Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:33

Rusiya Azərbaycanda yeni RLS tikir?


Zakir Həsənov
Zakir Həsənov

-

18 avqust Azərbaycan mediasının icmalı.

ZAKİR HƏSƏNOVUN MOSKVA SƏFƏRLƏRİNİN ƏSAS HƏDƏFİ

«Yeni Müsavat» qəzeti «Zakir Həsənovun Moskva səfərlərinin əsas hədəfi»nə toxunur.

Qəzet yazır ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun son üç həftədə Rusiyaya bir neçə səfər etməsi diqqət çəkib və müzakirələrə səbəb olub: «Xüsusilə də Qarabağa «sülhməramlı»ların yerləşdirilməsi ilə bağlı təşəbbüslərin səsləndiyi, Ermənistana rus silahının növbəti partiyasının ötürüldüyü, üstəlik, Ermənistanda Rusiya ordusunun hərbi təlimlərinə start verildiyi bir dövrdə azərbaycanlı nazirin şimal qonşumuzu davamlı ziyarət etməsi bəzi müşahidəçilər tərəfindən təsadüf kimi qiymətləndirilmir.

Hətta bu arada Rusiyanın Azərbaycanda Qəbələ RLS-in əvəzinə yeni hərbi obyekt tikmək niyyətinin olması haqda iddialar da dövriyyəyə buraxılıb. İddialara görə, 2017-ci ildə Qəbələdə «Voronej-DM» tipli yeni RLS-in tikintisi başlayacaq».

Qəzet daha sonra yazır ki, əksəriyyətin qənaətincə, bütün bu təhdidlərin fonunda cənab Həsənovun Rusiyaya səfəri ən əvvəl Azərbaycanın maraqlarının təmin olunmasına hesablanıb. Çünki təyinat aldığı gündən «kabinetdə deyil, cəbhə xəttində, əsgərinin yanında olmağa üstünlük verən müdafiə nazirinin Azərbaycan torpaqlarını işğaldan azad etməyə yönəlik fəaliyyəti hər kəsi məmnun edir».

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı «Yeni Müsavat»a bildirib ki, nazirin Moskva səfərində qeyri-adi heç nə axtarmağa, «rəng qatmağa» dəyməz. O deyib ki, bunlar planlaşdırılmış səfərlərdir.

TƏHSİL HAQQINA GÖRƏ TƏHSİLSİZ QALANLAR…

«Bizim yol» qəzeti «Təhsil haqqına görə təhsilsiz qalanlar…»dan yazır.

Qəzet bəzi bankların təhsil krediti verdiyini bildirir.

«Dəmir Bank» 300-30 000 dollaradək təhsil krediti təklif edir. Faiz dərəcəsi 23 faizdən başlayır. İllik faiz dərəcəsi isə minimum 25.4, maksimum 29 faizədək dəyişir. Kreditin müddəti 1 ildir.

«Turan Bank» isə təhsil krediti üçün maksimum 100 min AZN təklif edir. İllik faiz dərəcəsi 21-24 faizdir. Kreditin müddəti 36 aydır.

Deputat Vahid Əhmədov təhsil kreditləri haqqında qanun layihəsinin hazırlanaraq parlamentə təqdim edildiyini deyir: «Savadlı uşaqlar təhsil haqqı üzündən təhsillərini başa vura bilmirlər… Lakin həmin qanun layihəsi Milli Məclisdədir və ona baxılır. Sözügedən problemi həll etməyin yeganə yolu təhsil haqqını kredit vasitəsilə ödəməkdən ibarətdir. Orada müəyyən güzəştlər, imkansız insanlara yardımlar da nəzərdə tutulub».

Leyla və Arif Yunuslar
Leyla və Arif Yunuslar

«ANTİAZƏRBAYCANÇI ŞƏBƏKƏNİN BUYRUQ QULLARI»

Rəsmi «Azərbaycan»ın məqaləsi belə adlanır.

Qəzet hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusdan yazır: «Dəfələrlə məhkəmə prosesini təxirə salmaq üçün min cür oyundan çıxdılar. Bu, azmış kimi, Leyla Yunus hər dəfə səhhətləri «pisləşəndə» prosesi təxirə salan, zala həkim dəvət edən hakimi «cəllad» adlandırırdı. Etdiyi yaxşılıqların müqabilində hakimə «cəllad» demək bir «hüquq müdafiəçisi»nə yaraşan sözdürmü?».

