Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:49

İş elanları saxtadır


Yusif Hansen
Yusif Hansen

- "İş elanları rəhbərliyə işçi axtardıqlarını göstərmək, gözə girmək üçün atılan addımdır."

"Etdiyi çirkli işlərin kənardan gələn şəxs tərəfindən aşkara çıxarılacağından qorxurlar."

"Şəffaf müsahibədə bacarıqları yoxlanaraq, özəl şirkətlərə işə qəbul olunan şəxslər belə, işlədiyi yerdə ağac kimi kök salmağa başlayırlar. Ətraflarına öz qohumlarını toplayırlar."

Yusif Hansen

Biz niyə iş tapmırıq?

İşsizlik hazırda çox insanın yaralı yeridir. Xüsusilə də gənclər arasında bu problem çox yayılıb. Sual ortaya çıxır. Ölkədə bu qədər iş yeri açılırsa, savadlı, bacarıqlı kadrlar niyə iş tapa bilmirlər?

Biz niyə iş tapmırıq? Bəs bu saytlardakı elanlara öz CV-lərimizi göndərəndə niyə zəng etmirlər? Bu sualları özümüzə çoxumuz veririk.

Təcrübəmə əsasən deyə bilərəm ki, 1000 göndərilən CV-dən yalnız biri faydalı olur və müsahibəyə dəvət edirlər.

İş elanları rəhbərliyə işçi axtardıqlarını göstərmək, gözə girmək üçün atılan addımdır.

İşə qəbul məsələsi bəlkə də mövcud olan ən iyrənc problemdir. İşlə bağlı müsahibələrdən heç cür keçə bilməyən bacarıqlı insanlar tanıyıram. Onları müsahibədən kəsmək səbəbi sadədir. Öz yaxınlarını işə götürmək.

Şəffaf müsahibədə bacarıqları yoxlanaraq, özəl şirkətlərə işə qəbul olunan şəxslər belə, işlədiyi yerdə ağac kimi kök salmağa başlayırlar. Ətrafına öz qohumlarını toplayırlar.

Belə olan halda kimdir günahkar? Günahkar o kəsdir ki, öz etdiyi çirkli işlərin kənardan gələn şəxs tərəfindən aşkara çıxarılacağından qorxur.

Ondan ağıllı olub vəzifəsini əlindən alacağını, daha yüksək pilləyə qalxacağını düşünür. Beləcə, öz qohumlarını ətrafına toplayır.

Ölkədə onminlərlə işçi var ki, idarəyə gedir, qışda isti, yayda isə sərin otaqlardakı rahat kreslolarında sadəcə oturub İnternetdə vaxtını keçirir, saatı güdür, 6 olan kimi isə işdən çıxır. Əziyyətsiz yüksək maaşlarını alırlar.

Böyük müəssisələrdə axşam saat 6 tamamda qapıdan çıxmaq üçün yaranan böyük insan növbəsini görəndə SSRİ vaxtı olan çörək növbələri yadıma düşür və gülürəm...

Savadlı və bacarıqlı insanların kənarda bekar qalması onların xarici ölkələrə köçünə səbəb olur. Eyni zamanda ölkə də elə dəyərli insanları itirir. Bu gedişlə inkişaf olmayacaq, iqtisadiyyat da öləcək.

Bildiyim tək şey var. Tapşırıq, day-day, yerlibazlıq, qohumbazlıq və bu kimi şeylər bir gün onları məhv edəcək.

Öz yaratdıqları süni bataqlıqda elə özləri də batacaqlar.


(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG