Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:36

Söz soruşursan, şüarla cavab verirlər


Seymur Baycan
Seymur Baycan

- "Təəssüf ki, bizdə adamların hadisələrə və mövzulara münasibəti bir dəfə formalaşır. Daha geriyə baxıb yenidən münasibət bildirməyə ərinirlər."

"Yadımdadır, Almaniya və Azərbaycan futbol komandalarının Bakıdakı görüşü zamanı acınacaqlı vəziyyət yaranmışdı.

Bizimkilər küçədə alman azarkeşlərini görəndə əllərini yuxarı qaldırıb “Hay Hitler” qışqırırdılar."

Seymur Baycan

Sovet dövründə çəkilmişlər haqqında - 1

Xeyli vaxtdır, sovet dövründə çəkilmiş İkinci dünya müharibəsindən bəhs edən filmlərə baxıram.

Bu filmlərin çoxuna uşaqlıq və yeniyetməlik, qismən də ilkin gənclik dövrlərində baxmışam. Onda hər şey çox sadə və həyacanlı idi.

Filmdə qarşı-qarşıya gələn iki insan kütləsi iki yerə bölünürdü. Bizimkilərə və onlara, - nemeslərə. Bir az da başı çıxan adamlar üçün faşistlərə.

Biri alman paltarındadırsa və yaxşılıq edirdisə, axırda sovetin adamı çıxırdı. Ya da alman kommunisti.

Onları ayırd etmək də asan idi. Fərqli-fərqli paltarlar geyinirdilər.

Həm də filmlərdə əsgərlərin hərəkəti elə konkret bölünmüşdü ki, biz bu hərəkətlərdən kimin kim ola biləcəyini müəyyən edirdik.

Hətta biri başqa ordunun paltarını geyəndə də hərəkətlərindən əvvəlcədən şübhələnirdik.

Məsələn, biri alman paltarındadırsa və yaxşılıq edirdisə, axırda sovetin adamı çıxırdı. Ya da alman kommunisti. Yəni o tərəfdən bizə işləyən adam.

Bunun özü də bir az müəmmalı məsələ idi. Çünki ideologiyalardan xəbərsiz idik. Bilmirdik ki, fərqli-fərqli millətlər eyni ideologiyaya xidmət edə bilər.

"Döyüşə yalnız qocalar gedir" filmindən kadr
"Döyüşə yalnız qocalar gedir" filmindən kadr

Uşaqlar bunu qanmırdılar. Qana bilməzdilər. Böyüklərin də çoxu başa düşmürdü.

Hətta çoxu fikirləşirdi ki, həmin adamı pulla alıblar. Bu günə qədər də belə fikirləşənlər var.

Nə etməli, hər kəs öz baxış bucağından hadisələrə və şəxslərə qiymət verir. Kim necə tanımaq istəyirsə, elə də tanıyır…

Yaxud tərsinə. Sovet ordusunda biri əclaflıq etsəydi, axıda xain çıxırdı. Hərçənd, bu kimi hallar az olurdu.

Bu cür filmləri aprel və may aylarında çox verirdilər. Qələbə günü yaxınlaşdıqca bayram ərəfəsində bu filmlər xüsusi məna daşıyırdı.

Hər kəsin baxacağı filmlər vardı. Həmçinin uşaqların. İlin başqa vaxtlarında da müharibədən bəhs edən filmlər göstərirdilər. Bu, daima işləyən bir mövzu idi.

"Batalyonlar od-alov arzusunda" filmindən kadr
"Batalyonlar od-alov arzusunda" filmindən kadr

Doğrusu, biz də bu filmlərə baxmağı sevirdik. Bir növ havayı, həyəcanlı əyləncə idi.

Həmişə qalib tərəfin, qalib komandanın azarkeşi olmaq kimin xoşuna gəlməz.

