Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:23

"Bir seçilmiş izləyicinin tənqidi..."


Dalğa Xatınoğlu
Dalğa Xatınoğlu

-

"Siyasətçilərin və filosofların hansısa nəzəriyyənin təzahürünü sənət vasitəsilə isbat etməyə çalışması, həmçinin medianın sənət əsərinə al-verçi kimi baxması təbii hala çevrilib.

Ancaq bu vəziyyətin fəsadları və riskləri yüksəkdir."

Dalğa Xatınoğlu

Media, biznes və ideologiyanın sənətə təhlükəsi

BBC-də hələ də 80 yaşında həftədə bir gün publisistik yazılar yazan bir dostum var, keçən ay deyirdi ki, bu qədər möhtəşəm ədəbiyyat nümunələrinin kölgədə qalması və Coan Roulinqin "Harri Potter", Jeni Hanın "Vurulduğum bütün oğlanlara məktub" və bu cür dayaz kitabların milyon tirajla yayılması qanımı qaraldır.

Şekspirin "Hamlet" əsərində (3-cü akt, ikinci səhnə) teatr aktyorlarına verdiyi önərilər yadıma düşdü: "Bütün zalın alqışını bir seçilmiş izləyicinin tənqidinə dəyişməyin"

Modern ədəbiyyatı da sevir, ancaq Ömər Xəyyam, Hafiz Şirazi və Uilyam Şekspirin vurğunu olduğunu bildiyim üçün beynimdə götür-qoy edirdim ki, onların dilindən cavab verim.

Məsələn, Hafiz deyir: "Qalmışam hansı dərdi çəkim, zəmanə, yoxsa yardan ayrı düşdüyümün?"

Yaxud Şekspirin "Hamlet" əsərində (3-cü akt, ikinci səhnə) teatr aktyorlarına verdiyi önərilər yadıma düşdü: "Bütün zalın alqışını bir seçilmiş izləyicinin tənqidinə dəyişməyin".

Xəyyamın bütün rübailəri təkrar-təkrar vurğulayır ki, dünyada insana qalan məhz bilik və gözəllik şərabından sərxoş olmaqdır, yaşadığınız günlərin qalan hissəsini ömrünüzə daxil etməyin.

Çox götür-qoydan sonra, qoca dostumun ürəyini alım deyə, yazdım ki, ucuz bazarın müştərisi bol olar, qoy qəpik-quruş dilənçiləri öz ciblərinə uyğun bazara getsinlər. Ürəyini sıxma.

Ancaq neçə gündür düşünürəm ki, nə boyda istedad xəzinələri olub, elə indi də var ki, müştəri ümidi ilə həmin ucuz bazarın malına çevrilib, qəpik-quruşa satırdılar.

Özümüzdə bol nümunələr var, ancaq dünya ədəbiyyatı ilə tanışlıq üçün xaricilərdən nümunə gətirim.

Yaradıcı yoxsa ictimai fəal?

Britaniya və ABŞ-da keçən əsrin yazar-şairlərini bircə-bircə düşünürəm. Hamısından çox Allen Ginzberq ilə Virciniya Vulf, həmçinin onların çevrəsindəki möhtəşəm insanlara təəssüf edirəm.

Hər ikisi homoseksual idi və hər ikisi kütlənin, hakimiyyətin qapandığı mentalitetlərə qarşı savaşmağa ömür qoydular.

Ginzberq tamamilə həyatını buna sərf etdi, şeirlərinə baxıram, yaradıcı heç nə yoxdur, nə var dağıdıcıdır. Bu insan təxminən heç nə yaratmadı, yalnız dağıtmağa çalışdı. Bu iki insan nəinki möhtəşəm istedad, həm də çox savadlı və yaradıcı tənqidçi, eyni zamanda sənətlə dərindən tanış idilər.

Vulf ilə Ceyms Coys, keçən əsrin iki nəhəng yazarının əsas problemi nəşriyyatın əsərlərdə mentalitetə uyğun olmayan hissələrini senzura qayçısından keçirməsi və əsərlərinin satış problem idi.

Keçən əsr ingilis dilində yazılmış, bəlkə də, ən önəmli əsər Coysun "Ulissis" romanıdır ki, bu kitabın bir hissəsinin dizgiçiliyini Vulfa tapşırdı.

Vulf qadınlara qarşı cinsi meyilindən açıq yazdığı üçün, nəşriyyat, tənqidçilər və kütlənin ağır basqısı ilə üzləşdi. O, bədii yaradıcılığı ilə deyil, sırf mətbuata yazdığı məqalələrdən gəlir əldə edirdi, axırda BBC-də aparıcıya çevrildi.

