Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:30

Əli Abbasovu bitirən səbəb


Əli Abbasov
Əli Abbasov

-

«Yeni Müsavat» qəzeti rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifədən azad olunma səbəblərindən yazır. Qəzet iddia edir ki, sabiq nazir istintaqa çağırılanda və ondan hesab sorulanda, o, nazirlikdə baş verənlərə nəzarəti itirdiyini etiraf etməyə məcbur olub:

«MTN-dəki güclü dayaqlarına arxalanan aparat rəhbəri Vidadi Zeynalov nazirlikdə əsas söz sahibi imiş, hətta nazirin özünü belə saymırmış.

Ə.Abbasov istintaqa çağırılanda və ondan hesab sorulanda, nazirlikdə baş verənlərə nəzarəti itirdiyini etiraf etməyə məcbur olub. Belə məlum olub ki, Ə.Abbasov nazir olsa da, əsas qərarları Vidadi Zeynalov verib və nazir buna qarşı çıxmağa cəsarət etməyib. Bu faktlar üzə çıxdıqdan sonra prezident 2004-cü ildən görəv verdiyi nazirin bu işləri bilib gizlətməsini xəyanət kimi dəyərləndirib və işdən azad olunması barədə qərar verib. Ehtimal edilir ki, sabiq nazir vəzifədən çıxarılmaqla yaxasını qurtara bilməyəcək və o da istintaqa cəlb olunacaq. Çünki Baş Prokurorluğun Korrupsiya Qarşı Mübarizə İdarəsi bir müddətdir ki, nazirlikdə ciddi yoxlamalar aparır. Hətta bir mənbə Ə.Abbasov barədə həbs qərarı verilə biləcəyini də istisna etməyib».

MTN
MTN

İŞ ADAMLARININ «SOYULMASINDA» MTN-Ə YARDIM EDƏNLƏR

«Azadlıq» qəzeti yazır ki, «MTN işi» əlaqədar həbslər bu qurumla yanaşı, bir sıra başqa dövlət strukturlarının da fəaliyyətinin araşdırılmasını gündəmə gətirir: «Çünki ilkin araşdırmalar zamanı bəlli olub ki, milli təhlükəsizlik sisteminin əməkdaşları bu işləri təkbaşına həyata keçirməyiblər. Məsələn, bu gün MTN əməkdaşları xeyli sahibkarları şantaj edib pullarını əllərindən almaqda, bu məqsədlə iş adamlarını hətta həbs edib, bir müddət saxlamaqda ittiham olunur. Amma nəzərə almaq lazımdır ki, şəxsin həbs olunması üçün cinayət işi başlanır, istintaq aparılır. Cinayət işinin başlanması isə prokurorluğun səlahiyyətindədir. Həmçinin istintaqa nəzarəti də prokurorluq həyata keçirir. Bundan başqa, saxlanılan şəxsin barəsində həbs qərarını məhkəmələr çıxarır».

Hüquqşünas Əyyub Kərimov deyir ki, hakimlərin çıxardığı hökmlər qüvvədədirsə, ləğv olunmayıbsa, onlar məsuliyyətə cəlb oluna bilməz. Yəni hakimin ədalətsiz hökm çıxarması sübuta yetirilməyibsə, hakimi hansısa əsasla məsuliyyətə cəlb etmək mümkünsüzdür.

Hüquqşünas Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirovu yada salır, deyir ki, Zakir Nəsirov bildirmişdi ki, MTN-də dindirilərkən ondan nazir Ramil Usubovun əleyhinə ifadə istəyiblər: «Təbii ki, heç bir müstəntiq ona komanda verilməsəydi, belə bir ifadə istəyə bilməzdi».

Əyyub Kərimov onu da qeyd edir ki, on ildə ölkədə bir hakim də sifarişlə qanunsuz, ədalətsiz qərar, hökm çıxardığına görə cinayət məsuliyyətinə cəlb olunmayıb.

Manat
Manat

QİYMƏT ARTIMI DAVAM EDƏCƏK, AMMA....

«Эxo» qəzeti son günlər sosial şəbəkələrdə və mediada daha çox müzakirə olunan növbəti devalvasiya gözləntisi məsələsinə toxunub.

Ekspertlər birmənalı olaraq düşünürlər ki, ölkədə yaxın illərdə manatın möhkəmlənməsi baş verməyəcək.

Qəzetə müsahibəsində «Dayanıqlı İnkişaf» İctimai Birliyinin sədri Nəriman Ağayev deyib ki, növbəti devalvasiya gözlənilmir, amma:

«Bu o demək deyil ki, milli valyutanın zəifləməsi prosesi dayanacaq. 2016-ci ildə də qiymət artımı və inflyasiya davam edəcək».

Nəriman Ağayev deyir ki, ölkədə bu çətinliyin müvəqqəti xarakter daşıdığını demək də yanlış olar:

«Əvvəlki kimi daha heç vaxt olmayacaq. Neftin qiyməti bir neçə il əvvəlki səviyyəsinə qalxmayacaq. Mən çoxdan deyirəm ki, neftə alternativlər tapılmalıdır. Bu alternativlər tapılsa və ciddi iş görülsə, yalnız 2-3 ildən sonra ölkədə iqtisadi sabitlik bərpa oluna bilər».

Avtovağzal.
Avtovağzal.

SÜRÜŞƏN AVTOVAĞZALDA VƏZİYYƏT GƏRGİNLƏŞİB

ANS yazır ki, son günlər havaların yağmurlu keçməsi Bakı Beynəlxalq Avtovağzalının ərazisində yaranan çatların bir az da böyüməsinə səbəb olub.

Bu böyümə daha çox istinad divarları qurulmuş ərazinin arxa hissəsində, daha dəqiq 2-ci mərtəbədə yerləşən şəhər avtobusları üçün dayanacaqda görünür. Lakin bütün bunlara baxmayaraq, ərazidə bərkitmə işləri aparılır. Avtovağzalın ikinci mərtəbəsinin dayanacaq hissəsinə giriş-çıxış da bağlı olduğu üçün insanlar ərazidən istifadə edə bilmir ki, bu da müəyyən qədər çətinliklər yaradıb.

«Yağışlar davam etdiyi təqdirdə də çatlarda çox da genişlənmə olmayacaq. Ancaq tökülən torpaqların təbii halda bərkiməsi ilə əlaqədar bir az artma ola bilər. Lakin insanların narahat olması üçün heç bir əsas yoxdur» - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji kəşfiyyat xidmətinin rəisi Ələmdar Piriyev belə deyib.

Ən diqqətçəkən məqam o idi ki, yolda yaranan çatların səbəbini araşdırmaq əvəzinə bəzi qurumlar həmin çatların üzərinə asfalt tökməklə kifayətləniblər. Mütəxəssislər isə həmin çatların üzərinin örtülməsini səhv addım kimi qiymətləndirirdilər.

MÜSBƏT DƏYİŞİKLİKLƏR...

«Azərbaycanda insan hüquqlarının təmin olunması sahəsində son illər bir çox müsbət dəyişikliklər baş verib». Yap.org.az yazır ki, bu fikri Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.

«Konstitusiyanın təhlili göstərir ki, Əsas Qanunumuz insan hüquqları fəlsəfəsinə, onun ruhuna və əsas prinsiplərinə tam uyğundur»- E.Süleymanova vurğulayıb.

Həmçinin AzadlıqRadiosunun Youtube kanalında izlə:

XS
SM
MD
LG