Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:42

Damdabaca (pyes)


Rahman Alizade, Azeri producer
Rahman Alizade, Azeri producer

- Rəhman Əlizadə

D A M D A B A C A

Bir qədər məzəli, bir qədər də qüssəli uyğuyabənzər iki hissəli hekayət

İŞTİRAK EDƏNLƏR:

B A B A – sonradan Damdabaca

M U R A D

Q I Z C I Ğ A Z

A T A – sonradan Div

Ö G E Y A N A – sonradan İfritə

A Y T Ə N, – müğənni qız–sonradan Meymun

T U N Q A

Q Ə D E Ş B A L A

P O L İ S

F A L Ç I T Ü K Ə Z

“Ş E K S P İ R”

“R A S P U T İ N”

K O L B A S A

N Ə R Ə B A L I Ğ I

U N İ T A S

D O L L A R

N A V A L Ç A

A Y

G Ü N Ə Ş

U L D U Z L A R

B U L U D L A R

Ç İ Ç Ə K L İ B U D A Q

BİRİNCİ HİSSƏ

Musiqi... Murad tamaşa göstərməkçün arakəsmə qurur. Baba oğrun-oğrun gəlir. Murad onu görmür.

B A B A. Mən bu oğlanın babasıyam. Bütün bunlar isə onun dünyasıdır. Ay da, Günəş də, Ulduzlar da, Buludlar da, Çiçəklənmiş budaq da, yarpaqları xəzəl olmuş Meynə də, toy da, matəm də bu dünyanın tavanındadır, döşəməsindədir, divarlarındadır. Nənəsinin kəlağayılarından pərdə çəkir, arakəsmə qurur bu dünyada – tamaşa göstərməkçün...

M U R A D(babasını görmür, tamaşaçılara). Mənim adım... Mənim adım... Məsələ burasındadır ki, hərə məni bir cürə çağırır – atam “adə, hey” deyir, ögey anam “adə”ni də atıb “hey” deyir, məhəlləmizdəki Qədeşbala “əmoğlu” çağırır...

B A B A. Buna bax a, Qədeşbala ilə heç uzaq qohumluğumuz da yoxdur.

M U R A D(tamaşaçılara). Təkcə babam məni “Murad, bala” çağırır. O məni dünyada hamıdan çox istəyir. Deyir eyzən ona oxşayıram. Mən də onu çox istəyirəm. Çünki mənim teatrımın bircə tamaşaçısı var, o da babamdır. Bunlar rəhmətlik nənəmin kəlağayılarıdır, mən indi tamaşa göstərəcəm. Özüm hazırlamışam. Kuklaları da özüm düzəltmişəm.

(Pəncərədən işıq düşür. Musiqi. Murad həyacanla pəncərəyə baxır.)

B A B A. Bu dünyada onun üçün mübarək, müqəddəs bir pəncərə də var...

M U R A D(tamaşaçılara). Onun pəncərəsidir...

(Aytən pəncərə arxasında görünür.)

Odur... Aytəndir... Onu hamı tanıyır. Tez-tez televiziyada oxuyur...

A Y T Ə N(oxuyur).

Sən yox ikən bu dünyada

Mənim üçün,

Mənim üçün.

Söylə hardan gəlib çıxdın

Görünmədən, bilinmədən

Mənim üçün,

Mənim üçün.

M U R A D. Mən onu... Mən... O isə məni uşaq sayır, həmişə də “Muradik” çağırır.

B A B A. O hardan bilsin ki, sevənlər nə balaca olurlar, nə də qoca...

A Y T Ə N(oxuyur).

Sən hamıdan əziz oldun,

Günəş oldun,

Dəniz oldun,

Aydan arı, sudan duru,

Qızılgüldən təmiz oldun

Mənim üçün,

Mənim üçün.

(Musiqi... Aytən pəncərədən çəkilir.)

B A B A. Qızılgüldən təmiz oldun mənim üçün...

M U R A D(pəncərədən gözlərini çəkmədən). Bu sözlər onun özünə aiddir. Mən şair olsaydım... Hər gün ona şeirlər qoşardım. Eybi yoxdur, şair olmasam da inanıram ki, günlərin bir günündə hamının tanıdığı artist olacam, onda mən onu öz tamaşalarıma çağıracam. (Pəncərənin işığı sönür.) Ah, işığı söndü...

B A B A. Indi məni çağıracaq.

M U R A D. Baba, baba, gəl hər şey hazırdır.

B A B A(Murada yaxınlaşır). Nə olub, Murad, bala?

M U R A D. Əyləş babacan, sənə tamaşa göstərəcəm.

B A B A. Doğrudan? Lap belə əcəb eləyəcəksən, mən də uşaqlıqdan sino gedirəm teatrçın. Yaxşı, tamaşanın adı nədir?

M U R A D. “Saf məhəbbət”...

B A B A. Saf məhəbbət... Maraqlıdır. (Əyləşir.) Hə, başla.

(Murad arakəsmənin arxasına keçir. Arakəsmədə Məcnunabənzər bir oyuq görünür).

M U R A D(başqa səslə). Mən Məcnunam! Aşiq olmuşam Leyliyə!

