Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:22

Türkiyə öz içində özüylə savaşır


Türkiyə polisi İstanbulda 1 May nümayişini dağıdırır.
Türkiyə polisi İstanbulda 1 May nümayişini dağıdırır.

-

«1993-cü ildə «Foreign Affairs» jurnalında dərc olunmuş «Sivilizasiyaların toqquşması» başlıqlı məqaləsində mərhum Samuel Huntington Türkiyəni «parçalanmış ölkə» kimi təsvir edirdi. Huntington-un fikrincə, Türkiyənin Qərb üslublu siyasi qurumları ilə cəmiyyətinin islamçı mədəni və sivil əsasları arasında barışmaz ziddiyyətlər mövcuddur. Bu, xeyli mübahisəli fikir olsa da, Türkiyənin indiki baş naziri Ahmet Davutoğlu da 1984-cü il dissertasiyasında oxşar iddia ilə çıxış edib. Professorların heç biriylə razı deyiləm. Türkiyə, onların dediyi kimi, «parçalana» bilməz, bu ölkə öz-özünü elə özüylə savaşda parçalayır». «The Atlantic» portalında Steven A.Cook belə yazır.

Müəllif 10 oktyabr partlayışlarının da daha bir barışmaz ziddiyyətə, türk və kürd millətçiliyinə söykəndiyini vurğulayır. Dövlət 30 ildir PKK terrorçuları ilə savaşır. Türkiyənin siyasi, sosial və iqtisadi həyatına inteqrasiya etmiş çoxsaylı kürdlərin olması da danılmaz faktdır. Ancaq bu, heç də türklərin çevikliyinə deyil, kürdlərin inteqrasiya həvəsinə bağlıdır.

Müəllif Türkiyə cəmiyyətindəki konfliktləri belə təsnifatlandırır:

Ədalət və İnkişaf Partiyası (AKP) vs. Cümhuriyyət Xalq Partiyası (CHP);

AKP vs. Millətçi Hərəkat Partiyası (MHP);

AKP vs. Xalq Demokratik Partiyası (HDP);

AKP vs. Gülənçilər;

HDP vs. PKK;

Hər kəs vs. PKK;

MHP vs. HDP;

Hər kəs vs. «İslam Dövləti»

Ələvi müsəlmanlar vs. sünni müsəlmanlar

«1 noyabr parlament seçkiləri yaxınlaşdıqca, durum daha da ağırlaşır. Təəssüf doğuran reallıq budur ki, indi Türkiyə cəmiyyəti bir-birinə inanmayan düşərgələrdən ibarətdir».

Almaniyada Suriya qaçqınları.
Almaniyada Suriya qaçqınları.

ALMANİYA QAÇQINLARA ƏBƏDİ QUCAQ AÇA BİLMƏZ

«Müharibə və zorakılıqla təhdid olunanlara nə borcumuz var? Bu borcun bir ölçüsü varmı? Limit harada bitir? Bu suallara cavab verilməlidir. Ancaq debat «Bunu bacararıq» və «Gəmi dolub» kimi bəyanatlar ətrafında gedəcəksə, qaçqın məsələsi də cəmiyyəti parçalanma riskiylə üz-üzə qoyacaq. Bu durumu real olaraq necə idarə etməyimizə dair səmimi debata ehtiyacımız var».

«The Huffington Post» Almaniyanın vitse-kansleri Sigmar Gabriel və xarici işlər naziri Frank-Walter Steinmeier-in birgə məqaləsini dərc edib.

«Bəli, bizə pənah gətirənlərin çoxu müharibədən qaçıb. Bəli, Qərbi Balkanlardan da qaçqınlarımız çox olub. Ancaq onlara sığınacaq verilmir və mümkün qədər tez öz ölkələrinə qayıtmalıdırlar… Yerli hakimiyyətin əla işləməsinə baxmayaraq, immiqrant axınını məhdudlaşdırmaq üçün əlimizdən gələni etməliyik. İldə bir milyondan artıq qaçqını qəbul və inteqrasiya edə bilmərik», - nazirlər yazır.

Müəlliflərin fikrincə, AB-nin 120 min qaçqını paylaşdırmaq qərarı yaxşıdır, ancaq yetərli deyil. Avropa daimi paylaşdırma kvotası müəyyənləşdirməlidir.

«İşlək Avropa institutlarımız mövcuddur, ancaq onlar indiki qaçqın axını ilə bacara bilmirlər. FRONTEX-ə daha çox işçi lazımdır ki, AB-nin sərhədlərinə nəzarət etsin… Avropa tranzit mərkəzlərinin qurulmasında Yunanıstan və İtaliyanı dəstəkləməliyik. Bütün qaçqınlar orada qeydiyyatdan keçməli və daha sonra ədalətli şəkildə Avropaya paylaşdırılmalıdır», - müəlliflər vurğulayır.

Obama və Putin Nyu-Yorkda badə qaldırdı.
Obama və Putin Nyu-Yorkda badə qaldırdı.

DƏMƏŞQƏ GEDƏN YOL MOSKVADAN KEÇİR

«The New York Times» isə beynəlxalq məsələlər üzrə professorlar Gordon Adams və Stephen M.Walt-un məqaləsini yayıb.

Müəlliflər yazır ki, dörd ildir ABŞ-ın Suriya siyasəti arzu və dua üzərində qurulub: Prezident Bashar al-Assad-ın getməsi arzulanır və dua edilir ki, mötədil Suriya müxalifəti daha yaxşı işləsin:

«İndi isə Rusiya oyuna girib, Amerika hökuməti və əksər şərhçilər indi daha çox arzulayır və dua edir, Rusiyanı da ona aid olmayan yerə burnunu soxduğuna görə pisləyir».

«Birləşmiş Ştatlar Suriyada iki məqsədə nail olmalıdır. Birincisi, «İslam Dövləti» qruplaşmasının nəzarətində olmayan ərazilərdə qayda-qanun yaratmalıdır. İkincisi, İD-in qarşısını alacaq və sonucda onu əvəzləyəcək qüvvələrin koalisiyasını qurmalıdır. Rusiyanın «burun soxması» da hər iki məqsədə çatılmasına fürsət yaradır».

«Amerika siyasi ritorikanı kənara qoymalıdır. Rusiya Suriyada yad ünsür deyil; on illərdir Suriyadadır, elə Amerika da 60 ildən çoxdur Yaxın Şərqdədir. Assad Rusiyanın himayəsindədir, Suriya isə Rusiya ordusunun əməliyyatlar bazası. Birləşmiş Ştatların da regionda daha böyük dostlar şəbəkəsi və əməliyyat obyektləri mövcuddur».

Müəlliflərin fikrincə, ABŞ və Rusiya kənar oyunçular kimi İD-lə təkbaşına bacara bilməyəcəklərini qəbul etməlidirlər, bunun öhdəsindən yalnız regional koalisiya gələ bilər.

XS
SM
MD
LG