehtiyac olmadı. Oyun xəstəsi artıq burada, foyedə, mənim yanımdadır. Bir ovuc ləb-ləbini hissə-hissə ağzına ötürür:

- Oyunun qaydaları sərtdir. Hissə, həyəcana qapılmaq kömək eləmir. Nə qədər qəddarsan, bir o qədər xeyir götürürsən. Zərin verdiyini də hesablaya bilsən, oyunda üstünlüyü hamıdan tez ala bilərsən.

Bir dəfə, lap başlanğıcdan alınan üstünlük sona qədər sənə bəs edə bilər. Əgər qaydaları dəyişmək fikrinə düşsən oyun uzana bilər. Zəiflik göstərsən hər şeyi itirə bilərsən. Oyunun qaydaları sərtdir. Qaydalar elə qurulub ki, insan faktoruna yer qalmayıb. Zər - bəxtin, xanalar- olduğun yerin, düşəcəyin xanalar isə - gələcəyindir.

Mən canımı bundan necə qurtarım, görəsən? – Yalandan:

- Bəy səni axtarırdı bayaq - dedim.

- Onda yenə kiməsə işləməli olacaqsan. Sənin üçün çətindi axı. Yaşının o yaşı deyil ki, kiminsə əlinin altında işləyəsən. Sən ki, hamıdan yaxşı bilirsən nə eləmək lazımdı. Nəyinə lazımdı kimsə?

- Bizdə adamsız işləmək mümkün deyil. Bunun o qədər gəlib-gedəni var ki...O gəlir ver, bu gəlir ver. Elə onlara işləyirsən.

- Başqaları necə işləyir, sən də elə.

- Mən başqaları kimi işləyə bilmirəm. Mən kiməsə rüşvət verəndə nəinki özümü pis hiss eləyirəm, hətta rüşvət verdiyimi də təhqir elədiyimi fikirləşirəm.

- Sənin deyəsən dünya-aləmdən xəbərin yoxdu?

- Niyə yoxdu? Varımdı. Elə görə də heç nə eləmək istəmirəm. Alınmayanda pulu itirəcəm, borc verəcəm illər boyu. Alınanda da kimsə gəlib yeri əlimdən alacaq.

- Dərəbəylik zaddı?

- Hə. Dərəbəylikdi.

- Palaza bürün, elnən sürün.

- Mən sürünmək , əyilmək istəmirəm. Mən özümü alçaq, əksik hiss eləmək istəmirəm. Mən təmiz, alın tərimlə qazanmaq istəyirəm. Öz zəhmətimlə! Bacarığımla! Halal çörək yemək istəyirəm !!!- Çox alovlu bir çıxış elədim.

- Onda, öl acından.- Bu da cavabı...

- Ağsaqqal , yiyirsən yemək?- Pencəkli və Xırıltılı artıq çıxmışdılar. Təklifi eləyən bayaqkı, özünə yeməklə divan eləyən idmançı idi.

- Yox ,sağ ol.

Ağıllı görkəmli idmançı bayaqkı kimi gülümsünüb:

- Onun boğazından bu dəqiqə yemək keçməz.- dedi.

- Niyə? Yeyərəm də , içərəm də. Toya getməliyəm. Ona görə.

- Yaxşı daaa, ağsaqqal. Biz bilirik dəəə.- “A” və “Ə”-lər uzanırsa, haradansa Gəncəbasar zonasındandı. “Ə”-ni gəncəlilər uzadırlar.

- Ağzıña bir şey al.- Qarınqulu əl çəkən deyil. Həyatının mənasıdır, başqalarına da təlqin eləyir.-Ə, götü, utanma.

- Utanmıram. Toya gedəsiyəm.

- Bilmək olmaz, toya gedəcəksən ya yox.-Ağıllı dilləndi. Guya qorxutduğudu.- Bəlkə başqa yerə gedəsi oldun.

Kötük sifətlidən səs çıxmırdı, eləcə baxırdı. Gələndən nə cür baxırdısa elə, elə də baxırdı. Deyəsən buna tapşırıblar ki, gözünü məndən ayırmasın, bu da ayırmır.