(Leyliyəbənzər kukla çıxıb “Məcnuna” yaxınlaşır.)

M U R A D(qız səsiylə). Mən də Leyliyəm... Mən də Məcnunu sevirəm...

S Ə S. Hey, hardasan hey? Karsan, eşitmirsən?!

B A B A. Ifritənin səsidir!

M U R A D(arakəsmədən çıxır). Ifritənin?

B A B A. Hə də, ögey ananın.

(Ögey ana gəlir.)

Ö G E Y A N A. Hey, boğazım yırtıldı ki, səni çağırmaqdan! Karsan, hey eşitmirsən, hey lalsan, cavab vermirsən? Nə var, nə olub gic kimi baxırsan üzümə, birinci dəfədir görürsən məni? Yenə bu nə hoqqadır, niyə evi bu kökə salmısan? Yığışdır bu zir-zibili burdan!

(İstəyir arakəsməni söksün.)

B A B A(onun qarşısını kəsərək). Əl dəymə, bu zirzibil deyil, teatrdır.

Ö G E Y A N A. Pah, pah, yox bir azdramadır! Sən də deyəsən qocala-qocala xərifləyirsən a! Çəkil görüm!

M U R A D. Çığırma babamın üstünə, ifritə!

Ö G E Y A N A. Necə?! Mənə dedin ifritə?! Mən ifritə?!

M U R A D. Hə, ifritəsən, ifritəsən, xalis ifritəsən!

(Musiqi. Ögey ananın siması dəyişir, dönüb kukla-İfritə olur.)

İFRİTƏ. Hey, bu saat sizin ikinizə də ifritəliyimi göstərərəm! Vaxsey, şaxsey! Ay haray! Canəli, Canəli! Cana, vaxsey, Cana, şaxsey Cana!

(Ata gəlir.)

A T A. Nə olub, nə olub Naza?!

İ F R İ T Ə. Sənin atanla oğlun evi Həsənsoxdu dəyirmanına döndərdikləri bəs deyil, hələ üstəlik məni təhqir edirlər. Oğlun mənə İfritə dedi, İfritə!!! Mən İfritə!!! Ah, ah, ürəyim. (Özündən gedir.)

A T A. Naza, Naza, özünə gəl, Naza! (Murada) Adə, hey üzr istə, elə bu saat üzr istə anandan!

M U R A D. O mənim anam deyil, İfritədir!

İ F R İ T Ə(özünə gəlir). Eşitdin də, Cana?! Ah! (Özündən gedir.)

A T A. Üzr istə!!!

M U R A D. Heç vaxt! O İfritədir!

İ F R İ T Ə(özünə gəlir). Sənin Nazan İfritə!!! Ah, ürəyim... (Özündən gedir.)

A T A. Indiki belə oldu!!! (İfritəyə) Sən, Naza, bir-iki dəqiqəlik özünə gəl.

İ F R İ T Ə(özünə gəlir). Sənin xətrinə, Cana, gəldim.

A T A(qayışını açır). Adə hey, axırıncı kərə deyirəm, üzr istə!

M U R A D. Dedim ki, heç vaxt!

A T A. Indiki belə oldu, al gəldi! (Qayışla vurur.)

M U R A D. Ifritə! Ifritə!

B A B A. Toxunma uşağa, ondansa məni döy!

A T A. Çəkil kənara! (Babanı itələyir, baba yıxılır.) Onun mayasını korlayan elə sənsən! (Muradı vurur.) Üzr istə!

M U R A D. Yox! Yox!

B A B A. Döymə onu! Yırtıcı, vəhşi, div, div!

M U R A D. Div? Div? Div! Div! Sən divsən!

A T A. Necə? Mən sənin atan, səninsə oğlun div?! Mən Canəli Div?! Indi divliyi hər ikinizə göstərrəm!

(Musiqi. Ata nərə çəkib kukla-Divə dönür.)

M U R A D. Bəli, bu ifritədir, sənsə divsən!!!

(Qorxulu ovsunlu musiqi.)

D İ V(oxuyur).

Səfeh-səfeh işlərə

Etmə ömrünü hədər.

Göstərir möcüzələr

Divlər və ifritələr.

(Muradın qurduğu arakəsməni Divlə İfritə sökürlər.)

M U R A D(hönkürərək). Toxunmayın mənim teatrıma! Sökməyin, sındırmayın!

B A B A. Əl dəyməyin, toxunmayın mənim nəvəmin dünyasına!

İ F R İ T Ə.

Teatr-meatrın

Keçib vaxtı, dövranı.

Divlər və ifritələr

Məngirləyib hər yanı.

(Divlə İfritə əməllərinə davam edirlər.)

B A B A və M U R A D. Zalımlar! Qəddarlar!

D İ V və İ F R İ T Ə.

Uşaqlar və qocalar.

Eləməyin dəcəllik.

Ağ olsanız üzmüzə

Tutub sizi yeyərik.

(Mahnı bitir. Murad ağlayır.)

D İ V(Babaya). Əgər indən belə əl-ayağıma dolaşsan, baxmayacağam atamsan, tutub aparacam səni birbaşa qocalar evinə, orda ağlın gələr başına!