Özü də bu qələbələr dürüst, ədalətli, əzablı yollarda əldə olunur. Düz Sovet dağılmağa başlayana kimi bu proses getdi.

Mərkəzi hakimiyyət bu mövzudan əl çəkmirdi. Ona görə də Sovetin dağılması başlayana qədər İkinci Dünya Müharibəsindən bəhs edən filmlər çəkilirdi.

Qərəz, bu haqda çox danışmaq olar. Ucundan tutub ucuzluğa gedəcəyik…

İndi isə bu filmlərə tamam başqa gözlə baxıram. Mövzu genişdir. Hardan başlayacağımı, mövzuya hardan girəcəyimi bilmirəm.

Orası aydındır ki, bir çox sənət əsərləri zamanın imtahanından keçə bilmir. Gücə sığınıb inzibati yollarla məşhur olan bir əsər sistem çökəndə sürətlə dəbdən düşür. Unudulur.

Ən yaxşı halda bir fakt kimi tarixdə qalır. Məsələn, Rəsul Rza kimi bir şair vardı. Fakt kimi yadda qalıb, amma yaradıcılıq uçub gedib işinin dalınca.

Zəif yazıb, bu azmiş kimi, həm də çoxlu goplayıb. Dovrün və quruluşun tələblərini canla-başla yerinə yetirib. Deyiblər, get qulaq gətir, gedib baş gətirib.

Nə qədər sənət adamı özünü ifadə edə bilmədi. Nə qədər psevdo-sənətçilər üçün meydan açıldı. Konyuktura və pafos geniş vüsət aldı.

Buna görə ev alıb. Mükafat alıb. Gəzib. Sanatoriyalarda dincəlib.

Əsər yazıram - deyib, səfalı yerlərdə yeyib, içib, vaxt keçirib. Yazdıqları da başdan-başa yalan. Tərsinə də olur.

Bəzən zamanında dəyər verilməyən əsər bir müddət keçdikdən sonra qiymətini alır. Vaxt getdikcə qiyməti qalxır.

Burda isə söhbət bir quruluşun çökməsindən sonra yüzlərlə sənət əsərinin cox az müddətdə məhv olmasından, dəyərini itirməsindən gedir.

Arxasında dayanmış güc çökən kimi bu sənət əsərləri də kütləvi surətdə məhv oldu. Nə qədər çalışıram faciənin miqyasını təsəvvür edəm, alınmır.

Nə qədər sənət adamı özünü ifadə edə bilmədi. Nə qədər psevdo-sənətçilər üçün meydan açıldı. Konyuktura və pafos geniş vüsət aldı.

Psevdo-sənətçiləri tirajlayıb, məşhurlaşdırıb, medal, vəzifə, mükafatlar verib xalqa sırıdılar. Xalqa dediler, alın, bu sizin sənətiniz, bu da sizin sənətkarlarınız. Gedin bir-birinizi sevin.

Psevdo-sənətçilər vətəndən, xalqdan, zəfərandan, badamlıdan, çaydan, almadan, nardan, limondan, halvadan, mavi xəzərdən, dalqalardan, gilavardan, xəzridən, cıdır düzündən, göyəzəndən mahnılar oxuyub, şeirlər yazıb xalqa yaltaqlandılar.

Özü də çox səviyyəsiz şəkildə. Xalq da onların nağıllarına inandı. Yaxud özünü inanırmış kimi göstərdi.

Bəlkə də elə bu saxta nağılların göstərdiyi təsirin nəticəsidir ki, bizim adamlar öz ölkələrində nəyi görürlər, heyran olurlar.

Balaca bir gözətçi qalasının qalıqlarını, daha doğrusu, nə vaxtsa maşından boşaldılmış və müxtəlif cür tikintilərdə dəfələrlə istifadə olunmuş təsiri bağışlayan kərpic, daş yığınını görəndə guya tarixə heyran olurlar.

