Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:18

Lökbatanda «yersiz gəldi, yerli qaç» olayı


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Bilmirik kimdir, qəflətən peyda oldu, başladı ağacları qırmağa. Soruşduq, kimsən, a kişi? Haradan gəlmisən? Deyir, get, yeri kimdən almışam, ondan soruş məni. Gördüyüm iş də tam qanunidir».

Lökbatan qəsəbəsinin Bünyadzadə küçəsində yaşayan bir qrup sakin «Qaynar xətt»ə şikayət ünvanlayıb. Onlar yaşadıqları binanın həyətində ağacların kəsildiyini, uşaq meydançasının hasarlandığını, adını-soyadını heç cür dəqiqləşdirə bilmədikləri birinin burada fərdi ev tikmək üçün daş tökdüyünü deyirlər.

DAŞ DAŞIYAN MAŞINLAR GƏLƏNDƏ...

14 saylı binada yaşayan Fərrux Cəfərovun sözlərinə görə, bu vaxtadək binanın bütün sakinləri həyətdəki skamyalardan yararlanar, uşaqlar da meydançada əylənərmiş. İki ay əvvəlsə səhər tezdən yelləncəklərin böyrü üstə atıldığını, skamyaların yerindən çıxarıldığını görüblər. Əvvəlcə heç kəs nə baş verdiyini bilməyib, ta ki həyətə daş daşıyan yük maşınları gəlincə...

«Ardınca ortalığı hasarlamağa başladı. Onda başa düşdük ki, aldanmışıq. Bir az səsimizi qaldıran kimi, işi dayandırıb qaçır. Sakitlik yaranınca yenə gəlir».

«Bir də gördük, ağacları kəsdirir. Adını da qoydu ki, abadlıq işi aparır, həyəti düzəldirəm. Sonra daş maşınları gəldi. Ardınca ortalığı hasarlamağa başladı. Onda başa düşdük ki, aldanmışıq. Bir az səsimizi qaldıran kimi, işi dayandırıb qaçır. Sakitlik yaranınca yenə gəlir».

İndi uşaq yelləncəklərini daş-kəsək əvəzləyib. Bina sakinləri şəxsi avtomobillərini həyətdən kənarda saxlamaq məcburiyyətində qalıblar. Onlar toz-torpağa bulaşmamaq üçün həyətə zəruri hallarda düşürlər. Kölgələnməyə isə həyətdə bir budaq da qalmayıb.

«NƏ GÜNLƏRƏ GƏLİB ÇIXDIQ...»

«Ortada su nasoslarımızı çıxarıb aparıblar, bir müddət idi susuz qalmışdıq. Belə biabırçılıq olmaz... Oturduğun yerdə kimsə gəlir, külüngü alır əlinə, başlayır betonu dağıtmağa, ağacı kəsməyə... Etiraz edəndə də yekə-yekə üstünə çımxırır ki, əlimdə sənədim var, hara gedirsən, get. Nə günlərə gəlib çıxdıq...».

«Bir də baxdıq, betonu dağıdırlar. Toplaşdıq getdik yanına ki kimsən, haradan gəlmisən? Nə məsələdir? Dedi, sənədim var, buranı almışam, ev tikirəm».

Bina sakini Muxtar Allahverdiyev:

«Haradan gəlib, bilinmir. Peyda olub, uşaq meydançasını tutub, daş töküb, ev tikir. Tələbimiz budur ki, daşlarını yığışdırıb çıxıb getsin. Bir də baxdıq, betonu dağıdırlar. Toplaşdıq getdik yanına ki kimsən, haradan gəlmisən? Nə məsələdir? Dedi, sənədim var, buranı almışam, ev tikirəm».

Qaradağ rayon İcra Hakimiyyətindən bildiriblər ki, ərazidə aparılan işlər qanunidir. Çünki ərazi bələdiyyə torpağı deyil, özəlləşmiş sahədir. Vətəndaşın sənədləri olduğuna görə, icra hakimiyyəti tikintiyə müdaxilə edə bilməz. Sakinlər tikintiyə qarşıdırsa, özləri məhkəmə qaydasında iddia qaldıra bilərlər.

«MƏHKƏMƏYƏ MÜRACİƏT OLUNMALIDIR»

Hüquqşünas Fuad Hüseynov da çıxış yolunu məhkəmədə görür:

«Başqa yolu yoxdur. İcra hakimiyyəti vaxtında rəsmi razılıq veribsə, artıq iş məhkəməyə qalır. Bina sakinləri kütləvi şəkildə ərizə yazıb Qaradağ rayon məhkəməsinə təqdim etməlidilər. İddianı isə belə qoymalıdılar: «Tikinti dayandırılsın, ərazi əvvəlki abad vəziyyətinə gətirilsin, sıradan çıxarılmış avadanlıq (skamyalar, yelləncəklər və sair.) yerinə qoyulsun, ağacların kəsilməsinə görə cərimələnsin».

XS
SM
MD
LG