Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:40

Xədicə İsmayıl: «Kartof satmışıq?»


Xədicə İsmayıl məhkəmədə.
Xədicə İsmayıl məhkəmədə.

-

Avqustun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın məhkəmə prosesi davam etdirilib. Proses başlayarkən Xədicə İsmayıl vəsatətlə çıxış edərək, məhkəmə istintaqının yenilənməsini istəyib.

Müdafiə tərəfinin vəkili Fariz Namazlı deyib ki, yeni sübutlar varsa, məhkəmə yenidən başlaya bilər. O bildirib ki, prokuror çıxış edərkən Esmira Cavadovanın və Şahvələd Namazovun ittiham aktında göstərilən ifadələrinə istinad edib. Halbuki məhkəmə istintaqı zamanı hər iki şəxs öz xidməti müqaviləsini təqdim edib. Həmçinin Milli TeleRadio Şurasının radionun fəaliyyətinin 1 yanvar 2009-cu ildə dayandırılacağına dair çıxarışı işə əlavə edilsə də, yenə də prokuror radionun qeyri-qanuni fəaliyyət göstərdiyini deyib.

Xədicə İsmayıl isə bildirib ki, prokuror Tural Mustafayevlə bağlı fikirlərində də səhvə yol verib: «Mən məhkəmə istintaqı zamanı Tural Mustafayevə «facebook» yazışmaları ilə bağlı sual verəndə, prokuror etiraz etdi. Bildirdi ki, bu mesajlar məhkəmədə tədqiq olunmur. Ancaq özü çıxışı zamanı həmin mesajlara istinad etdi. Ona görə də xahiş edirik ki, məhkəmə istintaqı yenilənsin. Həmin mesajlar, yazışmalar tədqiq edilsin, hansının doğru və yalan olduğu ortaya çıxarılsın».

Dövlət ittihamçısı vəsatətə qarşı çıxdı.

Məhkəmə vəsatəti təmin etməyib.

«NİYƏ XƏDİCƏ İSMAYIL CAVAB VERMƏLİDİR?»

Sonra vəkil Fariz Namazlı çıxış edib. «Nəhayət, ekspress məhkəmə prosesi bitdi» - deyə sözə başlayan vəkil Xədicə İsmayıla qarşı 5 maddənin irəli sürüldüyünü, lakin heç bir sübutun olmadığını dedi:

«Tural Mustafayevin şikayəti əsasında iş başlasa da, sonradan daha 4 maddə əlavə edildi. Prokurorun da çıxışından göründüyü kimi, istintaq sübut etmədi ki, Tural Mustafayevin Xədicə İsmayıldan hansı asılılığı olub. Tural Mustafayev AzadlıqRadiosunda 2013-cü ildə işə başlayıb. Həmin ərəfədə Xədicə İsmayıl AzadlıqRadiosunun büro rəhbəri deyildi. Tural Mustafayevin özü də Xədicə İsmayılın onu işə götürdüyünü deməyib. Araşdırma zamanı məlum olub ki, onun Xədicədən nə maddi, nə vəzifə asılılığı olub. İntihar etməsinə səbəb də psixoloji problemləri olub. Buna görə də Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlanan cinayət işinə xitam verilməlidir. Xədicəyə qarşı irəli sürülən ittihamlardan biri də odur ki, əməkdaşları xidməti müqavilə bağlamağa məcbur edib. Bununla da vergidən yayınmaya şərait yaradıb. Məhkəmə istintaq materiallarında ümumiyyətlə, heç bir müqavilə yoxdur. Yalnız biz məhkəmə istintaqına Şahvələd Namazovun və Esmira Cavadovanın bağladığı xidməti müqavilələri təqdim etmişik. Həmin müqavilələr qəbul olunmayıb. Amma həmin müqavilələrdən də görünürdü ki, heç birində Xədicə İsmayılın imzası yoxdur. «Fərqli düşüncə» jurnalına görə Şahvələd Namazovun şəxsi hesabına pul köçürülüb. Əsas götürülüb ki, niyə onun şəxsi hesabına pul köçürülüb. Xədicə İsmayıl nə onunla müqavilə bağlayıb, nə də hesabına pul köçürüb. Buna görə niyə Xədicə İsmayıl cavab verməlidir?

