Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:34

Yarmarkalar üçün nazirlik icra hakimiyyətini, onlar da nazirliyi gözləyir...


Arxiv fotosu, Bakıda Sabunçu bazarı, noyabr 2014
Arxiv fotosu, Bakıda Sabunçu bazarı, noyabr 2014

Uzun illər idi Bakıda həftəsonları keçirilən yarmarkalar Avropa Oyunları ərəfəsində bağlandı. Kənd Təsərrüfatı Nazirliyinin paytaxtın 7 rayonunda 9 müxtəlif yerdə təşkil etdiyi bu yarmarkaların iyuldan bərpa olunacağı vəd edilirdi. Ancaq Avropa Oyunlarından bir aydan artıq vaxt yarmarkalar bərpa edilmir. Bu mövzuda hökumətin fikirləri az sonra. Hələlik alıcıları dinləyək.

"Bakı" kinoteatrının ətrafında yarmarkalar vaxtilə bur ərazidə keçirilirdi.
"Bakı" kinoteatrının ətrafında yarmarkalar vaxtilə bur ərazidə keçirilirdi.

“YARMARKA OLANDA BOLLUQ OLURDU, BOLLUQ OLANDA UCUZLUQ”

Belə yarmarkalardan biri “Bakı” kinoteatrının yaxınlığında təşkil edilirdi. Bu ərazidə yaşayan Şəfiqə Həsənova bu il yarmarka olmadığı üçün qiymətlərin bahalandığını düşünür:

“Yarmarka vaxtı bolluq olurdu. Bolluq olandasa ucuzluq. Ancaq indi yarmarka yoxdu deyə malını maşınla həyətə gətirənlər də da baha satır, ucuz vermirlər. Bizə sərf etmir, söz də deyəndə qayıdır ki, malım bu qiymətədir, istəyirsən götür, istəyirsən götürmə. Amma yarmarkada o sözü demirdilər. Məhsulu alverçidən yox, gözləyib özü məhsulunu satandan alırdıq. Əlbəttə, yarmarkaların yenidən keçirilməsini istərdik”.

Metronun “Həzi Aslanov” siyası yaxınlığında yaşayan Şəfa Quliyeva isə deyir ki, uzaq da olsa, ona “8-ci kilometr” bazarı sərf edir. Onun sözlərinə görə, həmin bazarda qiymətlər yarmarkalardan da ucuz olur. Ancaq o da evinin yaxınlığında yarmarka açılmasını istəyər, bircə şərtlə:

“Evimin yaxınlığında olsa, qiymət də ucuz olsa, bazara getməkdənsə, yarmarkaya gedərəm”.

Əlabbas Bağırov
Əlabbas Bağırov

NAZİRLİK İCRA HAKİMİYYƏTİNİ GÖZLƏYİR

Vaxtilə yarmarkaları təşkil edən Kənd Təsərrüfatı Nazirliyindən AzadlıqRadiosuna deyirlər ki, onları bərpa etmək üçün sadəcə Bakı şəhər İcra Hakimiyyətinin yer ayırmasını gözləyirlər: “Onlar yer ayıran kimi biz yarmarkaları keçirməyə başlayacağıq”.

İCRA HAKİMİYYƏTİ DƏ NAZİRLİYİ...

Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov belə cavab verir:

“Onlar yarmarka keçirmək istəyirlərsə, müraciət etsinlər, yeri müəyyən edək. onlar nə zaman desələr, yer ayırmağa hazırıq. O əvvəlki yerlərdə keçirə bilərik. O yerlərin hamısında imkan var, bu dəqiqə də keçirə bilərlər, heç bir problem yoxdur, buyursunlar, keçirsinlər”.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

EKSPERT: “İMKAN YARATSIN”

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun qənaətincə, hökumət həqiqətən də ucuzluq yaratmaq istəyirsə, yarmarkalar təşkil etməkdənsə, Bakının bəzi yerlərində fermerlərə, kəndlilərə yetişdirdikləri məhsulu səyyar şəkildə satmağa imkan yaratsın. Ekspertə görə, bu halda qiymət də düşəcək, bolluq da yaranacaq:

“Belə olan halda satışa çıxarılan məhsulun həcmi də artacaq, məhsul da xarab olmayacaq, tez zamanda alıcısını tapacaq”.

Kənd təsərrüfatı naziri Heydər Əsədov da iyunda bildirib ki, yarmarkalar bəzi yerlərdə sıxlıq yaratdığı və vətəndaşlardan şikayətlər daxil olduğu üçün ünvanların yenidən dəqiqləşdirilməsi məsələsini paytaxtın icra hakimiyyətilə müzakirə edirlər. Nazirin sözlərinə görə, müzakirələr başa çatan kimi onların fəaliyyətini təmin edəcəklər.

XS
SM
MD
LG