Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:12

200 il yaşamağın sirri


Qrenlandiya balinası.
Qrenlandiya balinası.

-

Qocalıqdan yaxa qurtarmaq? Bu mümkündür!

Araşdırmalar göstərir ki, bəzi heyvanlar ömürlərini uzatmağın yolunu çoxdan tapıblar. Onların «cavanlıq eliksiri» biz insanlara da uzun və sağlam yaşamağın sirrini aça bilər. «BBC Future» elm adamlarının son axtarışlarını çatdırır.

XIX əsrin ortalarında «Mobi Dik, yaxud Ağ balina» romanı çap olunduqdan 30 il sonra balina ovçuları Alyaska sahillərində bu okean nəhənginin axtarışına çıxırlar.

Balinaların uzunömürlü olması hələ onda bəlli idi. Eskimos folklorunda deyilir ki, Qrenlandiya balinasının ömrü insan ömründən iki dəfə çoxdur.

Ovçular barıt nizələrlə-bombalarla silahlanmışdılar. Bu silah balinanın həddən artıq qalın dərialtı yağ qatını vurub keçməliydi. Hərçənd okean nəhəngini ələ keçirmək üçün bu silah da aciz idi. Mobi Dik kimi bu balina da yenilməz idi, o, sadəcə yüngül yara almışdı, bir də böyründə üç nizə qırığı qalmışdı.

Ovçuların əlindən qurtaran balina bundan sonra düz 120 il okeanda üzdü, 2007-ci ildəsə onu eskimos ovçuları ələ keçirdilər. Nizə qırığı hələ də böyründəydi.

Bəzi hesablamalar görə, balinanın bu növləri ən azı 150 il yaşayırlar, bəzilərinin yaşı isə 210-a çatır.

Bəs bu yaşda balinalar necə görünür? Onların yaşını büruzə verən döyüş çapıqları, yan tərəflərdə yığılmış bir qədər artıq yağ və bir də dəri örtüyünün yüngülcə dəyişməsidir.

Uzunömürlülüyünə və qocalma əlamətlərinə görə Qrenlandiya balinaları həkim- herontoloqların diqqət mərkəzindədirlər.

«Onlar insanlardan daha çox uzun ömür sürürlər, halbuki vəhşi təbiətdə yaşayır, həkimə getmirlər və insan toplumunun verdiyi başqa üstünlüklərdən yararlanmırlar», - Liverpul Universitetinin əməkdaşı Joao Pedro de Magalhaes deyir.

QOCALMANI İDARƏ ETMƏK MÜMKÜNDÜR

Alim hesab edir ki, bu heyvanları içəridə yaşla bağlı xəstəliklərdən qoruyan nəsə təbii müdafiə var. Qrenlandiya balinaları və başqa uzunömürlü heyvanları araşdıran Magalhaes əmindir ki, yaxın zamanlarda insan bədəninin yaşlanmasını yavaşıdan yeni dərmanlar ixtira ediləcək.

«Qocalma bir sirdir. Biz onun haqqında başqa bioloji proseslərlə müqayisədə çox az bilirik, hərçənd o, çağdaş dünyada insan əzablarının və ölümünün başlıca səbəbkarı olaraq qalmaqdadır. Biz qocalma prosesini bir qədər ləngidə bilsək, bəşəriyyət görünməmiş üstünlük qazanacaq», - söyləyir alim.

Harvard Universitetindən Vadim Gladyshev həmkarıyla razılaşır: «Bu, mühüm bioloji problemdir, insanların üzləşdiyi əksər xroniki xəstəliklərin səbəbi yaşlanmadır. Biotibb çox dar dairədəki xəstəliklər üzərində fokuslanıb, məsələn, xərçəng, Altsgeymer xəstəliyi, diabet. Hərçənd qocalmanın qarşısını almaqla biz avtomatik olaraq qocalığın gətirdiyi başqa xəstəlikləri də uzaqlaşdıra bilərik».

