Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:44

Viktor Yerofeyev. Yazıçıları ovlamağın milli üslubu


Ön tərəfdə Viktor Yerofeyev, arxa fonda O.Pamuk Makedoniya, 2013
Ön tərəfdə Viktor Yerofeyev, arxa fonda O.Pamuk Makedoniya, 2013

- Viktor Vladimiroviç Yerofeyev (19 sentyabr 1947-ci ildə Moskvada doğulub) – çağdaş rus yazıçısı, ədəbiyyatçısı, radio-teleaparıcısıdır.

Sovet diplomatı Vladimir İvanoviç Yerofeyevin oğlu olaraq uşaqlığının bir hissəsini Parisdə yaşayıb. 1970-ci ildə MDU-nun filologiya fakültəsini, 1973-cü ildə M. Qorki adına Dünya Ədəbiyyatı institutunun aspiranturasını bitirib.

Moskvada nəşr olunan “Voprosı literaturı” jurnalında çap olunan, Markiz de Sadın yaradıcılığı ilə bağlı essesindən sonra ədəbiyyat ortamında tanınmağa başlayıb.

1979-cu ildə “Metropol” adlanan samizdat (senzuradan keçməyən yazıları yayan) almanax buraxdığına görə Sovet İttifaqı Yazıçılar ittifaqının üzvlüyündən çıxarılıb.

Rusiya PEN-klubunun üzvü, V.V. Nabokov adına mükafatın laureatıdır (1992-ci ildə), Fransanın İncəsənət Ordeni (2006-cı ildə) və Fəxri legion ordeni ilə(2013-cü ildə) təltif olunub.

1998-ci ilin fevralından 2011-ci ilin avqustunadək Rusiyanın “Kultura” telekanalında “Apokrif” adlanan ədəbiyyat verilişinin aparıcısı olub.

Viktor Yerofeyev bu verilişlə bağlı yazırdı: “Biz ruhi stamatologiya ilə məşğuluq: ruhumuzun dişlərini yoxlayır, mümkün olduğu qədər onların deşiklərini doldururuq, bir sıra dişləri isə çəkib atırıq.

Kimsəni incitmədən öz işimizi görürük. Belə verilişlər televiziyada çox azraq olur: burada düşüncələrin toqquşması və rəylərin çəkişməsi yoxdur. Verilişdə biz həyatla bağlı mülahizələrimizi platonsayağı danışırıq.

Bu, bir ədəbiyyat verlişidir. Biz kitablara və yazıçıların yaşamlarına əsaslanaraq insani dəyərlər axtarırıq. Nə qədər qəribə olsa da, bu verilişin mürəkkəbliyinə və bir çox durumlarda anlaşılmazlığa gəlib çıxmasına baxmayaraq, o özünə çox böyük bir dinləyici çevrəsi qazana bilmişdir.

Biz burada başlıca bir işi bacardıq, mürəkkəb mövzuları ən dardüşüncəli adamların da anlaya biləcəyi şəkildə onlara çatdıra bildik və bununla yanaşı, öz mövqeyimizin yüksək səviyyəsini də qoruyub saxladıq”.

Viktor Yerofeyev 2003-cü ildən başlayaraq Azadlıq Radiosunda “Rus ruhunun ensiklopediyası” adlanan veriliş aparmaqdadır.

Rus dilindən Araz Gündüz çeviribdir

YAZIÇILARI OVLAMAĞIN MİLLİ ÜSLUBU

Rusiyanın prezidenti V. V. Putinə AÇIQ MƏKTUB

Viktor Yerofeyev
Viktor Yerofeyev

Hörmətli cənab Prezident, bildiyiniz kimi, Rusiya böyük ölkədir, ancaq bu özəlliyi ona, heç vaxt, böyük ağılsızlıqlar eləməkdə mane olmamışdır.

Belə, ən parlaq ağılsızlıq örnəklərindən biri, istər çarın, istərsə də kommunistlərin rus ədəbiyyatına qarşı apardıqları açıq və gizlin savaşları olmuşdur.

Hakimiyyət yazıçılara nəyi yazmamağı öyrətmiş, yazıçılar isə görməyə gözləri olmadığı hakimiyyəti aldatmağı və yazmaya bilmədiklərini yazmağı öyrənmişlər.

Bunun sonucu olaraq, rus ədəbiyyatı böyük bir ədəbiyyata çevrilmiş və Pusiyanın adını bütün dünyada tanıtmışdır, indi bu ədəbiyyatın böyüklüyü hamıya bəllidir və vaxtilə, bu ədəbiyyatı izləyib sıxışdıranları da hamı artıq Rusiyanın üzqarası saymaqdadır.

Bunlar bütün aydınlığı ilə ortada olduğundan, adama elə gəlir, indiyədək olmuş bu geridüşüncəlik artıq aradan qalxmalıdır və deyəsən, buna oxşar bir olayın nişanələri də görünməyə başlamışdı, hər halda, son on ildə ədəbiyyatı sıxışdırmağa yönəlik işlər gözə çarpmırdı.

