Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:41

O qadın pulu götürmədi


- "Bu anlarda o, özünü əlində otuz manat pul yardımı gətirən, gümüşü qanadlarını çalıb göydən enən xilaskar mələk sanırdı."

"Kilsənin çil-çırağı yaman gündədir, onu köhnə metal yığanlara verərik, üstünə biraz da pul qoyub yenisini alarıq. - keşiş bunu deyib, kəndlilərə üz tutdu: – Pulun hara xərcləndiyinə siz şahidsiniz, pravoslavlar!"

Mixail Yevqrafoviç Saltıkov-Şedrin

Rus dilindən tərcümə: Araz Gündüz

Kənddə yanğın

Sofonixe kəndini yandırıb külə döndərən güclü yanğın günortaya yaxın başlamışdı.

Bu, iyun ayında, əkin işlərinin ən qızğın çağında olmuşdu. Kəndin kişili-qadınlı bütün adamları tarlada, iş üstündə idilər.

Sonradan bəlli olduğuna görə, yoldan keçən bir əsgər kəndin qırağındakı evlərdən birinin divarboyu salınmış torpaq kürsüsü üzərində oturmuş, çubuğunu doldurub tütün çəkimişdi. O gedəndən biraz sonra isə, bu yanğın başlamışdı.

Kənddəki evlərinin hamısı ucdantutma yanıb kül olmuşdu. Ancaq evlərdən bir az aralıda yerləşən taxıl anbarlarının bir-ikisi salamat qalmışdı.

Bir neçə saatın içində kəndlilər əllərində olan nə vardısa, hamısını itirib, dilənçi kökünə düşmüşdülər. Praskovya nənə, bir də Tatyananın oğlu Petka yanaraq ölmüşdülər.

Tarla kənddən çox uzaq idi, orada işləyən kişilər və qadınlar, kənddən çıxan qatı tüstünü görüb, atları və kotanları başlı-başına qoyaraq, başılovlu qaçıb gəlmişdilər.

Ancaq onlar gəlib çatanadək artıq yanğından qurtarası bir şey qalmamışdı. Nə yaxşı, mal-qara örüşdə idi və bir az öncə peyini kənddən tarlaya daşıyıb aparmışdılar, yoxsa, bütünlüklə acından ölməli olacaqdılar.

Mixail Saltılov-Şedrin
Mixail Saltılov-Şedrin

Yanğın başlayanda küçədə oynayan azyaşlı uşaqlar yaxınlıqdakı kiçik çaya qaçıb canlarını qurtarmışdılar.

Yeniyetmə qızlar qucaqlarında tutduqları körpə uşaqlarla çayın qırağında dayanıb, qorxu içində, yanıb kömürə dönmüş evlərə, evlərdən nişanə kimi qalmış kərpic sobaların qalıqlarına baxırdılar.

Dul arvad Tatyana təpərli və gənc bir qadın idi. Əri altı il qabaq ölsə də, öz təsərrüfatını qoruyub saxlaya bilmişdi.

Topladığı məhsulun yarısı vergiyə getsə də, əlini işdən soyutmur, tarlanı özü şumlayır, əkib-biçir, taxılı da özü döyürdü.

Onun Petkadan başqa övladı yox idi, uşağın artıq səkkiz yaşı vardı və Tatyana, yenidən ərə getməyi ağlına belə gətirmədən, oğlunu təkbaşına böyüdür, onu artıq gələcəyin kişisi, evinin yiyəsi kimi təsəvvür eləyirdi.

Petka da özünü artıq evin gələcək yiyəsi sayır, anasına deyirdi:

– Ana, mən böyüyüb kişi olacağam, evimizin yiyəsi olacağam...

Bütün kənd bu balaca oğlanı sevirdi. Petka diribaş, suyuşirin bir uşaq idi və artıq məktəbə gedirdi.

Bir də görürdün Petka, kəndin içi ilə, yaşlı kəndlilərin yanından ötüb keçir. Qocalar onu saxlayıb soruşurlar:

– Hə, kişi qırığı, anana kömək eləyirsənmi?

