Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:33

Prezident daha çox vergi toplanmasını tələb edir və…


İlham Əliyev
İlham Əliyev

-

Nazirlər Kabinetinin oktyabrın 12-də keçirilən iclasında prezident İlham Əliyev vergi və gömrük qurumlarından tələblərini dilə gətirərək, belə deyib: «Vergi və gömrük orqanları da şəffaf və səmərəli işləməlidir. Daha çox büdcəyə vəsait toplaya bilərlər. Belə imkanlar, ehtiyatlar var. Həm vergi, həm gömrük orqanlarına müvafiq göstərişlər verilmişdir ki, gələn il bu ehtiyatları aşkarlasınlar və büdcəyə əlavə vəsait toplasınlar. Əlbəttə ki, vergi bazası genişləndirilməlidir. Bunu hamımız yaxşı bilirik ki, imkanlar kifayət qədər genişdir. Sahibkarlar da vergiləri verməlidirlər, dövlətin vergisini hər kəs, hər bir sahibkar tam şəkildə ödəməlidir. Əfsuslar olsun ki, bizdə vergivermə mədəniyyəti, hələ ki, tam oturuşmayıb».

«VƏZİYYƏT İLDƏN-İLƏ AĞIRLAŞIR»

Daha çox vergi toplamaq üçün imkan varmı? İqtisadçı ekspert Azər Mehtiyev deyir ki, 2002-ci ildən üzübəri sahibkarlığa basqı və maneələrin aradan qaldırılması üçün onlarca fərman imzalanıb: «Son illər hər müşavirədə bu barədə danışılır, amma, təəssüf ki, vəziyyət yaxşılaşmaq əvəzinə ağırlaşır. Ölkədə bu durumun başlıca səbəbi inhisarçılıq və qanunların işləməməsidir. İqtisadi fəaliyyət sahələrini inhisara alanlar elə yüksəkvəzifəli dövlət məmurlarıdır. Konstitusiya və qanunlarla qadağan edilsə də, yüksəkvəzifəli dövlət məmurlarının hamısı (ailə üzvləri və qohumları vasitəsilə) iqtisadi fəaliyyət sahələrini inhisara alıblar. Ölkədə məmur sahibkarlığı və məmur «himayə»sinə əsaslanan sahibkarlıq formalaşıb. Onlara məxsus iri sahibkarlıq subyektləri vergiləri və başqa ödənişləri qanunlara uyğun deyil, razılaşmalara əsasən ödəyirlər».

NƏ ETMƏLİ?

Ekspert əlavə edir ki, ola bilsin, indi gömrükdən keçən malların rəsmiləşdirilməsi artsın: «Amma bu, problemin həlli olmayacaq. Dövlət qurumlarının basqıları üzündən iş adamları iş yerlərini bağlamağa məcbur olurlar. Bu da vergi bazasının azalması deməkdir. Problemin həlli inhisarçılığın aradan qaldırılmasında, məmurların sahibkarlıqla məşğul olmalarına son qoyulmasındadır. Azad sahibkarlığa meydan verilməli və ölkədə rəqabətə əsaslanan sahibkarlıq mühiti təmin edilməlidir».

XS
SM
MD
LG