Bir təpə görəndə təbiətə heyran olurlar. Harda bir kol-kos yığını gördülərsə, oranı məşhur bir yerin təbiəti ilə müqayisə edirlər və təəssüf edirlər ki, buranın yiyəsi yoxdur, yoxsa daha yaxşı şərait düzəltmək olardı.

Bir tərəfdən də, təbiəti dağıdırlar. Görməmişliyin də bir həddi, hüdudu olmalıdır. Efirə dəvət olunmuş qonarlar ölkədən danışılırsa, heyran oldum sözü mütləq işlədilməlidir.

Yenə hansısa rayona, kəndə gediblər, yenə də vətənimizin təbiətinin gözəlliyinə, sadə insanların səmiiyyətinə heyran olublar.

Danışarkən əlləri ilə də nə qədər heyran olduqlarını göstərirlər. Bəzən əllər havada donub qalır. Heyran olmağın dərəcəsini göstərmək üçün yer azlıq edir.

Bu kimi vəziyyətlərdə ən yaxşısı heyran olmağın nəticəsində donub qalmaqdır.

Ta o vaxta kimi ki, aparıcı studiyaya dəvət olunmuş qonaqları birtəhər ayıldıb studiyaya qaytarır.

Nə dərəcədə heyran olduğunu tam göstərmək üçün artıq studiyalar işə yaramır. Ürəklər coşub daşır. Studiyada yer azlıq edir.

Studiyanın qonaqları (qonaq şair, manıs, idmançı, bəstəkar, rektor, tarixçi, cərrah, deputat, bir sözlə, hər cür peşə sahibi ola bilər) sadə adamların səmimiyyətinə o qədər yüksək dərəcədə heyran olublar ki, hətta böyük lütf göstərib onlarla şəkil də çəkdiriblər.

Gedib kəndlərdə yaşlı kişiləri, uşaqları,ağbirçək arvadları qucaqlayaraq şəkil çəkdirməyi o qədər böyük təntənəylə təqdim edirlər ki, guya bunlar ucdantutma Şahzadə Dianadırlar, Roma Papasıdırlar, gedib cəngəllikdə yaşayan vəhşi bir tayfanın nümayəndələri ilə, ya da cüzamlı xstələrlə şəkil çəkdiriblər.

Sadə camaatın səmimiyyətinə heyran olmağın elə bir dərəcəsi var ki, həmin dərəcəyə çatanda özlərini istər-istəməz Şahzadə Diana, Roma Papası kimi hiss edirlər.

Nə dərəcədə heyran olduğunu tam göstərmək üçün artıq studiyalar işə yaramır. Ürəklər coşub daşır. Studiyada yer azlıq edir.

Necə heyran olduqlarını göstərmək üçün stadionlar, arenalar tələb edirlər. Axi doğrudan da, studiyaya uçan xalçada necə gələsən.

Necə orda dövr edəsən, zmeykalayasan. Bunu ki, tormozsuz maşın sürən avtoşlar da bacarmaz. Heyran oldum sözü psevdo-sənətçilərin dilində artıq "Hay Gitler" kimi səslənir.

Bu da faşizmin Azərbaycansayağı formasıdır. Ə cındır, sən niyə bu tarixə, bu xalqa, bu təbiətə, bu qonaqpərvərliyə heyran deyilsən? Harda qalırsan?

Sovet dövründə çəkilmiş İkinci Dünya Müharibəsindən bəhs edən filmlərdə adamlar elə ölürlər ki, elə bil ölüm səhnəsini deyil, ölümə çəkilmiş reklamı seyr edirsən.

Müharibə deyil, sanki özünəməxsus, əcayib əyləncələri olan belə çox qəribə sanatoriyadır. Adamlar istirahətə gəliblər.

Gülürlər, zarafatlaşırlar, sevirlər, yaxşılıq edirlər, xilas edirlər, arada bir dostları öləndə kədərlənirlər. Qarşı tərəf isə həm qəddar, həm də gülməlidir.