Ancaq sonradan, Moskvada “Master və Marqarita” müəllifinin qələmi ilə təsvir olunmağa layiq təəcüblü işlər törənməyə başladı.

“Birlikdə yürüyənlər” adlı gənclər təşkilatının liderləri, öz düşüncələrinə görə, yaxşı niyyətlər güdərək və nüfuzlu himayədarlara arxalanaraq, habelə, hamıya, tələm-tələsik, sizinlə ideoloji yaxınlıqlarını bildirərək, üstündə sizin şəkilləriniz olan köynəklər geyinib, ədəbi ekstremizmin kökünü kəsmək üçün ədəbi tənqidlə məşğul olmağı kəsdirdilər.

Mən də onların şübhəli bir xoşbəxtlik bağışlamaq istədiyi o yazıçılardan biri ola bildim: onların bu yöndə gördükləri işləri az-çox öyrənən birisi kimi, bu adamların dərrakəyə arxalanmaq kimi bir suçlarının olmadığını da inamla deyə bilərəm.

Bu sözləri də, tam məsuliyyətlə deyirəm: istənilən həqiqi yazıçı, adi insan şüuruna sığışmayan şeylərdən danışmağa hünəri çatan qədər ekstremist olur.

Puşkin də, Qoqol da, Dostoyevski də, Şoloxov da, Nabokov da, belə ekstremistlərdən idilər. Ancaq ölüləri dirilərlə tutuşdurmaq, burada onlar arasındakı tənasübü saxlamaqla olsa belə, yersiz bir iş sayılır, ona görə də, hər bir belə, yeni ortaya çıxan ekstremizmi anlamağa çalışmaqdansa, onu, insanlar arasında olan bütün böyük və bağışlanmaz suçların qaynağı kimi tanıdaraq, qınamağı daha üstün tuturlar.

Elə yazıçılar da, adətən hərbiçi olmurlar, döyüşçülük sənətinə yiyələnmədiklərinə görə, könlündən dalaşmaq keçən istənilən birisi onlara qarşı savaş aça, onları vurub yıxa bilər.

Beləliklə də, işə başldılar. Ziyanlı yazıçıların siyahısı tutuldu. Xalqa onların kitablarını oxumaqdansa, daha yararlı ədəbi örnəkləri oxumağı təklif elədilər.

Bu aksiya onların istədiyi nəticəni verməsə də, ancaq “Birlikdə yürüyənlər” dayanmadılar, biraz da uzağa getdilər.

Yazıçıların yeni kitablarının təqdimatlarını pozmağa çalışdılar, tanınmış bir yazıçının yaşadığı evin qarşısında onun kitablarından təpəliklər qurmaq, və ya yazıçının yanına gəlib, ona, evinin pəncərəsinə qazamat barmaqlığı vurmağı təklifi eləmək kimi yaramazlıqlara əl atdılar–bu yerdə sizdən soruşmaq istəyirəm: yaradıcı şəxslərə qarşı bu zorakılıqlar sizə ötən yüzilliyin 30-cu illərinin Almaniyasını xatırlatmır?

2002-ci ilin isti yay günlərində isə, onlar misli görünməmiş bir aksiyaya keçirdilər: Moskvanın mərkəzində, bağırışaraq, musiqi çaldıraraq, sevincdən doğan göz yaşları tökərək, bəyənmədikləri yazıçıların kitablarını insanların gözü qarşısında məhv etdilər.

Bu gənclər təşkilatı biraz da uzağa gedib Moskvadakı Böyük teatra da dil uzatdı, onlara hansı tamaşanı səhnəyə qoymağı, hansılarını səhnədən yığışdırmağı da öyrətməyə başladı.

Nəşriyyatlar “ziyanlı” kitabları daha böyük tirajla buraxmağa başladılar, insanlar qabaqlar “samizdat” kitabları oxuduqları sayaq, onları daha böyük həvəslə oxumağa girişdilər.

Bir sıra yüngülağıllı adamlar bütün bunlara uğurlu bir reklam kompaniyası kimi yanaşdılar.

Ancaq baş verənlərə açıq gözlə baxanda, yazdığı kitablara görə yazıçılardan yazılan şikayətlərin artıq prokurorluqda araşdırılmağa başladağını xatırlayanda, bütün bunların Rusiyanın dünyadakı nüfuzuna öldürücü zərbə vurduğunu inamla demək olar.

Bizim Avropada tanınan yazıçılarımızı ictimai baxımdan məhv eləmək üçün onları: pornoqrafiya yaymaqda, narkotikləri təbliğ eləməkdə, ana söyüşü işlətməkdə və başqa bu kimi işlərdə suçlayırlar. Haçansa elə bu bəhanələrlə Floberin, Coysun, Nabokovun, Henri Millerin də kitabları yasaqlanmışdı.

Özünü sadəlövhlüyə vurub, bütün bu baş verənlərin anlamazlıqdan və fanatizmdən törəndiyini də demək olardı, ancaq bütün bu işlərin artıq prinsipial bir xarakter daşıdığı göz önündədir.

