Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:13

Azərbaycanlılar alman şəhərini «topdan» alır


Bad-Bevensen
Bad-Bevensen

-

Azərbaycandan olan investorlar Almaniyanın kurort şəhəri Bad-Bevensendə müflis olmuş otelləri və daşınmaz əmlak bazarında yaşanan böhran ucbatından sürətlə ucuzlaşan digər kommersiya təyinatlı tikililəri sürətlə alır.

virtualaz.org saytı xəbər verir ki, bu haqda Almaniya mənbələrində bəhs edilir.

Bad-Bevensen Almaniyanın Aşağı Saksoniya əyalətində kiçik kurort şəhəridir. Şəhərin füsunkar mənzərəsi, termal suları, müalicə sanatoriyaları, yaxşı infrastrukturu və meyvə bağları göz oxşayır.

Buna baxmayaraq Bad-Bevensen otelçiləri hazırda çətin günlərini yaşayır. Yay mövsümü olmasına baxmayaraq, onlar qonaq qıtlığı çəkir və bir çox otellər qiymətləri kəskin aşağı salsa da, müştəri yoxdur. Bu səbəbdən otelçilərin bir qismi müflis olub və əmlaklarını satışa çıxarıb.

Uzaq Azərbaycandan olan investorlar üçün isə bu, əsl fürsətdir - son vaxtlar onlar bir-birinin ardınca problemlə üzləşmiş daşınmaz əmlak sahiblərinin ucuz satış təkliflərindən yararlanırlar. Bura otellər, ticarət mərkəzləri, restoranlar və s. daxildir.

RƏSUL CƏFƏROV HAKİMİYYƏTƏ BARIŞIQ TƏKLİF EDİR

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov Kürdəxanı İstintaq Təcridxanasından Dərnəgül qəsəbəsindəki 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. O, öz vəkili vasitəsilə Turan-ın həbsinin bir ili ilə bağlı suallarını cavablandırıb.

Rəsul Cəfərov
Rəsul Cəfərov

Cəfərov ötən ili itirilmiş hesab edir. Bütün bu müddət ərzinə o, hakimiyyəti bütün fəaliyyətinin barışıq xarakterli olduğuna inandırmağa çalışıb. «Həbsimdən əvvəl, həbs dövrü və ondan sonra da müstəqil hüquq müdafiəçilərinə məxsus olan prinsiplərə əməl etmişəm və bundan sonra da edəcəyəm», - o bildirib.

Hələ ibtidai istintaq zamanı, 15 oktyabr 2014-cü il tarixində o, ölkə prezidentinə müraciət edib. Bu yaxınlarda o, dövlət büdcəsinə vergi borcunu ödəyib.

Cəfərov ümid edir ki, onun uzatdığı əl havada qalmayacaq: «İnanmaq istəyirəm ki, müraciətlərimə cavab veriləcək və mən azadlığa çıxacağam».

Cəfərov 2014-cü il avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma və səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilib. 16 aprel 2015-ci il tarixində o, 6 il yarım müddətinə azadlıqdan məhrum edilib. «Amnesty International» Cəfərovu «vicdan məhbusu» hesab edir.

İlham Əliyev
İlham Əliyev

İLHAM ƏLİYEV NƏLƏRƏ CAVAB VERMƏLİDİR

«Azadlıq» qəzeti eyni sərlövhəli yazıda oxucularına sual ünvanlayır: prezident komandası ilə bacarmır, yoxsa daxili auditoriyanı aldadır?

«Hər dəfə ölkə başçısı geniş tərkibdə müşavirə keçirir, vədlər verir, barmaq silkələyir və s. Amma hər dəfə də müşavirələrin qara qəpik qədər dəyəri olmadığını müşahidə edirik. Məmur özbaşınalığından tutmuş, süni qiymət artımlarına qədər bütün problemli sahələrə toxunulub. Amma toxunulan sahələr nəinki düzəlib, əksinə, daha da şaxələnib», - qəzet yazır.

«Azadlıq» son aylarda prezident İlham Əliyevin birbaşa müdaxilə etdiyi, həllinə göstəriş verdiyi problemlərin nəticələrini araşdırıb və bu qənaətə gəlib ki, ortada ciddi nəticə yoxdur: «Niyə İlham Əliyev məsul şəxslərdən hesab tələb etmir, ötən iclasın ilkin nəticələri niyə tələb olunmur? Nəticəyə iki aspektdən qiymət vermək olar. Ya İlham Əliyev qiymət mafiyası ilə bacarmır, ya da özü prosesin içindədir. Bu günə qədər olan faktlar onu göstərir ki, neqativ tendensiyalar hökumətin özündən qaynaqlandığı üçün real islahatlar baş tutmur. Fakt budur ki, prezidentin tapşırıqlarına heç bir sahədə əməl edilmir, «ənənə»lər davam edir. Hətta seçki öncəsi dövrdə də real addımlar atmaq istəmirlər».

Foto illüstrasiya
Foto illüstrasiya

TİBBİ SIĞORTADA QƏNAƏT BAŞLAYIB

Son vaxtlar Azərbaycanda iqtisadi aktivliyin aşağı düşməsi və şirkətlərin gəlirlərinin azalması tibbi sığorta sektoruna da təsir edib. Bu barədə fins.az-a müsahibəsində «Asprof» sığorta agentliyinin direktoru Cahid Qurbanov bildirib. Onun dediyinə görə, hazırda bəzi müştərilər tibbi sığortadan imtina edir. Bəziləri isə tibbi sığortanı almaqda davam etsələr də, sığorta paketinin içərisindəki xidmətləri azaldırlar: «Böyük xərclərə səbəb olan və həmişə ehtiyac olmayan xidmətlər azaldılır. Məsələn, vaksinləşdirmə, vitaminləşdirmə və tam tibbi müayinə xidməti (check-up) ixtisar edilir».

Mütəxəssis bildirib ki, bu dəyişikliyin hesabına sığorta haqlarını təqribən 10% aşağı salmaq mümkün olur. «Əslində bunun özü də yaxşı tendensiyadır ki, hətta qənaət etmək vacib olanda da, şirkətlər tibbi sığortadan imtina etmir. Yalnız xərcləri azaldırlar»- S.Qurbanov deyib.

Foto illüstrasiya
Foto illüstrasiya

DƏMİRYOLUNA BÖYÜK İNVESTİSİYALAR QOYULACAQ

«Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə daşınacaq yüklərin artımı 2020-ci ildə 300-400 min konteynerdən çox təşkil edəcək. 2024-cü ildə isə həmin göstərici daha da arta bilər». yap.org.az yazır ki, bu fikirləri «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov bildirib ki, bu da Azərbaycan iqtisadiyyatına öz müsbət təsirini göstərə bilər. Onun dediyinə görə, prezident İlham Əliyev Azərbaycanı tranzit yüklərin keçəcəyi logistik bir mərkəz görmək istəyir.

«Bunun üçün də ölkəmizdə avtomobil və dəmir yollarının, beynəlxalq hava limanlarının və dəniz limanlarının inkişafına çox böyük investisiyalar qoyulur. Bütün bunların hamısı gələcəyə hesablanan və gələcəkdə Azərbaycandan daha çox tranzit yüklərin keçməsi üçün atılan addımlardır»- C.Qurbanov vurğulayıb.

XS
SM
MD
LG