Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:34

«Qarabağ əlilləri qalır, sağlam adamlara maşın paylayırlar»


Asif Yusifli.
Asif Yusifli.

-

«Mənim həbsim sırf siyasi fəaliyyətimlə bağlıdır. Mən sosial şəbəkələrdə, «Zülm bitsin» adlı bloqumda dövlət başçısı İlham Əliyev də daxil olmaqla, hökuməti tənqid edirdim. Elə buna görə cəzalandırılmışam. Qalan məsələlər hamısı bəhanədir» -bunu AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli oktyabrın 6-da apellyasiya şikayəti üzrə keçirilən məhkəmə iclasında deyib.

Asif Yusifli və onunla birlikdə mühakimə olunan Rafiq Hüseynovun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baxılır.

«BU İŞ MƏHKƏMƏYƏ ÇIXMAMALI İDİ»

Asif Yusiflinin vəkili Fəxrəddin Mehdiyev məhkəmədə çıxış edərək, müvəkkilinə bəraət verilməsini istədi. Dedi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Asif Yusifli barəsində çıxardığı hökm qanunsuz, əsassız və qərəzlidir:

«Bu iş əvvəldən axıra qədər qərəzli aparılıb. Əslində, bu iş heç məhkəməyə çıxarılmamalı idi. Çünki ortada maddi ziyan yoxdur».

İşin faktiki halları barədə danışan vəkil bildirdi ki, 2009-cu ildə Fəridə Zülfüqarovanın təhsil məsələsi ilə əlaqədar Asif Yusifli ondan 6500 manat alaraq, İqtisad Universitetinin müəllimi olmuş Rafiq Hüseynova verib.

Həmin pul da təhsilhaqqı kimi verilib. Məsələnin həlli mümkün olmayanda həm Rafiq Hüseynov, həm də Asif Yusifli Zülfüqarovaya yazılı şəkildə qəbz veriblər ki, pul qaytarılacaq:

«Sonradan Rafiq Hüseynov həbs olunur. Asif Yusifli bu pulun 1500 manatını qaytarır. Bundan sonra Asif Yusifli ağır qəza keçirir və təxminən iki il müalicə olunur. Sonra necə olursa, Zülfüqarovanın şikayəti Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininəlinə keçir və dərhal Asif Yusifli həbs olunur. İbtidai istintaq dövründə Asif Yusiflinin yaxınları Zülfüqarovanın pulunu tam ödəyib. Hətta elə bir vəziyyət yaranıb ki, indi Asifin özü zərərçəkmiş durumdadır. Çünki Zülfüqarovadan 6500 alınıb, amma bir neçə dəfəyə olmaqla, ümumilikdə 8100 manat qaytarılıb».

Vəkil qeyd etdi ki, Zülfüqarova ibtidai istintaq zamanı notarial şəkildə təsdiqlənmiş ərizə təqdim edərək, şikayətini geri götürdüyünü göstərib. Həmçinin məhkəmədə də Asif Yusifliyə qarşı heç bir tələb və şikayətinin olmadığını bildirib. Eyni zamanda, Rafiq Hüseynov da ifadəsində deyib ki, Zülfüqarovadan alınmış 6500 manat ona çatıb və bu pulun Asif Yusifliyə heç bir aidiyyəti olmayıb: «Asif sağ olsun ki, bu pulu ödədi...»

«BU CƏZA HƏM DƏ QARABAĞA MÜNASİBƏTİN GÖSTƏRİCİSİDİR»

Müdafiəçi çıxışında cəzanın ağırlığına da toxundu: «Ortada maddi ziyan olmadığı halda, şəxsə 7 il 6 ay həbs cəzası verilməsinə «ədalətsizlik» deməyə də adamın dili gəlmir. Çünki «ədalətsizlik» sözü bu cür münasibəti tam ehtiva etmir. Cəzanın məqsədi sosial ədalətin bərpası olmalıdır, kiməsə işgəncə vermək yox. Mövcud olmayan ziyana görə Qarabağ əlilinə 7 il 6 ay həbs cəzası vermək həm də Qarabağa münasibətin göstəricisidir. Asif Yusiflinin qızı ağır xəstəliyə tutulub, ailəsi maddi baxımdan çox çətin vəziyyətdədir. Belə bir ailənin yeganə qazanc gətirənini heç bir ziyan olmadığı halda, 7 il 6 ay azadlıqdan məhrum etmək məhkəmə sistemi üçün qara ləkədir, Konstitusiyaya hörmətsizlikdir. Xahiş edirəm, Bakı Apellyasiya Məhkəməsi bu ləkəni təmizləsin».

«TƏQAÜDÜMÜ KƏSDİLƏR...»

Asif Yusifli özü də çıxışında qərəzli münasibətdən danışdı: «Cinayət baş versəydi belə, bu, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılası iş deyildi. Bu idarə milyonluq işlərə baxır. Həbsimdən 10 gün əvvəl ağır əməliyyat keçirmişdim, yaram sağalmamışdı, tikişlər sökülməmişdi. Bunu 5-10 gün sonra eləmək olmazdı? Həbsimdən sonra uzun müddət təqaüdüm kəsildi. Evdəkilər 4 ayın təqaüdünü ala bilmədi. Nəhayət, 4 aydan sonra təkrar həkim komissiyasından keçdim. Əvvəl I qrup əlil idim. Komissiyanın həkimi də dedi ki, I qrup veriləcək. Amma sonradan sənədi alanda məlum oldu ki, II qrup yazılıb. Həkim deyir ki, «mən I qrup yazmışdım, yəqin kompüterdə səhv düşüb». Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin haqsızlıqlarından çox yazmışdım, özüm də qarşılaşdım. Mənzil növbəsində 6-cı olduğum halda, 28-ci sıraya keçirdilər. Sağlam adamlara avtomobil paylayırdılar, Qarabağ əlilləri qalırdı...».

Bu yerdə hakim Faiq Qasımov masadakı düymə ilə şüşə kabinədəki mikrofonu söndürərək, Asif Yusiflinin çıxışını yarımçıq dayandırdı.

«NAZİRLİKDƏ QARDEROBDA İŞLƏYƏN BACARIRSA…»

Daha sonra digər təqsirləndirilən Rafiq Hüseynov çıxış edərək, cəzasının azaldılmasını istədi. Qeyd edək ki, Hüseynov bu işdən əvvəl iki dəfə məhkum olunub. Sonuncu dəfə Asif Yusifli ilə birlikdə mühakimə olunarkən əvvəlki cəzaları da toplanmaqla, ona qəti olaraq, 12 il 6 ay həbs cəzası verilib. Hüseynovun çıxışı zamanı onunla hakim arasında belə bir dialoq oldu:

- Əvvəl kimisə ali məktəbə qəbul etdirmişdinizmi ki, Asif Yusifli buna görə sizə müraciət etdi?

- Asif Yusiflini az qala, 20 ildir tanıyıram, söhbət əsnasında demişdim ki, mən bacararam.

- Siz Təhsil Nazirliyində, yaxud Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında işləyirdiniz ki, bunubacarasız?

- Təhsil Nazirliyində qarderobda işləyən qadın bunun öhdəsindən gəlirsə, mən də gələ bilərdim.

Məhkəmə prosesi oktyabrın 9-da prokurorun çıxışı ilə davam edəcək.

XS
SM
MD
LG