İ F R İ T Ə. Bu qoduğu da uşaq evinə!

D İ V. Bəli, əzizim. Gedək Naza!

İ F R İ T Ə. Gedək Cana!

(Divlə İfritə gedirlər. Murad içini çəkir. Baba kəlağayıları və sındırılmış kuklaları götürüb asta-asta özünü qəribə cildə salır.)

B A B A. Sözə baxmayan qocalar... Sözə baxmayan uşaqlar...

M U R A D. Adamyeyənlər... Niyə, niyə yaxın, doğma adamlar birdən-birə dönüb... Niyə?.. (Ağlayır.)

B A B A(səsini və plastikasını dəyişərək).

Haqlısan, mənim dostum!

Unudanda adamlar

Paklığı, həssaslığı

Div, İfritə olurlar.

M U R A D. Sən kimsən?..

B A B A. Tanımadın? Damdabacayam da mən! Damdabaca!

M U R A D. Damdabaca? Damdabaca nədir?

B A B A(çırtma çalıb oxuyur).

Çox məzəli qocayam,

Bilin, Damdabacayam.

Çətinliyə düşəndə

Bütün yaxşı uşaqlar

Tez gəlirəm, onlara

Olum həyan, havadar.

Adım gələndə divlər,

Ifritələr, xortdanlar,

Cinlər, quleybanılar

Qorxudan banlayırlar.

Çox məzəli qocayam,

Bilin Damdabacayam.

M U R A D(tamaşaçılara). Mən onu tanıdım, mənim babamdır. Könlümü almaq istəyir. Indi mən özümü elə aparacam ki, guya doğrudan da onun Damdabaca olduğuna inanıram. Axı onun da xətrinə dəyiblər, könlünü sındırıblar. (Damdabacaya) Deməli, sən dara düşənlərə, incidilənlərə, köməksizlərə həyan olan xeyirxah Damdabacasan.

D A M D A B A C A. Bəli, mənim dostum. Mən dünyanın sirlərini bilən, cadular, tilsimlər sındıran, yaxşıların dostu, yamanlarınsa qatı düşməni Damdabacayam!

M U R A D. Elə isə məni başa sal, nağıllarda divlərin, ifritələrin, əjdahaların canı şüşədə, güzgüdə, çubuqda, üzükdə nə bilim nədə, nədə olur. Elədir?

D A M D A B A C A. Elədir, mənim dostum!

M U R A D. Əgər sən hər şeyi bilənsənsə, söylə, mənim atamın canı nədədir?

D A M D A B A C A. Bundan asan nə var ki. Sənin atanın canı ifritə analığındadır.

M U R A D. Lap yaxşı. Bəs o İfritənin canı nədədir?

D A M D A B A C A. Hə, o İfritənin canı qızılları, brilyantları olan mücrüdədir.

M U R A D. Deməli dünyada nə qədər pis, yaman adam varsa hərənin canı bir şeydədir?

D A M D A B A C A. Əlbəttə mənim dostum, yaman adamların heç birinin canı özündə olmur. Ancaq yaxşı adamlar canlı olurlar.

M U R A D. Elə isə bütün cansızlara qarşı hücum!

D A M D A B A C A. Hücum! Hücum! (Yerdən sınmış arakəsmənin bir taxtasını götürür.) Bu mənim Qıratım!

M U R A D(başqa taxtanı götürür). Bu da mənim Düratım!

(Hər ikisi ağızlarıyla at ayağının tappıltısını təqlid edib kişnəyirlər. Bu səs musiqiyə çevrilir. Ay, Günəş, Buludlar, Ulduzlar, Çiçəkli budaq Damdabacayla Muradın yövrəsində rəqs edirlər.)

D A M D A B A C A və M U R A D(oxuyurlar).

Sıçrayınız atlara

Siz ey yaxşı adamlar.

Yamanların üstünə

Hücum var a, hücum var!

D A M D A B A C A.

Siz ey yaxşı adamlar,

Gəlin olaq səfərbər.

Diz çöksün qarşımızda

Qoy divlər, ifritələr.

(Buludlar və Çiçəkli budaq mücrünü gətirib Murada verirlər. Murad mücrünü açıb oradakı qaşdaşı göstərir.)

M U R A D.

Əzazil İfritənin

Əlimizdədir canı.

Dəli-divanə olub

Qoy axtarsın hər yanı.

(Damdabacayla Murad qaşdaşı gizlədirlər, kağıza nəsə yazıb mücrünün içinə qoyurlar.)

D A M D A B A C A və M U R A D.

Yamanların üstünə

Hücüm var a, hücüm var.

Yolumuzu gözləyir

Bütün yaxşı adamlar.

(Hər ikisi çaparaq buludlarda gözdən itirlər. Musiqi bitəntək İfritənin qulaqbatıran qıyı eşidilir.)

İ F R İ T Ə. Ay haray! Ay haray!

(Div gəlir.)

D İ V. Nə olub?

İ F R İ T Ə. Yoxdur! Yoxdur!

D İ V. Nə yoxdur?

