Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:53

Niyə onları görmək, onlara görünmək istəmirlər?


Günel Mövlud
Günel Mövlud

- "Demirsiz, bizimkilər hamıdan namuslu, qeyrətli, yaxşı, gözəl insanlardı? Bəs niyə bu namuslu, qeyrətli, gözəl el-obamızın arasında oturmaq istəmirsiz?"

Günel Mövlud

Kabinet sevgisi

O qədər də çox ölkə gəzməmişəm, deyə bilmərəm. Amma gəzdiyim ölkələrin heç birində restoranlarda kabinet ənənəsi görmədim.

Bəlkə də olub, mən görməmişəm. Restoranda kabinet ənənəsinin ən yayğın olduğu ölkə hələ ki, gördüyüm qədərilə, Azərbaycandır.

Bizimkilər restoranda başqa insanlarla yanaşı deyil, kabinetlərdə oturmağı niyə belə çox sevirlər?

Öz həmvətənlərindən, soydaşlarından niyə qaçırlar, niyə onları görmək və onlara görünmək istəmirlər?

Nələrini gizlətməyə çalışırlar, niyə gizlətməyə çalışırlar, niyə ictimai qidalanma yerində qeyri-ictimai şəkildə qidalanmaq istəyirlər – kimi suallar açıq qalır.

Bu, kinayə, qınaq, narazılıq deyil, doğrudan da, həmişə dəhşətli dərəcədə maraqlanmışam, maraqdan ölmüşəm ki, axı bunun səbəbi nədir?

Başqalarını görmək istəməyən, arvadı, ailəsi, dost-tanışı ilə intim, səs-küysüz, rahat ortamda nahar, şam yeməyi istəyən adam, bunu evdə edə bilməzmi?

Deyək ki, evdə yemək bişirən yoxdur, yeməyi evə sifariş verə bilməzmi? Belə baxanda, edə bilər. Amma eləmir. Səbəbi məlum deyil. Kimdən soruşmuşamsa, cavab verməyib.

Son zamanlar ümumiyyətlə, belə şeyləri düşünəndə, ziddiyyətli hisslər keçirir, müxtəlif suallara cavab tapmağa çalışıram. Anlamağa çalışıram, anlaya bilmirəm.

Məsələn, 3-4 gün əvvəl Bakıdan bir neçə yaxın adam gəlmişdi. Bir neçə gün onlara Tiflisdə bələdçilik elədim. Sağ olsunlar, yadırğadığım çox şeyi mənə yenidən yaşatdılar.

Özləri ilə balaca bir Azərbaycan gətirmişdilər. Onlar danışdıqca təkrar-təkrar başa düşürdüm ki, mən hansı, necə bir ölkədən getmişəm, özümü, oğlumu hansı vəziyyətdən, nələrdən uzaq saxlamışam. İçimdə onsuz da qəribçilik hissi yox idi, sağ olsunlar, onlardan sonra heç olmadı.

Dostlar söhbət zamanı Azərbaycanı və azərbaycanlıları tənqidi qətiyyən qəbul eləmirdilər. Hər vəchlə özümüzünkülərin təəssübünü çəkir, müdafiə edirdilər.

Müxtəlif xalqlarla, məsələn, ingilis, fransız, alman, bəd ayaqda gürcü ilə müqayisə edir və təbii ki, nəticədə böyük üstünlüyü özümüzünkülərə verirdilər.

Biz qeyrətliyik, bizdə ağsaqqal-qarasaqqal yeri bilirlər, adamlar istiqanlı, qohumcanlıdırlar, başqa xalqlar isə ilan kimi soyuqdurrlar, ana-bacıları siqaret çəkir, özləri şortik geyinir və bu kimi digər mənfi hallar onlarda vardır ki, bizdə yoxdur.

Burada gördükləri hər şeydən narahat olurdular. Siqaret çəkən qadınlar, ləng ofisiantlar, qullqupərgar olmayan satıcılar, öpüşən cütüklər... Başladılar öz xalqımızı, insanlarımızı, mətbəximizi tərifləməyə. Bura gəldikləri iki gün deyildi, gedib bir azərbaycanlı restoranı tapdılar.

Açığı, gözəl, kol-koslu, bağ-bağatlı, gülün gülü, bülbülün bülbülü çağırdığı gözəl restoran idi. Amma həyətinə girən kimi dostlar inzibatçıya dedilər ki, bizi kabinetə ötür.

Soruşdum ki, niyə bu gözəl, sərin həyəti qoyub, dar, havasız kabinetə girək? Dedilər, əşi, özümüz olaq da, niyə camaatın içində oturaq.

Dedim, azərbaycanlı restoranıdır, müştərilər də bayaqdan təriflədiyiniz xalqımız, el-obamız, siz demişkən, öz camaatımız.

Demirsiz, bizimkilər hamıdan namuslu, qeyrətli, yaxşı, gözəl insanlardı? Bəs niyə bu namuslu, qeyrətli, gözəl el-obamızın arasında oturmaq istəmirsiz? Niyə onların yanında özünüzü narahat hiss edirsiniz.

Dostlar da bu sualı ünvanladığım başqa insanlar kimi, cavabdan boyun qaçırdılar və yenə də əsl səbəbi öyrənə bilmədim.

Ən pisi isə bu oldu ki, Tiflisdəki azərbaycanlı restoranında xeyli kabinet tapıldı.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG