Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:50

Erdoğan-ın mühafizəçisi Belçika polisini dirsəklədi


Recep Tayyip Erdoğan mühafizəçilərin əhatəsində.
Recep Tayyip Erdoğan mühafizəçilərin əhatəsində.

-

Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın mühafizəçiləri ilə Belçika polisi arasında bu həftə, yumşaq desək, gərginlik yaşanıb. Belə ki, Türkiyə prezidentinin mühafizəsi ilə bağlı onların sözü çəp gəlib. politico.eu Belçika mediasına istinadla belə yazır.

RTBF televiziyası xəbər verib ki, tərəflər ilk dəfə bazar günü gecə qarşı-qarşıya gəliblər. Brüsselin Stefani meydanında 3 min nəfər prezidentin qaldığı otelin yaxınlığında onu qarşılamağa çıxmışdı. Bazar ertəsi isə Val Düşes qəsrində yenə də tərəflər Erdoğan-ın baş çəkəcəyi otaqları kimin yoxlamalı olması barədə razılığa gələ bilməyiblər. Yumruqlar düyünlənib, mühafizəçilərdən biri Belçikanın VIP mühafizə xidmətinin üzvünü dirsəkləyib. Türkləri sakitləşdiriblər.

Belçika mənbələri RTBF-ə bildirib ki, insidentlər türk mühafizəçilərinin göstərdiyi hörmətsizlik ucbatından yaranıb. Belçika dövlət təhlükəsizliyi durumun çətin, hətta gərgin olduğunu deyib.

Çərşənbə günü Türkiyə səfirliyindən açıqlama almaq mümkün olmayıb. Erdoğan-ın həyat yoldaşı Emine-ni alış-verişi zamanı müşayiət edən karvanın dəbdəbəli Lui prospektində bir saat ərzində nəqliyyatda yaratdığı sıxlıq da çoxlarına xoş gəlməyib.

ABŞ-a məxsus F-16-lar Türkiyənin İncirlik hava bazasında.
ABŞ-a məxsus F-16-lar Türkiyənin İncirlik hava bazasında.

TÜRKİYƏ QEYRİ-UÇUŞ ZONASI İDEYASINI NİYƏ SIRIYA BİLMİR

«Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan Brüsselə ambisiyalı bir planla getmişdi: Suriyanın şimalında «təhlükəsiz zona» yaradılması ideyasına dəstək qazanmağı hədəfləyirdi. Erdoğan görür ki, avropalıların miqrasiya böhranının həlli üçün yaxşı planları yoxdur, ancaq miqrantların marşrutu və axını ilə manipulyasiya edirlər. Brüssel Ankaraya əlavə pul verə bilər ki, daha çox qaçqını yerləşdirsin. Ancaq Türkiyə artıq 2.5 milyondan çox suriyalı qaçqını yerləşdirib və bu böhrana 7.6 milyard dollar xərcləyib. Yəni, Erdoğan bu təklifə aldanan deyil, daha çox şey istəyir, lap çox.

«Avropanın diqqəti Türkiyəyə yönəlib, Rusiya da Suriyada Birləşmiş Ştatları karıxdırıb. Erdoğan bu xaotik durumdan faydalanıb təhlükəsizlik zona planlarını yenidən masanın üstünə qoyur. Türkiyə təklif edir ki, özünə yaxın üsyançı qüvvələr gücləndirilsin, «İslam Dövləti» qruplaşması Suriyanın şimalındakı Hələb vilayətində 80x40 kilometrlik zonadan çıxarılsın. Bu ərazini havadan «qeyri-uçuş zonası» müşayiət edəcək. Zona təhlükəsiz elan ediləndən, terrorçulardan təmizlənəndən sonra qaçqın düşərgəsi salınacaq və suriyalı miqrantlar elə burada, yəni öz ölkələrində yaşaya biləcəklər».

«Stratfor» Türkiyənin planı arxasında çoxlu motivin olduğunu vurğulayır. Ən vacibi Türkiyə miqrantların iqtisadiyyatına yaratdığı yükü azaltmağa çalışır. İkincisi, «İslam Dövləti» Türkiyəni hədələyir və Ankara bu qruplaşma ilə arasında mümkün qədər məsafə yaratmağa çalışır. Səbəblər bununla tükənmir. Türkiyə görür ki, cənub qonşusu gələcəkdə parçalana bilər. Ankara İD-nin kökünün kəsilməsini, yerini kürd qüvvələrinin tutmasını istəmir. Suriyanın şimalında özünə ayaqyeri açmaq istəyir ki, kürdlər avtonom dövlət yaradıb Türkiyənin kürd problemini bir az da kəskinləşdirməsin.

Praqada immiqrasiya əleyhinə etiraz yürüşü.
Praqada immiqrasiya əleyhinə etiraz yürüşü.

ÇEXLƏRİN YARISI QAÇQINLARI İSTƏMİR

Çərşənbə günü açıqlanmış sorğu göstərir ki, çexlərin yarısı müharibə zonalarından qaçqınların qəbul olunmasına qarşı çıxır. Bu da Mərkəzi Avropanın daha çox qaçqına qapı açmaq siyasətinə Çexiya Respublikasının müxalif mövqeyini ortalığa qoyub.

Çexiya miqrasiya xəttinin üstündə yerləşməsə də, bu ölkədə antiimmiqrasiya əhvalı güclüdür. Bu il saxlanmış bir neçə min miqrant isə qonşu Almaniyaya üz tutub.

Sorğunu Çexiya İctimai Rəy Mərkəzi (CVVM) keçirib. Respondentlərin 50 faizi münaqişə zonalarından qaçqınların qəbul edilməsinə qarşı çıxıb. Cəmi 40 faizi deyib ki, evlərinə dönənədək onları dəstəkləmək lazımdır.

Rəyi soruşulan 994 nəfərdən cəmi 4 faiz müharibə qaçqınlarını birdəfəlik qəbul etməyi dəstəkləyir.

Sorğu sentyabrda keçirilib. O zaman miqrant böhranı üzrə debatları AB-ni ikiyə bölmüşdü. Çexiyadan başqa, Slovakiya, Macarıstan və Rumıniya da miqrantların bölüşdürülməsi planını rədd edirdilər. Söhbət 120 min qaçqının bütün üzvlər arasında paylaşdırılmasından gedir. Slovakiya bu qərara qarşı hüquqi addımlar atacağını desə də, çexlər qərarı qəbul edib, ancaq daimi paylaşdırma sxeminə razılaşmayacaqlarını deyiblər. «Reuters» yazır ki, Çexiya Respublikası regiondakı qonşuları kimi ən homogen cəmiyyətlərdən sayılır, burada az sayda müsəlman azlıqlar yaşayır.

Otar Iosseliani.
Otar Iosseliani.

GÜRCÜSTANA KİNOÇƏKƏNLƏR GƏLİR

Gürcüstanda çəkilmiş filmlərə baxmağın tam məqamıdır. Son iki ildə bu ölkədə bir neçə mükafata layiq görülmüş filmlər çəkilib. Gürcüstan artıq bu baxımdan keçmiş sosialist ölkəsi Rumıniyanı əvəzləyib.

«The Independent»də oxuyuruq ki, bu filmlərdən ən yaxşıları hazırda Londonda Gürcü Film Festivalında göstərilir. İki il öncə də oxşar festival keçirilmişdi. İndi bu festivalı hər il keçirmək istəyirlər.

Festivalda göstərilən bəzi filmlər «Oskar» və «Qızıl Qlobus» mükafatlarına təqdim olunub.

Gürcüstanda 1992-ci il müharibəsi Nana Ekvtimishvili və Simon Gross-un «Çiçək» filmində təsvir olunur. Bu film iki yeniyetmə qızın dostluğundan bəhs edir.

Festivalda Gürcüstanın məşhur rejissoru Otar Iosseliani ilə söhbət də təqdim olunub. Onun 1994-cü ildə çəkdiyi «Gürcüstan təkbaşına» filmi bu respublikanın tarixini danışır.

XS
SM
MD
LG