İ F R İ T Ə. Mücrü yoxdur! Mənim canım, ciyərim, dinim, imanım yoxdur!

D İ V. Necə? Mücrü yoxdur?!

İ F R İ T Ə. Yoxdur! Vay ürəyim! Ölürəm, ah! (Özündən gedir.)

D İ V. Ölmə, Naza, ölmə, bu saat təcili yardıma zəng edərəm!

İ F R İ T Ə(özünə gəlir). Təcili yardım lazım deyil, polisə zəng et, polisə... Məni ancaq mücrü xilas edər, mənim canım mücrüdədir... (Özündən gedir.)

D İ V. Bu saat! (Telefonla zəng edir.)

(Polis maşınının həyacan qıyı eşidilir. Polis əcayib bir itin kəmsiyindən tutaraq gəlir.)

P O L İ S. Hanı cani? Hardadır? Adı, atasının adı, soyadı, iş yeri? Hardadır? Hanı cani?

D İ V. Bilsək daha sizi çağırmarıq ki.

P O L İ S. Aydındır! (İtə) Aqata, axtar! Axtar Aqata!

A Q A T A. Oldu axtarmaq! (Axtarır, gedib İfritənin üzünü yalamağa başlayır.)

İ F R İ T Ə(gözlərini açmadan). Yalama, Cana, yalama üzümü... (Özünə gəlir. Iti görüb çığırır.) Vaxsey! Şaxsey!

(Aqata qorxub hürkür, divara dırmaşır.)

P O L İ S. Aqata, düş aşağı axtar!

A Q A T A. Qorxuram, xuxandır!

D İ V. Xuxan özünsən, o mənim Nazamdır!

P O L İ S. Xahiş edirəm Aqatanı təhqir etməyəsiniz! Aqata, düş aşağı, qorxma!

A Q A T A. Oldu qorxmamaq! (Düşür.)

P O L İ S. Axtar!

A Q A T A. Oldu axtarmaq! (Axtarır.) İzi tapammıram. Cani çox peşəkar və təcrübəli canidir. Iz qoymayıb.

P O L İ S. Aydındır! (Radio-əlaqəni çıxarır.) Bu saat şöbəmizin əməkdaşı, bu sahədə ən təkmilləşmiş mütəxəssis Falçı Tükəzi çağıraram. Tovuz, Tovuz, mən Xoruzam! Istəyirsən qaç, istəyirsən uç, iki daşın arasında özünü yetir mənə.

(Təyyarə uğultusu. Uğultu get-gedə güclənir. Tumanı paraşüttək açılmış Falçı Tükəz yerə enir. Musiqi.)

T Ü K Ə Z(oxuyur).

Sehirkarlar arasında

Kimsə səni etməz əvəz,

Falçı Tükəz, Falçı Tükəz,

Falçı Tükəz, Falçı Tükəz.

(Zər atır.) Ya zər, bu nataraz kişinin adı nədir? Hə, bu kişinin adı Canəlidir, əlli yaşı var, iki il əvvəl arvadını boşayıb ki, bu cüvənəzəni alsın. (Zər atır.) Ya zər, bəs bu cüvənəzənin adı nədir? Hə, bu cüvənəzənin adı Nazilədir. Hamı onu Naza çağırır.

İ F R İ T Ə. Ay Tükəz xala, biz öz tərcümeyi halımız maraqlandırmır, bizi mücrü maraqlandırır.

A Q A T A. Sizi maraqlandırmır, bizi isə hər şey maraqlandırır.

P O L İ S. Aqata haqlıdır.

T Ü K Ə Z. Ya zər, de görüm mücrü hardadır? (Səhnədə cövlan edir.) Aha, mücrü burdadır! (Mücrünü götürür.) Budur mücrü!

İ F R İ T Ə(mücrünü onun əlindən qapır, bağrına basır). Mənim mücrüm, canım, ciyərim! (Mücrünü açır.) Vaxsey! Şaxsey! (Özündən gedir.)

D İ V. Yenə ürəyi getdi.

T Ü K Ə Z. Indi özünə gələr. (Ovsun oxuyur.)

Bəzən

Düzən

Damda gəzən

Özünə gəl

Ya cüvənəzən!

İ F R İ T Ə(özünə gəlir). Boşdur, içi boşdur mücrümün!

(Polis mücrünü alır içindən kağız çıxarıb oxuyur.)

P O L İ S. Damdabaca... Necə? Damdabaca?

A Q A T A. Damdabaca?

D İ V. Damdabaca?

İ F R İ T Ə. Damdabaca?

T Ü K Ə Z. Deməli Damdabaca!

İ F R İ T Ə. Sənə qurban olum, Tükəz xala, ayağının altında ölüm, söylə görüm kimdir bu Damdabaca?

T Ü K Ə Z. Bu saat! Qoy bir ovsun oxuyum!

(Musiqi. Ovsun oxuyur.)

Alma, heyva, nar üzüm,

Titrəməsin qoy dizim,

Sazım, sözüm və özüm

Açıl üçüncü gözüm!

(Musiqi şiddətlənir, Falçı Tükəzin alnında üçüncü gözü açılır.)

