Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:42

Balaca Tunarı necə ayağa qaldırmalı...


►Onlar ailə qurandan 16 il sonra Tunar dünyaya gəlib. Təzə-təzə övlad dadı çıxaran ailənin keçirdiyi avtomobil qəzası Tunarla bağlı arzuların üstündən qara xətt çəkib

“İki il əvvəl qəza keçirdik. Dəhşətli hadisə idi. Uzun müddət ailəlikcə xəstəxanalarda müalicə oluna-oluna birtəhər ayağa qalxdıq. Ancaq 3 yaşlı Tunarımı ayağa qaldıra bilmədilər. Onurğası zədələndi”.

BABAYLA NƏNƏNİN NƏŞİ ARASINDAN ÇIXIR

Bakı sakini İradə Musayeva deyir, ailə qurandan 16 il sonra – 39 yaşında Tunarı dünyaya gətirib. Hələ təzə-təzə övlad dadı çıxaran ailənin keçirdiyi avtomobil qəzası Tunarla bağlı arzuların üstündən qara xətt çəkib.

Ana danışır:

“Tunar həmin gün hər şeyin ilk dəfəsini dadırdı – uzaq yola ilk dəfə çıxırdı, ilk dəfə idi ki, özümüzlə toya aparırdıq. Sıx əlaqəmiz olmayan bir çox qohumlar onu ilk dəfə görəcəkdi. Ancaq gedib çıxa bilmədik”.

Hadisə elə toy karvanında baş verir. Toya tələsən maşınlar Salyan yolunda toqquşur. Balaca Tunarın babayla nənənin nəşi arasından salamat çıxması isə möcüzə olur.

Buna da bax: Bakıda səfirlik önündə 1 nəfərlik aksiya: "Kömək edin"

DÖVLƏTİN BORCU

Ancaq indi ailə ikinci möcüzənin baş verəcəyi günü arzulayır - Tunarın ayağa qalxacağı günü... Hərçənd Türkiyədə onlara uşağın ömürlük arabada qalacağını deyiblər. Bununla belə ailə ümidini üzmür:

“İstəyirik ki, dövlət Tunarın müalicəsinin, sağlamlığının bərpası xərclərini öz üzərinə götürsün. Axı bu, dövlətin borcudur. Biz ev-eşiyimizi satıb bütün pulları yerli xəstəxanalara tökmüşük, xaricdəki müayinələrə xərcləmişik. İndi kirayələrdə qalırıq. Mənim başım Tunara qarışıb, işləmək imkanım yoxdur. Yoldaşımınsa başımıza gələnlərdən sonra sağlamlığı hələ bərpa olunmayıb. Bir müddət qalırıq, kirayəhaqqını ödəyə bilmirik, ev sahibi gəlib evdən çıxarıb tökür küçəyə. Əlil uşaqla, xəstə yoldaşımla sığınmağa yerimiz də yoxdur”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu günlərdə nazirlik tərəfindən daha 30 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynlərinin müşayiəti ilə Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Nazirliyin əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev bildirib ki, bu ilin ötən ayları ərzində xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sayı artıq 215-ə çatıb. Göndərilən şəxslər Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində 5 ulduz oteldə yerləşdirilir. Qabaqcıl metodlar əsasında göstərilən reabilitasiya xidməti ilə təmin olunurlar.

Buna da bax: Sabir Rüstəmxanlı: “Mandat almağa həvəsim qaçdı”

MÜASİR REABİLİTASİYA SİSTEMİ QURULUR

Şöbə müdiri Uşaq Bərpa Mərkəzində müasir tələblərə uyğun reabilitasiya sisteminin qurulmaqda olduğunu bildirib:

“Reabilitasiya vasitələri və protez-ortopedik məmulatlarla təminat işləri də ilbəil güclənir. Məsələn, bu ilin yanvar-avqust aylarında nazirlik tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar ümumilikdə 24.866 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin ediliblər. Yəni bu işlər gücləndirilib”.

Şöbə müdiri bu işlərin növbəli qaydada həyata keçirildiyini bildirib. İradə Musayeva da sağlamlığının bərpa olunması üçün növbənin övladına çatacağı günü səbirsizliklə gözləyir.

XS
SM
MD
LG