Bir daha sübut olundu ki, hansı quruluş olursa olsun, insanların ağzını yumanda axmaq vəziyyət yaranır. Problemlər müzakirə olunmadıqca daha da dərinləşir.

Bu filmlərdə Sovet ordusunun müharibənin əvvəllərində necə pərəm-pərəm düşməsindən, Sovet əsgərlərinin kütləvi surətdə almanlar tərəfindən əsir alınmasından, ordunun yüksək rütbəli peşəkar zabitlərinin repressiya olunmasından, geriyə qaçanların pulyamotla biçilməsindən, dövlətin başına keçmiş bir yolkəsənin, bir quldurun hikkəsinə görə yüz minlərlə, milyonlarla adamın həyatını itirməsindən demək olar ki, heç nə yoxdur.

Çox nadir istisnalar var. Bir daha sübut olundu ki, hansı quruluş olursa olsun, insanların ağzını yumanda axmaq vəziyyət yaranır. Problemlər müzakirə olunmadıqca daha da dərinləşir.

Filmlərə yazılan şərhlər də müxtəlifdir. Biri yazır ki, bizim babalarımız hamısı bir yerdə vətən uğrunda vuruşublar.

Bəs bu filmləri az-çox ayaqda saxlayan nədir? Bunu filmlərə yazılan şərhlərdən də bilmək, aydınlaşdırmaq olar.

Əvvəla, bu filmlər hələ də yaşayan böyük bir insan kütləsinin keçmişidir.

Keçmişin insan üzərində təsiri çox böyükdür. Biri kino-tearda baxıb. Biri atasıyla baxıb. Biri təzə evə köçəndə baxıb.

Hansısa filmin musiqisi çox məşhurdu. Bütöv bir aktyor ordusu bu filmlərdə çəkilib. Bu aktyorlar da onların zəmanəsinin aktyorlarıdır.

Filmlərə yazılan şərhlər də müxtəlifdir. Biri yazır ki, bizim babalarımız hamısı bir yerdə vətən uğrunda vuruşublar.

Başlayır sovet xalqlarının adlarını sadalamağa və şikayətlənir ki, faşizmə qarşı bir yerdə vuruşan bu xalqlar indi bir-birlərini qırırlar.

Biri faşistləri söyür. Biri girib hamını söyür. Biri filmin mahnısını xoşladığını yazır. Biri filmdə səhv tutur. Yazır ki, filan ildə bu tank hələ döyüşdə istifadə olunmurdu.

Başqası ona cavab verməyə çalışır. Biri ətraflı şərh yazır. Yazır ki, filan-filan adamların müharibə haqqında xatirələrini oxuduqdan sonra bu filmlər mənim üçün klounadaya çevrildi.

Başlayır müharibənin faciələrini sadalamağa. Belələri də olur. Faciə isə yerə-göyə sığmır. Can qoymağa yer yoxdur. Suya girirsən, tapıb öldürürlər. Yerin altında gizlənirsən tapib öldürürlər.

Dağa qalxırsan, soyuqdan ölürsən. Meşəyə girirsən, acından ölürsən. Elə silahlar ortaya çıxıb ki, insan heç harda gizlənə bilmir. Hər cür silah buraxıblar ki, insan heç harda gizlənə bilməsin.

Alman gəlir kommunistlərə qulluq etdiyinə görə güllələyir. Bolşeviklər gəlir almanlara qulluq etdiyinə görə güllələyir.

İnsanin üzərinə nə qədər yük qoyulub. Əgər kommunistsənsə, partiya biletini itirsən, ən yaxşı halda həbs olunacaqsan.

Cibində partiya bileti almanlara əsir düşəndə əksər hallarda həmən güllələyirlər.