T Ü K Ə Z. Görürəm, görürəm, iki nəfərdirlər. Biri qocadır, o birisi də on-on iki yaşlarında oğlan uşağıdır. Içəri şəhərin küçələrində at çapırlar, mahnı oxuyurlar, teatr çıxarırlar.

D İ V. Necə? Uşaq və qoca? Teatr çıxarırlar?!

İ F R İ T Ə. Onlardır, Cana onlardır!

D İ V. Deməli mənim doğma atamla, doğma oğlum?!

İ F R İ T Ə. Bəs daş-qaş, ləl-cavahirat?..

T Ü K Ə Z. Hamısı onlardadır, ləl də, cavahirat da, qaş-daş da, hamısı qocayla oğlandadır.

P O L İ S. Aqata, iz götür, irəli!

A Q A T A. Oldu irəli! (İz götürüb irəli cumur.)

İ F R İ T Ə. Cana, irəli!

D İ V. Irəli!

(Aqata, Polis, Div və İfritə səhnədən çıxırlar.)

T Ü K Ə Z. Ha-ha-ha! Gedin, gedin, yaxşı yol! Açıl, açıl, açıl üçüncü gözüm. (Üçüncü göz açılmır.) A, açılmır! Demirəm açıl! Tez ol açıl, cüvəllağı! (Əlləriylə zorla üçüncü gözünü açır.) Göstər, göstər mənə ləl-cavahiratı, qaş-daşı! Görürəm, görürəm!

(Falçı Tükəz zinətləri tapıb götürür, boynunu, qollarını, qulaqlarını bəzəyir.)

T Ü K Ə Z. Ha-ha-ha! Indi axtarın, axtarın nə qədər istəyirsiniz. Yaşıl ayın başında taparsız. (Sındıra-sındıra oynayıb oxuyur.)

Sehirkarlar arasında

Kimsə səni etməz əvəz,

Falçı Tükəz, Falçı Tükəz,

Falçı Tükəz, Falçı Tükəz!...

(Təyyarə uğultusu çıxararaq uçub yuxarı qalxır və yox olur.)

İKİNCİ HİSSƏ

Musiqi. Ulduzlar, Buludlar, Ay, Günəş, Çiçəkli budaq və Navalça rəqs edirlər. Damdabaca və Murad çaparaq gəlirlər.

D A M D A B A C A və M U R A D(oxuyurlar).

Biz dünyaya gəlmişik ki,

Bu dünyanı dönə-dönə

Əzizləyək, alqışlayaq.

Biz dünyaya gəlmişik ki,

Bu dünyaya əfsanələr,

Macəralar bağışlayaq.

D A M D A B A C A. Dostum, o parlaq ulduzu görürsənmi?

M U R A D. Görürəm, Damdabaca!

D A M D A B A C A. Bu gündən belə o parlaq ulduz sənin adını daşıyacaq! Murad ulduzu!

M U R A D. Çox sağ ol, Damdabaca! Mən də bunun əvəzində Yupiter planetinin adını dəyişib sənin şərəfinə Damdabaca planeti adlandırıram.

D A M D A B A C A. Bəs niyə Yupiterin adını dəyişirsən?

M U R A D. Çünki Günəş sistemində ən böyük planet Yupiterdir.

D A M D A B A C A. Belə de...

(Bir qızcığaz ağlayaraq gəlir.)

Q I Z C I Ğ A Z. Kömək edin, kömək edin...

M U R A D(Damdabacaya). Görəsən bu qız niyə ağlayır.

D A M D A B A C A. Yəqin onun da kimsə xətrinə dəyib. (Qızcığaza yaxınlaşır.) Qızcığaz, nə olub, niyə ağlayırsan?

Q I Z C I Ğ A Z. Mən onu canımdan çox istəyirdim, o isə tutub aldı əlimdən skripkamı! (Ağlayır.) Eşidirsiz? (Dəhşətli skripka çalğısı eşidilir.) Simlərini qırıb tökəcək...

M U R A D. Ağlama, de görək kim aldı sənin skripkanı?

Q I Z C I Ğ A Z. O, Qədeşbala! Bax, bura gəlir.

(Qədeşbala skripkanın çanağında nağaratək çalaraq gəlir.)

Q Ə D E Ş B A L A(meyxana deyir).

Mən saymıram nə silləni, yumruğu,

Şuluq döyər hər bir zaman yoluğu.

Mən qədeşəm, qədeş gərək keyf çəkə,

Kəllə ata, xəncər çəkə, qan tökə,

Hara çatsa sala dava, mərəkə

Qanun olmalıdır onun buyruğu,

Döyməlidir şuluq daim yoluğu.

M U R A D. Bura bax, Qədeşbala, qaytar qızın skripkasını!

Q Ə D E Ş B A L A. Adə, əmoğlu sənsən? (Skripkada dəmyə vurur.)

Əmoğlu xandı, xandı,

Bağçada quştutandı,

Q I Z C I Ğ A Z. Ver, ver mənim skripkamı! (Ağlayır.)

