Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:34

Rusları Türkiyədə istirahətdən məhrum etmək istəyirlər


Sankt-Peterburqlu millətvəkili Rusiya turistlərinin məşhur dünya kurortlarına getməsinə qadağan qoyulmasını təklif edib.

Farangis Najibullah

Millət vəkili Yevgeny Marchenko-nun təklifi qəbul olunarsa, ruslar dünyanın ən məşhur üç məkanında istirahətdən məhrum olacaqlar.

Lavrov qadağan qoysun?

Sankt-Peterburq Dumasının üzvü cənab Marchenko inanır ki, Misir, Tayland və Türkiyə istirahət yeri kimi sağlamlığa ziyandır. O, xarici işlər naziri Sergei Lavrov-dan və Dövlət Turizm Agentliyinin rəhbəri Oleg Safronov-dan bu ölkələrə turist səfərlərini rəsmən qadağan etməyi xahiş edib.

Marchenko zaks.ru saytına müsahibəsində bildirib ki, sözü gedən ölkələrdə “tez-tez nəqliyyat qəzaları törənir, otel işçiləri təhlükəsizlik standartlarını pozurlar, buralarda cinayətkar hücumları, alkoqol və qida zəhərlənmələri” baş verir.

Viza rejimi bərpa olunsun

2010-cu ilin mayında Türkiyədə Antalya yaxınlığında baş vermiş avtobus qəzasında 13 rusiyalı turist həlak olub.
2010-cu ilin mayında Türkiyədə Antalya yaxınlığında baş vermiş avtobus qəzasında 13 rusiyalı turist həlak olub.

43 yaşlı Marchenko bildirib ki, o insanların istirahət məkanı seçməkdə hüquq və azadlıqlarına müdaxilə etmək niyyətində deyil, lakin rusların təhlükəsizliyi qayğısına qalır, həmçinin onların “milyardlarla dollar” pulu öz vətənlərində xərcləmələrinə çalışır.

Səfərlərin qadağanı hüquqi baxımdam qanunsuz olsa da, Marchenko hakimiyyəti adı çəkilən ölkələrə kommersiya və çarter uçuşlarının sayını azaltmağa, viza rejimini bərpa etməyə və sığorta haqqını yüksəltməyə çağırır.

O həmçinin medianın Misir, Tayland və Türkiyədə rusiyalı turistləri “qaçılmaz olaraq gözləyən” təhlükələrdən agah etməyə səsləyir. Marçenko Səhiyyə Nazirliyini də “maarifləndirmə” işinə qoşulmağa dəvət edib.

Bu, Dumanın səlahiyyətində olmasa da...

Marchenko deyib ki, onun təklifləri cavabsız qalarsa, məsələni öz işini bu payız bərpa edəcək Dövlət Dumasında qaldıracaq.

“Bu Dövlət Dumasının səlahiyyətlərinə aid bir məsələ deyildir, lakin buna baxmayaraq biz qətnamə qəbul edə bilərik” – deyib millət vəkili.

Bu Dövlət Dumasının səlahiyyətlərinə aid bir məsələ deyildir, lakin buna baxmayaraq biz qətnamə qəbul edə bilərik

Tayland və Türkiyə ilə vizasız rejim, Misir vizalarının isə yerindəcə verilməsi, buralardakı iqlim və münasib qiymətlər bu ölkələri milyonlarla rusiyalı üçün çox cəlbedici turist məkanına çevirib.

Rusiya Turizm Agentliyinin rəqəmlərinə görə Misir və Tayland rusların ən çox üz tutduqları istirahət məkanıdır, Türkiyə isə bu mənada ilk onluğa daxildir.

Xəzər və ya Krım sahilində dincəlsinlər

Marchenko arzulayır ki, Rusiya turistləri daha çox Xəzər, Baykal və Rusiaynın Qara dəniz kurortlarında istirahət etsinlər.

Burası da var ki, elə həmin turizm agentliyinin rəqəmlərinə görə xaricə gedən Rusiya turistlərinin sayı 2014-cü ilin ilk rübündəki 2, 8 milyondan 2015-ci ilin müvafiq dövründə 1, 7 milyon nəfərə düşüb.

Neft və qaz qiymətlərinin düşməsi, Rusiya rublunun ucuzlaşması, Ukraynaya görə Moskva üzərinə qoyulmuş Qərb sanksiyaları rusların bir turist kimi alıcılıq qabiliyyətinə zərbə vurub.

Rusiya hakimiyyəti rusların öz tətillərini vətəndə, ələxüsus da ilhaq edilmiş Krım yarımadasında keçirmələrinə çalışır, lakin xarici səfərlərin qadağanı misli görünməmiş bir tədbir olardı.

XS
SM
MD
LG