Bütün məhkəmə boyu AzadlıqRadiosunun Bakı bürosunun və Bakı nümayəndəliyinin fərqini izah etməyə çalışmışıq. Yenə də prokuror çıxışında büronu nümayəndəlik kimi təqdim edir. AzadlıqRadiosunun nizamnaməsində də göstərilir ki, o, mənfəət əldə edən qurum deyil. O zaman Xədicə İsmayıla qarşı necə qanunsuz sahibkarlıq ittihamı elan oluna bilər?! Xədicə İsmayılın heç bir qəbzdə imzası yoxdur. Aralıq aktı ilə bağlı vəsatət verdikdə, kifayət qədər əsaslandırıldı ki, Vergi Məcəlləsində belə bir ifadə yoxdur. Məhkəməyə dəvət edilən vergi müfəttişləri də etiraf etdilər ki, belə bir ifadə yoxdur. Aralıq aktı inzibati sənəd deyil. Deməli, ona istinad oluna bilməz. Xədicəyə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə vəzifəli şəxslər ittiham oluna bilər. Xədicə İsmayıl isə vəzifəli şəxs olmayıb. Xahiş edirəm, elə hökm çıxarın ki, sonra gülüş doğurmasın. Çünki bu məhkəmə qərarı Avropa Məhkəməsinə gedəcək, orada işlə tanış olanda bizə gülməsinlər. Müdriklərin belə bir fikri var, «Ədalət topaldır, gec-gec gedir. Amma ünvanına nə vaxtsa, çatacaq»».

«İTTİHAM DƏQİQ OLMALIDIR, YOZULMAMALIDIR»

Daha sonra müdafiə tərəfinin digər vəkili Fəxrəddin Mehdiyev çıxış etdi:

«Həm Xədicə İsmayıl, həm də müdafiə tərəfi sübut etdi ki, ittiham saxtadır, qərəzlidir, Xədicə İsmayılın jurnalist fəaliyyəti ilə bağlıdır. Prokuror iki saat ittiham nitqi söylədi, mən diqqət etdim, heç bir normativ akta istinad etmədi. Halbuki prokuror «danışan qanundur». Onun hər bir fikri normativ aktla əsaslandırılmalıdır. İrəli sürülən çox «xəcalətli ittiham»dır. Prokuror ssenarisi pis hazırlanmış əfsanə danışdı. CPM-nin 21 və 138-ci maddələrinə əsasən, təqsiri sübuta yetirmək ittiham tərəfinin vəzifəsidir. İttiham tərəfi nəyi sübut etdi? 125-ci maddə ilə bağlı zərərçəkənin maddi və xidməti asılılığını sübut edə bildimi? Qətiyyən yox. Tural Mustafayevin işlədiyi dövrdə Xədicə İsmayılın heç bir vəzifəsi olmayıb. İttiham versiyası buna əsaslanır ki, Xədicə İsmayıl öz nüfuzundan istifadə edib. Heç olmasa, normal nəsə uydursunlar.