Q Ə D E Ş B A L A. Zırıldama, ağəz! Buna bax, bu zibilçün gör necə gilgəsuzə gedir. Bu saat vurram yerə bostan qarpızıtək partdağ-partdağ olar.

Q I Z C I Ğ A Z. Sındırma! Sındırma!

M U R A D. Ayıbdır, Qədeşbala yekə cayılsan!

Q Ə D E Ş B A L A. Ala, qaqulya, sən mənə ağıl öyrədirsən? Ala, əmoğlu, mənə Qədeşbala deyərlər, bir dənə kəllə ataram sənə skripka kimi cüyüldəyərsən.

D A M D A B A C A. Qədeşbala, kəlsən, yoxsa qoyunsan kəllə atasan?

Q Ə D E Ş B A L A. Ala, ala, ala, bu biəndəzə kimdir, day-day, deyəsən axı dəlixanadan bezbilet qaçmısan.

D A M D A B A C A. Mən Damdabacayam!

Q Ə D E Ş B A L A. Yox bir quleybanısan!

M U R A D. Quleybanı özünsən!

Q Ə D E Ş B A L A. Ala, əmoğlu, sən mumla, ala!

D A M D A B A C A. Xoşluqla qaytar, yoxsa...

Q Ə D E Ş B A L A. Yoxsa nə?! Yeyəcəksən məni? Belə qaytarmıram, duxuvuz var, alun görüm necə alursuz!

M U R A D. Damdabaca, bəs bunun canı nədədir?

D A M D A B A C A. Dostum, belələrinin canı ancaq və ancaq yağlı sillə - qapazdadır. Belələrinin sırtıq üzlərinə sillə, boş başlarına qapaz dəyməsə nə üzlərinə həya gələr, nə də başlarına ağıl. Bir də biz ikiyik, o təkdir, məncə bacarrıq onunla.

Q I Z C I Ğ A Z. Iki deyilsiz, biz üçük!

M U R A D. Elə isə...

D A M D A B A C A. Şuluğun üstə hücum!!!

Musiqi. Damdabaca, Murad və Qızcığaz Qədeşbalayla dalaşırlar. Qədeşbala arabir “Ay məmə”, “Vay məmə” çağırır. Dalaşma davam edir. Musiqi kəsilir. Damdabaca, Murad və Qızcığaz aralanırlar, Qədeşbala lütdür.

Q Ə D E Ş B A L A. Qaytarın, qaytarın paltarlarımı!

M U R A D. Aldın payını, get çağır dayını.

Q Ə D E Ş B A L A(gedə-gedə). Bu sizə baha oturacaq. (Ağlayaraq.) Xalqın qeyrətli oğullarından birini lüt eləyib buraxmaq!.. Xuliqanlar! (Gedir.)

D A M D A B A C A(skripkanı qızcığaza verir). Al, qızcığaz, al, çalginən.

(Qızcığaz skripkanı alıb həzin melodiya çalır. Qaranlıq düşür, Ulduzlar Ayın yövrəsində sayrışır, pəncərə işıqlanır.)

M U R A D. Pəncərə işıqlandı, indi özü də pəncərədən boylanacaq. (Aytən pəncərədən baxır.) Odur, pəncərədən baxır. Damdabaca, bu həzin musiqi, bu aylı-ulduzlu gecə ona necə də yaraşır. Mən... Mən.. Mən ona nəsə bağışlamalıyam. Damdabaca, ona nə bağışlayım?

D A M D A B A C A. Belə məqamlarda insan adi pəncərə işığına öz dünyasını bağışlayır, mənim dostum.

M U R A D. Öz dünyası... Mənim dünyam... Bu ulduzlar, ay, günəş, buludlar, göz yaşı töküb ağlayan navalça, yazda da, yayda da, payızda da, qışda da həmişə, həmişə çiçəkli olan bu şaftalı budağı, mənim sındırılmış səhnəm, kuklalarım, bu müqəddəs pəncərə mənim dünyamdır, Damdabaca! Deməli mən öz dünyamı ona bağışlasam mənim dünyam onun da dünyası olacaq.

D A M D A B A C A. Elədir mənim dostum. (Tamaşaçılara) Hərgah o bu dünyanı qəbul etsə. (Murada) Sən ona siftə bu çiçəkli budağı bağışla. Qadınlar heç nəyi sevə bilməsələr də çiçəklərdən, güllərdən xoşlanırlar.

M U R A D. Damdabaca, al bu çiçəkli budağı mənim adımdan bağışla. Mən... Mən...

D A M D A B A C A. Anladım, dostum, utanırsan. Qorxursan ki, söz tapmayasan, dilin topuq çala. (Budağı alır.)

Ey gözəllər gözəli,

Ey gözəllər aləminin

Əvəzsiz, qafiyəsiz,

Şux qəzəli!..

(Murada) Necədir?

M U R A D(sevinclə). Əladır, Damdabaca, davam elə!

D A M D A B A C A.

Ey bu çiçəklərdən təmiz,

Ey sahilsiz dərin dəniz,

Mənim dostum Murad üçün

Sən ey əzizlərdən əziz.

(Murada) Necədir?

M U R A D(şadlıqla). Qiyamətdir, dalısını de!