Hansı idmanla məşğul olduğu bilinmir. Amma başı işləmədiyindən boksçuya oxşayır. Ağıllı isə, şahmat oymanaqla bu qədər əzələ yığa bilməz. Yəqin bodibildinqlə məşğul olub. Nə qulağı qırıqdı, nə üzü sürtülməyib, nə gözü dombalmayıb.

Kötüyün burnu əzilməsə də sifətinin cizgilərini elə bil rəssam yox, rəngsaz çəkib. Kələkötür divara. Üzü üzlər görüb, daha doğrusu yumruqlar. Qarınqulunun isə heç nə vecinə deyil. Yeyib-içib dünyadan keçib. Yayxanıb özü üçün. Üçcə nəfər qalıb otaqda. Bunları bir də yoxlamaq lazımdı.

-Tualetə gedə bilərəm?

- Yaxşı, öl deyirsən, ölərəm.-Bu dəfə üzümü mən bu biri tərəfə, yəni sağa döndərməli oldum. Zillədim gözümü maşının pəncərəsindən asta-asta arxaya sürünən, xırda reklam lövhələrinin alabəzəkliyinə görə daha da çirkli görünən iki-üç mərtəbəli binalara.

- Tıxac qurtarana kimi bütün problemlərimizi həll eləyib qurtarsaydıq pis olmazdı.- Barışıq üçün atmacanı özüm atdım.

- Bizim bir tıxaclıq problemimiz olsaydı, pis olmazdı.

- O qədər çoxdu?

- Altı aydı evdəsən. Bir çöpü də yerindən tərpətməyibsən. Hər şey tökülüb dağılır.

- Nəyimiz dağılır ki?

-Vanna otağına girmirsən? Bütün borulardan su damır.

- Bir müştərimiz vardı. Girdi restorana, dedi ki, burdan yemək iyi gəlir. Tanış idi. Menecerlə. O da cavabında qayıtdı ki, restorandan mazut iyi gəlməli deyil ki? Yemək iyi gəlməlidi da.

- Yəni deyirsən , vanna otağı elə həmişə suyun içində olacaq, sən də heç nə eləməyəcəksən?

- Eləyəcəm. Hələ pulum yoxdu.

- Məndə var. Götür elə.

- Yox. Özüm. Bir az döz. Dözə bilməzsən?

- Dözə bilməzsən, ağsaqqal?

- Yox! Vəziyyət xarabdı.

Üçü də bir anda ayağa qalxdılar. Biri dərhal bayıra çıxdı. O biri qapının yanında durdu. Üçüncüsü mənim hərəkət etməyimi gözləyir. Deməli, arxadan gələcək. “Qabaqda gedən avanqarddı, yəni “qabaq” və “qorumaq” sözlərinin fransızca sözbirləşməsi, arxadakı “aryerqard”, arxadan qoruyan. Bəs ortadakının niyə fransız dilində təyinatı yoxdu görəsən? Onun nə təyinatı olmalıdı ki? Ortadakı elə ordudu.

Qabaqda, yanımda və arxamda üç “şəxsi cangüdənimin” müşaiyyəti ilə üzü balaca qülləni xatırladan həyət tualetinə doğru getməyə başladım.

“Mənimlə birlikdə girəcəklərmi? “ sualı da beynimin kiçik bir guşəsində qımıldanırdı. Məni məşğul edən bir məsələ da vardı. Əgər mən, birdən yerimdən qopub, 3-5 metr aralıdakı prospektə qaçsam, bunlar neyləyəcəklər?

Darvaza açıq, yol yaxın, əlimdən-qolumdan tutmayıblar, idmançı olsalar da gözlənilməz hərəkət onları çaş-baş sala bilər. Amma sonra məni balaca uşaq kimi necə götürüb ruhum da incimədən maşına otuzdurmaqları yadıma düşdü.

Həm də bu variantı yoxlamaq, bütün günahları boynuna almaq olardı. Məni mütləq tutub geri gətirəcəkdilər, amma ondan sonra söhbətin axarı tamam başqa səmtə yönələ bilərdi, daha doğrusu yönələcəkdi.