– Hə, bacardığımı eləyirəm – deyə Petka dillənirdi.

Birazdan kəndin ortasından keçən küçə ev avadanlıqlarının qalıqları ilə doldu; kəndli üçün hər şey dəyərli və gərəklidir.

Ev yiyələri, ailə üzvləri ilə birlikdə, hərəsi öz yanmış evinin küllüyündə eşələnir, əllərinə keçən, gözə dəyən nə vardısa, daşıyıb bir qırağa yığırdılar: köhnə ayaqqabı altlığı, paslı mismar, at qoşqusu üçün qayış qırığı, kotan ağzının sınığı və başqa bu kimi tör-töküntülər küçə boyu qalaqlanmışdı.

Bir neçə kəndlinin evin altındakı yeraltı anbarları yanğından sağ çıxmışdı; ancaq indi ərzağın tükəndiyi bu vaxtda onlarda da dişədəyər bir şey tapmaq çətin idi.

On ildən artıqdır dilənçilik eləyən birisi, dilənməyə götürdüyü mis camını axtararaq qışqırırdı:

– Mənim camım hanı? hanı o? kim oğurlayıb onu? Deyin görüm, kimdədir mənim camım?

Avdotya nənə kəndin içində obaş-bubaşa gəzib qarşısına çıxanların hamısına iki yarıyanmış, uduşlu istiqraz vərəqəsini göstərirdi. İstiqrazların qıraqları yanmış, ortasındakı rəqəmlər salamat qalmışdı.

– Məncə, bunların dəyərini ödəyərlər! – kəndxuda Mixey onu ovundururdu. – Nömrələr oxunur; uzaqbaşı, xanıma deyərsən, Piterə yazıb işi yoluna qoyar.

Kəndin başbilənləri bir yerə toplaşıb işləri necə yoluna qoymağı götür-qoy eləyirdilər.

Onların hamısının üz-gözündən bərk sarsıldıqları duyulurdu; bir neçəsinin gözləri yaşlı idi.

Çox götür-qoydan sonra belə kəsdirdilər: ağsaqqallar qonşu kəndin kəndxudasının yanına gedib kömək istəsinlər: barı indilikdə, qonşu kənddə, evsiz-eşiksiz qalmış adamlara müvəqqəti sığınacaq versinlər.

Sonra isə upravaya (rayonu idarə eləyən dövlət idarəsi) gedib yardım və sığorta işlərini yoluna qoymaq üçün kəndxudanı atlandırıb şəhərə yola saldılar.

Kənd keşişi də adamların arasında gəzib onları ovundurmağa çalışırdı:

– Kim vermişdi? Allah! Kim alıb apardı? Yenə də Allah! Yoxsa demək istəyirsiniz onun bu işlərdən xəbəri yoxdur?

Kəndlilər ona təzim eləyib susurdular.

Keşiş sözünə davam eləyirdi:

– Yetər, özünüzü üzməyin, qarğış da eləməyin. Allaha asimi olacaqsınız? Nə üçün? Necə? Kim sizə belə bir ixtiyar verib? Mal-qaranız sağ-salamat qalıb, əkin alətləriniz əlinizdə, peyini kənddən çıxarıb tarlaya daşımısınız, əkinçiyə bundan artıq nə gərəkdir?

Çox keçməz, uprava ev tikmək üçün sizə pul ayırar; mülkədar xanım ac qalmayasınız deyə, taxıl verər; mən də əlimdən gələni eləyərəm... yoxsa, mənim sizin üçün dua elədiyimi bilmirsiniz?

Düzdür, mən təkcə elə sizin deyil, hamının qayğısına qalıram. Yer üzündə nə qədər pravoslav xristian varsa, hamısı üçün dua eləyirəm.

Kəndlilər yenə dinməzcə keşişə təzim elədilər, o isə yaman qızışmışdı, dil boğaza qoymadan üyüdüb tökürdü:

– Hə, indi ağlınız başınıza gələr, daha Allah qorxusu ürəyinizdən çıxmaz, kilsəyə də vaxtı-vaxtında gələrsiniz, ibadət eləyib Allahdan qarşılığını alarsınız.