«Azərbaycan»ın sualları bununla bitmir: «Necə olur ki, torpağımızı işğal edib, yurdumuzu viran qoyan, millətimizə qarşı soyqırımı aktları törədən terrorist dövlətin nümayəndəsi ilə Ermənistanda üz-üzə əyləşib düşmən çörəyi yeyəndə Arif Yunus kreslolarda rahat otura bildi, amma vergidən yayınanda, dələduzluq edəndə «oturmaq qabiliyyətini» itirdi? Baden-Baden şəhərində vergidən yayındırdıqları pulları sağa-sola xərcləyərkən, bəzi ölkələrdə özlərinə mülk alarkən niyə səhhətlərini müalicə etdirmək barədə düşünmürdülər? Bəs nə baş verdi? Maskaları yırtılan, mənəviyyatını pula satanlar niyə məhkəmədə günahsız olduqlarını sübut edə bilmədilər?».

«ÖLKƏ VƏTƏNDAŞLARI KREDİT BATAQLIĞINDA»
«Azadlıq» qəzeti yazır.

Qəzet Azərbaycanda vətəndaşın ən zəruri ehtiyaclarını kredit yolu ilə ödəndiyini, yəni avtomobil, mənzil, soyuducu, telefon almaq üçün kreditgötürdüyünü bildirir: «Məsələ burasındadır ki, indi əvvəlki imkanlar da tükənir və kütləvi yoxsullaşma prosesi gedir. Yəni, hakimiyyətin uzun illər boyu süni göl yaradıb və bunu dəniz kimi qələmə verib. İndi isə bu gölə «su» axmır və quruma baş verir.

2015-ci ilin I yarısında Azərbaycan bankları istehlak kreditinin həcmini ötən ilin eyni dövrü ilə müqayisədə 15.6 faiz artırıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-iyun aylarının yekunlarına həsr olunmuş hesabatında deyilir. Hesabata əsasən, istehlak kreditlərinin bankların kredit qoyuluşlarının ümumi həcmində payı 38.9 faiz və ya 7.88 milyard manat təşkil edib.

Müqayisə üçün deyək ki, ötən ilin yanvar-iyun aylarında istehlakçı kreditlərinin payı 40.7 faiz və ya 6.8 milyard manat olub».

İlham Əliyev
İlham Əliyev

Qəzet yazır ki, əhali sürətlə borclanmaya gedir və bütün sahələrdə bu neqativ tendensiya müşahidə olunur: «Ticarətlə məşğul olan da, daşınmaz əmlak alan da, təhsil haqqını ödəyən də banklardan asılı vəziyyətdə qalıb».

PREZİDENTİN İRADINDAN BİR AY KEÇİB, AMMA...

ANS yenidən otellərin qiymətlərindən yazır:

«Ölkə başçısının turizm qiymətlərinin yüksək olması ilə bağlı iradından bir ay keçsə də, hələ də bir çox istirahət mərkəzlərində qiymət yuxarı, xidmət isə aşağı səviyyədədir.

Hazırda yerli turizmin çox müraciət olunduğu cənub və şimal bölgələrində istirahət mərkəzlərində son bir ayda qiymətlərdə ciddi endirimlər edilməyib».

Turizm üzrə mütəxəssis Ruslan Quliyev ANS-ə deyib ki, iqtisadi böhran yeni imkanlara yol açır: «Bu gün artıq səfərbər olmuşuq ki, xaricdən ölkəyə maksimum dərəcədə valyuta gəlsin. 2020-ci ilə qədər turizm sahəsində 70 minə qədər insan çalışacaq. Hesab edirik ki, 2020-ci ilə qədər ölkəyə gələn turistlərin sayı minimum 8 -10 milyona çatdırılacaq».

Mədəniyyət və Turizm Nazirliyindən isə bildirilir ki, qiymətlər və xidmətin səviyyəsiylə bağlı nazirlik Ədliyyə Nazirliyinin çıxarışlarına əsasən yoxlamalara başlayıb.

Həmçinin turizm haqqında qanuna dəyişiklik edilməsi üçün yeni təkliflər hazırlanaraq hökumətə və Milli Məclisə göndərilib.

XS
SM
MD
LG