Hörmət-izzət, ağsaqqal müraciəti təhqirə , söyüşə və çaqqal ifadəsinə keçəcəkdi. Bir-iki dəfə çırpacaqdılar yüz faiz. Gedib rahatca siymək, sakitcə geri qayıdıb artıq qızdırdığım yerdə oturmağım yaxşıdır. Hər halda orada, şüşəli otaqda oturmağıma bunlar artıq öyrəşiblər.

Adi tualet. İçəridə Asiya unitazı, aftafa. Kağız yoxdur, divarları mamır, çölündə əl-üz yuyan. Nə eləməliydimsə elədim. Çıxıb eskortla sakitcə geri qayıtdım.

Əslində baxanda heç tualetə getmək də istəmirdim. Yadıma 8-10 saat avtobusda bir dəfə də tualeti yada salmadan rayona getməyim düşdü. Sadəcə pultu götürüb düyməni basıb televizoru söndürdüyün kimi bir şeydir. Oruc tutanlar yemək haqqında fikirləşmədiyi kimi. Dözmək söhbəti deyil. Hər şeyə dözmək olar. Həddi var.

- Mən heç, mən dözərəm. Uşaq girir tualetə , ayaqları islanır. Başqasının uşağı deyil ki, sənin uşağındı! Səni ki, məndən çox istəyir. Sən də onu. Burnu axanda amma mənim üstümə gəlir.

- Gecələr yatmayanda azmı yırğalamışam?!

- Yırğalamaqla iş bitsəydi, nə var idi ki?! Xəbərin yoxdu, çarpayıya yerləşmir. Deyir, istəmirəm burada yatmaq. Balacadı.

- Yaxşı, alarıq.

- Hara qoyacıq, yerimiz yoxdu.

- Bir şey fikirləşərik.

- Sən fikirləşənə kimi uşaq instituta girəcək. Fikirləşmək yox, iş görmək lazımdı. Pul qazanmaq lazımdı. Nə vaxta qədər maaşa işləyəcəksən? Maaşla kim dolanır indi? Hamı nəsə eləyir.

- Mən hamı deyiləm.

- Sənə elə gəlir.

- Hamı ayrı, mən ayrı.

- Hamının hər şeyi var. İşi də, maaşı da, əlavə gəliri də. Bir sən qalıbsan ortalıqda.

- Mən də beləyəm. Neynim? Özümü dəyişə bilmərəm ki? Hamı kimi ola bilmirəm. Alınmır...

Yenə cansıxıcı sükut. Yenə maşının pəncərəsi. Yenə çirkli, tozlu binalar, rəngbərəng reklamlar.

- Tapdım! Bu tərəfə bax! Bu restorandı.

- Adına bax.

- Adı yoxdu.

- Adsız da restoran olar?

- Mən də deyirəm niyə adı yadımda qalmayıb. Kənardan baxsan heç bilməzsən ki, bura restorandı.

- Bəs camaat hardan bilməlidi ki, bura restorandı? Bəlkə heç restoran deyil?

- Özlərinin xüsusi müştəriləri olan restoranlar hərdən belə edirlər. Kənardan gələnlərə heç ehtiyacları olmur. Yaxınları, dost-tanışları bəs eləyir. Bu da bizim klub sistemimizdi yəqin. İngilislərinki kimi. Heç “face control” da lazım deyil.

Bəziləri də var, restoranı özləri üçün saxlayırlar. Ancaq özü və öz adamları üçün, pul qazanmaq üçün yox. O qədər pulları var ki, mal təzəyi kimi. Dizaynını da elə verirlər ki, kənardan baxan elə bilir idarə-zaddı.

- Qapalı restoran?..

- Bizdə elə onsuz da hər yer qapalıdı. Kənar heç kim, heç yerə buraxılmır. Hamısı özlərininkidi.

- Özləri kimdi?

- Guya bilmirsən? Indi mən soruşum, dünyadan-aləmdən xəbərin yoxdu?

- Var.