Almanlara əsir düşmüş əsgərlərin üzünə baxırsan. Onların çoxu doğrudan da, nə baş verdiyini anlamır. Özbək, qazax, türkmən, bizimkilər, bu kimi digər irili-xirdalı xalqların nümayəndələri, elə rusların da çoxu çaşıb qalıblar.

Çölün düzündə, dağlarda, dərələrdə yaşayırdılar. Siyasiləşməmişdilər. Yazıb oxuya bilmirdilər. Birdən kommunistlər gəldi. Başqa sistem quruldu.

İndi də vətən dardadı, xalq təhlükədədir deyib, əyninə hərbi paltar geyindirib, əlinə silah verib göndəriblər faşistlərin üstünə.

İdeologiyalara xidmət edən şairlər, bəstəkarlar, rəssamlar, yazıçılar gecə-gündüz işləyib adamlarin vətənpərvərlik hisslərini gıcıqlandırırlar.

Döyüşdə ölənlər bir tərəfə, yüzminlərlə insan çöllərdə, dağlarda, meşələrdə, bataqlıqlarda susuzluqdan, acından, soyuqdan müxtəlif xəstəliklərdən qırıldılar.

Şüuru hələ tam formalaşmamış və həyatını yaşamış bir insanın ölümü faciədirsə, şüuru formalaşmış və həyatını tam yaşamamış adamın ölümü niyə faciə olmasın?

Yüzminlərlə insan... Dildə asan ve yüngül səslənir. Lakin dildə asan və yüngül səslənən bu sözdə tonlarla göz yaşı, miqyasa gəlməz iztirablar, ağrılar, acılar var.

Bəzən müharibə haqqında danışarkən tez-tez belə bir ifadə işlədilir: müharibədə uşaqlar, qocalar, qadınlar ölür.

Şüuru hələ tam formalaşmamış və həyatını yaşamış bir insanın ölümü faciədirsə, şüuru formalaşmış və həyatını tam yaşamamış adamın ölümü niyə faciə olmasın?

Bir insanı topun və tankın qabağına verib onu acınacaqlı, gülməli vəziyyətə salmağın mənası nədir? Ona görə ki, beş-altı adam qəhrəmanlıq göstərib medal alacaq?

Həyatını yaşamış bir qoca öz ideyasının doğruluğunu sübut edəcək? Bəyəm hamı qəhrəman və cəsarətli olmalıdır?

Bəs təbiətən çəkingən olanlar, öldürmək istəməyənlər nə etsinlər? Kişi deyib bir insanı bu qədər yükləmək, onun iradəsini sınağa çəkmək, zəif çıxdıqda isə qorxaq, fərari, vətən xaini deyib ləkələmək nə dərəcədə doğrudur?!

Bu adam kiminsə oğludur, kiminsə əridir, kiminsə atasıdır, kimisə dayısıdır, kiminsə əmisidir.

Dinc həyatda, sülh və əmin-amanlıq dövründə normal vətəndaş, normal oğul, normal ata ola biləcək bu adamları gözdən salmağın, alçatmağın, ağlatmağın heç bir xeyri yoxdur. Nə vətənə, nə də insanlığa. Yalnız zərəri var.

Çünki hansı vəziyyətdə olursa olsun, təhqir olunmaq pisdir ve heç vaxt insanın yaddaşından silinmir.

Bəs bizim ölkədə bizim adamların bu kimi hadisələrə, bu kimi mövzulara münasibəti necədir?

Təəssüf ki, bizdə adamların hadisələrə və mövzulara münasibəti bir dəfə formalaşır. Daha geriyə baxıb yenidən münasibət bildirməyə ərinirlər.

Bizdə çox adam hələ də elə bilir ki, müharibə 1941-ci ildə başlayıb. Beyinlərində gəzdirdikləri informasiyaların çoxu sovet vaxtı beyinlərinə yeridilənlərdir.