Allah bu il sizə bol taxıl verib. Qışda da ot-ələf yaxşı olacaq; yazacan keçinərsiniz, sonra yavaş-yavaş işləri yoluna qoyarsınız.

Mülkədar xanımdan yer götürüb yarılığına əkərsiniz, malqaranın yemini çıxararsınız. Yemin artığını satarsınız, pul qabınızda pulunuz olar; qış vaxtı bazara biraz taxıl çıxarıb satarsınız, yenə əlinizə pul gələr, yulaf biçib toplayarsınız bu da pula gedən şeydir.

Gələn il bir də görəcəksiniz bu od-alovun kül elədiyi evlərinizin yerində ondan da gözəl, ondan da böyük evləriniz ucaldı, bax onda, hər biriniz öz ev-eşiyində, ağac kölgəsində sevinc içində yaşayıb verdiyi bu nemətlərə görə Allaha ürəkdən dua edəcəksiniz.

Görərsiniz, Allahın köməyi ilə, mən necə deyirəmsə elə də olacaqdır.

Dul qadın Tatyana isə, köməksiz və üzgün bir durumda, yanıb külə dönmüş evinin qarşısında dayanıb, evin kösövə dönmüş şalmanlarını oyan-buyana çevirib inildəyirdi:

– Petka, ay Petka, haradasan əzizim? Səsimə səs versənə!

Dərddən başını itirmiş qadın qocalıb əldən düşmüş qonşusu Kalistratiçin dediyi bu sözləri eşidəcək halda deyildi:

– Sən bir bax, bəlkə o meşəyə qaçıb? Mən onu görmüşdüm. Burada anbarın yanındakı artırmada oturmuşdum, birdən alov sizin evə gəlib çatdı. Baxıram, Petka mətbəxdədir, köynəyi od tutmuşdu, deyəsən.

Mən ona qışqırıram: əzizim, qapını itələ aç, qaç bayıra. O isə oyan-buyana qaçırdı, sonra daha alov gücləndi, bir şey görə bilmədim. Yəqin, uşaq qorxudan meşəyə qaçmış olar.

Ancaq Tatyana yanyörədə nə baş verdiyini anlayacaq durumda deyildi, onun duyduğu tək şey parçalanan ürəyinin ağrısı idi.

– Petya, a Petya! hardasan, mənim əzizim? Səs versənə bir! – qadının hönkürtülü səsi tez-tez eşidilib kənd adamlarının uğultulu danışıqlarına qarışırdı.

Bir azdan iki nəfər kəndli dul qadının halına acıyıb onun köməyinə gəldilər. Evin çökmüş tavanının şalbanlarını qaldırıb, hələ də tüstülənən taxtaların altından, uşağın ölüsünü tapıb çıxardılar.

Petyanın yanmış cəsədi yanı üstə düşüb qalmışdı, üzünün və bədənin yuxarıya qalan hissəsi yanıb kömürə dönmüş, tanınmaz hala düşmüşdü; bədəninin döşəməyə yapışan tərəfi necə varsa eləcə, olduğu kimi qalmışdı.

Tatyana oğlunun ölüsünü görəndə yerində səntirlədi, gözlərinə qaranlıq çökdü və onun köksündən qopan fəryadı bütün kənd eşitdi:

– İlahi! sən bunları görürsənmi?

Bu fəryadı eşidən keşiş öz ruhanilik borcunu yerinə yetirib, qadını ovundurmaq üçün ona yaxınlaşdı.

Qarğış eləyirsən? – deyə keşiş yumşaq bir səslə qadına üz tutdu.–İyovanı (Əyyubu) xatırlayırsanmı? Yox? Mən indi sənin yadına salaram.