Azərbaycanda 1500-ə yaxın media orqanı var. Media deyəndə, AzadlıqRadiosundan və Meydan TV-dən ibarət deyil axı?! Tural Mustafayev istədiyi yerdə işləyə bilərdi. Bu ittihamın əsasını Tural Mustafayev təşkil edib. O, 25 noyabr 2014-cü ildə verdiyi ifadəsində Xədicə İsmayıldan asılı olmadığını deyir. Daha sonra öz açıqlamalarında təzyiq altında ifadələr verdiyini, ifadəsindən imtina etdiyini və Zakir Qaralova müraciət etdiyini bildirib. Məhkəmə zamanı ifadə verərkən dedi ki, Xədicəyə böhtan atıb. İntiharı psixi durumu ilə bağlıdır, Xədicə İsmayılla əlaqəsi yoxdur və özünü zərərçəkən hesab etmir. Lakin sonradan o, məhkəmədə iştirak etmədi və nümayəndəsi gəldi. Vəkil prokurorun nümayəndəsi kimi çıxış etdi. CPM-nin 145-ci maddəsinə əsasən, sübut olunmadan prokurorun bu maddə üzrə 5 il iş istəməsi səlahiyyət həddini aşmasıdır. Xahiş edirəm, məhkəmə bunu nəzərə alsın. İttiham tərəfi düşünür ki, bulanıq suda balıq tutmaq asan olur, amma bilmir ki, o suda heç balıq yoxdur. Sadələşdirilmiş vergi ilə əmlakı kim, necə istifadə edib? Bu, abstrakt ifadədir. O müqavilələrdə Xədicə İsmayılın imzaları yoxdur. İttiham dəqiq olmalıdır, yozulmamalıdır. Xədicə İsmayıl misalında C.M-nin 208-ci maddəyə hansı tərəfdən baxsan, cinayət görünmür. İttiham bunu sübut etməliydi. Burada savadlı hüquqşünaslar var, belə ittiham ortaya çıxararlarmı? Xədicəni akkreditasiyadan keçməməkdə günahlandırırlar. Buna görə nə cinayət, heç inzibati məsuliyyət də yoxdur. Mənfəət vergisi sahibkarlardan tutulur.

AzadlıqRadiosu qeyri-kommersiya qurumudur. Xədicə qanunsuz sahibkarlıqda ittiham oluna bilməz. C.P.M-nin 22-ci maddəsinə istinadən deyirəm ki, ittiham tərəfi sübut təqdim edə bilmədi. İttiham ifşa olundu. Ancaq daha böyük tərzdə də ifşa oluna bilər. Məhkəmə obyektiv keçirilmədi. 35 vəsatətimiz təmin edilmədi. İttiham tərəfi stəkanda fırtına yaratmaq istədi, amma o stəkan boş idi. İttihamçı Cinayət Məcəlləsinin 41-ci maddəsinə istinad edərək Xədicə İsmayılın islah olunmasını istədi. Amma o, həmin maddəyə yarımçıq istinad etdi. Çünki orada sosial ədalətdən də söhbət gedir. Ədalət təkcə hüquqa aid deyil, planetar hadisədir. Roma hüququndan gələn aforizm var. Ədalətli məhkəmə dövlətin əsasıdır. Ədalətsizlik cəmiyyətdə kataklizmlər yaradır. Hörmətli məhkəmə, bu gün sizin üçün sınaq dövrüdür. Elə bir qərar çıxarın ki, tarix sizi bağışlasın. Biz ədaləti bəraətdə görürük».

«KARTOF SATMIŞIQ?»

Prokuror replika hüququndan istifadə etdi. O dedi ki, müdafiə tərəfi ittihamın əksini sübut edə bilmədi: - Daha çox ədəbiyyatdan istifadə edib, yaddaşımızı təzələdilər.

Xədicə İsmayıl: Çünki sübut yox idi.

Prokuror: Nizamnamədən kənar işlərlə məşğul olublar.

Xədicə İsmayıl : Neyləmişik? Kartof satmışıq?

Daha sonra müdafiə tərəfi replika hüququndan istifadə etdi. Fəxrəddin Mehdiyev dedi ki, məhkəmə cəza deyil, ədalət orqanıdır. Prokurorun çıxışında istifadə etdiyi elmi fikirlərə ironik yanaşdı: «Onun elmə belə neqativ münasibətinə təəssüflənirəm».

Xədicə İsmayıl son sözünü hazırlamaq üçün bir həftə vaxt istədi. O bildirdi ki, vəkilləri ilə görüşməlidir. Prokuror dedi ki, o, çıxış yox, son söz deyir, bu qədər vaxt çoxdur. Məhkəmə növbəti prosesi gələn həftəyə saxladı. Xədicə İsmayıl avqustun 31-də, saat 14:00-da son söz deyəcək.

XS
SM
MD
LG