Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:49

Dinara Yunus: “Atam bu sözümü eşitsə...“


Arxiv fotosu: Dinara Yunus atası Arfi və anası Leyla Yunuslarla.
Arxiv fotosu: Dinara Yunus atası Arfi və anası Leyla Yunuslarla.

.

Avqustun 6-daprokuror hüquq müdafiəçisi Leyla Yunusa 11 il, onun həyat yoldaşı, tanınmış politoloq Arif Yunusa 9 il cəza istəyib.

Cütlüyün Hollandiyada mühacirətdə yaşayan qızı Dinara Yunus bu məhkəmə prosesi barədə AzadlıqRadiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:

- Dəhşətə gəldim… Prokurorlar sadəcə olaraq valideynlərimə ölüm hökmü tələb edirlər.

Məhkəmədə prokurorlar heç bir dəlil-sübut təqdim edə bilmədilər. Çünki belə sübutlar sadəcə mövcud deyil, mənim ata-anamın “cinayətləri”ni sübut edəsi heç hal yoxdur. Onlara qarşı cinayət işi başdan-ayağa saxtadır.

Yəqin ki, gələn həftə məhkəmə günahsız valideynlərimin həbsxanada ölümlərinə səbəb olacaq hökm çıxaracaq.

Saxlandıqları bir il ərzində onların səhhətləri çox kəskin şəkildə pisləşib. Belə təhlükəli xəstəliklərlə onlar daha bir il həbsdə qalsalar nə baş verəcək?

Keçən həftə məhkəmə proseslərinin birində atam huşunu itirdi. Amma hakim prosesi davam etdirmək qərarı verdi. Və atam zalda şüşə qəfəsin içində anama söykənərək taxta oturacaqda uzanmalı oldu. O, əzablı ağrılar, işgəncə içində prosesi dinləməli oldu. Hələ də onu xəstəxanaya aparmayıblar.

Bazar ertəsi keçiriləcək məhkəmə isə atamla anamın son görüşləri, sonuncu dəfə bir-birinə sarılmaları (ona da imkan versələr), bir-birinə söz deməyə son şansları ola bilər.

Valideynlərim bütün həyatlarını insan haqlarının müdafiəsinə həsr etdilər. İndi isə… indi də onları insan hüquqlarını müdafiə etdikləri üçün cəzalandırılırlar.
Mən dəhşət içindəyəm…

- Məhkəmə prosesinin gedişatı haqqında fikirləriniz nədir?
-Düzünü desəm, Azərbaycan ədliyyəsindən böyük gözləntim yoxdur. İndiyə qədər bir çox ədalətsizliyin şahidi olmuşam. Bu məhkəmə açıq keçirilməli idi, amma bir çox jurnalist, diplomat, aktivist prosesə buraxılmadı.

Bilirəm ki, məhkəmə ədalətli keçirilməyəcək, çoxlu saxtalaşdırmalar olacaq.
Mən ədalətə inanmaq istəyirəm, amma ədalət olmayacaq: atam və anam məhkəmə zalından azadlığa buraxılmayacaqlar. Əgər azad və ədalətli ədliyyə olsaydı, valideynlərim artıq azadlıqda olardı. Onları bağrıma basa bilərdim.

Anam demək olar ki, bir ildir saxlanıb, amma hələ indi Hepatit C ilə bağlı müalicə alır. Halbuki, artıq virus fəsad verməyə başlayıb.

Anam həm də şəkər xəstəsidir. Həbsxanada şəraitin pis olması da bir tərəfdən təsir edib və o indi sol gözünü demək olar ki, itirib.

Ailə fotosu: Leyla Yunus qızı Dinara ilə.
Ailə fotosu: Leyla Yunus qızı Dinara ilə.

Həbsxana divarları insana məlhəm, dərdinə çarə ola bilməz. Sevdiklərindən ayrılmaq özü əzablı bir hissdir - duyğularını ağrıdır, nəticədə bədənin də bundan ziyan görür.

Bunların üstünə həbsxananın dözülməz şəraitini də gələndə mənzərə aydın olur. Özünüz anamı məhkəmədə gördünüz.

İyulun 15-də çəkilmiş videoya baxanda şok oldum. Anam yeriyə bilmir, dayaq axtarır, amma irəli durub əl uzadan yox idi. Halbuki, ətrafı dolu polislər idi.

Atamı nəhayət ki, görə bildim... çəliklə yeriyirdi…

Bir illik sükutdan sonra məlum oldu ki, atamın başının arxasında şiş əmələ gəlib və bu, xərçəng ola bilər. Atamda yüksək qan təzyiqi həmişə olub, amma heç vaxt tam müalicə olunmayıb.

