Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:30

Ağ Şəhərin qaragünlü sakinləri


83 yaşlı Safa Allahverdiyeva
83 yaşlı Safa Allahverdiyeva

-

««Qara şəhər» Ağ Şəhər oldu, amma biz qara günə qaldıq. Xahişim prezidentədir. O da mənim oğlum, mən də onun anasıyam. Gəlsin, bizi ağ günə çıxarsın».

83 yaşlı Safa Allahverdiyeva 20 ildən çoxdur Ağ Şəhərin Ərzurum qəsəbəsində yaşayır. Amma 3 ildir buralar Safa nənənin köçüb gəldiyi məkandan çox fərqlənir. İndi onun kimi bu qəsəbədə yaşayan 200-dən çox ailə «Bakı Ağ şəhər» layihəsinin onlara qara günlər yaşatdığını deyir.

Gözlə

No media source currently available

0:00 0:05:26 0:00
Direct-ə keçid

«QARA ŞƏHƏR» AĞARACAQ....

«Azərbaycanda yüz illərdən bəri «Qara şəhər» adlanan şəhər ağaracaq, təmizlənəcək, burada gül-çiçək əkiləcək və Azərbaycanın gözəl bir guşəsinə çevriləcəkdir». Bu sözlər keçmiş Prezident Heydər Əliyevə aiddir. Son bir neçə ildə onun dedikləri reallaşdırılır.

Bir neçə ildir sahəsi 221 hektar olan «Ağ şəhər» layihəsinin salınmasına başlanıb. Bu layihə gözəl vədlər verir - yaşayış, iş, istirahət və əyləncə üçün ən yaxşı şərait təqdim edəcək şəhərtipli 10 universal kvartalın yaradılması nəzərdə tutulur. Ağ Şəhərin mərkəzi meydanına çıxışı olan metro stansiyası, sahilboyu tramvay xətti, bulvar, fəvvarələr meydanı, ticarət mərkəzi və daha nələr, nələr....

Hələ bilsəniz nə qədər itlər var, uşaqlar bayıra çıxmağa qorxurlar, sürüylə cumurlar üstlərinə. Maşınla getdiyin yerdə şüşə açıqdırsa, it qucağına tullanır.

Amma bütün bu vədlər dörd bir yandan başlayan tikinti işlərinin arasında qalan 200-dən çox ailəni indi maraqlandırmır. Bugünkü reallıq onlar üçün tam fərqlidir – nəfəsi kəsən toz dumanı, keçilməz yollar, ağır texnikanın səs-küyü, axıdılıb qapılarını kəsdirən kanalizasiya suları...

Kotlovan qazılır
Kotlovan qazılır

DÖRD TƏRƏF TİKİNTİDİR

«Ağ şəhər» layihəsinin gerçəkləşəcəyi məkanda 850-dək yaşayış evi plana düşüb. 600-dən çox ev artıq köçürülüb. 216 ailə isə hələ də hər tərəfi tikinti ilə əhatələnmiş bu qəsəbədə yaşayır. Tələbləri isə odur ki, ya tezliklə köçürülsünlər, ya da ətrafdakı tikinti dayandırılsın, yolları bərpa olunsun.

«Tikinti bir tərəfdə getsə, üzümüzü o biri tərəfə çevirərdik. Dörd tərəfdə tikintidir. Burada əvvəl zavod olub, indi kotlovan qazıldıqca, neft tullantıları, tozu, tüstüsü hamısı ciyərlərimizdədir».

«Kanalizasiya sularını da gətirib tökürlər buralara. Hələ bilsəniz nə qədər itlər var, uşaqlar bayıra çıxmağa qorxurlar, sürüylə cumurlar üstlərinə. Maşınla getdiyin yerdə şüşə açıqdırsa, it qucağına tullanır. Evdə üç oğlumdan biri işini-gücünü atıb ki, ancaq uşaqları məktəbə, bağçaya aparıb gətirsin. Çox pis vəziyyətdəyik. Pol əskisi əlimizdən düşmür, bütün günü toz- torpaq silirik. Nə marşrutumuz var, nə güzəranımız, köçürmürlər ki, gedək bir şərait quraq.

216 ailə köçürülməsini gözləyir.
216 ailə köçürülməsini gözləyir.

- Köçürmə ilə bağlı nə deyirlər sizə?

- Deyirdilər ki, Avropa Oyunlarından sonra köçürəcəklər. Amma qalıb belə, köçürmürlər».

«HƏLƏ SƏN GƏL BURANIN QIŞINI GÖR»

Sakinlər buraların qışını belə təsvir edirlər:

«Gəlin buranı qışda çəkin. Hərənin qoltuğunda bir çəkmə, qaloş işə gedir. Hələ o palçığa bata-bata qadın, uşaq nə qədər yıxılır. Uşaqların əksəriyyəti vərəm xəstəsidir. Yaşlılar bronxlarından nə qədər əziyyət çəkirlər».

«Uşaqlar bayıra çıxmağa qorxurlar…».
«Uşaqlar bayıra çıxmağa qorxurlar…».

«Yazıb yapışdırıblar ki, şəhərə ağırtonlu, yaşayış yerinə üçdən çox tonlu maşınlar girə bilməz. Necə olur ki, həmin maşınlar Prezident Aparatının yaxınlığına, «Azneft»ə gedə bilmir, amma bizim yaşayış yerimizə girə bilir? Yolları pis günə qoyurlar. Toz-torpaqdan da nəfəs almaq olmur».

MALİYYƏ NAZİRLİYİ VƏSAİT AYIRMALIDIR

Ərzurum sakinləri üç ildir davam edən bu vəziyyətdən Xətai rayon İcra Hakimiyyətindən tutmuş Maliyyə Nazirliyi, Prezident Administrasiyasınadək şikayət ediblər, amma bunun da faydası olmayıb.

«Səsimizi eşidən yoxdur».
«Səsimizi eşidən yoxdur».

«Hər yerə şikayət etmişik ki, bizi köçürün, amma səsimizi eşidən yoxdur».

Biz də açıq qalan suallara cavab almaq üçün Xətai rayon İcra Hakimiyyətinə yollandıq. Amma qəbul otağından o yana keçə bilmədik. Elə qəbul otağındaca bildirdilər ki, bu işlərə məsul olan şəxs icra başçısının müavini Zaməddin Əkbərov məzuniyyətdədir, ondan başqa da heç kəs bizi qəbul edə bilməz. Amma onu da dedilər ki, Ərzurum sakinlərinin köçürülməsini həyata keçirmək üçün Maliyyə Nazirliyinin vəsait ayırmasını gözləyirlər. «Bunun nə vaxt baş verəcəyi isə bəlli deyil. Əksər qurumların başı uzun müddət idi ki, I Avropa Oyunlarına qarışıbmış, indi hələ səs-səmir yoxdur» – qəbul otağından belə dedilər.

AzadlıqRadiosu Maliyyə Nazirliyindən də suallarına cavab ala bilmədi.

Ağ Şəhərin qara günlər yaşayan sakinləri isə deyirlər ki, səbirləri artıq tükənmək üzrədir.

XS
SM
MD
LG