Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:31

ABŞ-da 75% deyir ki, hökumət korrupsiyaya qurşanıb


Dollar. (©Shutterstock)
Dollar. (©Shutterstock)

-

Ötən il hər dörd amerikalıdan üçü (75%) hökumətdə korrupsiyanın geniş yayıldığını düşünüb. 2007-ci ildə bu rəqəm 67, 2009-cu ildə isə 66% idi.

«Gallup» sorğu mərkəzi üzə çıxarıb ki, 2007-ci ildən rəqəmlər dəyişsə də, bu tendensiya 2010-cu ildən bəri sabit qalıb.

Sorğu mərkəzi bildirir ki, bu rəqəmlər gözləntilərə rəğmən yüksəkdir, üstəgəl yaxşılaşmanın olmaması da təəssüf doğurur. Bircə müsbət məqam odur ki, amerikalılar hökuməti sərbəst tənqid edə bilirlər. Axı dünyanın bəzi yerlərində belə deyil. Korrupsiyaya dair suallar bəzi ölkələrdə o qədər həssas məsələdir ki, hətta «Gallup» bu sualları soruşmağa icazə alsa belə, nəticələr həqiqəti göstərməyə bilər. Yəni vətəndaşlar hökumətlərinin arxasınca danışmağa meylli olmaya bilərlər. Bu, özəlliklə media azadlığının məhdudlaşdırıldığı ölkələrə xasdır.

«Gallup» bildirir ki, elə bu səbəbdən də korrupsiya məsələsinə «Freedom House» təşkilatının Mətbuat azadlığı reytinqinin gözüylə baxmaq lazımdır. Mətbuatın azad olduğu ölkələrin reytinqi fərqlənir. Məsələn, Litvada rəyi soruşulanların 90%-i, İsveçdə isə 14%-i hökumət korrupsiyasından danışıb.

PROBLEM-2018 VƏ YA PUTIN DİLEMMASI

Karneqi Fondunun saytında Andrei Kolesnikov yazır ki, Rusiya iqtisadiyyatının kiçildiyi bir məqamda Vladimir Putin «Problem-2018» adlandırıla biləcək bir dilemma ilə üzləşib. İndiki prezidentlik müddətinin sonunda onu bir seçim gözləyir. O, hazırkı informasiya-dayanıqlı diktatura çərçivəsində daha böyük repressiya, yaxud demokratiya arasında seçim etməlidir.

Müasir Rusiya rejimi ona görə «informasiya-dayanıqlı diktatura» adlandırılır ki, repressiyadan ehtiyatla istifadə edir və daha çox təbliğat alətlərinə bel bağlayır.

Vladimir Yakunin
Vladimir Yakunin

«İqtisadiyyat pisləşdikcə, rəsmi təbliğat, eləcə də selektiv repressiya güclənir. Ukraynadan Oleg Sentsov və Estoniyadan Eston Kokhver «terrorçular» və «düşmən agentləri» adlandırıldılar, onlarla bağlı Stalin erasına xas ifadələr işləndi. Bütün bunlar Rusiya ictimaiyyətini maarifləndirmək məqsədi güdən PR hərəkətləri idi».

«Vəziyyət tamamilə nəzarətdən çıxarsa, təbliğat, selektiv repressiya işə yaramazsa, onda növbəti mərhələyə keçid baş verməlidir: ya bütünlüklə repressiyaya keçilməlidir, ya da islahatlar yolu seçilib, demokratik addımlar atılmalıdır», - yazan müəllifin fikrincə, prezident, yaxın ətrafı və böyük elita həmişəki kimi çalışır ki, variantların heç biri seçilməsin və problem öz-özünə aradan qalxsın.

«Rusiya liderləri əsəbiliklə özlərini qoruyub saxlamağın yollarını axtarırlar. Bu yaxınlarda Rusiya dəmiryolunun bossu Vladimir Yakunin «texnokrat» Oleg Belozerov-la əvəzlənib. Ancaq hökuməti Belozerov və başqa ikinci-dərəcəli texnokratlarla doldursan belə, durum düzələn deyil. Elə «texnokrat» sözündən də görünür ki, bu tip adamlar strategiya deyil, texnologiya təklif edirlər».

Müəllif yazır ki, yolayrıcında dayanıb hansı yolu seçəcəyini götür-qoy edən bir cəngavər illərdir Rusiyanın simvoluna çevrilib. Bu cəngavər hərəkət etmir, ancaq ətrafında hər şey hərəkətdədir. «Cəngavər öz-özündən soruşur: «Adamlarımı azad buraxım, ya daha da sıxım? Hansının bədəli böyük olar?». Bu arada isə neftin qiyməti düşməkdədir».

George Soros
George Soros

UKRAYNA VƏ AVROPA: NƏ ETMƏLİ?

nybooks.com saytı filantrop George Soros-un məqaləsini dərc edib. Müəllif Avropanın hazırda azı beş böhranla üz-üzə qaldığını yazır: avro, Yunanıstan, miqrasiya və Böyük Britaniyanın Avropa Birliyində qalıb-qalmamaq barədə referendumu daxili, Rusiyanın Ukraynaya təcavüzü isə xarici böhrandır.

«Əlbəttə ki, beş böhranın hamısı eyni vaxtda həll oluna bilməz. Onlardan bəzilərinə üstünlük verilməli, ancaq digərləri də gözardı edilməməlidir. Həmişə təkid etmişəm ki, öncəlik Ukraynaya verilməlidir. Daxili problemlər Avropa Birliyini debitor və kreditor ölkələrə, Böyük Britaniya və kontinentə, eləcə də «tranzit» və «son məkan» ölkələrinə böləcək. Nə qədər ziddiyyətli görünsə də, Rusiyanın Ukraynaya təcavüzü kimi xarici təhlükələr Avropa Birliyini birləşdirməlidir».

«Köhnə Ukraynanın əksi olmağı qət etmiş yeni bir Ukrayna mövcuddur. Köhnə Ukrayna köhnə Yunanıstana çox oxşayırdı, onu islah etməyin necə çətin olduğu üzə çıxdı: iqtisadiyyatına oliqarxlar nəzarət edir, siyasi sinif xalqa xidməti deyil, şəxsi qazanc əldə etməyi hədəfləyir. Yeni Ukrayna isə, əksinə, Maydan inqilabından ruhlanıb, ölkədə radikal islahatlar istəyir. Ukrayna ilə hətta Avropa Birliyinin üzvü belə olmayan, ikinci dərəcəli Yunanıstan kimi davranmaqla Avropa yeni Ukraynanı da köhnə Ukraynaya çevirə bilər. Bu, faciəvi səhv olardı, çünki yeni Ukrayna Avropa üçün ən qiymətli sərvətlərdəndir – həm Rusiya işğalına qarşı dayandığına görə, həm də Avropa Birliyinin ilk günlərinə xas həmrəylik ruhunu qaytardığına görə».

XS
SM
MD
LG