- Qatıq yeyə bilərəm? - Bunu da qəsdən eləyirəm. Qoy fikirləşməsinlər ki, nədənsə qorxuram və ya çəkinirəm. Amma əslində bu vəziyyətdə qorxmamaq və çəkinməmək mümkün deyil. Kim desə ki, belə deyil, inanmayın. Qarınqulunun üzü güldü:

- Hə! Bə nə!

“Bə nə” - Qarınqulunun dilində “buyurun” kəlməsini əvəz eləyir. Onun dilindən təqribən belə bir ifadə də səslənə bilər: “Yemək yemisənsə qanın niyə qaradı?” Ac olsa adamı da basıb yeyər. Stolun üstündə qalanları utandığından yeməyib yəqin. Yox əşşi , utanan üz nə gəzir bunda?!

- Başqa bir şey lazımdı, gətisinnər?

- Yox, sağ ol, toya getməliyəm.

Xırıltılı içəri girəndə, mən qatığı təndir çörəyi ilə yeyib qurtarmışdım. “Ağıllı baş ac qalmaz!” ifadəsini bu dəqiqə özüm üçün kəşf elədim.

Birinci xoş məqam. Xırıltılının aurası dəyişmişdi. Bir balaca səmti itirən kimiydi. Nə deyəcəyini fikirləşən adama oxşayırdı. Bəlkə Xırıltılını mənim sakitcə qatıq yeməyim çaşdırmışdı? Bu sualı məzə üçün verdim özümə. Qatıq söhbəti deyildi yüz faiz.

Yəqin ki, dostumun dediyi adam söhbəti sona yetirmişdi. Kimisə tapmışdı, kiməsə zəng eləmişdi. Onlar da yəqin ki, bunlara zəng eləyiblər. Aydınlaşdırıblar ki, kim bu işlə məşğul ola bilər, kim yox.

Bakı balaca şəhərdir, üç milyon əhalisi olsa da . Kimin nə ilə məşğul olduğunu hamı bilir...

Xırıltılı mənim sənədimi stolun üstünə tulladı. Torba hələ də stolun üstündəydi. Gələndən bircə dəfə içindəkilərə baxılmış və atılmışdı.

- Bunlara dəymə! - Xırıltılı əşyalara işarə elədi. - Sənədini götür.- İdmançılara, - Aparın bunu hardan gətirmisiz ora.-göstərişini verdi.

- Telefonumu, zəhmət olmasa.-İkinci xoş məqamdan sonra üçüncüsü də pis olmazdı.

-Yox, telefonu çatanda verərsiz. - Xırıltılı idmançılara göstəriş verdi. Geri dönüb çıxdı. Arxaya baxmadan.

İdmançılar ayağa durdular.

Kötük nəhayət ki, dilləndi:

- Ağsaqqal, gəl.

Məni gətirdikləri “JEEP” yerində yox idi. Ağıllı idmançı səmtləndi ağacın altındakı “Jiquli”yə. Hətta bir az xətrimə də dəydi. Nə ilə gətirmisiniz, nə ilə qaytarırsınız?! Eh...

Kötük də qoşuldu Ağllıya. Qarınqulu otaqdan çıxmadı. Stolun üstündə yemək qalmışdı...

Haradan gətirmişdilər, ora da qaytardılar.

Ağıllı axırda nəsə deməliydi, dedi də:

- Ağsaqqal, ehtiyatlı ol, belə işlərə baş qoşma.

Kötük də əlavə elədi:

- Hə... Axmaq zamanadı.

Bəylə-gəlin qonaqlarla birlikdə yallı gedirlər. Oyun xəstəsinin hər iki əlindən yapışıblar. Hələ ki, onu stolların arasıyla mənə tərəf sürüyürlər. Mənim yanıma çatanda əyilib tez-tələsik bu cümləni deməyə imkan tapdı:

- Dövrədən isə ancaq ya hamını müflis edib, ya da özün müflis olub çıxmalısan.

Telefonun zəng çalır. Cavab vermək istəmirsən?

- Sən hardan bildin? Zəngi çalınmır.

- Vibratoru hiss eləyirəm.-Bu dəfə isə iradlar qayğı qarışıq səslənir.- Sən yavaş-yavaş hissiyyatını da itirirsən deyəsən. Sənə işləmək lazımdı. Götür da telefonu.