O, olduqca varlı və çox adlı-sanlı birisi idi, çoxlu uşaqları, sayıbilinməz sürüləri və böyük xəzinəsi vardı, birdən Allahın buyuruğu ilə onun nəyi var əlindən çıxdı: uşaqları da, sürüləri də, var-dövləti də, dostları da yoxluğa gömüldülər, özü isə cüzam xəstəliyinə tutuldu, onu şəhərdən də çıxarıb qovdular, şəhər qapısının ağzında yara basmış bədəni ilə uzanıb qaldı.

Elə bir günə qalmışdı, itlər gəlib onun yarasını yalayırdılar... itlər! Ancaq bütün bunlar baş verəndən sonra da, o nə qarğış elədi, nə də bir küfr danışdı, onu yaradan Allahı biraz da artıq sevməyə başladı.

Allah İyovanın belə bir sədaqətli bəndə olduğunu görüb, ona acıdı. Çox keçmədən, İyova sağaldı, varlandı, öncə olduğundan da qat-qat adlı-sanlı oldu. Sürüləri artdı, çoxlu yeni uşaqları doğuldu, bir sözlə, hər şeyi artıqlaması ilə oldu...

Ancaq keşişin öyüdləri Tatyanaya qarmaqarışıq və anlaşılmaz bir mızıltı kimi gəlib çatırdı. O gözlərini Petkanın üzünün kömürləşmiş və sağ qalmış hissələrini ayıran xəttə dikib pıçıldayırdı:

– İlahi! sən bunları görürsənmi?

Ağa malikanəsində bu vaxt xeyirxah mülkədar xanım Anna Andreyevna Kopeyşikova ad gününü bayram eləyirdi.

Çox az, yalnız ən yaxın dostlar yığışmışdı, qonaqlığa: yerli dvoryan icmasının başçısı Kipyaşev öz arvadı ilə, mahalın polis rəisi Şipyaşev qardaşı qızı ilə, bir də hamının çəkindiyi, arxada: “onun yanında yaxşısı dilini dişlərinin arasında saxlamaqdır” dedikləri, mülki şəxs sayılan İvan İvanoviç Qlaz qatılmışdılar.

Bir sözlə, özlüyündə, burada olan adamların hamısının yanında öz ürək sözünü demək qorxulu idi və ən yaxşısı, dilini dinc saxlamaqdı (deyilənə görə Anna Andreyevna özü də bir dəfə, haradasa “qulluq” elədiyini ağzından qaçırıbmış), ona görə də, İvan İvanıç bu məclisə yaraşan birisi idi. Yaxın dostlardan başqa burada keşiş də, öz arvadı ilə qonaq idi.

Anna Andreyevna dul qalmış general arvadı idi, yaşı qırxdan azca çox olsa da, hələ də çox gözəl görünürdü, ən çox da yaraşıqlı və iri döşləri ilə seçilirdi, yerli aristokratların keçirdikləri bütün ballarda və gecə yığıncaqlarında, kimliyindən və yaşından asılı olmyaraq, hamının gözləri onun iri döşlərinə dikilib qalardı.

Ancaq o, özünə həmişəlik : “Ni-ni–cest fini” (fransızcada: “bundan o yanası yoxdur” deməkdir) deyib, bütün qalan ömrünü uşaqlarına həsr eləməyi kəsdirmişdi.

Buna görə də tanıyanlar onun haqqında deyirdilər: “Cest une sainte”(fransızca: “O müqəddəs adamdır” deməkdir), habelə onun patriotizmini də yüksək dəyərləndirib söyləyirdilər: “Cest une matrone!”(fransızca: “O qatı vətənsevərdir!” deməkdir.)

Yüksək təbəqədən olan bütün rus xanımları kimi o da fransızca danışırdı və “un peu darithmetiqu, un pei de geoqraphi et un peu de muthologie(cette pauvre Leda!)” (fransızca: “bir az hesabdan, bir az coğrafiyadan, bir az da mifologiyadan(ah, bu yazıq Leda!)) başı çıxırdı, o uzun illər xaricdə yaşamışdı, ancaq sonillər qatı patriota çevrilmiş, özünün dili ilə desək “xeyirxah rus xalqını” ürəkdən sevməyə başlamışdı.

