Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:49

Kamran Nəzirli. Əsər tapmadınız qoymağa?


Kamran Nəzirli
Kamran Nəzirli

- "Nə yapışmısız bu antik ədəbiyyatdan? Nəyə lazımdı klassika? "Tiran Edip", "Otello", "Kral Lir".. nə bilim zir-zibil... bəsdirin də! Nə görmüsüz onlarda? Bizim əsərlərimiz yoxdu bəyəm?"

Kamran Nəzirli

SƏHNƏ

(hekayə)

Rejissor aktyorları möhkəm danladı, baş rolun ifaçısına isə üzünü tutub bozardı:

- Neçə dəfə deyərlər, səhnəni yaddan çıxart! Elə bil evdəsən...Tamaşaçı bilməlidir ki, sən həqiqətən Tiran Edipsən, xalq artisti deyilsən! Final səhnəsini elə oynamalısan ki, zal titrəsin... Nəzərə al ki, sən öz gözlərini çıxarıbsan, anan İokastadan olan qızın Antiqonaya möhtacsan...

Xalq artisti qalın çatma qaşlarını əydi, əlini boynunun ardına aparıb peysərindən süzülən tərini sildi, islanan boğazına kimi kip yapışmış qırmızı "şah xalatı"nın düymələrini açdı; səhnənin sağ küncündəki kətilin üstündə oturdu, gözlərini rejissora zillədi, astadan:

-Alınmır,- dedi. - Mən nə həyatda, nə də səhnədə Tiran Edip ola bilərəm! Rolu başqasına verin!

-Çaşmısan? Sabah tamaşadır, bu yükün altına hansı axmaq girər? Dolamısan camaatı?

Xalq artisti acı-acı gülümsədi. Bayaqdan onunla bərabər səhnə həyatı yaşayan cavan və orta nəsil aktyor dostlarının susqun baxışları nəzərindən qaçmadı; hərəsi bir pozadaydı, quruyub yerlərindəcə qalmışdılar. Baş rolun ifaçısı qəflətən güllə kimi açıldı.

-Əsər tapmadınız qoymağa? Nə yapışmısız bu antik ədəbiyyatdan? Nəyə lazımdı klassika? "Tiran Edip", "Otello", "Kral Lir".. nə bilim zir-zibil... bəsdirin də! Nə görmüsüz onlarda? Bizim əsərlərimiz yoxdu bəyəm? Bizimkilər pisdi bəyəm? Hara baxırsan, ingilis, yunan, ispan, nə bilim italyan... klassiki... Hansı teatra gedirsən min il qabaq ölmüş bir əcnəbi müəllifin əsəri... Nə qədər "ölü müəlliflər"in qoltuğunun altında gizlənmək olar? Mən bu zibili bir daha oynamayacam! Tiran Edip! Yox bir, Mirzə Qərənfil!

Səhnəyə hüznlü sükut çökdü. Heç kim cınqırını çıxarmırdı; özünü asmış ağ donlu İokasta qaranlıqda vahiməli görünürdü. Don vurmuş sükutdan xalq artisti özü də xoflandı; işıq zolaqları təkcə onun sinəsində oynayırdı, ətraf isə zil qaranlıq idi.

Birdən o, nə düşündüsə, ayağa durdu, əynindəki qırmızı xalatı çıxarıb hirslə tulladı səhnənin ortasına; Antiqona rolunu oynayan cavan aktrisaya üzünü tutub az qala pıçıltıyla:

-Qızım, - dedi.- Mənim gözlərim artıq kordur, qulaqlarım isə kar! Heç nə görmürəm, heç nə də eşitmirəm! Tut əlimdən, çıxaq gedək bu səhnədən!

Rejissor yerindən qəfil sıçrayıb qışqırdı:

-Əla! Qoy belə qalsın! Bu heç mənim ağlıma gəlmirdi!

2 noyabr, 2014-cü il

XS
SM
MD
LG