D A M D A B A C A.

Sənə qurban olsun cahan,

Muraddan sən qəbul elə

Çiçəkli bir ərmağan. (budağı verir)

A Y T Ə N(budağı alır). Muradik, belə çıxır ki, bu gicgicəki sənin adından mənə elani-eşq edir?

M U R A D(utanaraq). Hə... Elani-eşq...

A Y T Ə N(şitliklə). Muradik mənə bax. Maç, maç, bir də maç!

(Afrika ritmləri eşidilir.)

A Y T Ə N. Tunqadır! Anqoliyalı biznesmen! Siz isə itilin burdan!

M U R A D. Necə?! Bəs?..

A Y T Ə N. Sənin eşqin? (Budağa tüpürür.) Tfu... (Budağı atır.) Bu ələngəni də götürüb cəhənnəm olun, Tunqa sizi burda görməsin. (Əlüstü ənliklənib özünə bəzək-düzək verir.) A, doğma azəriycə anlamırsız? Onda, idite na fiq atsyuda!

D A M D A B A C A. Dostum, bu ki, xalis meymundur!

M U R A D. Meymun? Meymun? (Birdən qışqırır.) Meymun! Meymun! Meymunun biri meymun!

A Y T Ə N. Necə, meymun?! (Musiqi şiddətlənir, Aytənin sifəti dəyişir, meymunabənzər kukla olur.) Meymun özünüzsünüz! Kəndçilər, çuşkalar!

(Tunqa rəqs edərək gəlir, onun ardınca səhnəyə Kolbasa, Nərə balığı, Unitas, “Rasputin” və “Şekspir” gəlirlər. Çox oynaq bir musiqi.)

A Y T Ə N(son dərəcə ehtirasla). Ah, kolbasa, ah assetirin, ilahi, Rasputin, pərvərdigara unitas çeşski, oy Şekspirçik, ikinci tom... Bəs, bəs dollar, Tunqacan, dollar?!

T U N Q A. Bu da dollar! (Cibindən dollar çıxarıb səpələyir.) Bu da mənim canım, hansı ki, sənə qurban!

A Y T Ə N. Oy, Tunqa səndən yoxdur, bir dənəsən!

T U N Q A(oxuyur).

Aytən xanım, Aytən xanım,

Sənə qurban olsun canım.

Icazə ver hüzurunda

Mən müntəzir dayanım.

N Ə R Ə B A L I Ğ I.

Assetirin təptəzədir!

U N İ T A S.

Unitas bir möcüzədir!

K O L B A S A.

Kolbasa da gəl-gəl deyir!

“Ş E K S P İ R”.

Qurbandır sənə Şekspir!

“R A S P U T İ N”.

Rasputindən yüz əlli vur,

Dünyanın mənası budur!

A Y T Ə N.

(MEYMUN)

Aman Tunqa, Tunqacan, Tunqa!

Kalan Tunqa, Tunqacan, Tunqa!

Səndən gözəl kişi yox, Tunqa!

Ceyran Tunqa, Tunqacan, Tunqa!

(Coşqun bayağı musiqi. Tunqa ilə Meymun “öz aləmləriylə” Damdabacayla Muradın yövrəsində harınlıq və qudurğanlıq edirlər.)

M U R A D. Damdabaca, bunlar niyə belə edirlər?

D A M D A B A C A. Bunlar harınlayıblar, qudurublar, dostum!

M U R A D. Damdabaca, Aytənin birdən-birə dönüb Meymun olmasına səbəb bunlardır, bunlarla vuruşub onu xilas etmək lazımdır.

D A M D A B A C A. Eh, dostum, yemək-içmək, pal-paltar, pul, bütün insanların güzəranını təmin etməyib bir qisim ünsürün harınlığına, qudurğanlığına səbəb olanda basılmaz, məğlubedilməz əjdahaya çevrilir.

(Ətrafdakı maddi nemətlər birləşib qorxunc Əjdahaya çevrilirlər.)

M U R A D. Damdabaca, biz öz dünyamızı xilas etməkçün bu əjdaha ilə vuruşmalıyıq! Damdabaca, bu əjdahanı biz məğlub etməliyik! Irəli, Damdabaca!

D A M D A B A C A. Əşi, ölmək ölməkdir, xırıldamaq nə deməkdir. Irəli deyirsən, irəli!

Q I Z C I Ğ A Z. Mən də sizinləyəm!

(Musiqi. Damdabaca, Murad və Qızcığaz Tunqa ilə Aytənin Əjdaha dünyasıyla vuruşurlar. Polis maşınının qıyı eşidilir. Polis, Aqata, Div, İfritə, Qədeşbala və Falçı Tükəz gəlirlər.)

Q Ə D E Ş B A L A. Burdadılar! Məni soyundurub bu kökə salan bunlardır.

İ F R İ T Ə. Qaytarın mənim qızıllarımı! Vaxsey qaytarın, şaxsey qaytarın!

D İ V. Polis müəllim, tutun bunları, qocanı dəlixanaya, balaca küçüyü isə uşaq evinə.

M U R A D. Damdabaca, işlər şuluqdur, gəl tez dırmaşaq hasara! (Hər ikisi hasara dırmaşır.)