Üç il bundan öncə bu mülkədar xanım, çoxdan yoluxmadığı doğma Qorbilev mülkünə baş çəkməyə gəlmiş və o çağdan başlayaraq, hər yay gəlib bir neçə ay burada yaşayırdı.

Bağçada mərhum əri üçün abidə də qoymuşdu və hər gün onun qarşısında dua eləyərdi.

Burada olduğu müddətdə yalnız sınaqdan çıxmış “çoxdankı dostlarla” görüşərdi, təsərrüfat işlərinə baş qoşmazdı, əlində olan bütün torpaqlarını kəndlilərə, məhsulun yarısını ona vermələri şərti ilə, icarəyə vermişdi və görünür, bununla da dolanırdı.

Onun hüquq fakültəsində oxuyan onaltı yaşlı Sergey adında oğlu, bir də çox diribaş və anası kimi “un peu d'arithmetique et un peu de mythologie” bilən on səkkiz yaşlı, Vera adında qızı vardı.

Ağalar artıq kilsədəki səhər ibadətindən qayıdıb səhər yeməyinə oturmuşdular və elə bu vaxt qulluqçular qaçaraq gəlib Sofonixa kəndinin yandığını dedilər.

Keşiş o andaca aradan çıxıb kəndə getdi, qalanları pəncərənin qarşısında toplaşıb kəndə sarı baxmağa başladılar.

Göyə ucalan qatı tüstü burumları yanğını görməyə mane olurdu, külək bu tüstünü qovub düz malikanənin üstünə gətirirdi, artıq otaqlarda acı və boğucu olan yanıq iyi duyulmağa başlamışdı.

Kənddəki adamlar da görünmürdü, ancaq yollarda yanğını söndürmək üçün qonşu kəndlərdən köməyə qaçan kəndlilər və qulluqçular gözə dəyirdi.

Bir azdan Anna Andreyevna dilləndi:

– Siz özünüz bilərsiniz, ağalar, ancaq mən burada soyuqqanlı tamaşaçı kimi durub qala bilmirəm. Axı onlar mənim kəndlilərimdir. Düzdür, yaman əllər indi bu yeni qanunla onları məndən ayırıblar, düşünürəm, bu müvəqqətidir, ancaq mən onların öz kəndlilərim olduğunu bir an da olsa belə unutmuram.

Ancaq qonaqlar mülkədar xanıma təkbaşına qəhrəmanlıq eləmək üçün imkan vermədilər və hamılıqla onu arxasınca düşüb kəndə yollandılar.

– Düzünə qalsa, bu, bizim insanlıq borcumuzdur, – deyə Anna Andreyevna sözünə davam elədi, – bunlar lap elə mənim kəndlilərim olmasaydı da, bizim borcumuz ağrı-acılara tuş gələn insanların hayına-harayına yetişməkdir.

Düzdür, kəndliləri bizim yiyəliyimizdən aldılar, bizi incitdilər, bizi yoxsullaşdırdılar... ancaq biz bunların hamısını unutmuşuq artıq.

Bütün baş verənlərdən sonra da, bu, bizdən aşağıda dayanan qardaşlarımızın üzümüzə dikilən əzablı baxışlarını anlayırıq!

Xanım bu gün işçilər və qulluqçular üçün çörək bişirildiyini öyrənib, onların bir hissəsini dilimləyərək, evləri yanmış kəndlilərə paylamağı tapşırdı.

– Sabah özümüzünkülər üçün yenə də çörək bişirərsiniz... heç nə olmaz! Ora aparılan çörəklərin üstünə duz səpməyi də unutmayın!

Bir sözlə, xanım əlindən nə gəlirsə, nə qədər imkanı varsa, hamısını eləməyə çalışırdı, sonra nəsə xatırlayıb pulqabını da götürüb dedi: “Hər ehtimala qarşı, birdən lazım oldu!” xanımın qızı da, anasına baxıb, parıltılı pullarla dolu pulqabını özü ilə götürdü.

Ağalar və xanımlar kəndin girəcəyində dayandılar, ancaq Vera və polis rəisinin qardaşı qızı, madmazel Şipyaşeva qıraqda dayanıb baxmağa dözməyib, kəndin içərisinə doğru yeridilər.

Anna Andreyevna onların arxasınca qışqırdı:

– Kəndlilərə deyin, mənə verəcəkləri taxılın yarısını onlara bağışlayıram!

Beş dəqiqə sonra Vera göz yaşları içində qaçıb gəldi.

– Ah, anacan! – Vera hıçqıraraq danışmağa başladı. – Orada bir yazıq qadının balaca oğlu evdə diri-diri yanıb! Ah, nə yaman qorxuncdur... Yazığın başına müsibət gəlib! Keşiş onu ovundurmağa çalışır, ancaq o heç nə başa düşmür, elə hey bir ucdan deyir: “İlahi, sən bunları görürsənmi?” Anacan! Bu dəhşətdir, dəhşətdir, dəhşətdir!

– Ah, yazıq qadın, görün indi nə çəkir... ancaq Vera, sənin əsəblərini bunca korlamağına dəyməz! – deyə, Anna Andreyevna qızını qınamağa başladı. – Belə olmaz, dostum! Sən gərək bunu unutmayasan, hər yerdə ağılla davranmaq gərək!

Düzdür, bu çox böyük itkidir; ancaq bizim də belə ağır itkilərimiz olur və biz bunlara dözümlə yanaşıb susuruq! Xatırlayırsanmı, Baymakov bizim bank hesabımızla bağlı başımıza nə oyun açmışdı... Vur-tut altı faiz verib qalanını it-bata salmışdı, biz buna dözdük, səsimizi də çıxarmadıq! Bir sözlə, bülbülü təmsillə yemləmirlər. Ağalar, – Anna Andreyevna yanyörəsindəki adamlara üz tutub dedi,– gəlin, bu yazıq qadının ağrılarını biraz da olsa yüngülləşdirmək üçün ona kiçik bir yardım eləyək! Kim nə qədər bacarır!

Xanım titrək əllərini pulqabına salıb oradan onmanatlıq bir əskinas çıxardı, pulu ovcuna qoyub əlini o birilərinə sarı uzatdı. Vera o andaca pulqabındakı bütün pullarını anasının ovcuna boşaltdı; qonaqlar da hərəsi azmaz pul yardımı elədilər.

Ancaq İvan İvanıç Qlaz yardım eləmək istəməyərək, üzünü yana çevirib fit çalmağa başladı. Beləliklə də, otuz manata yaxın pul toplandı.

Anna Andereyevna yığılan pulları qızına verib dedi:

– Haydı, bunları aparıb o yazıq qadına ver! Ona deyərsən, dünya yaxşı insanlardan xali deyil. Kəndlilərə bir də de, mənə verəcəkləri taxılın yarısını onlara bağışlayıram. Onlara çörək gətirib payladılarmı? Tapşır, qoy gətirib paylasınlar! Barı indilikdə aclıq çəkməsinlər!

Vera cəld qaçıb getdi. Bu anlarda o, özünü əlində otuz manat pul yardımı gətirən, gümüşü qanadlarını çalıb göydən enən xilaskar mələk sanırdı.

Vera Tatyananın yanına gələndə onu necə qoyub getmişdisə eləcə də gördü. Dərdinin böyüklüyündən başını itirmiş qadın gözlərini geniş açıb, heç nə danışmadan dodaqlarını tərpədirdi, onun yanyörəsində nə baş verdiyini duymadığı bilinirdi.

Keşiş yenə də onun yanında dayanıb qaniçən imperator Neronun hakimiyyəti dönəmində ilk xristianların hansı amansızlıqlarla üzləşdiyindən danışırdı.

Tatyana bundan sonra necə yaşayacağı ilə bağlı düşünəcək halda deyildi, onun başına nə gələcəkdi? ona ev, əkin yeri, başqa gördüyü işlər lazım olacaqdımı? Yoxsa, o ağa qapılarında qulluq eləməyə gedəcəkdi?