Söz soruşursan, şüarla cavab verirlər. Bir çoxları isə dərinə getməyə, nəsə oxumağa, öyrənməyə ərindiklərinə görə, hadisələrə bir cümləylə qiymət verirlər. Məsələn, “Rusiyanın soyuğu Hitlerin belini qırdı”.

Həm şərqdə ilk demokratik respublika qurmaları ilə fəxr edib, həm də “allah Qarbaçovun balasını öldürsün, sovet vaxti gül kimi yaşayırdıq” deyirlər.

Cavab hazırdı. Lap yaşlılar isə qapalı ölkədə yaşadıqlarını hələ də unutmayıblar. Qorxu və propaqanda canlarından çıxmayıb.

Sovet vaxtı necə düşünüblərsə indi də elə düşünürlər. Bizim adamların tarixə qəribə bir münasibəti var. Sanki tarixlə də al-ver etmək istəyirlər.

Həm şərqdə ilk demokratik respublika qurmaları ilə fəxr edib, həm də “allah Qarbaçovun balasını öldürsün, sovet vaxti gül kimi yaşayırdıq” deyirlər.

Hüseyn Cavidin sürgünə göndərilməsinə yas tutub, həm də “Stalin kişi adam idi” deyirlər.

Faşizm üzərində qələbədə Bakı neftinin oynadığı rolla fəxr edib, həm də Hitler bura gəlsəydi hamımız “Mersedes” sürərdik deyirlər.

Əlbəttə, zamanında mən də belə səydəşliklər etmişəm. Heç nədən xəbərim yox idi.

Lakin alternativ mənbələrlə tanış olduqca bir çox xatirələri oxuduqca, bir çox sənədli filmlərə baxdıqca başa düşdüm ki, kommunizmin cinayətləri faşizmin cinayətlərindən heç də az deyil.

Bu gün “Stalin kişi adam idi”, “Hitler kişi adam idi” sözünü adama iki səbəb dedizdirə bilər. Ya adamın heç nədən xəbəri yoxdur. Ya da adamın sadəcə təfəkkürü xəstədir.

Yaxınlaşdım. Dedim, sən allah onları başa sal ki, burda heç bir qəsdi-qərəz yoxdu. Bildikləri söz budu. Salamlaşmaq istəyirlər.

Yadımdadır, Almaniya və Azərbaycan futbol komandalarının Bakıdakı görüşü zamanı acınacaqlı vəziyyət yaranmışdı. Bizimkilər küçədə alman azarkeşlərini görəndə əllərini yuxarı qaldırıb “Hay Hitler” qışqırırdılar.

Bəziləri isə “Hitler kaput” qışqırırdı. İndi siz özünüz almanların halını təsəvvür edin.

Halbuki bu hərəketlərdə heç bir qərəz, alçaltmaq əlamətləri yox idi. Adamların bildiyi bu sözlər idi.

Nəsə demək istəyirdilər. Onlar bilmirdilər ki, belə hərəkətlər etmək olmaz. Almanlar da heç nə başa düşmürdü. Mat qalmışdılar. Yaxşı ki, almanların arasında tanış uşaqlardan birini gördüm.

Deyəsən onu tərcüməçi kimi gəzdirirdilər. Yaxınlaşdım. Dedim, sən allah onları başa sal ki, burda heç bir qəsdi-qərəz yoxdu.

Bildikləri söz budu. Salamlaşmaq istəyirlər. Bu da qonaqpərvərliyin bir növüdür. Bir nəfər ağlı qıcqırmış adam isə ədəb-ərkanla bir almana "Heyif ki, Hitler bura gəlib çıxmadı, yoxsa alman pivəsi içərdik" demişdi.

Alman dəli olmuşdu. Bu kimi hallar, bu kimi söhbətlər çox olur. Guya alman pivəsi içmək çox böyük bir problemdi. Mersedesin də ki, heç üzünü görməyiblər. Hamısı məlumatsızlığın nəticəsidir.

(Ardi var)

XS
SM
MD
LG