Atamın yanına müstəqil həkimləri buraxmırlar. Onun yanına ümumiyyətlə heç kimi buraxmayacaqlar. Həbsxana yoldaşları saxlandığı ilk günlər onu döyürdülər.

- Son dəfə valideynlərinizlə nə vaxt görüşmüsünüz?
- Bir il əvvəl atamla danışmışam. Atamla avqustun 4-də sms yazışmamız bugünlərdə yenə gözümə dəydi.

Ona “Səni sevirəm” yazıb, bir təbəssüm işarəsi göndərmişdim. O da yazmışdı: “mən də səni sevirəm”. Növbəti gün onu səbəbsiz yerə saxladılar.

Eşitdiyimə görə avqustun 7-də onu Milli Təhlükəsizlik Nazirliyində saxlayıblar. Əgər bu müsahibəni oxumaq şansı olsa, istəyirəm atam bilsin ki, onu və anamı çox sevirəm və onlar üçün çox darıxıram.

Anamla son dəfə 2014-cü il iyulun 29-da danışa bilmişəm. Həbsindən sonra onunla birbaşa əlaqəm olmayıb, amma bütün bu müddət ərzində atamdan çox anamdan xəbər tuta bilirdim.

Ailə fotosu: Dinara Yunus uşaqlığında atası Arif Yunusla
Ailə fotosu: Dinara Yunus uşaqlığında atası Arif Yunusla

- Valideynlərinizlə bağlı müdafiə tədbirlərinə qoşulmusuz. Nəyə ümid edirsiz? Daha çox hansı ölkələrə səfər edirsiz və nəticə nədən ibarətdi? Sizcə, Avropa liderləri prosesə təsir etmək iqtidarındadırlarmı?

-Mən əziz valideynlərimin azadlığa çıxması üçün əlimdən gələni heç vaxt əsirgəməmişəm. Həbs edilmələrindən bu yana bütün vaxtımı onların azadlığa buraxılmaları üçün işlərə sərf edirəm.

Atamla anam insan haqların müdafiə etdikləri üçün həbs olunublar. Əslində, atam və anamım insan haqları uğrunda fəaliyyətinin yaşı mənim yaşımdan çoxdur.

Onlarla fəxr edirəm, belə möhtəşəm valideynlərə görə şükr edirəm! İndiyə qədər çoxlu səfərlər edib, çoxlu toplantılara qatılmışam.

Mənim ümiddən başqa heç nəyim yoxdur, amma o da getdikcə öləziyir. Qorxuram ki, onları heç vaxt görməyəm, biz bir də bir ailə olmağın sevincini heç vaxt yaşaya bilməyək.

Bildiyiniz kimi atamla anam bir sıra nüfuzlu mükafatlar alıblar. Anam Fransanın Şərəf Legionu Ordeni və digər mükafatları alıb. Bəzi hallarda mən gedib müxtəlif ölkələrdən həmin mükafatları götürmüşəm. O cümlədən, Strasburqda və Brüsseldə toplantılara qatılmışam.

Avropa liderləri və Avropa institutları dəyişiklik edə bilərlər, onlar valideynlərimin, o cümlədən, digər siyasi məhbusların azadlığa buraxılması üçün açıq çağırışlar etməlidirlər.

-Azərbaycana qayıtmaq və valideynlərinizi ziyarət etməyi düşünürsünüzmü?
- Kaş orda olub, onlara dəstək ola bilərdim. Amma bu, təhlükəli ola bilər.

2009-cu ildə valideynlətrimi hədələdilər ki, insan haqlarının müdafiəsini dayandırmasalar, məni təhlükə gözləyir. Azərbaycanı tərk etməyim ailəmizin verdiyi ən ağır qərarlardan biri idi. Nəhayət, Hollandiya mənimçün yeni evə çevrildi.

Təsəvvür edin: ailənin bir övladı var, o da uzaqda. Onlar bunun çətin olacağını bilirdilər - mən bir də heç vaxt onların yanına qayıda bilməyəcəkdim.

Qayıtsam, başıma hər iş gələ bilər - hətta, həbs də oluna bilərəm.

- Bütün beynəlxalq çağırışlara baxmayaraq, prezident Əliyev valideynlərinizi və başqa siyasi məhbusları azadlığa buraxmır. Başqa hansı addımları atmağı düşünürsüz?

- Dediyim kimi valdiyenlərimin azadlığa çıxması üçün fəaliyyətimi heç vaxt dayandırmayacam, indiyə qədər etdiklərimi edəcəm, başqa mümkün variantları da nəzərdən keçirəcəm.

Amma ən böyük arzum onları bu gün, yanımda görməkdir.

Qeyd:
Leyla və Arif Yunus dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb. Yunuslar ittihamları qəbul etmir, həbslərini siyasi sifariş sayırlar.

Həmçinin bax - Leyla Yunus fotolarda:

XS
SM
MD
LG