Burada mən Qoqolun çox sevdiyi bu Atalar sözünü xatırlamaya bilmirəm: “üzün eybəcərdirsə, güzgünün təpikləməyin nə xeyri var?”, doğrudan da, bizim çağdaş toplumdakı indiki durum buna çox oxşayır və görünür, bizim toplumda belə bir yanaşma dünən olduğu kimi bugün də qalmaqdadır.

Ancaq bizdə indi yeni bir təmayül də yaranmışdır və biz insan azadlıqlarının sıxışdırılmasını cəmiyyətin hələ bu azadlıqlarla yaşamaq üçün yetişmədiyi ilə yozmağa çalışırıq və belə bir durumda: yalnız ən yüksək dəyərlərə yönəlməklə, toplumun ciddi nəzarətdə saxlanmalı olduğu ilə bağlı çağırışlar daha da ucadan səslənməyə başlayır.

Bir sözlə, pioner dəstəsini meşəyə yalnız sıraya düzməklə və pioner baş dəstə rəhbərinin başçılığı ilə göndərmək olar. Yoxsa onlar meşədə azar, itib-batarlar.

Ancaq biz, bütün ölkə ilə birgə, artıq pioner yaşını adlamışıq və buna oxşar rus mühafizəkarlığının yaratdığı ovqat, bizi bir toplum olaraq geriyə, I Nikolayın və yaxud Pobedonotsovun, mürtəceliyin at oynatdığı, çağlarına qaytarır, habelə, adətən bu geriləmə bürokratiyanın, repressiyaların, əxlaqi-mənəvi düşkünlüyün artmasına, güclənməsinə gətirib çıxarmaqla yeni ictimai partlayışların yaranmasına səbəb olur.

Rusiyanın, nə qədər ağır olsa da, ancaq real olan: sivilizasiyalı toplum qurmaqdan və dünyanın demokratik ölkələri ilə dostluq eləməkdən başqa bir seçimi yoxdur.

Bizim ölkəmizdə ədəbiyyata inkivizitor ehtirasları ilə yanaşma davam eləyəcəksə, onda biz uzaq və yaxın qonşularımızı özümüzdən ürkütməyə gətirib çıxaracağıq.

Özü üçün ayrıca bir milli ideya axtarışı, bütün bu baş verənlərin fonunda, yalnız bir uydurmadır və dünyadan qaçıb özünütəcridə sığınmaqdır.

Biz Rusiya olaraq, öz mədəniyyətimizdə yetərincə özünəməxsusluğumuz və zəngin təxəyüyyülümüzlə seçildiyimizdən, hansı bir qloballaşma olursa olsun, bizi simasızlaşdıra bilməyəcəkdir.

Puşkin öz yaşadığı çağda, “Rusiyada yaşayan əhalidən yalnız hökümət adamlarının avropalı olduqlarını” deyirdi, sözsüz, onun bu dediklərini bir reallıq kimi yox, arzu kimi dəyərləndirmək doğru olardı, ancaq Puşkinin bu düşüncəsində də, onun başqa düşüncələrinin hamısında olan bir ümidvericilik vardır.

Yazıçı ovuna çıxmaq biabırçılıqdır. Çağdaş ədəbiyyatın azadlığına qarşı çıxan və bununla özünə siyasi imic qazanmağa çalışan adamların fəaliyyəti ağlıkəsən insanlarda onlara qarşı, yumşaq desək, bir soyuqluq yaradır.

Ancaq buna baxmayaraq, belə bir fəaliyyət davam etməkdədir və başa düşdüyümə görə, sizdən başqa heç kim bu yaramazlığı dayandırmaq gücündə deyildir.

Susmaq və ya qeyri-müəyyən davranış belə yaramaz ehtirasları biraz da qızışdırır. Mən sizə bunları bildirmək üçün bu məktubu yazdım.

Rus ədəbiyyatına gəlincə, onun doğrudan da köməyə ehtiyacı vardır. Bugün, bütün yöndən olan yazıçılar: “ziyanlı” və “yararlı”, geriçi və yenilikçi olmasından asılı olmayaraq, onların hamısı, vəhşi bazar qanunlarının hökm sürdüyü bir durumda necə yaşamalı olduqlarından baş aça bilmirlər.

Ancaq burada ən yaxşı kömək, mane olmamaq sayılmalıdır. Keçilən yola dönüb baxanda rus ədəbiyyatının bütün tarixi dönəmlərdə gerçək dəyərlər yarada bildiyi açıq-aydın görünür.

Yaşarı olmağa layiq nə yaradılıbsa, bu gün də yaşamaqda davam eləyir. Bu sözü yəqinliklə deyirəm: bugünkü azad ədəbiyyat da, indiki dönəmdə Rusiyanı başıaşağı eləməyəcəkdir.

Hörmətlə, Viktor Yerofeyev

5 sentyabr 2002-ci il

XS
SM
MD
LG