T U N Q A. Bunlar quldurdurlar, cənab polis!

M E Y M U N. Elədir! Mənə meymun dedilər!

T U N Q A. Bunları qazamata salmaq lazımdır!

Q Ə D E Ş B A L A. Bəli, hər ikisi türməlikdir.

İ F R İ T Ə. Qoy əvvəlcə mənim zinətlərimi qaytarsınlar, sonra istəyirsiz lap güllələyin!

Q I Z C I Ğ A Z. Yox, onlar xeyirxahdırlar! Onlara toxunmayın, cənab polis. Onlar heç vaxt oğurluq edə bilməzlər. Onlar mənim skripkamı Qədeşbaladan alıb özümə qaytardılar! Yalvarıram, onlara toxunmayın!

T Ü K Ə Z. Onlar silahlı da ola bilərlər. Bəli, cənab polis, təhlükəli canilər həmişə silahlı olurlar.

P O L İ S. Təslim olun, düşün hasardan öz xoşunuzla! (Tapançasını çıxarır.) Aqata, Tükəz, ardımca!

A Q A T A. Oldu!

M U R A D. Damdabaca, indi biz neyləyək?!

D A M D A B A C A. Ey günəş, ey ulduzlar, ey buludlar, ey dünyada nəcib, xeyirxah insanlara ilham verən, onu dünyanı sevməyə sövq edən hər nə var, gizlədin, gizlədin bizi bu yırtıcılardan!

(Musiqi. Buludlar, Ay və Ulduzlar Damdabacayla Muradı gizlədirlər.)

İ F R İ T Ə. Vaxsey, yox oldular, şaxsey yox oldular!

T Ü K Ə Z. Mənim üçüncü gözümdən heç kəs yayına bilməz! Açıl üçüncü gözüm! (Tükəzin üçüncü gözü açılır, onların gizləncni işıqlandırır.) Görürəm! Görürəm! Onlar silahlıdırlar!

H A M I. Necə?!

T Ü K Ə Z. Yatın yerə! Qocada silah var!

P O L İ S. Silahı atın! Yoxsa atəş atacağıq!

M U R A D(çığırır). Bizdə silah yoxdur! Yoxdur bizdə silah!

T Ü K Ə Z. Yalan deyir!

A Q A T A. Siz mühasirədəsiz!

P O L İ S. Silahı atın!

T Ü K Ə Z. Çətin onlarla dil tapasan! Ver bura tapançanı görüm! Qocanın işini bitirsək, uşaq tez təslim olar!

(Tapançanı alır. Musiqi. Nişan alıb atır. Buludlar dağılışır, Damdabaca hasardan aşır, Murad onun ardınca atılır.)

Q I Z C I Ğ A Z. Siz nə etdiniz? Qoca kişini...

D A M D A B A C A. Qanına qəltan elədilər... Bunlar duyğulardan, hisslərdən məhrumolmuşlar öz keyflərinə görə nəinki qocaları, lap südəmər körpələri də qırarlar.

M U R A D. Baba! Baba! Ölmə, baba, ölmə! Sən ölsən kim olacaq Damdabaca mənimçün?

D A M D A B A C A. Ağlama, Murad bala, ağlama. Artıq mənim əvəzimə damdabaca var.

M U R A D. Kimdir o, baba, hanı o, baba?

D A M D A B A C A. Sənsən mənim balam, sənsən!

M U R A D. Mənəm?

D A M D A B A C A. Hə, sənsən! Yadında saxla, bala, qoca təbiətli xeyirxah, müdrik uşaqlar, uşaq ürəkli sadəlövh qocalar-Damdabacadırlar! (Ölür.)

M U R A D. Baba!!! Baba!!! Axı mən kimin üçün Damdabaca olum? (Kuklalara) Səni öldürən bu yırtıcılarçın?! Axı ətrafımdakıların hamısı xortdandır, divdir, ifritədir... Kiminçün Damdabaca olum, baba?!

Q I Z C I Ğ A Z(Babanın geyimini Muradın çiyninə salır). Mənimçün, Damdabaca... (Skripka çalır.)

(Qızcığaz skripka çalır, kuklalar bir-bir yox olurlar, onların əvəzinə aktyorlar bir-bir Murada yaxınlaşırlar.)

-Mənimçün...

-Mənimçün...

H A M I. Bizimçün, Damdabaca...

B A B A N I N S Ə S İ. Murad bala, sevgisi, nifrəti, dərdi, sevinci olan, bu dünyanı bütün insanlarçın sevməyi bacaran hər kəsə Damdabaca lazımdır.

M A H N I.

Bu dünyada olubdur,

Vardır, yenə olacaq

Çox qəribə qocalar,

Çox qəribə uşaqlar.

Bu qəribə qocalar,

Bu qəribə uşaqlar

Başqasının dərdini

Doğma dərdi biliblər,

Bilirlər, biləcəklər.

Bu qəribə qocalar,

Bu qəribə uşaqlar

Özləri də bilmədən

Damdabaca olurlar...

Damdabaca olurlar...

XS
SM
MD
LG