Qocalma bir sıra amillərlə bağlıdır. Hər şeydən öncə ətraf mühit gəlir. Anadan doğulandan insan DNT-si və başqa molekulyar sistem daim zəhərli kimyəvi maddələrin təsirinə və radiasiyaya məruz qalır.

Bizim hüceyrələrimizdə özünümüalicə sistemi olsa da, ətraf mühitlə ünsiyyətdə alınan xəsarətlər nəticəsində hüceyrələrdə bəd mutasiya gedə və şişlərə gətirə bilər.

Bir başqa amil də metabolizmdir (maddələr mübadiləsi). Hüceyrələr soba kimi vaxtaşırı təmizlənməlidir. Yağın, qlükozanın yandırılması zamanı yaranan tullantılar bədəndə toplanır və təmizlənmə getmədiyi üçün əvvəl-axır orqanizmimizin bioloji proseslərində problemlər yaranır.

Bütün bunlardan sonra adama elə gəlir ki, qocalmanı yubatmaq mümkün deyil. Amma… «Qocalma idarə edilməsi mümkün olan, heyrətamiz dərəcədə plastik prosesdir» - Joao Pedro de Magalhaes deyir.

GOREŞƏN XƏRÇƏNGƏ QARŞI DÖZÜMLÜDÜR

Məməlilərdən olan bəzi canlılar xərçəngə və yaşla bağlı başqa xəstəliklərə müqavimət göstərərək uzunömürlü olmağın yollarını tapıblar. Bəzi heyvanlar «cavanlıq eliksiri»ni yarada biliblər. Hətta elələri var ki, inanılmaz uğurlar əldə ediblər. Ancaq onların heç də hamısı Qrenlandiya balinası kimi əla görünmür. Məsələn, goreşən qırışmış, elastik dərisiylə çətin ki, kimisə valeh etsin.

Amma goreşən xərçəngə qarşı inanılmaz dərəcədə dözümlüdür. Laboratoriyada minlərlə təcrübə aparılsa da, bu heyvanda şiş yaranmayıb. Hətta böyük miqdarda kanserogen vannası qəbul etdikdə belə, goreşəndə xərçəng yaranmır. Bu onunla izah edilir ki, onlar azacıq kökələn kimi hüceyrələri böyümür.

Alimlər eskimosların tutduğu balinalar üzərində araşdırmalar aparıblar. Eksperiment zamanı alimlər bəzi genlərdə əhəmiyyətli dəyişikliklər aşkar ediblər.Belə genlərdən biri həm də xərçəng yaranmasına qarşı mübarizəyə cavabdehdir.

Alimlər insan toxumasıyla balinanın, goreşənin toxumasında mutasiyalar aparmaq niyyətindədirlər.

Gələcəkdə gen terapiyası DNT-də korrektələrə imkan verə bilər ki, o zaman anındaca insan pozitiv mutasiyalardan faydalanacaq, halbuki Qrenlandiya balinasında bu milyonlarla il davam etmiş təkamül nəticəsində mümkün olub.

Alimlər nikbindirlər və sadəcə yada salırlar ki, tarix mütəxəssislərin «mümkünsüzdür» dediklərinin sonradan mümkün olmasına çox şahidlik edib.

Həqiqətən də 120 il qabaqkı səhiyyəylə bugünkünü müqayisə etmək olmaz. O zaman infeksiya əleyhinə adicə antibiotik belə yox idi.

J.P.Magalhaes qocalığa xəstəlik kimi baxır. Ancaq o bunun sağalacaq xəstəlik olduğunu düşünür. O deyir ki,uzunömürlülük deyəndə, onlar insanların əldən düşənədək yaşamasını nəzərdə tutmurlar. İnsanların 70 yaşda da özlərini 50 yaşlarındakı sağlamlığa sahib olmalarını istəyirlər.

XS
SM
MD
LG