Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:26

Sahibsiz itlər paytaxt sakinlərini vahiməyə salıb


itlər.
itlər.

-

«Bizim Yol» AzadlıqRadiosunun bir neçə ay öncə toxunduğu problemdən - sahibsiz itlərdən yazır: «Meriya tədbir görmür, əlac qalır onları it əti yeyən ölkələrə satmağa...».

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavini Azər Süleymanov «Bizim Yol»a bildirib ki, son vaxtlar sahibsiz itlər hiss olunacaq dərəcədə artıb.

Məqalə müəllifi yada salır: «Halbuki Xidmət bu ilin martında məlumat yaymışdı ki, vəhşi təbiətdə quduzluq xəstəliyi ilə mübarizə məqsədilə 50 min doza peyvənd üçün vaksin alınıb. Ötən ilsə qeydiyyata düşmüş 250 minə yaxın itdə quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

Qurumdan o da bildirilirdi ki, Bakı şəhər İcra Hakimiyyəti Kommunal Təsərrüfat Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsi sahibsiz itləri tutaraq şəhərin ətrafında xüsusi ayrılmış yerlərə aparır. Bununla bərabər, itlər üçün Bakıda müasir tələblərə cavab verən özəl sığınacaq yaradılıb. Heyvanların mühafizəsi ilə bağlı bir sıra normativ hüquqi sənədlər hazırlanıb. Sahibsiz itlərin xəstəliklərinə qarşı profilaktik tədbirlər DBNX-nin ciddi nəzarəti altındadır. Yalandır! Mən A.Süleymanovla vətəndaş kimi danışdım və o da səmimi olaraq düzünü söylədi. Rəsmi bəyanat isə cəfəngiyatdır».

Bakı Şəhər Baytarlıq İdarəsininrəisi Aslan Aslanov da sahibsiz itlərin artmasından xəbərdar olduğunu deyib. Amma rəsmi bəyanatdan fərqli olaraq Aslanov sahibsiz heyvanlara onların cavabdeh olmadığını, onlar üçün sığınacaqlarının olmadığını bildirib: «Abşeron rayonunda «Vəfalı Dostlar» klubu itlər üçün sığınacaqdır. Digəri isə sığınacaq deyil, Balaxanı zibilliyi ətrafında rus qadın öz təşəbbüsü ilə itlərə baxır. Əslində bu işlərə Bakı şəhər İcra Hakimiyyətinin Kommunal Təsərrüfat Departamenti cavabdehdir, rəisi də Əhməd müəllimdir. Vaxtilə sahibsiz itləri güllələyir, dərman verir, tutub aparır, sığınacağa yerləşdirirdilər. Amma heyvanlara qarşı qəddarcasına rəftar Avropa Konvensiyasını dəstəkləyənlər tərəfindən pislənəndən sonra qırağa çəkildilər».

Aslan Aslanov deyib ki, bu iş dövlət səviyyəsində həll olunmalıdır. Onun üçün xüsusi olaraq hektarlarla torpaq, sığınacaq yeri, maşınlar, ştatlar ayrılmalı, ən əsası dövlət büdcəsindən vəsait nəzərdə tutulmalıdır.

Azərbaycan və Rusiya bayraqları.
Azərbaycan və Rusiya bayraqları.

«AVRASİYA HƏRƏKATI» RAYONLARDA TƏŞKİLATLANMAĞA BAŞLADI

«Yeni Müsavat» yeni yaranan siyasi hərəkata diqqət çəkir: ««Avrasiya Hərəkatı» rayonlarda təşkilatlanmağa başladı».

Qəzet keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranovun və Rusiya Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı İlqar Qasımovun «Avrasiya Hərəkatı» yaratdığını və bu quruma daha çox siyasi-hərbi keçmişi olan şəxsləri topladığını xəbər verir. Eyni zamanda bu hərəkatı Rusiyanın Azərbaycana qarşı növbəti provokasiyası adlandırır: «Bu hərəkatın əsas məram və məqsədi Azərbaycanı birbaşa olaraq Rusiyanın tabeliyinə qaytarmaqdır».

Qəzetin yazdığına görə, təşkilat az əvvəl yaradılsa da, qısa bir zamanda Azərbaycanın rayonlarında da dayaq nöqtələrini yarada bilib. Vaxtilə Müsavat Partiyasının Ağstafa rayon təşkilatının sədri olmuş Fəxrəddin Dolq «facebook»da yazır: ««Avrasiya Hərəkatı»nın Qazax və Ağstafada təşəbbüs qrupları yaradılıb. Təşəbbüs qrupunda keçmiş hərəkatçılar, keçmiş hərbçilər və ziyalılar təmsil olunurlar. İştirakçılar son günlər mətbuatda aparılan əks-təbliğata etirazlarını bildirərək, yeni fəaliyyətə başlayan bir təşkilata qabaqcadan aparılan kampaniyanın yolverilməz olduğunu qeyd ediblər».