Birdən xilaskar mələk gəlib çıxdı.

– Əzizim, al bu pulları! anam bunu sənə yardım üçün göndərib! – Vera bunu deyib pulları Tatyanaya uzatdı.

Tatyana heç nə başa düşmürdü, hətta ona uzadılan pula sarı da baxmadı.

Götür, inad eləmə! – keşiş onu dilə tutmağa başladı. – Xeyirxah ağalar sənə yardım eləyir, sən isə yaxşlığı başa düşmürsən!

Başqa kəndlilər də maraqlanıb yaxınlaşdılar və qadını dilə tutdular:

–Tatyana, götür, veriləni qaytarmazlar! Ev tikəndə işinə yarayar... götür!

Tatyana isə yerindən tərpənmədən, deyilənləri anlamadan, dinməzcə dayanmışdı.

Vera biraz dayanıb pulu torpağın üstünə qoydu və incik halda uzaqlaşdı. Keşiş pulları yerdən götürdü.

–Yaxşı, görürüəm, sən pulu götürmək istəmirsən,–keşiş dilləndi,–mən bu pulları götürüb, kilsəni bəzəmək üçün xərcləyərəm.

Kilsənin çil-çırağı yaman gündədir, onu köhnə metal yığanlara verərik, üstünə biraz da pul qoyub yenisini alarıq. - keşiş bunu deyib, kəndlilərə üz tutdu: – Pulun hara xərcləndiyinə siz şahidsiniz, pravoslavlar!

– Anacan, o qadın pulu götürmədi! – deyə Vera gözü yaşlı, hıçqırıqlı bir səslə dedi.

Hamı təəcübləndi.

– Ağlını tamam itirməyib demək! – deyə, İvan İvanıç Qlaz müəmmalı şəkildə dilləndi.

Bu dəfə Anna Andreyevna onunla razılaşmadı.

–Ağlı üstündədir, bu doğrudur; ancaq onun dərdinə ortaq olmaq da gərəkdir! Siz bunun nə demək olduğunu bilməzsiniz, yalnız ana ürəyi oğul itkisinin nə demək olduğunu bütün dərinliyi ilə anlaya bilər!

Keşiş atanın dedikləri düz çıxdı. Yanğından iki il sonra mən Sofonixo kəndinin yanından keçəndə buradakı dəyişikliyə baxıb gözlərimə inanmadım.

Kənddəki böyük kül qalaqlarının yerində indi hündür, qabaqkılardan da böyük, yeni evlər ucalırdı. Düzdür, evlərin damları küləşlə örtülmüşdü, ancaq bu küləş evlərin üstünə çox səliqəli yığıldığından göz oxşayırdı.

Evlərin tikildiyi təzə şaalmanlar isə, gün işığında təzə soyulmuş yumurta rənginə çalıb parıldayırdı.

Yalnız Tatyananın evinin yerində hələ də yanıb kösövə dönmüş taxta qalıqları görünürdü, onun özü isə harasa yoxa çıxmışdı.

Kəndlilər onun haralardasa İsa Məsihin adına tikilmiş monastrların birində daldalanıb yaşadığını düşünürdülər. Kəndlilər barış və dinclik içində yaşayır, yorulmaq nə demək olduğunu bilmədən işləyirdilər.

Ürəkdən çalışır, mülkədar torpağının töycüsünü, dövlətin vergisini vaxtında və qədərincə ödəyir, hökümətin buyuruqlarını dinməzcə yerinə yetirirdilər: orduya əsgər verir, su arxı, yol çəkmək üçün buyurulan biyara gedirdilər.

Düşünürəm, bacarmadıqları bir iş tapşırsaydılar da, onlar dinməz-söyləməz bu işi də görməyə çalışardılar.

Mahal polisinin rəisi Şipyaşev kəndə gələndə onları öyməkdən qalmır:

– Bu kənd mənim gözümdə birinci yerdədir! Allah köməyiniz olsun uşaqlar!

XS
SM
MD
LG