- Alo. Salam. Bildim. Nömrən ki, yerindədi... Yox, pozmamışam... Şükür. Çox sağ ol... Yox. Elə o vaxtdan... Gözləyirdim... Aydın məsələdi... Başa düşürəm... Yaxşı. Oldu. Sabah ordayam... Narahat olma... Görüşərik... Baxarıq... Danışarıq... Oldu. Yaxşı. Sağ ol.

- ....?

- İşdəndi.

- Restoran?

- Hə.

- Yenə?

- Hə.

- Qapalı restorandı?

- Yox, - gülümsündüm, - amma “krışası” var.

İkinci dövrə vuran stol qonşum yaxınlaşdı, dövrədən çıxdı, oturub püfüldədi, bir stəkan su içdi:

- Ən maraqlı cəhət elə oyunu udmağın qaydasıdır. Sən varlı ola bilərsən, pulun çox ola bilər. Amma bu, oyunu udmaq üçün kifayət eləmir. Oyunu udmaq üçün digər oyunçuları sıradan çıxartmalısan.

Əgər rəqibinin sənə veriləcək pulu çatmırsa oyundan çıxmalıdır. Ancaq bu vəziyyətdə oyunu udmuş sayılırsan. Yəni, bu oyun qurub yaratmaq üçün deyil. Bir əldə daha çox pulun yığılması və yığılan pulların köməyi ilə digərlərininn sıradan çıxarılmasıdır.

Sonuncu xoş məqam. Telefonumu qaytardılar. Söndürülmüşdü. Açan kimi zəng gəldi. Yoldaşım idi:

- Hardasan?

- Gəlirəm.

- Toy başlayıb artıq. Sən hələ geyinəsi, çiməsi, üzünü qırxası. Nə vaxta gedib çıxacağıq? Bunun hələ tixacı var. Mən bir saatdı hazıram. Hara itmişdin? Dedin bir saata gəlirəm. 3 saat keçib. Telefonu niyə söndürmüşdün?

- Gəlirəm.

- Siz kişilər həmişə belə deyirsiz. Gəlirəm-gəlirəm , amma gəlib çıxmırsız. Mən toya bəylə-gəlindən sonra getmək istəmirəm.

- Gəlirəm. 5 dəqiqəyə evdəyəm.

- İnanan daşa dönsün.

- Gəlirəəəm!!!

20 dəqiqədən sonra evə çatdım. Yoldaşım dillənmirdi. Çimdim, üzümü qırxdım, geyindim. Sakitcə evdən çıxdıq, taksiyə oturduq.

Toya bəylə-gəlindən qabaq çatdıq. Bəylə-gəlin öz toylarına gecikmişdilər. Dostum artıq orda idi. Üzündə üzrxahlıq ifadəsi var idi. Yəni bilirəm, vəziyyətini başa düşürəm, əlimdən gələni etdim, bir az vaxt apardı, səni də işə saldım, üzr istəyirəm və s.

- Sonra söhbət eləyərik.

- Hə, sonra danışarıq. Şeylər orda qaldı?

- Hə, ikisi də.

- Yaxşı qurtardıq...

Oyun manyakı nəhayət ki, oyun haqqında məlumatları yekunlaşdırdığını zənn edib:

- Maraqlı oyun qaydalarıdır, elə deyilmi ?- ingilisvari sual verdi. Ölürdüm elə bu qaydaları öyrənməkdən ötrü!!!

- Oynayanda hə. - Bezdirdi bu məni. Mən niyə adamları birdəfəlik işinin-gücünün dalınca yollaya bilmirəm?!

- Necə yəni oynayanda? Oyun oynamaq üçündü daa !

- Bir var oynayasan, bir var oynadılasan! Oyun var sən oynayırsan, oyun da var səninlə oynayırlar, səni oynadırlar . Bağışla , mən getdim rəqs eləməyə.

- Oynamağa?...

Noyabr 2012, “O’RA LOUNGE” – İyul 2014, Bakı.

XS
SM
MD
LG