Qəzetə danışan Fəxrəddin Dolq deyib ki, «Avrasiya Hərəkatı» iqtisadi birlikdir, gömrük münasibətlərinin sadələşdirilməsinin tərəfdarıdır. Sonradan siyasi hərəkata çevriləcəksə, buna da münasibət açıqlanacaq: «Hərəkatda Avropaya inteqrasiya tərəfdarları da var. İlhaq məsələsi olacaqsa, təbii ki, biz buna qarşı olacağıq. Biz bunu qəbul etmirik. Hazırkı hakimiyyətə qarşı olan istənilən təşkilatda varıq. Bu gün yeni yaradılan «Avrasiya Hərəkatı»nın ortada pis bir fəaliyyəti yoxdur».

Bakıda bazar.
Bakıda bazar.

BOSTANDAN BAZARA KİMİ...

«Azərbaycan» qəzeti «Bostandan bazara kimi...» başlıqlı məqalədə bazardakı bahalıqdan yazır: «Bu yolda məhsul əldən-ələ keçərək sonda istehlakçıya üçqat baha satılır».

Qəzet yazır: «Bölgələrdə 20-30 qəpiyə satılan soğan 50-70 qəpiyə təklif olunur. Yaxud Beyləqan, Bərdə və Ağdamdan 40 kiloqramlıq soğan kisəsini 4-6 manata alan alverçilər onu Bakıda 12 manata satırlar. Pomidora gəldikdə, bu məhsul növlərinə görə bostandan 25-80 qəpiyə alınır, Bakıya gəlib çıxana kimi qiymət iki-üç dəfəyədək qalxır. Bakı pomidoru isə, bir qayda olaraq, çox baha olur – 1.3-1.5 manat. Şimal bölgəsində 50-60 qəpiyə alınan alma-armud Bakı bazarında 1.5-2.5 manat civarında piştaxtaya qoyulur. Ən bahalı armud növü düşes sayılır ki, bunu da «Vosmoy» bazarından 3.5 manata almaq mümkündür. Halbuki bu meyvənin yerində qiyməti 1-1.5 manatdır».

Qəzet yazır ki, bu vəziyyət istehlakçıları qane etmir.

«Azərbaycan» daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Bakıda və rayonlarda tikdirdiyi «Yaşıl market»lərə diqqət yönəldir: «Hazırda həmin layihələr üzrə işlər aparılır. Həmçinin İsmayıllı rayonunun Topçu kəndində fermer mağazası açılıb, İsmayıllı şəhərində «Yaşıl market»in tikintisi üçün torpaq sahəsi ayrılıb və inşasına başlanılıb». Qəzet sonda yazır ki, məhsulların paytaxta və digər şəhərlərə çatdırılması üçün əngəllərin aradan qaldırılması, yarmarka və bazarlarda onlar üçün lazımi şəraitin yaradılması, fermerlər üçün satış mərkəzlərinin olması zəruridir. Çünki məhsulların paytaxta problemsiz çatdırılması qiymətlərə də müsbət təsir edərək fermerlərlə alıcılar arasında birbaşa təmas yaradacaq.

Cəmil Həsənli
Cəmil Həsənli

MİLLİ ŞURA QƏRARINI AVQUSTUN ORTALARINDA AÇIQLAYACAQ

«İndiki repressiya şəraiti seçkiyə getmək istəyənlərə yaxşı bir şey vəd etmir».

«Azadlıq» qəzetinə danışan Milli Şura sədri Cəmil Həsənli belə deyib.

«Düzü, ölkədə seçki mühiti yoxdur. Hakimiyyət belə bir vəziyyət yaratmaqla vətəndaşlarda seçkilərə olan inamın son qalıqlarını da dəfn edib. Faktiki, xalq konstitusiya üzrə öz hakimiyyətini formalaşdırmaq hüququndan kənarlaşdırılıb. Artıq neçə illərdir ki, ölkədə xalqın səsinə dayanmayan, azad, ədalətli seçki anlayışından uzaq olan saxta seçkilər vətəndaşlarda seçkiyə olan inamı sarsıdıb.

Ölkədə keçirilmiş son 3 seçkidə saxtakarlığın artım dinamikası təhlükəli həddə gəlib çıxıb. Avropa məkanında seçki müşahidəsinə yeganə rəsmi mandatı olan ATƏT-in Varşava Bürosunun qiymətləndirməsinə görə, ölkəmizdə 2008-ci ilin prezident seçkilərində saxtakarlığın səviyyəsi 23 faiz, 2010-cu ilin parlament seçkilərində 32 faiz, 2013-cü ilin prezident seçkilərində isə 58 faiz olub. Mövcud dinamikadan çıxış etsək, qarşıdakı seçkilərdə bu saxtakarlıq göstəricilərinin 70 faizə qalxması labüddür. Yəni, əslində, seçki adı altında ölkədə hakimiyyətin mənimsənilməsi prosesi baş verir ki, bu da Konstitusiyanın 6-cı maddəsinə görə, xalqa qarşı törədilmiş ən ağır cinayət hesab edilir».

Bununla belə, Cəmil Həsənli Milli Şuranın parlament seçkilərinə qatılmaq haqda qərarının olmadığını, avqustun ortalarında son qərarın elan olunacağını deyib.

XS
SM
MD
LG