Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:30

Kreditə görə intiharları necə önləmək olar?- Təklif


►"Belə bir qanunun olmaması ona gətirib çıxarıb ki, kreditini ödəyə bilməyən minlərlə adamın adı “qara siyahıya” düşüb"

Oktyabrın 1-dən Rusiyada ilk dəfə olaraq fərdi müflisləşmə qanunu qüvvəyə minib. Bu qanun borclarını qaytara bilməyən rusiyalıların məhkəmə iddiaları qaldırması ilə nəticələnəcək.

Prezident Vladimir Putin qanunu 2014-cü ildə imzalayıb. Qanuna görə, 500 min rubldan (7600 dollar) yuxarı borcunu 90 gündən artıq müddətə qaytara bilməyən rusiyalılar özlərini müflis elan edə bilərlər. İndiyədək Rusiyada yalnız şirkətlərə özlərini müflis elan etmək hüququ verilirdi.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev AzadlıqRadiosuna müsahibəsində deyir ki, Azərbaycanda da belə bir qanuna ehtiyac var:

- Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə hüquqi şəxslərin özünü müflis elan etməsini dəstəkləyən qanun var. Amma inkişaf etmiş ölkələrdə eyni zamanda fərdi şəxslərin də özünü müflis elan etməsinə imkan verən qanunlar mövcuddur. Rusiya uzun müddətdir ki, belə bir qanunun qəbulu ilə bağlı müzakirələr aparırdı. Azərbaycanda isə fərdi şəxslərin müflisləşməsi qanunla tənzimlənmir. Halbuki ölkədə bankdan kredit götürüb geri qaytara bilməyən nə qədər adam var. Bir bankdan götürdüyü krediti qaytarmaq üçün digər bankdan kredit götürür və beləcə, köhnə krediti bağlamaq üçün yeni bank tapır və beləcə, vətəndaş kredit bataqlığına düşür və vəsaiti geri qaytara bilmir. Bu zaman isə vətəndaşın ciddi problemləri başlayır, ona təzyiqlər olur və s. Əmlakları belə qanunsuz şəkildə əllərindən alınır. Amma fərdi şəxslərin müflisləşməsi haqqında qanun imkan verir ki, şəxs özünü müflis elan etməklə neqativ halların qarşısını alsın.

Buna da bax: Suriyada hansı qüvvə hara nəzarət edir? (İnfoqrafika)

Samir Əliyev
Samir Əliyev

- Bir az detallara getsək, belə bir qanun nəyin qarşısını alacaq?

- Borcun şişməsinin qarşısını alır, vətəndaşın hüquqlarının pozulmasının qarşısı alınır və bir də bu qanunun üstünlüyü ondadır ki, fərdi şəxsə hər şeyi yenidən başlamağa imkan verir. Yəni məhkəmə elan edir ki, şəxs müflisdir və bu zaman onun aldığı kredit şərtinə yenidən baxılır və vətəndaşın imkanına uyğun qərar qəbul edilir. Məsələn, ayda 1000 manat kredit ödəməlidirsə, məhkəmə onu müflis elan edib aylıq ödənişini azalda bilər. Bu zaman həm vətəndaş bank qarşısında öhdəliyini yerinə yetirir, həm də bank verdiyi krediti geri ala bilir.

- Amma qanunun verdiyi bu imkandan sui-istifadə edənlər də ola bilər.

- Əlbəttə, sui-istifadə etmək mümkündür və yəqin ki, belə hallar da baş verir. Amma qanunvericilik bu sui-istifadənin qarşısını almaq üçün mexanizm tətbiq edir. Məsələn, Yaponiyada özünü müflis elan edən şəxs müəssisə rəhbəri ola bilməz, mühasib və ya vəkil işləyə bilməz. Rusiyada özünü müflis elan edən şəxsin 3 il müddətində rəhbər vəzifə tutması qadağan edilir. Azərbaycanda da belə bir qanun qəbul olunarsa, orda hansısa məhdudlaşdırıcı hallar nəzərdə tutula bilər, məsələn, özünü müflis elan etmək üçün yalan məlumatın verilməsi inzibati və ya cinayət məsuliyyəti daşıya bilər. Əslində, ciddi səbəb olmasa, vətəndaş özünü müflis elan etməz. Bu gün Azərbaycanda on minlərlə krediti olan vətəndaşlar var. Hətta mətbuatdan da oxuyuruq ki, kimsə kreditini qaytara bilmədiyi üçün intihar edir. Müflisləşmə haqqında qanun belə halların qarşısını ala bilər.

Buna da bax: Qazax sakini: “Damlarımız məşəlin güdazına getdi”

Belə qanun olarsa, banklar da kreditlərini geri ala biləcəklər. Ancaq belə qanunlar daha çox müştərilərin hüquqlarını qoruyur.

- Özünü müflis elan etmək sonradan vətəndaşın fəaliyyətinə mənfi təsir edə bilərmi?

- Əslində, fəaliyyətə məhdudiyyətləri qanunvericilik tənzimləyir. Bayaq dediyim kimi, özünü müflis elan edən şəxs Yaponiyada ömrünün sonuna qədər müəssisə rəhbəri ola bilməz. Ancaq qanun eyni zamanda vətəndaşa ağ səhifədən başlamağa imkan verir. Düzdür, bu zaman banklar rəsmi şəkildə müflis olmuş şəxsə kredit verməyə və ya kreditin faizini yüksək təklif edə bilər. Ancaq belə bir qanunun olmaması ona gətirib çıxarıb ki, kreditini ödəyə bilməyən minlərlə adam kredit burulğanına düşüb və başqa yol da yoxdur. Krediti ödəyə bilməyən adamların adı “qara siyahıya” düşür və nəticədə heç bir bank adama kredit vermir.

- Banklar bu zaman qazanır, itirir? Çünki yüksək məbləğli kreditlər girov müqabilində verilir və geri qaytarılmayanda qoyulan girov borc əvəzi cəlb olunur.

- Düzdür, belə bir qanun bankların manevr imkanlarını əlindən alır, çünki borc qaytarılmayanda banklar girovu satışa çıxarırlar. Amma nəzərə almaq lazımdır ki, girovsuz da kreditlər var və müştəri bu krediti qaytara bilməyəndə bank heç nə edə bilmir. Həmin vəsaitlər də artıq geri qaytarılmayan vəsait sayılır və silinir, demək ki, bu pul batır. Belə qanun olarsa, banklar da kreditlərini geri ala biləcəklər. Ancaq belə qanunlar daha çox müştərilərin hüquqlarını qoruyur.

XS
SM
MD
LG