Hələ, ömrünü bədii yaradıcılıq yerinə, məişət problemlərinə həsr etməsi bir yana, xanım Vulf çevrəsində çox möhtəşəm sənətçilər, tənqidçilərlə birlikdə "Bloomsbury" qrupunu da yaratdı.

Modern şeirin atası hesab olunan T.S.Eliot, həmçinin Eduard Morgan Foster, Liton Streyçi kimi sənətçilər həmin qrupa üzv idi. Onlar kəskin şəkildə Viktorya dövründən qalan ənənə-mentalitetə hücum edərək, senzuraya, açıq danışmağa olan qadağalara qarşı mübarizə apardılar.

Bunların içində ən azı, Vulf ilə Eliot möhtəşəm bədii əsərlər yaratmağa önəm verdilər və enerjilərini, ömürlərini sırf sosial fəaliyyətlərə həsr etməkdən çəkindilər, ancaq ABŞ-da yaranmış eyni bir qrup, bir neçə böyük istedadın məhvi ilə nəticələndi.

Keçən həftə Allen Ginzberqin iki şeirinin tərcüməsini gördüm, yenə də bir möhtəşəm istedadın necə məhv olması yadıma düşdü. Bu şair də köhnə ənənələrə qarşı çox dərin, savadlı və böyük istedadlarla birlikdə "Beat" qrupunu yaratdı.

Onun ömrü tamamilə humanitar və ictimai fəaliyyətlə keçdi, əsərləri də bu istiqamətə yönəldi. Gey olduğunu açıq yazan, hətta kişilərlə yaşadığının detallarını, keçirdiyi hissləri açıq danışan bu şairin "On Hawl" (Ağı) kitabını nəşr edənlər də həbs olundu.

Çox acınacaqlı bir tale yaşadı, baxmayaraq ki, onun "hər kəs istədiyi kimi yaşamaq haqqına malikdir" şüarı, yəqin ki, istənilən topluma, sistemə xoşagəlməzdir və xalqın, hökumətin təpgisi gözlənilməz deyil.

Ancaq onun "Amerikanı düşünmək" və anasına yazdığı Kaddish (Yəhudilərin şükür duası) şeirlərini oxumaq kifayət edər ki, nə boyda bir unikal istedad olduğunu başa düşəsən. Təəssüf ki, yaradıcılığı şeirə deyil, məhz şüara həsr olundu.

İngilis yazar Oskar Uayld ilə amerikalı şair Vatl Vitman də mənim ən çox sevdiyim sənətçilərdir. Hər ikisi homoseksual olublar, ancaq hər şeyi bir tərəfə qoyub əsər yaratdılar.

Mən yalnız cinsi azlıqları nümunə gətirdim, ona görə ki, bu azlıqlar ictimaiyyətdən ən təcrid olunmuş və məişətlə bağlı ən ağır problemlərə tuş gələn təbəqəsidir. Ancaq, çoxu bu problemləri bir kənara qoyub şah əsərlər yaratmağa çalışdı.


Fəlsəfə, psixologiya və ideologiya

Çox təəssüf ki, hazırkı sistemdə (mövcud dünya) ədəbiyyat olduqca həm təhrif olunub, həm də amansızlıqla alətə çevrilib.

Məncə, Ziqmund Freydin ədəbiyyatla bağlı fikirlərinə baxmaq pis olmazdı. Nevrologiya sahəsində bu alimin sənət dünyasına verdiyi töhfələr az deyil, əslində, sənətçilər üçün böyük ideyalar yaradıb.

XIX əsrin sonundan başlayaraq sənətçilərin diqqət mərkəzində olan "Bilik axını" məktəbinin inkişafı (məsələn, Ceyms Coysun "Ulissis" əsəri) və sürrealizm, dadaizm, imajizm (məsələn, Ezra Paund və Con Aşberin şeirləri), ekspressionizm, impressionizm və ultraizm (məsələn, Borxesin əsərləri) məktəblərinin yaranmasında bu alimin fikirlərinin danılmaz payı var. Lakin "böyük" həmişə "müsbət" anlamına gəlmir.

Freyd indiyədək çoxlu sənət əsərləri haqqında təhlil yazıb. Ən çox diqqət mərkəzində olanlar Sofoklun "Edip", Şekspirin "Hamlet", "Maqbet" və "III Riçard", Dostoyevskinin "Karamazov qardaşları" və Vilhelm Yensenin "Qradiva" əsərləridir.

Fikrimcə, ümumiyyətlə, yanaşma tərzi səhvdir, yəni bədii əsəri ruhi xəstəliyin təzahürü kimi görmək, ən gərgin xəstəliyin təzahürü olan əsəri ən ideal hesab etmək yanlışdır.

Nümunə kimi, onun Leonardo Da Vinçinin "St. Anne ilə bakirə və uşaq" rəsm əsəri haqqında yazdığı "Leonardonun uşaqlıq xatirəsi" məqaləsini göstərmək olar.

Bu məqaləni nəşr edəndən sonra məlum oldu ki, məqalənin əsas məntiqi və istinadı səhv tərcümə olunmuş "Nibio" sözü əsasında qurulub, Freydin özü də buna təəssüfləndiyini bildirdi.

Eləcə də, alman filosof Martin Haydeggerin Fridrix Hölderlinin və Rayner Rilkenin şeirlərinə yazdığı şərhlər qətiyyən bu əsərlərin dəyərini göstərmir.

Bunların nəzəriyyələri üzrə əsər yazmaq, çoxlu istedadları məhv etdi. Nə qədər radikal yazarlar, şairlər ömürlərini hansısa bir fəlsəfi fikrin təsdiqinə çalışmaqla məhv etdilər.

İndi nə keçmişi kəskin rədd edib, sənayeyə pərəstiş edən futurist yazar var, nə də insana əşya kimi yanaşan Yeni Romançı.

İtaliyada futuristlərdən tutmuş Fransada Nouveau Roman (Yeni roman) axınına qədər, gör neçə böyük istedad məhv oldu?!

Hər iki məktəb bir neçə ildən artıq davam gətirə bilmədi. İndi nə keçmişi kəskin rədd edib, sənayeyə pərəstiş edən futurist yazar var, nə də insana əşya kimi yanaşan Yeni Romançı.


Media və biznes təhlükəsi

Siyasətçilərin və filosofların hansısa nəzəriyyənin təzahürünü sənət vasitəsilə isbat etməyə çalışması, həmçinin medianın sənət əsərinə al-verçi kimi baxması təbii hala çevrilib, ancaq bu vəziyyətin fəsadları və riskləri yüksəkdir:

1. Yeni istedadlar özlərini təqdim və təsdiq etmək üçün populyar və dəbdə olan nəzəriyyələrin təzahürü ola biləcək əsərlər yaratmağa cəhd edəcəklər. Burada isə qətiyyən ciddi yaradıcılıqdan söhbət gedə bilməz.

2. Yeni istedadlar media orqanlarında reytinq vasitəsilə özlərini təqdim etməyə çalışacaqlar. Burada istər-istəməz dərinlik və professionallıq avam insanların zövqünə qurban edilməlidir.

Fridrix Nitsşenin "Dəccal" kitabının proloqunu xatırlamaq pis olmaz: "Bu kitab yalnız bir neçə nəfər üçün yazılıb, bəlkə də, hələ onların heç biri doğulmayıb. Çox güman ki, onlar mənim "Zərdüşt" kitabımı başa düşənlərdir.

Özümü elə adamlara necə həsr edə bilərdim ki, onları bu gün dinləyənlər var? Biri gün mənimdir. Bəzi adamların həyatı öləndən sonra başlayır".

Sənət adamının missiyası adi insanların zövqünü qane etmək deyil

3. Ümumiyyətlə, sənətin məqsədi və mahiyyətinin təhrifi. Məsələn, Natali Sarrot, Mişel Bütor və digərlərinin yuxarıda dediyim "Yeni roman" hərəkatı üslubunda yazılmış əsərlərinə baxanda görürük ki, bu nəzəriyyə, ümumiyyətlə, sənətə dəxli olmadığı üçün bir müddətdən sonra tamamilə dayandı.

4. Qeyri-ədəbi mühitin ədəbi mühitin əsas təqdimatçısına çevrilmə təhlükəsi. Belə bir şərait bəzən böyük istedadları unudub kiçik istedadları qabardır.

Məsələn, Jerar de Nerval, Frans Kafka, Arkadaş Özger və bir çoxları həyatda ikən tamamilə ad-sansız qaldılar. Paulo Koelyonun əsərləri, hətta "Harri Potter" isə bir ədəbi əsər kimi qələmə verilir və yaxşı da ad qazanıb...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG